Page 1 of 2

Şöbədə Gülalıdan başqa adam yox idi. Bir az bundan qabaq, otaqda heç kəs olmayanda Nadirə xanımın və Gülmirənin mizinin üstünə. Orxanın qoyduğu güllər eləcə dururdu.

Gülalının boğuq rəngi qar kimi ağarmışdı. Orxan dərhal bildi ki, o əsəbiləşib:

– Nə olub, Gülalı, gözümə birtəhər dəyirsən?— deyə soruşdu.

Gülalı «Ətini yesə də, sümüyünü heç vaxt çölə atmayan» eloğlusunun canyananlıqla onun halını soruşmasından mütəəssir olub, kövrək-kövrək köksünü ötürdü:

– Eh, atalar yaxşı deyib, yaxşılıq eləyən evində ölməz.

– Nə olub axı?

—Əşi bir neçə gün bundan qabaq o yazıçıfasonun haqqında məqalə yazmamışdım?

– Hansının, Gülalı?

– Mürsəl Bəbirzadədi, nəmənədi?

– Hə, hə yadıma düşdü. Gərək ki, məqalənin adı «İstedadlı yazıçı» idi.

– Elə idi. Ancaq bu gün məlum olub ki, onun nə istedadı varmış, nə qabiliyyəti.

– Niyə, Gülalı? — Orxan maraqlanaraq stul çəkib əyləşdi.

Gülalı da qələmi yerə qoydu:

– O Mürsəlin özüynən haqq-salamım var. Mənə son kitabından da bağışlamışdı. Ha gözlədim, gördüm heç kəs bu kitab haqqında bir söz demək istəmir, hamı ağzına su alıb susur. Özün bilirsən də, sükutla qarşılanmaq şair üçün, yazıçı üçün ölümdən də betərdi. Yazığım gəldi götürdüm o məqaləni yazdım. İndi bu Mürsəl neyləsə yaxşıdı?

—Hə, neyləyib ki?

– Götürüb «sağ ol» demək əvəzinə mənə açıq məktub yazıb, qəzetdə dərc elətdirib.

– Açıq məktub yazıb?

– Hə.

—Nə barədə?

– Guya mən əsəri diqqətlə oxumamışam, guya orda olmayan şeylər barədə danışmışam, çox şeyi qarışdırmışam.

– Yəni doğrudan elədi? — deyə Orxan təəssüflə başını tərpədə-tərpədə soruşdu.

– İndi konkret deyə bilmərəm, özün bilirsən mən bir balaca sklerozam. Amma gərək yaxşı-yaxşı yoxlayam. O deyən kimi olmasa, gərək ona bir toy tutam ki, ömrü boyu dadı damağından getməsin.

Mənə qurban olsun o, bir də tərif eşitsə. Onu ədəbiyyat aləmindən elə qaçırdım ki, özü də afərin desin.

– Hm... heç yaxşı hadisə deyil.

Gülalı əlini əlinə vurdu, yanıb yaxıla-yaxıla:

– Pah atonnan! — dedi. — Adə, gözümün qarasını təküb zornan zibilini oxumuşam, zəhmət çəkib məqalə yazmışam, bu da mənim haqq-sayım. Mənim müsibətimə baxırsan? — deyib iri çantasını açdı, ancaq, deyəsən nə üçün açdığını yadından çıxarıb bir xeyli fikirləşdi, haçandan-haçana: — Hə! — deyib ordan dörd bükülmüş bir qəzet çıxartdı: sonuncu səhifəsini açdı:

– Burda bir balaca səhv eləmişəm. Yəni bir balaca da yox a, lap böyük səhv eləmişəm.— Nəzərlərini qəzetin səhifələri üzərində gəzdirib məqalənin sərlövhəsindəki «istedadlı» sözünü elə pozdu ki, mikroskopla da oxumaq olmazdı. — İndi get işinə. Bunlara istedadlı deyə-deyə biz xarab eləyirik. Sonra da hərəsi öz aləmində elə bilir ki, doğrudan da dahidi...

Gülalının yazdığını pozması Orxana çox qəribə gəldi:

– Bu yaxşı sifət deyil, Gülalı. Yüz ölçüb, bir biçmək dərzilərdən çox bizə aiddir, eloğlu. Çünki yazılan qalır.

«Sifət» sözü Gülalını yamanca tutdu. Orxanın sözlərində o, ağır məzəmmət hiss elədi, bayaqdan sakitcə dərdləşdiklərini unudaraq onu sancdı:

– Sənin də bu axırıncı məqalənin pozulası yerləri var, Orxan.

Orxan o dəqiqə anladı ki, dediyi son sözlər onun xətrinə dəyib. İstəyirsən ki, Gülalının sənin haqqında əsil fikrini biləsən, özü demişkən, «bir balaca» sancmaq kifayətdir, açacaq sandığı, tökəcək pambığı... İndi Gülalının onun məqaləsi haqqında fikir demək istəməsi bir müəllif kimi Orxanı çox maraqlandırdı:

– Niyə, Gülalı? — deyə o, soyuqqanlılıqla xəbər aldı.

– Necə niyə? — Gülalı çımxırdı. — Professor haqqında yazdığını deyirəm. Ustadına kəm baxanın gözlərinə qan damar, Orxan! — Deyəsən, hiss elədi ki, bunlar onun «Köpünü» almadı, odur ki, lap tutarlı zəhərli bir zərbə endirdi:

– Adam tüpürəndə elə tüpürər ki, yalaya da bilsin.

Orxan səssiz-səmirsiz Gülalının gözlərinin içinə baxdı, baxdı: «Nə dili acı, əti acı adamdı bu!» — deyə düşündü və onun sözünü cavabsız qoymaq istəməyərək başı ilə Gülalının əlindəki qəzetə işarə etdi:

– Mən tüpürdüyümü, bax, bu cür, sənin kimi yalayanlardan deyiləm! — dedi və durub öz yerinə getdi.

Gülalı mızıldana-mızıldana qaldı. Sonra Orxan kimi adamla bir otaqda oturmağa da etiraz əlaməti olaraq tələsik addımlarla dəhlizə çıxıb, qapını bərk çırpdı. Orxan gərginləşmiş əsəblərini toxtatmaq üçün papiros yandırdı və tüstü otağın havasını ağırlaşdırmasın deyə pəncərənin qabağına gəldi, bir layını açdı. Tüstünü ciyərlərinə çəkib buraxdıqca sanki ürəyindəki titrəyiş, bədənindəki küt giziltilər canından çıxır, o rahatlanırdı. Beş dəqiqə sonra Orxan toxtamış halda öz yerinə keçmək istəyəndə Gülmirə qapı ağzında göründü. Orxan çevrilib ona sarı baxdı, Gülümsəməyə çalışdı. Ancaq bacarmadı. Gülmirə yuxusuz adama oxşayırdı. Pərişanlığı, pəjmürdəliyi bilinirdi. Orxan qəhərlənmiş səslə:

– Nə olub, niyə belə yorğunsan? — deyə xəbər aldı.

Gülmirə təkcə yuxusuz, əzgin deyildi, ağlamışdı da. Səhər Əqdəmi yola salanda özünü ha tox tutmağa çalışmışdısa da, kövrəlmiş ürəyi və dolmuş gözləri ilə bacara bilməmişdi. İndi ağladığını Orxana bildirməmək üçün burulub mizin arxasına keçdi və kataloq qutusunun böyrünə qoyulmuş gülü görəndə qeyri-iradi dodaqları qaçdı. Götürüb iylədi. Gülü burnundan ayırmadan gözlərini dolandırıb Orxana dikdi: «Sən gətirmisən?» — deyə soruşmadı. Gülmirə buna artıq adət eləmişdi; hər həftənin birinci günü o, işə gələn kimi stolun üstündə gül görərdi. Onun gətirdiyi güllər gözəl olurdu. Əvvəllər bu gülə adicə gül kimi baxan Gülmirə sonralar onun gətirdiyini solub ölüşkəyənə qədər saxlardı. Son vaxtlar evinə aparar, güldana qoyardı. Orxanın anası Şirin arvadın ürəyinə daman düz çıxmışdı: onun qəsəbədən gətirdiyi gül oğlunun sevdiyinə çatırdı, Bəli, sevdiyinə! Ancaq bu necə sevgili idi ki, ananın xəbəri yox idi? Oğlu ki, belə tutub, deyəsən, heç olmayacaqdı da!

Orxan mahir rəssamın yaratdığı şairanə mənzərə qarşısında dünyanı unutmuş kimi görünən və kirpik çalarsa qabağındakı varlığın yuxu təki, xəyal təki qeybə çəkiləcəyindən qorxan bir adama oxşayırdı.

Orxan hərdənbir Nadirə xanımın da stolunun üstünə gül qoyurdu. Bunu Gülmirə bilirdi. Bu dəfə soruşdu:

– Nadirə xanım üçün də sən gətirmisən?

– Hə... — Orxan kibrit qutusunu qurdalaya-qurdalaya xəbər aldı: — İcazə vermirsən?

Gülmirə Orxanın sözündəki gizli mənanı dərhal başa düşdü, Gülü burnundan çəkib tələsik dedi:

– Yox, yox, niyə ki?..

Gülmirə son vaxtlar Orxanda özünə qarşı xüsusi maraq və diqqət olduğunu hiss etməyə başlamışdı. Onun gözləri sevən adamın gözləri kimi qəmli bir xəyalpərvərliklə dolu olurdu. Bəzən iclasda da belə o, əlini üzünə söykəyib Gülmirəyə baxırdı. Kitabxanalarda da, əyazmaları fondunda da Orxanın gizli bir həsrətlə parlayan baxışları onu təqib edirdi. Üz-üzə gələndə isə Orxan çaşır, özünü ələ almağa çalışırdısa da, müvəffəq olmurdu. O, Gülmirəyə öz hissləri barədə heç nə demirdi. Dərk eləyirdi ki, haqqı yoxdur. Ancaq ha əlləşirdisə, qızın fikrini başından çıxara bilmirdi.

Orxanın belə fikrə düşməsi əvvəllər Gülmirəni acıqlandırırdı, istəyirdi ki, onu məzəmmət eləsin, danlasın. Lakin bunun üçün heç bir əsası olmadığından susmalı olurdu. Bu gizli duyğularda nəsə əsrarəngiz bir sehr vardı. O duyğular yaşayırdı, o duyğular qol-qanad açıb pöhrələnirdi. Orxana elə gəlirdi ki, həyatın, yaşamağın mənası ancaq və ancaq bu gizli duyğulardadır.

– Axşam... sənə zəng eləmişdim.

– Saat neçədə?

Gec idi, on ikinin yarısı olardı.

Gülmirə anladı ki, axşamki ehtimalı düz imiş. Elə bil keçən gecə Orxan zəng eləməmişdi, özü telefon məftili ilə onların evlərinə gəlib dəstəyin içindən baxıb qayıtmışdı. Gülmirə belə düşünüb qızardı.

– Evdə yox idin?

– Evdəydik...

– Evdəydiniz?..Əqdəm gəlib?..

– Hə, — Gülmirə könülsüz halda cavab verdi. Onun bu sözündən sonra Orxanın danışmağa həvəsi qalmadı. Qarşısındakı kitabı oxumaq istədi. Ancaq hərflər gözündə qaraldı, sətirlər bir-birinə qarışdı. Orxan özünü bədbəxt adam saydı. Bu qısqanclıq idi? Qəribədir, çox qəribədir!..

Gülmirə dikdaban çəkmələrini parket döşəmədə taqqıldada-taqqıldada Orxanın yanına gəldi:

– Orxan...

Orxan kədərli gözlərini Gülmirəyə sarı çevirdi. Gülmirə isə fikrini deməyə çətinlik çəkirmiş kimi susdu.

– Nə deyirdin, Gülmirə?

Gəlin çox çətinliklə:

– Bilirsən bir məqalə yazmışam... — dedi və hiss elədi ki, yanaqları allandı.

– Öz mövzundandır?

– Hə...

—Əcəb eləmisən, gərək bunu çoxdan yazaydın.

– Dedim... istəyirəm... professora verməmişdən əvvəl, əgər vaxtın olsaydı, sən baxardın,— deyə Gülmirə kəsik-kəsik danışa-danışa əlindəki qəzetin qırağını cırıb əzişdirdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, on dördüncü fəsil

Elməddii deyə-gülə nahar edəndən, Zərrintacla, Dünya xanımla xudahafizləşəndən sonra idarəyə getmək üçün darvazaya çıxanda -Əhədulla maşında, sükan arxasında oturub köhnə qəzet parçasına bükdüyü pendir-çörəyi yeyirdi. Sənkək quru idi, srağagündən qalma idi, pendir isə saralmışdı, iyi uzaqdan adamı vururdu. Elməddin maşının arxa şüşəsindən Əhədullanın nahar etdiyini görəndə ayaq saxlayıb irəli gəlmədi: «Qoy çörəyini yesin!» — deyə düşündü, siqaret çıxartdı, yandırıb çəkməyə başladı. Əhədullanın güzəranı-dolanışığı ona dərd olmuşdu. Kişi o qədər təmiz, ürəyi Allah xofu ilə dolu adam idi ki, qanun-qaydadan, buyurulandan bir addım kənara çıxmağa cürət eləmirdi. «O gözəgörünməz qurban olduğun necə məsləhət bilib elə də olacaq. Görünür mənim də yazımı belə yazıb!» — deyə təvəkkülə bel bağlayır, addımını kənara qoymurdu ki, birdən, allah eləməmiş, Nəcməddinin qəzəbinə düçar olar, güclə tapdığı bu işi də əlindən çıxardı. Bu qorxu hissi həmişə ürəyinin başından asılmışdı . İşə qətiyyən gecikməzdi, saatlarla ağasını — Elməddini gözlərdi, maşını isə, öz malı imiş kimi, az qala dili ilə yalayar, üstünə toz düşəndə üfürə-üfürə təmizlərdi. Daim əli maşının üstündə idi.Elməddin düşündü ki, bax belə təmiz, zəhmətkeş bir adam pendir-çörək ümidi ilə yaşayır, işləyir. O, özünün keçmiş günlərini xatırlayıb indiki günləri ilə tutuşdurdu; onun sadəcə olaraq necə deyərlər, aşığı alçı durmuşdu, bəxti gətirmişdi. Və beləsi, onun kimisi bu boyda şəhərdə, yaxud elə məmləkətin özündə ya bir olardı, ya iki — çox olmazdı. Elməddinin özünün imkanı vardı ki, heç olmasa günortalar, nahar vaxtı Əhədullanı özü ilə evə gətirsin, yedirtsin. Bir qarın çörək yeyəcəkdi — nə idi ki? Ancaq on beş gün bundan qabaq sözarası bunu Zərrintaca eşitdirəndə o, ağız büzmüşdü:

9 min
İkinci hissə, on beşinci fəsil

Günortadan sonra, ağacların, adamların kölgələri sağ tərəfə meyllənən vaxt balaca Bəbrək çantasını yellədə-yellədə, fit çala-çala həyətə girəndə Məleykə xanım sol əlini dalına qoyub qapı-bacanı süpürürdü. Bəbrək dərsdən həmişə səssiz-küysüz gələrdi; yorulardı, ona görə çörəyini yeyib azca dincəlməmiş dirçəlməz, qırışığı açılmazdı. İndi isə fit çalırdı, çantasını atıb-tuturdu — bu onda görünməmişdi indiyəcən. Odur ki, anası təəccübləndi, belini dikəldib oğluna nəzər saldı. Uşağın üz-gözü gülürdü.Bəbrək anasına yaxınlaşıb adəti üzrə salam verdi:

14 min
Üçüncü hissə, birinci fəsil

Əsl məhəbbət insan ömrünə bircə dəfə gəlir, yalnız bircə dəfə! Gəlir, ya yaşadır, güldürür, xoşbəxt edir, dünyanı, insanları gözündə gözəlləşdirir, ucaldır səni, ya məhv edir, uçurur, dağıdır, yandırır, rüsvay edir, alçaldır səni! Gəlir, bəzən vaxtlı gəlir, vədəsində gəlir! Gəlir, bəzən vaxtsız gəlir, vədəsiz gəlir!Ağayi Nəcməddinin məhəbbəti vaxtsız-vədəsiz gəlmişdi, doğulmuşdu. Gəncliyini kəşməkeşli həyat yollarında itirəndən, şəvə kimi qara saçlarını qar kimi ağardandan sonra, əl-ayağını yığışdırıb rahatlaşmağa hazırlaşdığı bir vaxtda gəlmişdi. Bu, əvvəl hava-həvəs idi, əyləncə idi, amma sonralar özünün də heç gözləmədiyi halda anlaşılmaz, duyulmaz, duyulub dərk edilməz, yandırıb-yaxan, viran qoyan bir məhəbbətə çevrildi.

13 min
Üçüncü hissə, ikinci fəsil

Gün dağların dalından bir adam boyu qalxmışdı. Evlərin şərqə baxan pəncərələri şəfəqdən alışıb-yanırdı.Əbdül səhər tezdən harasa tələsən ağasının yeməyini-içməyini verib yola salmışdı. Nəcməddin yuxusuz, gecə pis yatan adama oxşayırdı, gözləri qızarmışdı, tez-tez əsnəyirdi. Demək olar ki, Əbdülə heç nə danışmamışdı da. Düzü Əbdülün də onunla kəlmə kəsmək həvəsi yox idi, çünki o da sübhün gözü açılanacan qəribə bir qısqanclıq hissinin əlində əsir olaraq həyət-bacada gəzmiş, evin arxa tərəfinə keçmiş, Nəcməddinlə Dünya xanımın yataq otağının pəncərələrindən süzülüb gələn o sehrli, əzablı işıqlara baxmış, işıqlar sönmədikcə onun ürəyi hövl eləyib az qala sinəsindən çıxmışdı. Gecəyarıdan keçmiş, saat üç-dörd olmuşdu, işıqlar yenə sönməmişdi. «Görəsən neyləyirlər?» — deyə bir sual qəlbini qurd kimi gəmirmiş, yandırıb çızdağını çıxartmışdı. Ayağının altına daş-taxta qoyub pəncərədən içəri boylanmaq arzusunu ürəyində güclə boğmuşdu, qorxmuşdu.

15 min

Poems by other poets