Tənək də deyirlər ona, meynə də,Salxım övladları gilə-gilədir.Hər gilə şövqüylə gözü göynədir,Hər gilə mey dolu bir piyalədir.

Yüz illər keçibdir: qoca HippokratBizim bu elləri gəzib dolaşmış.O demiş bu üzüm həyatdır, həyat,Şərabın ecazkar sirrini açmış.

O demiş: körpəyə südlə bərabərBir-iki damcı da şərab verin siz.Onda azar-bezar bilməz igidlərOnda sağlam olar cavan nəsliniz.

Nə Xəyyam var idi onda, nə də ki,Şərab təsiriylə yalançı tostlar.Nə lax yumurtatək boş çənədəkiƏttökən təriflər, saxta etibar.

Nə üzdə vəfalı, sadiq, mehriban,Arxada zəhərli acı gülüşlər.Nə də kabab iyi gələn dodaqdaÜzünə şillətək dəyən öpüşlər.

Meynələr var idi yerdə, talvarda,Salxımlar var idi ağlı-qaralı.Sərxoşluq adlanan boz canavar daYemirdi ürəyi, beyni, xəyalı.

Budaq buğum-buğum, yarpaqlar əl-əl,Qalxırdı, üstündə günəşli bəhər,...Niyə qızardınız belə əlbəəl,Sizdə nə günah var, qızıl meynələr?!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern