Bəzən düşünürəm: köhlən bir atam,Yollarda at kimi səkməliyəm mən,Yükləri belimə gərək mən çatam,Bütün ağırlığı çəkməliyəm mən.

Keçib getməliyəm daşlı yolları,Bu daşlı yollardan çıxan deyiləm.Yollarda saldığım polad nallarıQayıdıb təzədən yığan deyiləm.

Qoy belim yük görsün, yəhər görməsin,Bir yaxşı düşəndə bir yaman minər.Cilovum kəmfürsət əllər görməsin,Qamçısı belimdə şaqqıldar, dinər.

Sökün axurumu, kəsin dənimi,Bundan incimərəm zərrə qədər də.Görsəm naqis əldə öz yüyənimi,Üzər ürəyimi qəm də, kədər də.

Qoyun arabama ən ağır yükü,Dünyanı xurcuntək belimdən asın.Kəmfürsət əldəki qamçılar təkiMənim kürəyimdə şaqqıldamasın.

Müdam “çəkən atı vurarlar” deyibAtalar qamçını düşmən sanıbdır.Qamçı vüqar qırıb, qamçı bel əyib,Qamçıdan kürək yox, ürək yanıbdır.

Fikrində nələr var dilsiz bir atın, —Yorğun gözlərindən oxuyunuz siz,Belimə dünyanın yükünü çatın,Kürəyim qamçısız, ağzım yüyənsiz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets