Bəndəm
Könlün intəhasız arzuları var,Xəzan çağında da bir maya bəndəm.Səmada ulduza, qövsi-qüzehə,Yerdə lalələrdən bir paya bəndəm.
Ömür yollar keçən karvana bənzər,Ona yük olmasın dövlət, simü-zər.Ayı keşməkeşli ilə bərabər,Günü əsr boyda bir aya bəndəm.
Getsəm də nə qədər kəndə, şəhərə,Baxsam da cənnətə bənzər yerlərə –Dənizlər deyəndə bəhri-Xəzərə,Çaylarda Kür adlı bir çaya bəndəm.
Mənim doğma anam – Azərbaycanım,Taleyim, vüqarım, eşqim, həyanım,Yolunda ölümə hazırdır canım,Ey Vətən, ey Vətən, bir haya bəndəm!
Kitabxana.az · https://kitabxana.az/en/works/eliaga-kurcayli-bendem
Use ← → keys to move, R for a random poem