Page 3 of 3 · 67%

O, qapının zənginə diksindi, elə bil yuxudan ayıldı, fəqət yuxu deyildi bu, həqiqət idi. Əynindəki pencəyi çıxardıb qapını açmaq istədi, amma əynindəki yaraşıqlı pencəyi çıxara bilmirdi, pencək elə bil yapışqan idi, bədənindən ayrılmırdı, düymələri də. Əslinin donunun çalğaşıqlı düymələri kimi, bir düymə qalıncaya qədər açılır, sonra öz-özünə düymələnirdi. Zəng bir də çalındı və S.Qayıblı qapını açdı.

Fərhad Xoşbəxt idi, salamlaşıb soruşdu ki, bir-iki mismar lazımdır, yoxundur? Sonra da S.Qayıblının əynindəki pencəyə baxıb dedi ki, mübarəkdir təzə pencəyin, əcəb pencəkdir, amma bilmirəm bunları neyləyirsən, onsuz da sarı pencəyi əynindən çıxartmırsan, sonra da soruşdu ki, sənə nə olub belə, gözümə birtəhər dəyirsən? S.Qayıblı dodaqaltı nə isə dedi, heç özü də bilmədi nə dedi, sonra mətbəxdən bir-iki paslı mismar tapıb Fərhad Xoşbəxtə verdi və Fərhad Xoşbəxt yuxarı – öz kayutuna qalxdı.

S.Qayıblı Fərhad Xoşbəxtin ardınca qapını bağladı və yenə də pencəyi əynindən çıxartmağa çalışdı, amma pencək əynindən çıxmırdı. S.Qayıblı nə qədər çalışdısa da özündən küknarvarı milləri olan bu yaraşıqlı boz pencəyi əynindən çıxara bilmədi; bu pencək içi vakuum bir model kimi onun bədənindən ayrılmırdı. S.Qayıblı heç işıqları da keçirtməyə macal tapmadı, səkkizinci mərtəbədəki kayutundan baş götürüb qaçdı. Qapının ingilis kilidi «çık» eləyib bağlananda o, artıq küçədə idi – elə sürətlə düşmüşdü pillələri.

Yağış dayanmışdısa da küçədə bir çovğun var idi. Külək boş küçələr boyu uğuldayırdı. Bakı küçələri heç vaxt həmin gecə kimi boş və kimsəsiz olmamışdı.

Cavan bəstəkar S.Qayıblı gedirdi və hara getdiyini özü də bilmirdi. Elə bil səkkizinci mərtəbədəki kayutundan deyil, özü özündən qaçırdı, içindən qovurdular onu. Küçələrdəki bu uğultu onun içinə də dolmuşdu, beynini də qupquru qurutmuşdu; fikirsizliyin, boşluğun içində idi beyni.

Sövq-təbii əlini pencəyinin cibinə salıb bir siqaret çıxartdı, qarşıdakı binalardan birinin girişində küləkdən daldalanıb siqareti yandırdı. Dumanlı şəkildə yadına saldı ki, bu pencəkdən xəbəri yoxdur, birinci dəfədir geyir bu pencəyi və heç vaxt bu pencəyin cibinə nə kibrit, nə də siqaret qoyub. Ona elə gəldi ki, əvəz-əvəz olsun deyə, bu siqareti də, bu kibriti də onun cibinə bayaqkı gözətçi qoyub.

Kim isə onun üstünə qışqırdı ki, ay yoldaş, yavaş ol, niyə ayağının altına baxmırsan yeriyəndə, üstümüzə çıxmayacaqsan ki. O diksindi və yalnız indi özünü hansı bağda isə xudmani bir guşədə qalanmış balaca ocağın qarşısında gördü; az qalmışdı ocağın üstünə yerisin. Bura hansı bağ idi, indi də yadında deyil. Ola bilsin ki, dənizkənarı park idi, çünki havadakı uğultuya elə bil dəniz səsi də qatışmışdı.

Cavan bəstəkar S.Qayıblının üstünə qışqıran və yəqin ki, bu ocağı da qalayan kişinin əynində köhnə sırıqlı var idi, üz-gözünü də tük basmışdı. Bəlkə o da dənizkənarı parkın gözətçisi idi, bəlkə də bir əyyaş idi. Ocağın kənarında çöməlib əlində çubuq tutmuşdu, çubuğun ucuna bir sosiska keçirtmişdi, sosiskanı ocaqda qızardırdı.

Bu balaca ocağın qaranlıq içindəki qəfil parıltısı və qəfil istisi elə bil S.Qayıblının bütün daxilini silkələdi, elə bil beynindəki fikirsizliyi də qovub çıxartdı, içindəki uğultunu da.

Ocağın kənarında çöməlib sosiska qızardan kişi S.Qayıblıya dedi ki, bu boranda nə olub belə, nə qovhaqovdur? Elə bil səni qamçılayırdılar, az qaldı ocağımı da dağıdasan. Sonra dedi ki, kim bilir, bəlkə də elə qamçılayırmışlar, amma adamı ki, həmişə başqası qamçılamır, bəzən adam özü də özünü qamçılayır, ya bilə-bilə, ya da qeyri-cür. Sonra da dərindən nəfəs alıb qızaran sosiskanın iyini içinə çəkdi və dedi ki, ya qamçılayırlar, ya da qamçılamırlar, dəxli yoxdur, sən də çöməl, qızış, həm də qonağım ol, balaca bir şüşəm də var.

Cavan bəstəkar S.Qayıblı ocağın kənarında çöməldi, əllərini oda tutdu, bütün canına bir ilıqlıq işlədi. O, qəribə bir sərbəstlik, qəribə bir azadlıq hiss edirdi – niyə?

– səbəbini özü də bilmirdi. Bu qəribəlik onun canına yayılmış ilıqlıqda idi.

Cibindən bir siqaret çıxardıb yandırmaq istədi, sosiska qızardan kişiyə də təklif etdi. Kişi dedi ki, mənim xüsusi siqaretim var, sonra döş cibindən bir «Pamir» çıxartdı. Yan cibindən də Nuh-Nəbidən qalmış kələ-kötür bir müştük çıxartdı, siqareti müştüyə keçirib odda yandırdı.

S.Qayıblı, nədənsə, birdən-birə əlində tutduğu siqareti odun üstünə tulladı və bu siqaretin alovlanmasına tamaşa etdi. Yanıb kül oldu bu siqaret. Bu siqaret «P.M. klubu»nun gözətçisinin payı idi.

Sırıqlı geymiş kişi qızaran sosiskanın iyini yenə də ciyərinə çəkib: «Bəh-bəh-bəh...» – dedi, sonra da başını yuxarı qaldırıb zülmət göyə baxdı, elə bil, qulaqlarını da şəkləyib küləyin, dalğanın səsinə bir müddət fikir verdi, «Pamir»dən dərin bir qullab vurub müştüyü ağzında saxladı, əlini də ocağın üstünə tutdu: «Bunun ayrı ləzzəti var». Yaman ürəkdən dedi. S.Qayıblı soruşdu ki, nəyin? Sosiska qızardan kişi balaca gözlərini qıyıb ona baxdı, özü də elə baxdı ki, yəni ey zahidi bizövq... Sonra da dedi ki, bax bu gecənin, bu ocağın, bu kababın.

...O, öz kayutuna qayıdanda gecə yarıdan keçmişdi. Asta addımlarla pillələri qalxdı. Qapını açıb arakəsməyə girdi. İşığı yandırdı. Bir müddət yerindəcə dayandı, sonra pencəyi çıxartdı; pencək adi pencək kimi əynindən çıxdı və elə həmin pencək olaraq da qaldı: özündən küknarvarı milləri olan yaraşıqlı boz pencək. Bir az baxdı əlindəki bu pencəyə, sonra cəld addımlarla otağa girib şifoneri açdı: qızılı çalarlı o məşhur sarı məxmər pencək asqıdan asılmışdı.

Cavan bəstəkar S.Qayıblı başa düşdü ki, bu, təklifdir: özün seç – ya sarı pencək, ya da təzə pencək.

O, sarı pencəyi asqıdan çıxartdı, yaraşıqlı boz pencəyi onun yerindən asdı və şifoneri bağladı. Bu kiçicik əməliyyatı elə bir sakitliklə və qanunauyğunluqla gördü ki, bir anlıq özü də sakitliyinə təəccüb etdi.

Sonra sarı pencəyi mətbəxə apardı, zibil yeşiyinin qapağını qaldırıb bu qızılı çalarlı məşhur sarı məxmər pencəyi lotereya qırıntılarının üstündən vedrənin içinə basdı və vedrəni götürüb cəld addımlarla pillələri aşağı endi, həyətdə yan-yana düzülmüş zibil qablarının birinin içinə boşaltdı.

O, geri qayıdanda pusquda dayanmış pişiklər zibil qabına cumdular, guya ki, yeməli bir şey olacaqdı.

Cavan bəstəkar S.Qayıblı vedrəni aparıb yerinə qoydu, sonra elə bil bir daha xatircəm olsun deyə şifoneri açdı: yaraşıqlı boz pencək öz yerində idi.

Fərhad Xoşbəxt də, deyəsən, daha çarpayısına uzandı – addımlarının səsi birdən-birə kəsildi.

Külək də daha dayanmışdı deyəsən.

Yağış çoxdan kəsmişdi.

Qarşıdakı qara binanın üçüncü mərtəbəsində yaşayan qızın işığı sönməmişdi hələ. Qəribə qızdır bu qız. Maraqlı qızdır.

S.Qayıblı divanda uzandı və həmişəkindən fərqli olaraq dərhal yuxuya getdi. Cavan bəstəkar S.Qayıblı sonralar bu hadisəni heç kimə danışmadı – bilirdi ki, heç kim buna inanmayacaq. Həmin məşhur sarı pencəyi isə «starıveşə» satdığını deyirdi, deyirdi ki, nə qədər elədim zalım oğlu «starıveş» otuz qəpikdən artıq vermədi.

Dost-tanışları bunu eşidəndə xeyli gülürdü.

Noyabr, 1968.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets