Birinci hissə, doqquzuncu fəsil
Page 2 of 2 · 50%
Orxan sevindi. İkicə dəqiqə əvvəlki qəm-qüssəsi dağılıb getdi. Gülmirənin ona işi düşmüşdü. Bundan böyük səadət istəmirdi. Onun üçün məqalə oxumağa hazırdı, buna iki daşın arasında da vaxt tapardı, öz işini bir kənara qoyub, onunkunu görərdi, istirahətinin, yuxusunun hesabına eləyərdi. Hələ bu nədir ki? Gülmirə öl desəydi, canını da əsirgəməzdi.
– Mənim gözüm üstə! — deyə sevindiyindən uçunan Orxan gözlərindən gülə-gülə razılığını bildirdi.— Canla-başla!..
Gülmirə fikirləşdi ki, indiyəcən nahaq ehtiyat eləyib, yazdığını Orxana verib oxutdurmayıb. Özü yazdığına o qədər də ümid eləmirdi. Üzə çıxarmağa da qorxurdu. Ona nə üçünsə böyük inam bəsləyən professora da göstərməyə çəkinirdi. Axı o yaxşı bilirdi ki, zəiflik adamı hər yerdə, həmişə utandırır. Professor ona nə qədər yaxın olsa da, Gülmirə onun yanında utanmaq, xəcalət çəkmək istəmirdi.
– Hanı məqalə?
Gülmirə qəzetin arasına qoyduğu sancaqlanmış yazını Orxanın qarşısına sürüşdürdü.
– Bax, gör üzə çıxarılmalı bir şeydir, ya ötən məqaləm kimi cırım atım zibil yeşiyinə?
– Hansı məqalə?
Gülmirə hər iki əlini saçlarına çəkib:
– Bundan qabaq birini qaralamışdım, ürək eləyib heç kəsə göstərə bilmədim, —dedi.
– Niyə?
– Nə üçünsə qorxdum, başa düşürəm ki, bu mənim ilk sözümdü, Orxan. Ondan çox şey asılıdır. Ondan mənim nəyə qabil olub-olmadığımı şöbədə, institutda biləcəklər.
– Düzdür. Arxayın ol, Gülü!..
Orxan ona indiyəcən «Gülü» deməmişdi. Qəflətən ağzından çıxan bu kəlmədən Gülmirə hər şeyi başa düşə bilməzdimi? Gülmirə alındısa da, özünü eşitməməzliyə vurdu, yenə dikdabanlarını səsləndirə-səsləndirə geri qayıtdı. O, stulunu çəkib əyləşəndə Nadirə xanım, Cəfər və Gülalı bir-birinin dalınca şöbəyə girdilər. Nadirə Orxanı görən kimi:
– Salam, Orxan, necəsən?— dedi.
– Yaxşıyam, Nadirə xanım. Siz necəsiniz?
– Biz də yaxşıyıq... — Nadirə o günkü hadisəni — ərinin ürəyinin sıxılması əhvalatını xatırlayıb gülümsündü və bir ailə sirri kimi o barədə Orxana heç nə deməməyi lazım bildi.
Gülalı Nadirəyə gözaltı baxırdı. Ərini o cür tənqid eləyəndən sonra Orxanla belə mehriban danışması Gülalıya lap möcüzə kimi görünürdü. Onun fikrincə, burada yalnız bircə şey olmalı idi: Nadirə dağ boyda professor ərini tənqid eləyib hörmətdən salmağa çalışan bu təkəbbürlü oğlanı acılamalı, abrını ətəyinə bükməli və: «Sən nankorsan, sən çörəyi dizinin üstündə olan adamsan!» — deməli idi. Vəssəlam! Ancaq Gülalı inanmaq istəmədiyi sözlər eşidirdi. Nadirə stolunun üstündəki gülü götürüb iyləyəndə Gülalı yerində sakit otura bilmir, qurcalanır, fikirləşirdi: «Görürsən bunun tülkülüyünü? Yaltaq! Ərini aləmdə rüsvay elədi, arvadına gül gətirir. Xalis ingilis siyasətidi, sən öləsən. Nəsə uzun dəsgahdı...»
Nadirə xanım şən bir əda ilə:
– Məqaləni oxudum, təbrik eləyirəm, Orxan,— dedi.
– Çox sağ olun, Nadirə xanım.
– Ciddi elmi məsələlər qoymusan. Dediklərin bizim bugünkü vəziyyətimizi çox aydın və düzgün xarakterizə edir, — deyə Nadirə xanım məqalə haqqında ürəkdolusu danışmağa bışlayanda Gülalı özünü saxlaya bilməyib soruşdu:
– Nadirə xanım, siz, deyəsən, məqaləni axıra qədər oxumamısınız.
– Niyə, lap axıra kimi oxumuşam.
Gülalının gözləri böyüdü:
– Bəs nə təhər olur onda...
Nadirə xanım Orxana baxıb gülə-gülə Gülalıdan xəbər aldı:
– Deyirsən bəs nə təhər olur, Salmanın tənqid olunduğu məqalədən belə razılıq hissi ilə danışıram, hə?
– Hə də, Nadirə xanım, hə də!
– Nə olar, Gülalı. Bu, elmi işdir. Burada qohumluq hissləri ilə yaşamaq olmaz.
Gülalı gözlərini döydü: «Bunlar nə təhər ər-arvaddılar, heç bilmirəm! Sən ölmüyəsən, belə arvadı bircə saat da saxlamaram. Necə yəni? Tutaq ki, məni belə tənqid eləyiblər, arvadım da deyir ki, çox düzgün eləyiblər? Ay-hay, heç ağla batan iş deyil. Yox, nəsə Nadirə xanım burada bir balaca səhv eləyir. Görək professor özü necə baxacaq? Əsl məsələ budur. Əgər o da Nadirə xanım kimi eləsə...tay mənim bunlara heç sözüm yoxdur!»
Pırpız başlı, boynuna alabəzək muncuq salmış katibə qız qapını açıb Orxanı çağırdı. Orxan getdi. Qayıdanda... professorun o yandan gəldiyini görüb həyəcanlandı. Həyəcanlanmazdı, Gülalının bayaq dediyi sözlər yadına düşdü: «Birdən kişi məndən inciyər», — deyə fikirləşdi.
Əlini yelləyə-yelləyə kələn professor başını dik tutmuşdu. Orxan onun tuşuna çatanda ilişikli səslə:
– Salam, professor!— dedi. Ancaq professor düz keçib getdi. Orxan arxasınca baxa-baxa qaldı: «Görmədi... Eşitmədi... Deyəsən, fikirli idi. Yox, inciyib...»
Professorun kinli sir-sifətini, ədalı-davalı yerişini seyr edən Orxan acı-acı gülümsündü...
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-teyyare-kolgesi-birinci-hisse-doqquzuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Elməddii deyə-gülə nahar edəndən, Zərrintacla, Dünya xanımla xudahafizləşəndən sonra idarəyə getmək üçün darvazaya çıxanda -Əhədulla maşında, sükan arxasında oturub köhnə qəzet parçasına bükdüyü pendir-çörəyi yeyirdi. Sənkək quru idi, srağagündən qalma idi, pendir isə saralmışdı, iyi uzaqdan adamı vururdu. Elməddin maşının arxa şüşəsindən Əhədullanın nahar etdiyini görəndə ayaq saxlayıb irəli gəlmədi: «Qoy çörəyini yesin!» — deyə düşündü, siqaret çıxartdı, yandırıb çəkməyə başladı. Əhədullanın güzəranı-dolanışığı ona dərd olmuşdu. Kişi o qədər təmiz, ürəyi Allah xofu ilə dolu adam idi ki, qanun-qaydadan, buyurulandan bir addım kənara çıxmağa cürət eləmirdi. «O gözəgörünməz qurban olduğun necə məsləhət bilib elə də olacaq. Görünür mənim də yazımı belə yazıb!» — deyə təvəkkülə bel bağlayır, addımını kənara qoymurdu ki, birdən, allah eləməmiş, Nəcməddinin qəzəbinə düçar olar, güclə tapdığı bu işi də əlindən çıxardı. Bu qorxu hissi həmişə ürəyinin başından asılmışdı . İşə qətiyyən gecikməzdi, saatlarla ağasını — Elməddini gözlərdi, maşını isə, öz malı imiş kimi, az qala dili ilə yalayar, üstünə toz düşəndə üfürə-üfürə təmizlərdi. Daim əli maşının üstündə idi.Elməddin düşündü ki, bax belə təmiz, zəhmətkeş bir adam pendir-çörək ümidi ilə yaşayır, işləyir. O, özünün keçmiş günlərini xatırlayıb indiki günləri ilə tutuşdurdu; onun sadəcə olaraq necə deyərlər, aşığı alçı durmuşdu, bəxti gətirmişdi. Və beləsi, onun kimisi bu boyda şəhərdə, yaxud elə məmləkətin özündə ya bir olardı, ya iki — çox olmazdı. Elməddinin özünün imkanı vardı ki, heç olmasa günortalar, nahar vaxtı Əhədullanı özü ilə evə gətirsin, yedirtsin. Bir qarın çörək yeyəcəkdi — nə idi ki? Ancaq on beş gün bundan qabaq sözarası bunu Zərrintaca eşitdirəndə o, ağız büzmüşdü:
İkinci hissə, on beşinci fəsilGünortadan sonra, ağacların, adamların kölgələri sağ tərəfə meyllənən vaxt balaca Bəbrək çantasını yellədə-yellədə, fit çala-çala həyətə girəndə Məleykə xanım sol əlini dalına qoyub qapı-bacanı süpürürdü. Bəbrək dərsdən həmişə səssiz-küysüz gələrdi; yorulardı, ona görə çörəyini yeyib azca dincəlməmiş dirçəlməz, qırışığı açılmazdı. İndi isə fit çalırdı, çantasını atıb-tuturdu — bu onda görünməmişdi indiyəcən. Odur ki, anası təəccübləndi, belini dikəldib oğluna nəzər saldı. Uşağın üz-gözü gülürdü.Bəbrək anasına yaxınlaşıb adəti üzrə salam verdi:
Üçüncü hissə, birinci fəsilƏsl məhəbbət insan ömrünə bircə dəfə gəlir, yalnız bircə dəfə! Gəlir, ya yaşadır, güldürür, xoşbəxt edir, dünyanı, insanları gözündə gözəlləşdirir, ucaldır səni, ya məhv edir, uçurur, dağıdır, yandırır, rüsvay edir, alçaldır səni! Gəlir, bəzən vaxtlı gəlir, vədəsində gəlir! Gəlir, bəzən vaxtsız gəlir, vədəsiz gəlir!Ağayi Nəcməddinin məhəbbəti vaxtsız-vədəsiz gəlmişdi, doğulmuşdu. Gəncliyini kəşməkeşli həyat yollarında itirəndən, şəvə kimi qara saçlarını qar kimi ağardandan sonra, əl-ayağını yığışdırıb rahatlaşmağa hazırlaşdığı bir vaxtda gəlmişdi. Bu, əvvəl hava-həvəs idi, əyləncə idi, amma sonralar özünün də heç gözləmədiyi halda anlaşılmaz, duyulmaz, duyulub dərk edilməz, yandırıb-yaxan, viran qoyan bir məhəbbətə çevrildi.
Üçüncü hissə, ikinci fəsilGün dağların dalından bir adam boyu qalxmışdı. Evlərin şərqə baxan pəncərələri şəfəqdən alışıb-yanırdı.Əbdül səhər tezdən harasa tələsən ağasının yeməyini-içməyini verib yola salmışdı. Nəcməddin yuxusuz, gecə pis yatan adama oxşayırdı, gözləri qızarmışdı, tez-tez əsnəyirdi. Demək olar ki, Əbdülə heç nə danışmamışdı da. Düzü Əbdülün də onunla kəlmə kəsmək həvəsi yox idi, çünki o da sübhün gözü açılanacan qəribə bir qısqanclıq hissinin əlində əsir olaraq həyət-bacada gəzmiş, evin arxa tərəfinə keçmiş, Nəcməddinlə Dünya xanımın yataq otağının pəncərələrindən süzülüb gələn o sehrli, əzablı işıqlara baxmış, işıqlar sönmədikcə onun ürəyi hövl eləyib az qala sinəsindən çıxmışdı. Gecəyarıdan keçmiş, saat üç-dörd olmuşdu, işıqlar yenə sönməmişdi. «Görəsən neyləyirlər?» — deyə bir sual qəlbini qurd kimi gəmirmiş, yandırıb çızdağını çıxartmışdı. Ayağının altına daş-taxta qoyub pəncərədən içəri boylanmaq arzusunu ürəyində güclə boğmuşdu, qorxmuşdu.