Üçüncü hissə, dördüncü fəsil
Page 2 of 2 · 50%
Ancaq, sən demə, nəzarətçi zabit dustaqların ruznamə oxuduğunu görüb usta tərpənmiş, kimsəyə bir söz demədən, onlar baraklarına gedəndən sonra iki-üç xidmətçi ilə birgə içəri girib həmin saqqallı məhkumu yaxalamış, üst-başını, şeyləri axtarmış, ruznamədən kəsilib götürülmüş «Xurma çərdəyi» hekayəsini tapmış, kişini isə huşunu itirənəcən döymüşdü. «Pərçəm»in həbsxanaya necə gətirildiyini, kimin gətirdiyini boynuna almamışdı. Həbsxana rəisi bu hadisədən sonra nəzarəti bir az da gücləndirmiş, «şuluq adamları» ayırmışdı. Ancaq hansı yollasa «Xurma çərdəyi»nin müəllifinin Elməddin olduğunu dustaqlar öyrənmişdilər və ona xüsusi rəğbət bəsləməyə başlamışdılar. Bunu görən, hiss eləyən rəis Elməddini daha çox «qorumağa» səy eləyirdi. Havaya çıxarılmaq vaxtını, dəyişmişdi — indi o, gəzintiyə aparılanda dustaqlardan heç kəs daha onu görə bilmirdi.
Yanına da kimsəni buraxmırdılar. Altı ayı tamam olanda Əhədulla Ziyaülhəqqin köməyi ilə, görüşə cəmi bircə saatlıq icazə almışdı. Meyvə, yemək, dəyişək gətirmişdi. Onun Elməddinin yanına gedəcəyini irəlicədən bilən Siminbər yalvarıb-yaxarmışdı ki, mən də getmək, Elməddini görmək istəyirəm. Əhədulla əvvəl razılıq verməmişdi, ancaq sonra ürəyi dözməmiş; qızını da maşına mindirib Poli-çərxiyə gətirmişdi. Görüş çox təsirli olmuşdu — Simin ərini görən kimi ağlamışdı. Atası yanında olduğundan həya eləyib Elməddinin boynuna sarılmaq, üz-gözündən öpməkdən özünü güclə saxlamışdı. Əhədulla iləsə qucaqlaşıb-öpüşmüşdü Elməddin. Elməddin Siminbərə təpədən-dırnağa nəzər salanda onun hamilə olduğunu, qarnının üstünü örpəyinin ucu ilə örtməyə çalışdığını görüb o qədər sevinmişdi, o qədər həyəcanlanmışdı ki, gözlərində sevinc yaşları parlamışdı... İlk anlarda danışmağa, söz söyləməyə heç birinin iqtidarı olmamışdı, elə parlayan, yaşla dolu baxışlarını bir-birinə zilləyib baxışmışdılar. Onlara söhbət eləmək imkanı vermək üçün, Əhədulla qəbul otağının o biri güncünə çəkilmiş, yalnız bundan sonra Elməddin onun isti, balaca əlini əlinə alıb:
– Necəsən, gülüm? — deyə soruşmuşdu.
– Mən yaxşıyam, sən necəsən, əzizim? — deyə Simin də pıçıltı ilə danışmışdı. — Arıqlamısan, Elmi. Allah cəzalarını versin. İncidib-eləmirlər ki?
– Yoox...
– Tez-tez yuxuma girirsən, Elmi.
– Sənin şəklini çəkmişəm otağımın divarına; sənin və ustadın... Hər gün sizinlə danışıram, dərdləşirəm, gülüm... Simin nəmli gözləri ilə gülümsünmüşdü. Elməddin bayaqdan ürəyinə sığışmayan sevincini nəhayət dilinə gətirmişdi:
– Səni təbrik eləyirəm, əzizim, — deyə o, Siminin sinəsindən aşağısına işarə eləmişdi. Gəlinin yanaqları qızarmışdı, gözləri həya ilə alışıb-yanmışdı.
– Sağ ol, mən də səni təbrik eləyirəm. Ata olacaqsan. Elmi.
– Mən ata, sən ana... — Ani sükut. — Darıxırsan mənsiz, Simin.
—Çox, lap çox, əzizim. Ev-eşiyə sığışmıram, inan. Səlmi ilə Həlimə başımı qatırlar, ev işlərində mənə kömək eləyirlər. Məleykə bacı tez-tez gəlir bizə. Ustadı soruşuram — deyir yaxşıdır. Ruznaməniz də çıxır. — Bu xəbər Elməddini lap sevindirmişdi.
– Nə yaxşı, nə yaxşı!..
Onlar xeyli söhbət eləmişdilər. Əhədulla vaxtın azaldığını hiss eləyib yaxın gəlmiş, Ziyaülhəqqin tapşırıqlarını yavaşca, nəzarətçi və başqaları eşitməsin deyə bir-bir ona yetirmişdi. Ayrılmaq istəməsələr də ayrılmışdılar.
Elməddin öz otağına xoş əhvali-ruhiyyə ilə qayıtmışdı, gətirilən xörəkdən doyunca yemişdi və şirin xəyallara dala-dala taxta çarpayıya uzanmışdı...
Ancaq bu gəliş nə qədər xoş və unudulmaz olsa da ondan sonra elə bir hadisə baş vermişdi ki, Elməddinin bütün xəyallarını da, az qala bütün həyatını da alt-üst eləmişdi. İki gün keçmişdi. Səhər tezdən, adi vaxtından qabaq, təkadamlığın qapısı cingilti ilə açılanda Elməddin buna təəccüb elədi. Üç nəfər nəzarətçi içəri girdi. Elməddin yerdə, sementin üstündə uzanmışdı, qalxıb oturdu, hələ tamam ayılmamışdı, yarıyuxulu idi. Aşağıdan-yuxarı zabitə və yanındakılara baxırdı mat-mat. Zabit onun qarşısında dayandı:
– Yerdə niyə yatırsan?
– Taxtabitinin əlindən.
– Yerdə yoxdu?
– Var, ancaq ora nisbətən azdı, zabit sahib.
O, zabitlə danışarkən birdən gördü ki, qalan iki nəfər onun taxtının üstəki yorğan-döşəyi, altdakı səbətin içini axtarırlar. Ürəyi çırpındı, ancaq bu, ani sarsıntı idi. O arxayın idi ki, heç nə tapa bilməyəcəklər — çünki özü heç nə yazmamışdı, yanına gələnlər isə ona nə ruznamə, nə kitab gətirmişdilər. Ona görə Elməddin laqeyd və saymaz bir ədayla qalxdı, kürəyini divara söykəyib:
– Zabit sahib, ağalar belə nə axtarırlar?—deyə qımışa-qımışa soruşduqda zabit nəzarətçilərə sarı döndü:
– Ümumi qaydadır, yoxlayırıq. Bilirsən, bəzən dustaqların yanına gələnlər qadağan olunmuş şeylər gətirirlər. Məsələn, məktub, kitab, ruznamə...
Zabitin sözü ağzından qurtarmamış nəzarətçilərdən biri — gödəkboylu, iri, sallaqdodaqlı kişi əlində bir vərəq kağız və dörd qatlanmış ruznamə tutduğu halda zabitə yaxınlaşdı:
– Bunları səbətin içindən, meyvələrin altından tapdım, zabit sahib. Zabit onun əlindəkilərə fikir vermədən Elməddinə sarı dönüb rişxənd dolu bir təbəssümlə baxdı və sonra nəzarətçinin irəli uzatdığı vərəqi, ruznaməni ondan aldı.
Əvvəlcə vərəqi gözünə yaxın tutdu. Elməddinin rəngi saralmışdı. Onun nə vərəqdən, nə ruznamədən xəbəri var idi, «Yəni onları — Əhədulla ilə Simin gətirib? — deyə tez-tez fikrində dolandırdı. — Bəlkə onlar gətiriblər, bəs mənə niyə heç nə deməyiblər? Yox, bu ola, bilməz, ola bilməz! Axı Simin də, Əhədulda da dedi ki, «Pərçəm» çıxır! Yəni, indi zabitin əlində tutduğu ruznamə «Pərçəm»di?... Bu nə isə qurğuya oxşayır.» Zabitin əlindəki vərəqə gözucu baxdı. Şer idi. Zabit vərəqi oxumağa başladı:
Dər mohite ke, pəsənde həme divanəgərist,
Aqel anəst ke, dər kesvəte Məcnun başəd:
Xosrove keşvəre ma ta bovəd in şirinkar,
Lalesan dideye mərdom həme gülgün bəşəd.
Üzre təqsir-həmixahəd o kuyəd məmur,
Ki cinayət həsəbül əmre hümayün başəd.
Hər ke zin piş cəvan mord və çenin ruz nədid,
Bayəd əz mərg becan maker o məmnun başəd, Hakeme cameə gər millət o qanun başəd.
Fərroxi əz kərəme şah şode Qəsrneşin,
Şeri zabit çox rəvan oxudu. Misralar Elməddinə tanış gəlirdi. Haçansa, gərək ki, ustadın kitabxanasından götürdüyü divandan oxumuşdu. Hə, elədir ki, var. Fərruxinin şeridir — gözəl şair olub. Bu şer də gözəl sənət əsəridi. — Şair onu zindanda yazmışdır. Bircə anda Fərruxinin mübarizə və faciələrlə dolu həyatı gəlib Elməddinin gözləri önündən keçdi. Elməddin gördüyü şairlərdən Şəfiyə, oxuduğu şairlərdən isə Fərruxiyə pərəstiş eləyirdi. Həyatında, şerində onlara oxşamaq istəyirdi.
Zabit onun qarışıq fikirlərini qırdı:
– Bu şeri sən yazmısan? Elməddin özünə gəlib:
– Yox, ağa. O şer İranın böyük şairi Fərruxinindir. Axırda adını da çəkir, — görmürsən?
– Bəs bu şer burda nə gəzir?
– Bilmirəm. Mənim ondan xəbərim yoxdur, zabit sahib!
– Onu sənə kim gətirib? Arvadın? Qaynatan?
Şerin tərcüməsi:
«Hamının divanəlik xoşladığı bir mühitdə ağıllı o adamdır ki, Məcnun (dəli) paltarı geymiş olsun. Nə qədər ki bu şirinkar bizim məmləkətin padşahıdır, xalqın gözü lalə kimi qırmızı olacaq. Məmur öz təqsiri üçün üzr istəyir və deyir ki, bu cinayət əlahəzrətin əmri ilə olmuşdur. Hər kim ki bundan əvvəl cavan ölmüş və belə günü görməmişdir, o gərək öldüyünə şükür eləsin və şad olsun. Əgər cəmiyyətin hakimi millət və qanun olsaydı, Qəsr zindanı hər məhbusa deyil, şahın özünə layiq olardı.
Fərruxi şahın kərəmindən Qəsrneşin olmuşdur; sənin bu yeni mənzilin mübarək olsun...»
– Yox, onların belə şerlərdən heç xəbəri də yoxdur, — kişi tamam savadsızdır, arvadım da... hələ təzə-təzə kitab oxumağa başlayıb, zabit sahib.
Zabit vərəqi büküb cibinə qoydu:
– Bəs bu nə ruznamədir? — deyərək qatını açdı. Elməddin o dəqiqə iri qara həriflərlə yazılmış «Pərçəm» sözünü oxudu və bu, özünə qəribə gəlsə də, ürəyində bir sevinc duydu. Simin, Əhədulla düz deyirmiş, «Pərçəm» çıxırmış, «Pərçəm» oxunurmuş. Zabit ruznamənin adını astaca dilinə gətirdi:
– «Pərçəm».. hm... Bəs belə. Cavan oğlan... Bəs belə!!! Sənin işin fənadır, çox fənadır!
– Niyə, zabit sahib? — Elməddin onun həqiqəti dediyini başa düşsə də soruşdu: — Mən neyləmişəm ki?
– Bəs bunları görmürsən, hələ bir soruşursan da? Sən üç suala cavab verəcəksən — bunları sənə kim gətirib — bu bir. Bunları sənə kim göndərib — bu iki. Bunları sən burada — dustaqxanada kimə verəcəkdin — bu da üç?!
Bu sözləri eşidəndə Elməddin sarsıldı — demək, bu işə arvadını, qaynatasını da qoşmaq istəyirlər. Çöldəki yoldaşlarımı — Şəfini, «Pərçəm»çiləri də. «Yox, yox! — dedi öz-özünə ürəyində və zabitin gözlərinin içinə şax baxa-baxa: — Bunları, zabit sahib, indicə bax bu iki ağa gətirdi bura — bu bir — söylədikdə zabit, dönüb yanındakılara nəzər saldı və mənalı-mənalı:
– Hə. —dedi — Siz gətirmisiniz? Ağa deyir siz gətirmisiniz!
Elə bu vaxt gödəkboylu, sallaqdodaqlı nəzarətçi irəli yeridi və altdan-yuxarı Elməddinə dirəşdi:
– Nə? Nə dedin? Bir də təkrar elə dediklərini? Elməddin sakitcə:
– Siz gətirdiniz indicə: — deyə müxtəsərcə cavab verəndə gödək kişi iri yumruğunu Elməddinin qarnına nə təhər vurdusa o, «axx» eləyib ikiqat olaraq dizləri üstə çökdü, başını sement döşəməyə qoyub ilan kimi qıvrıldı. Gödək kişi, bu azmış təki, boynunun ardından da bir təpik ilişdirdi və:
– Pədərsuxtə, o sözləri bir də dilinə gətirsən dilini çəkib boynunun ardından çıxardaram — dedi.
Elməddin özünə gələndə kamerada heç kəs yox idi, — qapı bağlı idi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-ucuncu-hisse-dorduncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Sərin bahar axşamı idi. Ağ abbasılıqlar kimi göylərə səpələnmiş ulduzların arasında parlayan Ay yuxulu, yorğun göz təki yerə baxırdı. Geniş həyətdə, ucaboylu çinarların arasında qoyulmuş yaşıl oturacaqların birində məhəllənin yeniyetmələri əyləşərək deyib-gülür, zarafat edirdilər. Ağ köynək geyib saçını yana daramış oğlan qıçını-qıçının üstünə aşıraraq gitara çalırdı. Sarı, qalın simlərdən qopan, az qala insan kimi sözləri, kəlmələri aydın deyən titrəyişli səslər bu aprel gecəsinin məlahətini daha da artırırdı. Oğlan başını azca yana əyərək, Nadirənin çox sevdiyi «Gilavar» mahnısını oxuyurdu:Ay gilavar, ay gilavar...
Birinci hissə, yeddinci fəsil– Ceyhun.– Nədi?
Birinci hissə, səkkizinci fəsilOrxan bu zaman alimlər evindəki geniş mənzilinin aynəbəndində oturub, sahildən xeyli aralı lövbər salıb dayanmış, işıqları yanan gəmiyə tamaşa edirdi. O, həmişə burada, qaranlıqda əyləşib, düşünməyi xoşlardı. İşləyib yorulanda yazı masasının arxasından durar, aynabəndə çıxıb bir papiros yandırar, tüstülədə-tüstülədə dənizin gecə mənzərəsinə baxıb həyat haqqında, tanıdığı-bildiyi adamlar haqqında, yazdığı əsər haqqında xəyala dalardı. Bu mənzili ona keçən il vermişdilər. Anası, bacıları şəhərdən kənardakı bağlı-bağatlı qəsəbədə, ata-baba mülklərində yaşayırdılar. Yol üç-dörd saat vaxtını alırdı deyə o, evlərinə gedib-gəlmirdi. Buraya köçənə qədər subay dayısından qalma otaqda gün keçirmişdi. Təzə mənzilinə yığışanda kitablarından və bircə dəst təmiz yorğan-döşəkdən savayı gözə dəyən bir şeyi yox idi. Orxanın evinə mübarəkbadlığa gələn iş yoldaşları iri otaqları bom-boş görəndə çiyinlərini çəkib, qaşlarını dartmışdılar.Qonaqları gülərüzlə qarşılayan anası Şirin arvad irəli çıxıb:
Birinci hissə, doqquzuncu fəsilŞöbədə Gülalıdan başqa adam yox idi. Bir az bundan qabaq, otaqda heç kəs olmayanda Nadirə xanımın və Gülmirənin mizinin üstünə. Orxanın qoyduğu güllər eləcə dururdu.Gülalının boğuq rəngi qar kimi ağarmışdı. Orxan dərhal bildi ki, o əsəbiləşib:
Poems by other poets
Çərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Vəfasız xanımEşqi, məhəbbəti unudan xanım,Nə qəsd edib yara vurdun Əfqana.
SöküldüAğzın bal dilin şəkər Mahtab,Yenə ciyərimin başı söküldü