VI fəsil
Page 3 of 3 · 67%
Şirinxanımgilə paltar tikdirməyə gəlib-gedən xanımlar özlərini dartırdılar, yuxarıdan aşağı baxırdılar Zübeydəgilə, bilirdilər ki, Zübeydəgil hansı yuvanın quşlarıdı, amma əslində ürəklərində həsəd aparırdılar Zübeydəgilə, həsəd aparırdılar gözəlliklərinə, kef çəkmələrinə, utanmazlıqlarına və Zübeydəgil də elə bilirdi ki, həmişə də belə olacaq, day demirdilər ki, ətdən olan divara etibar yoxdur...
Yavaş-yavaş hər şey dağıldı getdi, adamlar ayrıldı bir-birindən, Qızıldiş Adili tutdular getdi, beşbarmaq Əsədağanı çopur Nəcəfqulu bıçaqla vurub öldürdü, özü də tutuldu getdi. Kəriş ağıllı çıxdı, tulladı hər şeyi, gitara çalıb-oxumağını da tərkitdi (amma bunu nahaq elədi...), gedib öz gücünə instituta girib oxudu, indi deyirlər ki, hansı zavodunsa direktorudu, Dibirovu vəzifədən çıxartdılar, haradasa itdi-batdı və o günlər yavaş-yavaş uzaq-uzaq illərin xatirəsinə çevrildi və indi, bu bürkülü yay gecəsi, bu külafirəngidə o uzaq-uzaq illərin xatirəsini bir tar müşayiət edirdi, o tarı Zakir çalırdı və Zakirin güclü kişi barmaqları altında tarın simləri o xatirələrin boşluğundan, mənasızlığından, puçluğundan söhbət açırdı.
Zakir bu tarı hərdənbir çalırdı, özü də axşamlar çalırdı. Zübeydə hərdən Şirinxanımgilə gedəndə, hərdən Şirinxanımgildən qayıdanda bu tarın səsini eşidirdi və burasını da yaxşı bilirdi ki, bu tarı çalan oğlan onu istəyir; hələ Zakir öz sözünü Zübeydəyə deməmişdən əvvəl bilirdi bunu, Zakir Qızıldiş Adillə onun qabağını kəsdiyi o vaxtdan xeyli əvvəl bilirdi bunu, Zakirin baxışlarından, Zakirin evlərinin qabağına çıxıb küçədə onu gözləməyindən bilirdi bunu.
Bir dəfə Şirinxanımgildə Şirinxanım özü bir məclisdən sonra, stolun üstündə artıq qalmış bir fujer şampanı birnəfəsə başına çəkib demişdi ki, Zakirə görə bütün kürreyi-ərzdəki kişilərdən zəhləsi gedib, Zakirə görə həyatdan rəncidə-hal olub, Zakir Şirinxanımın məhəbbətinə cavab vermədiyi üçün və Şirinxanımın üzünə baxmadığı üçün belə olub. «Ölürəm o tarçalan oğlanın dərdindən! – demişdi Şirinxanım, sonra da üzünü Zübeydəyə tutub: – Görmürsən, – demişdi Şirinxanım – görmürsən, səni istəyir o, korsan sən, görmürsən, niyə özünə bir gün ağlamırsan? Elə bilirsən o ərlərini gözləyənlərin, o qardaşlarını, atalarını, nişanlılarını gözləyənlərin qarğışı tutmayacaq bizi? Bu saat bir tikə qara çörək tapıb yeyə bilməyənlərin ahı tutmayacaq bizi? Elə bilirsən bu məclislərin, bu tostların, bu yağlı sifətlərlə üzbəsurət oturmaqlarımızın peşmançılığını çəkməyəcəyik biz?».
Əlbəttə, Zübeydə təəccüb eləmişdi ki, bu nə sözlərdi belə, danışır Şirinxanım, çünki bu sözlər Şirinxanıma yaraşmırdı və heç kimin ağlına da gəlməzdi ki, Şirinxanımın dilindən belə sözlər eşitmək olar, amma, sən demə, Şirinxanım da belə Şirinxanım imiş. Dürdanə demişdi: « – Elələrinə – yəni ki, Zakir kimilərinə – biz lazım deyilik daha. Bizlə gəzəcəklər, kef çəkəcəklər, sonra gedib ev qızı tapıb alacaqlar. Elələrinin analarının, bacılarının zəhləsi gedir bizdən!..». Roza demişdi: «– Zəhlələri özlərindən getsin, bizdən niyə? Neyləmişik onlara? Kimə neyləmişik e, biz? Kimin ərini əlindən almışıq? Ər öz arvadını aldadıb başqasının yanına gedirsə, onda kül onun o arvadının başına!».
Və birdən-birə Zübeydənin yadına düşdü ki, keçən qış Bakının kolxoz bazarında ondan sirkə-badımcan alan o şubalı xanım kim idi elə... Birinci gün idi bazara sirkə-badımcan çıxarmışdı Zübeydə, həmin şubalı xanım gəlib ondan xeyli sirkə-badımcan aldı və bu xanım Zübeydəyə çox tanış gəldi, amma ha fikirləşdi ki, kimdi bu belə, tapa bilmədi, köhnə rəfiqələrindən deyildi, o tanış-bilişlərindən deyildi, amma heç cürə tapa bilmədi ki, kimdi. Şubalı xanım sirkə-badımcanın pulunu verib gedə-getdə soruşdu:
– Tanımadın məni?
– Yox... – dedi Zübeydə.
– Amma mən səni tanıdım, – deyib çıxıb getdi həmin şubalı xanım.
İndi tanıdı onu Zübeydə, bu isti yay gecəsində, bu külafirəngidə oturub dənizə baxanda tanıdı onu: Zakirin bacısı idi o şubalı xanım, ortancıl bacısıydı deyəsən, Ədiləydi adı gərək ki...
Kiminin əvvəli, kiminin axırı...
Üç bacısı vardı Zakirin, bir anası, bir də özü. Bacılarının üçünü də oxutdurdu Zakir və bu üç bacının üçü də Zübeydə ilə qanlı-bıçaq idi. Aralarında bir kəlmə söhbət də olmamışdı, hərdən küçədən gedib-gələndə o qızların baxışlarından, kinli-küdurətli, acıqlı və bir balaca də həsədli baxışlarından oxuyurdu bunu Zübeydə. Dürdanə deyirdi: « – Səni qardaşlarına qısqanırlar, istəmirlər ki, onlardan başqa bir başqa qızı da istəsin qardaşları». Ya doğrudan da Dürdanə düz deyirdi, ya da o bacılar Zübeydəni Zakirə layiq bilmirdi, həsədlə Zübeydənin sir-sifətinə, geyim-keciminə baxırdılar, amma onu qardaşlarına layiq bilmirdilər; bu, indi Zübeydənin ağlına gəlirdi. O vaxtlar belə şeylər ağlına gəlməzdi, o vaxtlar bu qızlara heç salam da verməzdilər ki, xəncərinin qaşı düşər...
Böyüyü Dilarə idi, sonra Ədilə idi, sonra da Həlimə idi. Zakir əsgər gedəndən bir az sonra Həlimə xəstələndi, öldü. Sonra nə oldu, Zübeydə bilmədi, çünki günlərin bir günündə Şirinxanım evini üçotaqlı bir mənzilə dəyişdi, indi yaşadığı mənzilə: mətbəxsiz-zadsız o iki otağının üstündə lap az pul verib bir əsgər ailəsi ilə dəmdəsgahlı üçotaqlı mənzilə dəyişdi.
Və Ədilə bazarda onu tanımışdı.
Və bir az keçəcəkdi, dan yeri tamam söküləcəkdi, yaşlı bir arvad gecə
köynəyini çıxarıb paltarını əyninə geyəcəkdi, guya ki, yuxudan durubmuş kimi,
quyunun suyunda əl-üzünü yuyacaqdı, həyət-bacaya əl gəzdirəcəkdi, sonra Abdulla kişinin bekarçılıqdan düzəltdiyi süpürgələri qoltuğuna vurub milisioner Səfər
görməsin deyə ora-bura baxa-baxa kəndin bazarına gedəcəkdi, bu süpürgələri yayda kəndin həndəvərindəki bağlara köçüb dincələn şəhər adamlarına satmağa
çalışacaqdı, sonra yenə evə qayıdacaqdı, həyət-bacaya əl gəzdirəcəkdi, gündən-günə daha artıq yorula-yorula ağacları, gülləri, göy-göyərtini sulayacaqdı, güc-bəla ilə
meynə talvarına dırmaşıb üzüm yığacaqdı, üzümlərin doşablığını, sirkəliyini,
yeməliliyini ayıracaqdı sonra bir az külafirəngidə oturacaqdı, bir az dənizə
baxacaqdı, bir az dünyanın işlərini fikirləşəcəkdi, sonra gedib artırmadakı
miçətkənin altına girəcəkdi, gözlərini yumacaqdı ki, yatsın...
Kitabxana.az · https://kitabxana.az/en/works/elcin-toyugun-diri-qalmasi-vi-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Ömründə mənə zəng eləyən deyil, o gün gördüm ki, zəng eləyib: «– Nə var, nə yox, ay Mürşüd məllim? Heç görükmürsən...» Guya ki, məni görməkdən ötrü gözünün ucu axır... «– Sağlığın. – dedim. – iş-güc qoyur ki...» « – Əşşi, – dedi, – bəsdi bu qədər yazdın-pozdun da, başuva dönüm sənin!.. Hara baxırsan, maşallah, elə sənin kitablarındı... Fəxrimizsən də!.. Amma bir az istirahət elə, ay Mürşüd, canına bax!» Gərək mütləq bir işarə vursun, heç olmasa, bir balaca sancsın, yoxsa Əbdül Qafarzadə olmaz axı... Bizim nəşriyyatın müdiri İslamzadə ki, var, bunun dostudu, özü də tamahkarın, əliəyrinin biridir, lakin iyirmi ildir o boyda nəşriyyata rəhbərlik eləyir. Əvvəllər heç beş ildə bir dəfə mənim kitabımı plana salmırdı, sarı, seyrək dişlərinin arasından tüpürcək sıçrada-sıçrada: « – Yaxşı deyil! – deyirdi. – Özün nəşriyyatda redaktor işləyirsən. Sonra deyəcəklər ki, özünüz özünüzü çap eləyirsiniz. Yazıların da, bilirsən də, camaatı cəlb eləmir, alan olmur. – Lap elə üzümə beləcə deyirdi vicdansız. – Çıxanda da gözlərinə döndüyüm tənqidçilər başlayırlar bizi tənqid eləməyə ki, istedadlar qalıb bir tərəfdə, nəşriyyatlar Mürşüd Gülcahaninin romanını çap eləyir... İncimə e, sən də kommunistsən, mən də. Sənnən bir kommunist kimi danışıram!» Yalançının atasına lənət! Səndən kommunist olar, ay alçaq?! Əxlaq pozğunusan, bu, day, bütün Bakıya məlumdur, rüşvətxorsan, rüşvətlə kitab buraxırsan, bunu da ki, Allaha şükür, Bakıda bilməyən yoxdur! Lakin nə edəsən, deyəcəkdim bunları üzünə, heç olmasa, yenə beş ildən-bir kitabımı buraxırdı, vicdansız onu da buraxmayacaqdı, özümü də nəşriyyatda pisikdirəcəkdi. Bir qırmızı sifəti var ki, nə abır-həya bilir, nə yaşa baxır. Bir dəfə düz gözlərimin içinə dedi: « – Bilirsən nə var, Mürşüd Gülcahani, istəyirsən sənin kitabını buraxım, onda nəşriyyatdan işdən çıx, bir də buralara gəlmə!» Lakin, elə ki, bununla, bu Əbdül Qafarzadəylə qohum oldum (Allah kəssin belə qohumluğu!), o boyda İslamzadə ki, böyük-böyük yazıçılar əlindən qan ağlayırdı (elə indi də ağlayır!), çönüb oldu başqa adam, hər il kitabımı salır plana. İndi bəs nə olub, ay vicdansız, bəs niyə qorxmursan ki, deyərlər özünüz özünüzü çap eləyirsiniz? Hə? Noldu bəs sənin kommunistliyin, ay riyakar?! İşə bax də, nəşriyyat müdiri hara, qəbiristanlıq müdiri hara, lakin vicdanım haqqı, elə ki, o Ömər binəva Əbdül Qafarzadənin bu atbalaxanım qızına rast gəldi, elə ki, bununla qohum olduq, gördüm ki, o İslamzadə ilə bu Qafarzadə canbir qəlbdirlər, çünki ikisi də bir yuvanın quşudur. Özü də dünyanın işinə bax ki, İslamzadə Qafarzadəyə yaltaqlanır, öz nazirindən elə çəkinmir ki, Qafarzadədən çəkinir. Hərdən görürsən ki, çağırdı məni, İslamzadəni deyirəm, yalandan hal-əhval tutdu, bilirəm axı, fırıldaqdı, gözləyirəm görüm sözünün canı nədi, o da keçir mətləbə, qızımı institutda filan müəllim kəsib, daha mənim üzüm gəlmir (səndə üz varıydı ki, gəlməsin?!), sən Allah, Mürşüd müəllim (əvvəllər mənə müəllim-zad deməzdi, elə-eləcə Mürşüd deyərdi, vicdansız), de Əbdül qardaşımıza, qızı tapşırsın. Mən də gəlib deyirəm. Neyləyim. Neyləyim, özümü alçaldıram, lakin əlac nədir, zəmanə pis zəmanədir, mənim kimi adamı, mənim kimi yazıçını belələrinə möhtac eləyir. Bizdə adını cavan yazıçı qoymuş sırtığın biri var, adı Səlim Bədbindir (bir adam ki, təxəllüsünü «Bədbin» qoysun, daha ondan nə gözləyəsən?), utanıb-qızarmır, üzümə hırıldaya-hırıldaya deyir ki, Mürşüd müəllim, Azərbaycanda ən böyük vəzifə nazir-zad deyil, hamısı boş şeydir, ən böyük vəzifə Əbdül Qafarzadənin qohumu olmaqdı. Nə deyəsən bu vicdansıza? Eh, deyirəm, çölüm yandırır, demirəm, içim. Viranə qalsın belə vəzifə! Mən boyda adamın gedib oğlumun – yeganə ovladımın evində bir stəkan çay içməyə ixtiyarı yoxdur. Gedib otururam, o saat bunun o atbalaxanım qızı: « – Tixo, – deyir. – Abdulçik zanimaetsə!» Özü də yanımızda oturub başlayır kitab oxumağa. Kitab da bir kitab ola, dərd yarıdı! Hamısı cuhudların yazdıqlarıdı... Ömər yazıq cıqqırığını çıxartmağa qorxur, məlul-məlul mənə baxır, mən də ona, sonra da durub çıxıb gedirəm evimə. Uşağa da bunun adını qoyublar, hər dəfə «Abdulçik» eşidəndə, vicdan haqqı, elə bil, başıma bir vedrə qaynar su tökürlər. Kimə deyəsən?.. İş o yerə çatıb ki, heç uşaq da məni vecinə almır, məni görəndə heç oturduğu yerdən tərpənmir də, lakin elə ki, bunu görür: «–Dedulya!» – deyib cumur üstünə. Uşaqda nə təqsir var?.. Bir dəfə uşağın saqqızını oğurladım, aldım qucağıma, oturduq pəncərənin qabağında. Axşam idi, göydə ulduzlar bərq vururdu. Mənim daxili aləmimdə lirik hisslər baş qaldırdı. Uşağa da istədim romantika aşılayım. Dedim: « – Bax, balası, o ulduzları görürsən? O ulduzlardan hansını istəyirsən, göydən götürüm, verim sənə!.. Olsun sənin ulduzun!..» Uşaq ağzını açmağa macal tapmamış, o saat ifritə anası çımxırdı: « – Yaxşı olardı ki, Mürşüd əmi, siz özünüz hökumətdən bir ulduz alıb taxaydınız döşünüzə! Nəvəniz də fəxr eləyərdi ki, babası başqa yazıçılar kimi, geroydur! Heç Allahın medalı da yoxunuzdur! Ona görə də heç kim tanımır sizi!» Uşağın əlindən dartıb götürüb apardı o biri otağa. İfritədir də, ifritə!.. Əbdül Qafarzadənin qızı nə bilir ki, romantika nədir?! İkinci budur ki, düz demir, dörd dənə medalım var, bir dəfə də Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanını almışam. Üçüncüsü də, indi mənim kimi adamlara, mənim kimi sənətkarlara qiymət qoyan kimdir? Brejnev deyiləm ki, əlimi salım torbaya, ulduz çıxarıb taxım döşümə, ay ifritə! Nə gedib Moskvada oturub redaktorları qonaq edirəm, nə burdan onlara başqaları kimi ərməğanlar göndərirəm, nə də MK-da dostum, tanışım var! Öz vicdanımla və istedadımla yazıram! Lakin indi kimdi vicdana və istedada qiymət qoyan?! Bir ölkədə ki, Stalin boyda bir dahini gorbagor eləyələr, daha kimə nə deyəsən? O Stalin ki, bu ölkəni yaratdı! Bir də ki, niyə məni heç kim tanımır?! Özüm təvazökaram, lakin bunu Əbdül Qafarzadənin qızı hardan başa düşsün? Uşağın istedadını da Ömərdə görmür, atasında görür. Deyir, bu uşaq ki, çalğıya bu qədər meyl göstərir, guya, babasına, yəni Əbdül Qafarzadəyə çəkib, ona görə: «Moy papa oçen muzıkalnıy çelovek! Mı vse v neqo poşli!.. I Abdulçik toje!» Uşağın familini də, deyəsən, dəyişdirib Qafarzadə eləmək istəyir, Ömər bizdən gizlədir. Yazıq Ömər... Bu atbalaxanım, Öməri hər üzünə aldada bilər, bunlardan nə desən çıxar, bəlkə də elə aldadır... Görmürsən gözlərindən cin yağır? O gün o sırtıq Səlim Bədbin nəşriyyatda, camaatın içində mənə deyir: «– Mürşüd müəllim, gəlinivi gördüm...» Özü də çox mənalı-mənalı deyirdi. Mən də daha camaatın içində ucundan tutub, ucuzluğa getmədim. Soruşacağam harda gördün? Nə bilim nə deyəcək? Allah bilir, harda görüb, o ifritədən nə desən çıxar, atasının qızıdır! Soruşacağam sən hardan tanıyırsan mənim gəlinimi, nə bilim nə cavab verəcək?! Üstündən keçdim, guya, mənə heç nə demədi... Yazıq Ömər... Gül kimi tərtəmiz, başıaşağı, üzüyola, fağır uşaqdı, incə qəlblidi, düşüb bu canavarların cənginə... Bunların da, Əbdül Qafarzadəgili deyirəm, bir oğlu varıydı Orduxan adında. Cavan oğlanıydı, lakin arvadbazın biriydi. İşi-peşəsi camaatın arvadını əlindən almaq idi, camaatın arvadına sataşmaq idi. Əbdül İraq konsulunun «Mersedes»ini mənim adıma alıb – beləcə mənim adımdan o qədər istifadə edir ki, heç özümün də xəbərim olmur – vermişdi oğluna, o da maşını Bakının küçələrində 100-lə sürürdü, özü də idmançı idi, voleyboldu – nədi, onnan oynayırdı. Əbdül onu yığma komandaya saldırmışdı, həftə səkkiz, mən doqquz – Türkiyədə idi, Braziliyada idi, Yaponiyada idi. Mən boyda yazıçı ömrümdə bircə dəfə Bolqarıstanda turist olmuşam, lakin bunun o Orduxan oğlu Hindistandan vurub ABŞ-dan çıxırdı. Bir həftənin içində qripdən getdi, çünki göydə Allah gördü bu ədalətsizliyi, atanın da, oğulun da pozğunluğunu, cəzalandırdı onları. Düzdür, mən ateistəm, lakin görünür, hansı bir qüvvəsə var, cəzalandırır... Başımda onun ölməyi haqqında bir roman var, lap hazırdı, oturub qələmə almaq lazımdı, lakin qorxuram, yazaram, Əbdül də oxuyub başa düşə, ondan sonra di gəl də... Lakin daha oxuya bilməyəcək... Orduxan öləndən sonra, Yeni il ərəfəsində ölmüşdü, o atbalaxanım qız, yəni mənim o gəlinim hər il Yeni ildə yazıq Öməri məcbur eləyir ki, yeddi gün səhərdən axşamacan pianinoda ölü havaları çalsın. Kimə deyəsən?.. Nə isə... Hə, o gün zəng eləyib deyir ki, «–Hara baxırsan, sənin kitablarındı». Yəni ki, mənə görə nəşr eləyirlər sənin kitablarını. Mən də yaxşı cavab verdim, belə lap möhkəm cavab verdim, özümün də xoşuma gəldi, dedim: «–Yazıçının gərək kitabı olsun də!»Güldü, lakin budəfəki gülməyində nəsə bir sınıqlıq var idi, yazıçıyam axı, o saat tutdum. «– Mürşüd, – dedi, – axı, sənə bir işim düşüb...» Qulaqlarıma inanmadım, yəni bunun da mənə işi düşə bilər?.. Bu qədər müddətdə birinci dəfəydi mənə belə söz deyirdi... Fikirləşdim ki, yəqin indi bu da bir fırıldaqdı. «– Buyur» – dedim. « – O sənin bir dostun var e, professor...» «– Hansı professor?» – soruşdum. «– Əşşi, Səmədbəylidi, Əhmədbəylidi, nədi?» «– Mürsəlbəylini deyirsən bəlkə?» «– Hə, – dedi. – Mürsəlbəyli. İstəyirəm bir səninlə gedək, özümü ona göstərim». At kimi sağlam adamdı, toyuğun budunu sümüyüylə bir yerdə yeyir, buna nə olub belə? « – Sən hara, həkim hara, ay Əbdül?» – dedim. Güldü, lakin yenə də sınıq güldü – yazıçıyam də!.. « – Yox, – dedi, – elə, bir şey yoxdu. Dünən həkim Bronşteynin yanına getmişdim, məsləhət gördü ki, özümü bir yaxşı mütəxəssisə göstərim...» Şahların saray həkimi olan kimi, həkim Bronşteyn də bunların ev həkimidi. Harayhəşirçinin biridi. Ömərgilə də on beş gündə bir dəfə gəlib o baxır. Tanıyıram, tərifləyirlər, nədi, nədi, yəhudidi... Yəhudi ki, oldu, deməli, yaxşı həkimdi...
17. Kak dela?Xədicə arvadı Tülkü Gəldi Qəbiristanlığında yox, Bakıdan xeyli aralıdakı Təzə qəbiristanlıqda dəfn elədilər və çörəkçi Ağabalanın arvadı birinci dəfəydi ki, Təzə qəbiristanlığı görürdü, yana-yana:– Vay, vay, vay!.. – dedi. – Ağəz, bura lap mikrorayondu ki!
18. İntiharAxşam düşhadüş idi və o aprel axşamı kimsəsiz çimərlikdəki talvarların, uzun kətillərin qışdan sonra hələ də rəngini itirməmiş rəngbərəng taxtaları, dəmir dirəkləri, iri və rəngbərəng brezent çətirlər yağışın altında tamam islanmışdı, qərbə tərəf axan topa-topa yaz buludlarının arasından hərdən bu yerlərə gün işığı düşürdü və o zaman o rəngbərəng brezent də, talvarların və uzun kətillərin rəngbərəng dəmir dirəkləri, taxtaları da, elə bil, o gün işığına sevinib parıldayırdı; sahilə cuman dalğalar ağappaq köpüklənmişdi və Gicbəsər qara gözlərini dənizin və topa-topa axan buludların bozluğu içində o ağlığa dikmişdi, sahilə çırpılan o dalğalara baxırdı.Sonra yağış birdən-birə başladığı kimi, birdən-birə də kəsdi və uzaqda güclə sezilən üfüq xəttindən buludların arası ilə yavaş-yavaş qövsi-qüzeh görünməyə başladı və o qövsi-qüzehin yaşıl, sarı, göy, qırmızı rəngi get-gedə lap aydınlaşdı. Çimərliyin düz qarşısında üfüq xəttindən qalxmış o qövsi-qüzeh buludların arası ilə dövrə vurub buralardan xeyli uzaqlarda yenə də üfüq xəttində qurtarırdı.
İlyas Əfəndiyev: şəxsiyyəti və sənəti(Sənədli romandan fraqmentlər)*1
Poems by other poets
— İsmayıl:Başına döndüyüm, qurban olduğum
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Məndən, səba, de ol gülə: qurbanınam, seninMəndən, səba, de ol gülə: qurbanınam. senin,Rəhm etgilen bu bülbüle, quıbanınam sənin,