Bir santimetr haqqında ballada
Proloq
O, iki yüz iyirmi səkkiz santimetrdən
yıxıldı,
Rekord adlı o yerdən
yıxıldı.
Yumaq kimi yığıldı.
Söz vermişdi.
Rekordun ən uca zirvəsində
qərar tutmuşdu o söz;
həmin sözdən yıxıldı.
Yandı,
yandı, yaxıldı.
Özü torpağa düşdü,
sözü göylərdə qaldı.
Elə o gündən bəri
gözü göylərdə qaldı.
O istəyirdi olsun
ucalıqda birinci.
Qızıl, gümüş cəhənnəm,
əldən verdi bürüncü.
Göylər kürəyində yük,
özü yerə qısılı.
Başqasının döşündə
Yandı rekord qızılı.
Nə çatmadı?
Bircə santimetr çatmadı
Zirvədən aşmaq üçün,
Könüllər açmaq üçün.
Bir santimetr nədir
Göyə baş-başa ucalmış
Mavi kilometrlər arasında?
Amma insan xar olur
Bəzən bir santi çatmayanda
Fəth olunmuş
Kilometrlər içində.
Məşqçi dedi:
-Yandırdı atamı!
O, Mefistofel səsi ilə dindi,
ruhdan düşmədən,
Qolunu oğlanın boynuna saldı,
-Qisas alacağıq, - dedi, -
Boyu bir santi düşməndən!
Əjdər durub sahilin
sakit bir guşəsində
Döş vürmaq istəyirdi
qağayılarla birgə
dalğaların yalına.
Sonra düşərdi
göyə şığımaq xəyalına.
Sonra qanad çalmadan
küləyin axarında uçmaq,
uçmaq istərdi.
Bu arzular Əjdərə
ucalığa atılmaq,
Dalğalarda işləmək
yollarını göstərdi.
Yarışlara
az qalır.
– Dostuma bir baş çəkim, -
deyə
minib katerə
Gəlib çıxıram onun
işlədiyi yerlərə.
Burdaydı məşqçi də.
Qalxıbdır
Xəzər adlı
mavi nəğmə zilinə,
Şagirdini
gözündən
iraq qoymamaq üçün,
Onun tərlanı gözünə
baxıb doymamaq üçün.
Dördayaqlı bir otaq,
Əsir dörd ayağı da.
Narahatdır dostumun
özü tək otağı da.
Neft daşlarında olmur
hətta dincəlmək asan.
Sanki soyuqdan əsən
Zürafə qarnındasan.
Əyləşdik,
bir mən,
bir o,
bir də məşqçi oldu.
Məşqçi yaşlı idi,
Qlobustək dazdı o;
Göylərlə gah dostlaşıb,
Gah inciyib dalaşmış,
Göylərlə nəfəs almış,
Göylər axmış qanına.
Alqış deyib burdakı
möhkəm "qura qanuna"
Əjdəri qabaqlayıb
Sadə bir süfrə açır:
– Adam burda tez acır.
O düşünə-düşünə
Hərdən baxır dostuna,
Hərdən də yumruğunu
vurur qalxan döşünə.
Əriyir dənizdə gecə.
Göyərir pəncərələr;
Sanki dəniz qalxıb,
istəyir "zürafə"nin
başı üstündən keçə.
Məşqçi də ayıqdır,
gözləri doludur səhərlə.
Deyir yarısevinclə,
yarıkədərlə:
– Əzizim, antisantimetr
Elə bir zirvədir ki,
Ora qalxmaq üçün
olsun gərək böyük, şəffaf arzun,
bahadır gücün,
Hətta kədərə ilişib qalmış
Bir qayğı zərrəsi,
Kəmfürsətin qadağan zərbəsi,
Orda başqa cür dinir,
orda tonlara dönür.
Tonlara dönür
ultra yüksəklikdə
kiçicik bir parçasının
ton-ton ağırlığı olan ulduzlar kimi.
Bir santimetr, əzizim,
Böyükdür,
sonsuzdur,
bir məmləkət kimi,
bir diyar kimi.
Düşünürəm: onları
yerin neçə səhvindən.
ucalığın zəhmindən,
baxışlarm kəcindən,
sevinclərin gecindən
qoruyasan.
Şan-şöhrətdcən, ad-sandan,
Düz görünən nöqsandan
stronsi 90-dan
qoruyasan.
Yüz milyon dərd-sər
Məhv eləyəsən gərək,
yerinə yüz milyon
fərəh nuru tökərək.
Mən Əjdərlə hər səhər,
aşırıram suların
göy yalından qayığı.
Edib sinəmi qalxan
qəlbimdə yüz milyon
şahə qalxan,
hayqıran,
narahatlıq və qayğı.
Dənizdən göyə
Başlayır sözə
Üzünü küləklər,
dalğalar,
qorxular
Hələ yaxşı hamarlamamış
cavan trest müdiri:
-Yeridir, yeri.
Kim fəxrimizin
xətrinə dəyibsə,
ağır bir söz deyibsə,
Dostumuzun beynindəki milyard neyrondan,
nevrondan
alsın o kəlməni.
Yoxsa yüksəklik düşməni kədər
O kəlmənin yerində hökm edər.
Dalğaların zirvəsində
yırğalana-yırğalana boy atmış
bir dəstə gülü ondan alır,
verib dostumuza,
məşqçi gülür:
-Bu sözləri nə səbəbə
saxlamısan indiyə?
Deyirsən indi niyə?
Yoxlamalısan mədəndə
hər addımı, qarşı,
hər adama qarşı
Yönəldilən sözü
hələ hiss halında,
duyğu halında,
Məhv eləməlisən insan xəyalında.
O, hamıya əl edə-edə,
mənimlə,
dostumla yanaşı,
Vertolyota yanaşır.
Vertolyotda mən
baxıram Əjdərə,
Dalıram düşüncələrə.
Bəziləri şümşad kimi
parıltılı yol sevər,
İnsan xəyalının yüksəlməsi üçün
Heç bir qabartısı olmayanı
Sürüşkən parket fikir.
Evlənmək istədikləri
nə gözəl olar,
nə də kifir,
Nə istiarəylə araları var,
nə təşbehlə.
Sutkanı 24 saata,
saatı 60 dəqiqəyə,
dəqiqəni 60 saniyəyə
Bölərlər sür təsbehlə.
Səhəri səhər yaşayırlar,
gecəni gecə.
Günəş sistemli dünya
Onlara 70 il ayırıbsa,
70 il gərək 70 il kimi keçə.
Belələri,
Boyları balaca olanda
Dabanlarına bir-iki santimetr qoyub
arzuya yetdi.
Durur gözlərimdə rekord zirvələri: 227...
228...
İnsana yovuşmayan antisantimetr.
Dostumun qəlbindən bir an
sovuşmayan andı - santimetr!
Az deyil
həm gənclikdə,
həm də dolduqca yaşa, yananlar,
Nəbz hesabı, 70 il
100 il və daha çox yaşayanlar.
Çatanda antisantimetrə,
Hər şey dəyişir.
İlk məna son mənayla dəyişir.
Bir santimertdə
Üst-üstə qalanmış
metrlər,
versllər
preslənir.
(İnsanların
biri dözür,
biri bezir,
biri hirslənir).
Santimetrdə -
havası,
boşluğu,
nəfəsi sıxılmış,
cövhəri sağılmış
verstlər!
İnsanın arzusundan keçirilmiş,
əsəblərindən süzülmüş,
sevincində şəffaflanımş,
əzabında yanmış
bir santimetrə yığılmış verstlər!
Baxıb göyə
eşqi ilə ucalığın,
uğunanda,
uçanda o,
ağaran dan ulduzuna,
ürəyini lövbər atır
baxışının ucunda o.
Baxan olsa Yer üzünün
hər yanından
Görər ki, bu cavan oğlan
Asılmışdır baxışıyla asimandan.
Atıl!
Bir də...
iki də...
qara qaşı çatılır.
O atılır
yıxılır,
durub yenə atılır.
Atılır,
axı, onu göydə gözləyir ürək,
Qopub düşəcək
bir meteortək,
dayaq tapmasa
yerə düşəcək.
Onun fikri göydədir,
Sanki yerdən usanıb.
Beli tarım çəkilmiş,
Boy da bir az uzanıb.
Mavi köynəyi düşmüş
Əzələsi şəklinə.
Amma var yenə şübhəm
Şübhəsinə, şəkkinə.
Dostum könül verdiyi
qız ağzına su almış.
Onu da dinc qoymayan
eyni fikir, sualmış.
Zəfər əbədi deyil
Başlanır yarış...
Görək,
özüylə ölkəsini ucaldacaq kim indi.
Sərhəddi göylə yerin
o antisantimetr
kimin,
kimin, kimindir?
Jorj
Bazen
De, nə oldu?
Sən ki axı göylərə
mahir bir baş vuransan.
De, birdən üzü üstə döşəyə səninlə bir
niyə düşdü Fransan?
Avstraliyalı dost,
sən havada qıvrılan,
açılan bir pələngdin
keçən il burda sanki.
Göyün qənimi idin
keçən yarışda sən ki!
Aciz qalan ölkələr,
Min verstlərlə uzunu,
eni olan ölkələr
Bu bircə santimetrin
içində itib, batır.
Heç kim görməsin deyə
gizli yerə qayıdır;
bu da belə qaydadır.
Yer enir
Yüyürür Əjdər...
Yerə sanki ayaqlarını
çox ehtiyatla basır.
O atılır,
yıxılır,
baş tutmayır uçuşu.
Məşqçinin ucalır
sərt Mefistofel bası...
Dostumuzdan çox qabaq
bizim qəlbimiz düşür,
Durur... Baxır yuxarı.
Bir il əvvəl verdiyi
Sahibsiz sözü görür.
Düşünür ki:"Qəlbdi bu!"
Sinəsinə elə bil
Sürətlə bir makina
Nəsə yazır: "Qəlpdi bu".
Söz havadan asılı;
Onu döyüb yağış, qar.
Bəlkə də bu söz üstdən
başqaları atlanar?!.
O söz mənadan kənar
Bir yad, ayrı sitatdır.
Döyüşdən sonra yaddan
Çıxmış aerostatdır.
Baxır...
Birdən açılır
alnındakı qırışıq.
Yüyürür...
gəlir...
çatır!..
O, yeri biz qarışıq,
Rəqibləri qarışıq,
Çempionlar qarışıq,
Okeanlar qarışıq
Basır bir ayağıyla,
atır aşağı!
Uçur!..
O, havada dikəlir
Sanki ayaqlarını
basır bir il sərasər
göydə qalmış ürəyə,
havadakı sözünə,
havadakı vədinə.
Elə bil birdən gəlir
göy imana və dinə.
Sanki bütün bədəni
dinir,
ötür,
hayqırır.
O, sanki bir ayqırın
azadlıqdan savayı
başqa bir şey görməmiş;
şümşad belinə yatır,
üzü üstə çevrilib,
ayağı üstə düşür.
...Elə bil ki, bizimlə
o, yuxuda görüşür.
Məşqçi əl çalır,
– Bis! -deyir.
Udmalıydım mən, - deyir,
Udmalıydıq biz, - deyir...
Bəs rəqib?
Xəstədir!
Əjdərin ürəyi söyləyir: düz deyil,
Axı,
bu rekordu
o vurdu
keçən il
Niyə gəlməyib?
Bəlkə də
tutduğu zirvəyə dirənib, qalıb?
Bəlkə də ordan aşrılmaq istəyəndə
yerə tirlənib qalıb.
Məğlubiyyəti evdən
çölə çıxarmaq istəməyib?
"O gəlsəydi hamıdan
uca olardı!"
Düşünərlər deyib?
Özünü ötə bilməyib,
Odur ki, gəlməyib?
Əjdər birdən qollarını gen-gen açıb qızın boynuna saldıqca sıxılıb əsəblərə, əzələlərə yığılmış kilometrlər oğlanın ayaqları və əlləri ucundan süzülüb əvvəlki şəklini alır. Uzun məsafələr boyu uzanır. Əsgərin döyüşdən sonra açdığı dolağı kimi yollar, yoxuşlar, üfüqi, şaquli metrlər, adi yerişlər, tanqolar, burum-burum valslar açılıb tökülür. Oğlanın əli, ayağı barmaqlarının ucunda qurtarmır. Gah ekvator, gah meridian boyu davam edir: odur ki, oğlan qızı ölkələr, dənizlər, şəhərlər, kəndlərlə birgə qucaqlamış olur.
Birdən məşqçinin ürəyi oynadan gur səsi eşidilir. Dincə qoyulmuş kilometrlər, yollar, yoxuşlar, tanqolar, valslar yığılıb, sıxılıb əsəblərə, əzələlərə dolurlar. Oğlan iri addımlarla üç yerli zəfər kürsüsünün ortasındakı zirvəyə qalxır. Dünyanı özünə qərq etmiş sevinc ilğımından bir əl çıxıb oğlanın əlini sıxır, ona nəsə verir.
Sinəsində qızıl olur
Dini, andı santimetr,
Mən hardayam, harda - deyə
Dinir antisantimetr.
Bakı, 1967
Kitabxana.az · https://kitabxana.az/en/works/eli-kerim-bir-santimetr-haqqinda-ballada
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Neyləyim, oldu bahar amma baharım gəlmədi,Gül açıldı gülşən icrə, gülüzarım gəlmədi.
MürəbbəQanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur
Təcnis: Ey sevdiyim, məni astanəndənEy sevdiyim, məni astanəndənAyrı saldı sək sifətlü Qarabağ
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə