Birinci hissə, onuncu fəsil
Page 1 of 2
Nadirə bacısı oğlu Rəhimi gülər üzlə qarşılayıb içəri apardı. O bu evə az-az gələrdi. Ceyhunla tay-tuş olsaydı da yaxın deyildilər. Aralarında dava-dalaş olmamışdı, umu-küsü olmamışdı, ancaq soyuq idilər. Uşaq vaxtı bir yerdə oynamış, yoldaşlıq eləmişdilər. Lakin illər keçib, ağılları kəsdikcə sanki bir sehrli əl bu iki bacının uşağını bir-birindən uzaqlaşdırıb ayırmışdı. Bəlkə onların soyumasında bacıların da bir təsiri olmuşdu? Yox, Nadirə Rəhimi, Sədəf də Ceyhunu çox istəyirdi.
İki ilə yaxındı ki, Ceyhun xalasıgilin qapısını açıb içəri girməmişdi. Nadirə Sədəfgilə gedəndə neçə dəfə oğlunu aparmaq istəmişdi. Ancaq Ceyhun hər dəfə bir şeyi bəhanə edib, boyun qaçırmışdı: «Dərsimi öyrənirəm». «Yoldaşlarımla kinoya gedirəm».
Rəhim isə hərdən xalasıgilə gedirdi: anasını çağırmaq üçün, gecəyə düşəndə onu evə aparmaq üçün...
Oğlan otağa daxil olan kimi gözləri ilə evi axtardı. Mətbəxdən su şrıltısı və qab-qacaq səsi eşidilirdi. Düşündü: «Anamdır. Qabları yuyur». — Nadirə əlindəki qalın kitabı stolun üstünə atdı:
– Keç, xala qurban, keç əyləş! — dedi və üzünü o biri otağa tutub oğlunu səslədi: — Ay Ceyhun bura gəl, Rəhim bizə gəlib.
Ceyhun yataq otağından başını uzadıb Rəhimi görən kimi geri çəkildi. Geyinib qayıtdı. Əynində ayağı boğma finka var idi. Tor mayka geyinmişdi. Başını tərpətməklə Rəhimə «Xoş gəldin» elədi. Yanında oturdu.
– Hə, oturun, söhbət edin, biz də sizin üçün bir şey hazırlayaq,
– deyə Nadirə mətbəxə keçdi.
Ceyhunla Rəhim susurdular. Ceyhun ayaq barmağının birini döşəməyə salınmış naxışlı xalçanın butaları üzərində gəzdirirdi.
Rəhim hərəkətsiz oturmuşdu. Sükut ağır və dözülməzdi. Birdən Ceyhunun yadına nə düşdüsə, sevinə-sevinə xəbər aldı:
– Rəhim, sizin də məktəbdən uşaqları Krıma istirahətə aparırlar?
– Hə, aparırlar!
– Sən də gedirsən?
– Yox!
– Niyə?
– İstəmirəm...
Ceyhun əlini-əlinə sürtdü:
– Mən gedirəm... Bilirsən necə qiyamət yerlərdi? Heç Krımda olmusan?
Rəhim başını tərpətdi:
– Yox.
– Odur da, təsəvvürün yoxdur. Əgər bir dəfə ayağın o yerlərə dəymiş olsaydı, ömrün boyu yadından çıxmazdı. Elə deyərdin hər il gedim... Mən keçən il mamamnan, papamnan getmişdim. — O, səsini alçaldıb yavaşıtdı: — Day bir də onlarla getməyəcəyəm. Qoymurlar istədiyin kimi gəzəsən. Papam yenə yaxşıdı, heç nə demir. Amma mamam göz açmağa qoymur... İndi uşaqlarnan gedirəm. Kef eləyəcəyik!..
Nadirə Ceyhunun axırıncı sözlərini eşitdi:
– Nə eləyəcəksiniz?
Ceyhun tutuldu, tez Rəhimə baxıb göz vurdu və dönüb başını qaşıya-qaşıya:
– Heç, kosmonavtdan danışırdıq, — dedi. — İki saat göydə fırlanıb yerə düşəndən sonra bütün dünyanı gəzəcək, ömrü boyu kef eləyəcək!..
– Hm...
Rəhimin təəccübdən ağzı açıla qalmışdı: o, belə eləyə bilməzdi. Bir də axı nəyin xatirinə anasını aldatmalı idi, nə üçün?
Məsələ burasında idi ki, Ceyhun bu evdə təkcə anasından — bu zabitəli qadından qorxurdu. Atası isə onun xətrinə qətiyyən dəyməz, ona güldən ağır bir söz də deməzdi. Anasının qəzəbindən xilas olmaq üçün Ceyhun asanlıqla yalan uydura bilirdi. Bunun üçün o, əsla çətinlik çəkməz, duruxub qalmazdı...
Rəhim divardakı göy, asma saata baxdı. Vaxta az qalırdı:
– Ana, — deyə o, üzünü mətbəxin qapısına sarı tutub səslədi.
– Bu saat, bala.
Nadirə qayğanaq gətirdi, iki qabda.
– Hə, yaxın oturun. Ceyhun, dur... Rəhim, gəl.
– Mən yemirəm, sağ ol, xala, — Rəhim qalxdı. Nadirə onun qolundan tutub oturtdu:
– Bucuğazı yeyəcəksən.
– Gecikərik, xala.
– Hara gedirsiniz ki?
– Anamla məktəbə gedəsiyik. Aslan müəllim tapşırıb ki, valideyn iclasına gəlsin...
– Ye, indi gedərsiniz... — Nadirə Ceyhundan soruşdu: —Bəs yaxşı, bizi heç valideyn iclasına çağırmırlar, ay Ceyhun?
Ceyhun adəti üzrə, başını qaşıdı. Rəhim onun bu hərəkətinə fikir verib qımışdı: bilirdi ki, o, başını qaşıyanda mütləq yalan bir şey uydurub deyəcək.
– Neçə dəfə çağırıblar, vaxtınız olmayıb, getməyibsiniz, indi də acıqcan çağırmırlar da...
Ceyhunun indi dediyi uydurmaya oxşasaydı da, sözündə müəyyən həqiqət də vardı. Bu il iki dəfə onları məktəbə çağırmışdılar. Birində Salman Moskvaya getmişdi, Nadirə xəstə idi. Birində də Nadirə istirahət evində idi, professor da vaxt tapmamışdı...
Rəhim qayğanaqdan bir-iki tikə yedikdən sonra üzünü yenə yan otağa sarı tutub, anasını çağırdı:
– Ana,ay ana!
– Gəldim, gəldim...
– Gecikirik ey...
Sədəf önlüyünü aça-aça mətbəxdən gəldi.
– Gedək.
– Ay Rəhim, heç yeməyibsən ki, — deyə Nadirə nimçəni təzədən onun qabağına itələdi.
– Ye, a bala, doyunca ye. — Sədəf də dilləndi.
Rəhim ayağa qalxdı. Ana-bala xudahafizləşib evdən yenicə çıxmışdı ki, qapının zəngi çalındı. Ceyhun durdu, ancaq anası ondan qabaq özünü yetirib qapını açdı.
– Oo!.. Vera Pavlovna!.. Gəlin, gəlin, xoş gəlmisiniz!.. — Vera Pavlovna ayağını astanadakı yaş əskiyə silib içəri keçdi:
– Sağ olun.
Gələn Ceyhunun sinif rəhbəri idi. Müəlliməsini görən kimi onun tikəsi boğazında qaldı, səsi çıxmadı. Təkcə başını tərpətməklə salam verdi. Ceyhun işinin «yaş» olduğunu fikirləşdi, yavaşca aradan çıxdı.
– Necəsiniz, Vera Pavlovna?
– Yaxşıyam, sağ olun.
– Ananızgildən nə xəbər var? Yenə Moskvada yaşayırlar, eləmi?
– Hə, Nadirə xanım. Bu yaxında bura gələsidilər.. Yazmışam, yığışsınlar. Anam qocalıb, kiçik bacım da təkdir. Axı təzə mənzil almışam, üç otaqlı. Gen-boldur. Buranın ab-havası çox yaxşıdır.
– Hə, təbrik, təbrik!.. Ortancıl bacınız neynir, hələ ərə getməyib ki?
– Gedib. İki həftə bundan qabaq toyları oldu. Sizinlə qohum olmuşuq Nadirə xanım.
– Bizimlə? — Nadirə təəccüb elədi.
– Hə, bacım bir azərbaycanlıya ərə gedib... Mühəndisdir.
Nadirə güldü:
– Elə bildim, bizim qohum-əqrəbadandır. Deyirəm elə olsaydı, biz də bilməmiş olmazdıq... Sizdə yaxşı xəbərlər varmış, Vera Pavlovna!..
– Bəli... Sizdə nə var, nə yox?
– Salamatlıqdır.
– Doktorluğunuzu haçan müdafiə edirsiniz?
– Hələ bir az çəkər.
– Professor evdə yoxdur, deyəsən?
– Yox, idarədədir.
Nadirə «bir dəqiqə» deyib mətbəxə keçdi, iki armudu stəkana çay töküb gətirdi. Birini Vera Pavlovnanın, o birinisə öz qabağına qoydu. Bufetdən ağzınadək bahalı konfetlə dolu vazanı çıxartdı:
– Eşitdim bizdən incimisiniz, Vera Pavlovna.
Vera Pavlovna stəkanı boğmasından tutub buraxdı:
– İnciməyinə incimişik, ancaq siz bunu hardan bilirsiniz?
– Ceyhun dedi. Sizdən bir az qabaq soruşdum ki, bizi valideyn iclasına niyə çağırmayıblar? Deyir ki, keçən dəfə getməmisiniz, ona görə də müəllimlər sizdən acıq eləyiblər!
Vera Pavlovna qaşlarını dartdı:
– Düz deyil, Nadirə xanım. Srağagün sizin dalınızca xəbər göndərmişdik. Ha gözlədik, gəlib çıxmadınız. Ceyhun sizə deməyib bəs?
– Yox.
– Maraqlıdır.
—Ədə, Ceyhun? — deyə anası oğlunu səslədi. —Ədə, haradasan? — Cavab verən olmadı. — Haçan getdi bu? İndi buradaydı axı,
– deyə Nadirə təəccüblə o yan-bu yana baxdı.
– Yəqin mənim qorxumdan qaçıb, — deyə Vera Pavlovna gülümsündü. — Eybi yoxdur. Mən sözümü deyəcəyəm, sonra siz özünüz fikirləşərsiniz.
Nadirənin ürəyi üzülüb ayağının altına düşdü. O, bir qədər çaşqın halda :
– Buyurun, Vera Pavlovna. Mən sizi eşidirəm, — dedi.
Müəllimə çayından bir qurtum içib arxayın-arxayın sözə başladı:
– Ceyhun pis uşaq deyil, bunu siz məndən də yaxşı bilirsiniz. Ancaq mən elə düşünürəm ki, o, düzgün tərbiyə olunmur, Nadirə xanım.
Nadirənin rəngi ağardı. Vera Pavlovna davam elədi:
– Bilirəm, Nadirə xanım, bu sözləri eşitmək sizin üçün çox ağırdı. Ancaq mən başqa cür edə bilmərəm. Acı da olsa, əsl həqiqəti sizə deməyi öz müəllimlik borcum hesab edirəm. Siz hər ikiniz alimsiniz. Savadlı, mədəni ailə başçısısınız. Gərək sizin övladınız başqalarına bir nümunə olsun. Elə deyilmi?
—…
– Ancaq təəssüf ki, bəzən həyatda belə olmur.
– Bunlar tamamilə düzdür, Vera Pavlovna, — deyə Nadirə səbri tükənmiş halda onun sözünü kəsdi: — Xahiş edirəm, Ceyhundan danışın.
Müəllimə xeyli susub dedi:
– Siz ona çox pul verirsiniz?
– Yox.
– Məncə, hə. Çünki onda həmişə çoxlu pul olur. Halbuki, bu, yaramaz. Uşağın cibində həmişə çoxlu pul oldu o, xərcləməyə yer axtaracaq. Görəcəksən getdi restorana və başqa-başqa yerlərə... Ceyhun pis oxuyur, müəllimlərin sözünə baxmır. Ondan hamı şikayətçidir.
Nadirə qıpqırmızı pörtmüşdü:
– Görünür, bizim başımız qarışıb, uşağı tamam yaddan çıxarmışıq.
– Bəli, mən də elə düşünürəm, Nadirə xanım. Sizin başınız əsər yazmağa qarışır. Siz istəyirsiniz ki, əsəriniz çox olsun, yaxşı olsun, nöqsansız olsun. Axı, mənim əzizim, bu Ceyhun da əsərdir, hər cür qayğıya, diqqətə daha çox möhtacdır... Kitabınızın üstündə adınız var, onun məsuliyyətindən qorxursunuz. Bəs Ceyhun? Məgər o sizin deyil, Nadirə xanım? Siz heç bu barədə düşünürsünüzmü? Bağışlayın, mən bir qədər kəskin danışıram.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-teyyare-kolgesi-birinci-hisse-onuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
«Ey atəş, yandır, nə qədər bacarırsan yandır, ancaq onu da bil ki, yandırmaq istədiklərini və yandırdıqlarını yandırıb külə döndərəndən sonra sən özün də şölə çəkən vücudunu yerə-göyə çırpa-çırpa alovlu başını yandırdıqlarının külü üstünə qoyaraq yavaş-yavaş öləziyib sönəcək, nəhayət, məhv olacaqsan, çünki atəşin öz ömrü də yandırdıqlarının həyatı sona çatan kimi sönüb qurtarır».Yandırılmış bir məktubdan.
İkinci fəsilPaşa üçün bu, son idi. Amma başlanğıc da var idi axı, başlanğıc da olmuşdu axı. Və o başlanğıc uzaq-uzaq illərin arxasında qalsa da, hafizəsi korşalıb yaddaşı kütəlsə də, hər şey xatırında qalmışdı, çünki onu kitablarda oxumamışdı, başqalarından eşitməmişdi, özü yaşamışdı; o, yaxşı-pis ömrünün bir parçası idi.O dəli-dolu çağlarında aktyorluq, şairlik, çalğıçılıq, rəssamlıq həvəsi beynindən, ürəyindən çıxandan sonra, Sultan kişinin bir dostunun məsləhəti və yaxından köməyi ilə Paşa bir də gözünü onda açıb görmüşdü ki, Darülfünunun biologiya fakültəsinin tələbəsidi və müəllimlərin ona başqa fənnlərlə yanaşı torpağın, bitkilərin, heyvanat aləminin də sirlərini öyrətməklə məşğuldu. Əvvəl heç həvəsi yox idi, bir fürsət və bəhanə axtarırdı ki, bu sənətin də dalından dəysin. Ancaq Sultan ona necə təpinmişdisə: «Bəsdi, ə, qodu-qodu gəzdirdin. Sənin tayların çoxdan sənət, ev-eşik sahibi olub, sən isə hələ də bir yerdə qərar tutub bir işin qulpundan yapışmamısan. Onu bil ki, gəzən şələ bağlamaz» ⎯ demişdisə, Paşa o fikri başından atmış, dərslərə girişmişdi. «Elə hesab elə ki, sən həkimlik oxuyursan. Yarımhəkim kimi bir sənətdi bu» ⎯ demişdi bir dostu da və bu da Paşanı oradan da qaçmaq fikrindən daşındırmışdı. Dördüncü kursu qurtaranda müharibə başlamışdı və sinif yoldaşları kimi onu da əsgər aparmışdılar. Qırx beşinci ildə cəbhədən qayıdan kimi beşinci kursda dərslərinə davam edib bir il sonra ali təhsilini bitirmiş və əvvəlcə Pedaqoji institutda, sonra isə Tibb institutunda biologiyafiziologiya kafedralarında laborant, assisent və nəhayət, müəllim işləmişdi. Böyür-başında bir çox cavan yoldaşlarının elmi iş, dissertasiya yazdığını görən Paşa, əslində daxili ehtiyac üzündən yox, sadəcə, dəstədən geri qalmamaq üçün fiziologiya sahəsinə meyl salıb mövzu götürmüş, o zaman məşhur fizioloq kimi məşhur olan professor Qaraxanovun rəhbərliyi altında, demək olar ki, zorla, kişini hövsələdən çıxarda-çıxarda namizədlik dissertasiyasını əllinci ildə müdafiə eləmişdi. Balacaboy, çevik, son dərəcə təvazökar və vicdanlı bir alim olan Qaraxanov, Paşanın elmi qabiliyyətindən çox təşkilatçılıq qabiliyyətinə inanıb onun alim olmasına qol qoymuşdu: çünki həqiqətən Paşa əvəzedilməz dərəcədə zirək idi, quru çaya su gətirməyə göndərsəydin, əliboş qayıtmazdı, kafedranın bütün tədbirləri, professorun məmləkət şəhərlərindən, xaricdən gələn qonaqlarını qarşılamaq, yedirib-içirtmək, mehmanxanalarda yerləşdirmək kimi vaxt, hövsələ, bir az da sırtıqlıq tələb eləyən işlərinin hamısını Paşa bir göz qırpımında həll edərdi və hamını razı yola salardı, nəticə etibarilə institutun, kafedranın və ən ümdəsi isə professor Qaraxanovun başını uca, üzünü ağ eləyərdi.
Üçüncü fəsilHəyəcanlıydı. Başa düşə bilmirdi ki, gördükləri, eşitdikləri yuxuda olmuşdu və ya… həqiqətən, bax, gözünün qabağındakı o yumşaq stulda cavan, yaraşıqlı, səliqəli geyinib-keçinmiş o adam əyləşib bayaqdan onu danışdırıb dağa-arana, keçmişə ⎯ ömrün ötən çağlarına aparıb təzədən bu günlərinə qaytarmış, köhnə, unudulmuş xatirələrini oyadıb bir möcüzəkar kimi yox olub getmişdi? Yuxuydumu bu? Yox. Axı Paşa yatmamışdı.Xəyalıydımı? Bəlkə də. Amma belə də xəyal olmaz axı? Bu suallar əlində çabalayan Paşa, qeyri-iradi irəli gəlib əlini stulun oturacağına sürtdü: yox, oturacaq soyuq idi, bumbuz idi; adam oturmuş olsaydı, isti olardı. Əl atıb bir-bir otaqların işıqlarını yandırdı, künc-bucağa kimdənsə ehtiyat edirmiş kimi xəlvəti göz gəzdirdi, mətbəxə keçdi, oranı da bomboş görüb küçəyə baxan pəncərənin qənşərindəki mizin arxasında əyləşərək alnını soyuq tərini sildi. «Hə, belə-belə işlər, Paşa bəy. Deməli, sən öz-özünə danışırmışsan, dəli kimi. Heç bir adaşın, filanın, gəncliyin-zadın gəlməmişmiş yanına. Sən sadəcə, dəli olursan, vəssalam. İki gündü giribsən evə, çay içməmisən, ağzına bir loxma yemək almamısan, üzü üstə düşüb yatmısan, sayaqlamısan və bu iki gündə heç kəs sənin öldündən-qaldından xəbər tutmayıb. Kim tutmalıydı, kimin vardı? Bircə qızındı, o da burda yoxdu. Olsaydı da, gəlməzdi. O da mənim kimi, dəlinin biridi: küsdü, incidi, qurtardı. Gör neçə ildi məni danışdırmır? Düzdü, gəlir-gedir, mənim pal-paltarımı yuyur, xörəyimi bişirir. Ancaq bütün bunları mən evdə olmayanda eləyir. Və bu, elə bir dərddi ki, heç kəsin yanında açıb bükə bilmirəm. Bəs dostların, tələbələrin? Onlar hanı bəs? Bəlkə onlar mənim başıma gələn bu müsibətdən xəbərsizdilər? Yox, canım. Nə danışırsan? Yəqin indi bütün şəhər bu barədə danışır. Bəlkə də bir çoxları var ki, indi bayram eləyir, deyib-gülür, sevinir. Ey gidi dünya. Deməli, mən tək imişəm, yalqız imişəm. Dayan, dayan, bəs bu mənim qapıbir qonşum, həmişə böyür-başımda sülənən, «Sən mənim arxamsan, dayağımsan, mən sənin çörəyini yeyirəm, ölüncə qabağında qul kimi borcluyam, Paşa müəllim» ⎯ deyən Qulubəy hardadı? O da bilmir? Yox, o bilməlidi ⎯ kim də bilməsə, o bilməlidi, çünki o, nəinki bu şəhərin, hətta respublikanın, İttifaqın və bəlkə də bütün dünyanın qeyri-rəsmi, necə deyərlər, könüllü informasiya mərkəzi və informatorudu: kim hara getdi, kim kimin adamıdı, kimi hardan çıxardıb hara qoyacaqlar, kim kimi saxlayır, kimin oğlu kimin qızını alır və niyə alır ⎯ bütün bunları südəzbər bilən və ömründə hər şeyindən çox yalnız bununla öyünən Qulubəy heç ola bilməz ki, bu boyda hadisəni eşitməsin və Paşanın yanına qaçmasın?»
Dördüncü fəsilQulubəy Paşanı ⎯ üç gün dilinə sudan, çaydan başqa bir şey dəyməmiş, ürəyi sıyrılan, öz ağır və çəkilməz dərdi ilə dörd divar arasında tək-tənha çırpınan «əziz və mehriban» qonşusunu şirin dilə tutaraq, təsəlli verə-verə yedirib-içirib, üstündən də ürək dərmanı verib yatağına salaraq mənzilinə qayıdanda artıq gecə yarıdan keçmişdi. Çöl, dəmir qapını özü bayaq, yemək-içmək aparanda açıq qoymuşdu; bunu Nigarı yuxudan oyatmamaq üçün belə eləmişdi. Ancaq içəri girəndə onun yatmadığını görüb təəccübləndi. Adətən saat on birdən o yana qalmayan Nigar indi, yumşaq kresloda əyləşib qollarını da sinəsində çarpazlayıb televizora tamaşa eləyirdi. Kino idimi, tamaşaydımı ⎯ bilmədi, amma Nigar ekranın qabağında bitib qalmışdı və deyəsən heç ərinin gəlməsindən də xəbəri yox idi. Qab-qaşığı aparıb mətbəxə qoydu, bir siqaret yandırdı, balaca mətbəx stulunu çəkib oturdu və iki-üç saatdan bəri Paşanın evində gördüklərini, eşitdiklərini təzədən beynində canlandırıb saf-çürük eləməyə başladı. Paşa sınmışdı, Paşa demək olar ki, məhv edilmişdi ⎯ buna Qulubəyin şəkk-şübhəsi yox idi artıq. Və ona hər şeydən artıq bu təsir eləmişdi ki, Paşa uzun müddət ⎯ ən azı iki saat Qulubəyin qabağında özünü şax tutmağa çalışmışdı, sındırmaq istəməmişdi. Lakin Qulubəyin mehribanlığını, qayğıkeşliyini, ürəyiyananlığını görüb (Yazıq.) nəhayət açılmışdı, dərdini dilinə gətirmişdi, hətta Qulubəy onun gözlərinin yaşardığını da görmüşdü. Sən demə onu, bu balacaboy, arıq adamı, əzəmətli,böyük, zəhmli, qorxulu eləyən vəzifəsi imiş. Vəzifə, möhür, maşın, kabinet adamı əlçatmaz eləyirmiş, sən demə. Yoxsa Paşa nəydi ki? Arıq, cılız, sənin, mənim tayın olan adicə bir adam idi Paşa.Qulubəyin ürəyi doluydu, gördüklərini, eşitdiklərini kiməsə danışmaq, kiminləsə bölüşmək istəyirdi, ancaq elə bir adamı yox idi, hətta ürək qızdırdığı elə bir dostu da yox idi ki, gec olmağına baxmayaraq, gecə yarıdan keçdiyinin fərqinə varmayaraq, zəng eləyəydi, çağıraydı, ya özü yanına gedəydi, bu sensasiyaya bənzəyən xəbəri ona danışaydı, fikir və mülahizələrini deyəydi, ondan bir söz eşidəydi. Yox idi belə bir adamı və hərdən bu barədə düşünəndə özünü dünyanın ən bədbəxt adamı sayıb yanıb-yaxılırdı. Belə hallarda hərləyib-fırlayıb günahı öz üstünə gətirirdi, ancaq o dəqiqə də bunun üçün səbəb axtarıb tapırdı: «Yox, məndə deyil günah, qardaş; günah zəmanədədi. Çünki indi elə bir zamandı ki, heç kəsə, hətta dost-doğma qardaşına da inana bilmirsən. İnanırsan, ürəyini, sirrini açırsan, bir də görürsən səhər bütün şəhər sənin sirrindən söhbət açıb lağ-lağı eləyə-eləyə bir-birinə danışır. Elə biri mən özüm. Budu yazıq Paşa dərdini açdı mənə, indi mən də adam axtarıram ona danışam. Amma gərək bu, belə olmasın axı». Siqaret tüstüsünü udduqca fikri bir az da dərinlərə gedirdi: «Sən, Qulubəy Qulubəyov, çox pis iş tutdun. O sənə neynəmişdi? Əgər bir pislik eləsəydi, deyərdim hə, haqlısan. Amma axı Paşa səni həmişə qoruyub, irəli çəkib, çörək verib. Axı gərək sən bütün ömrün boyu o kişinin qulu olaydın və yadındamı, bir dəfə də yox, neçə dəfə buna kişi kimi and içmişdin yanında da, ürəyində də? Nə tez unutdun və ən başlıcası niyə unutdun, Qulu?» İçindən gəlib onu bu balaca mətbəxdə ittiham eləyən o səsə tutarlı bir cavab tapa bilməyib təslim olurdu: «Düz deyirsən. Elə mən də sənə bunu deyirdim. Mən qəti inanmışam ki, insanın özü kimi alçaq və şərəfsiz bir varlıq yoxdu yer üzündə. Elə Paşa da alçaq və şərəfsizdi, mən də. Sənin müdafiə elədiyin, qahmar çıxmaq istədiyin Paşa elə bilirsən çox təmiz adamdı? Neçə adamın qanı var onun boynunda. Görünür, yer üzündəmi, göylərdəmi, bilmirəm, hardadı, elə bir qüvvə-qüdrət var ki, hər şeyi tənzimləyir, nizama salır və heç nəyi cavabsız buraxmır: yaxşı əməli mükafatsız qoymur, pis əməli də cəzasız. Elə bil o hansı qüdrətdisə, çox ağılnan-idraknan tərpənib Paşanın cəzasını mənim əlimlə verdirir. Yəqin mənim də cəzamı bir başqası verəcək. Buna mənim heç şübhəm yoxdu».