Birinci hissə, altıncı fəsil
Page 1 of 2
Sərin bahar axşamı idi. Ağ abbasılıqlar kimi göylərə səpələnmiş ulduzların arasında parlayan Ay yuxulu, yorğun göz təki yerə baxırdı. Geniş həyətdə, ucaboylu çinarların arasında qoyulmuş yaşıl oturacaqların birində məhəllənin yeniyetmələri əyləşərək deyib-gülür, zarafat edirdilər. Ağ köynək geyib saçını yana daramış oğlan qıçını-qıçının üstünə aşıraraq gitara çalırdı. Sarı, qalın simlərdən qopan, az qala insan kimi sözləri, kəlmələri aydın deyən titrəyişli səslər bu aprel gecəsinin məlahətini daha da artırırdı. Oğlan başını azca yana əyərək, Nadirənin çox sevdiyi «Gilavar» mahnısını oxuyurdu:
Ay gilavar, ay gilavar...
Bu sözləri əvvəl simlər, barmaqlar deyirdi, onların dalınca oğlan təkrar edirdi:
Ay gilavar, ay gilavar...
Nadirə balkonda qızıl söyüd çubuğundan toxunmuş kresloda əyləşib əlini üzünə söykəyərək hərəkətsiz halda buradan aydın görünən oğlanlara tamaşa eləyirdi. Onlar necə də xoşbəxt idilər; bu xoşbəxtlik onların şən, qayğısız gülüşlərindən, şirin zarafatlarından aydın hiss olunurdu. Onlar gah çalıb-oxuyur, gah da səslərini alçaldıb nəsə xısın-xısın söhbət edirdilər. On beş-on altı yaşları ancaq olan bu məhəllə uşaqlarının hərəsi bir ailənin əzizi, ümidi idi. Ceyhun lap qıraqda oturmuşdu. Əllərini sinəsində çarpazlayıb, lal-dinməz dayanmışdı, O, ancaq gülməli bir şey olanda uşaqlara qoşulub gülürdü. Nadirə burdan, yaşıl işıq yanan bu balkondan oraya tamaşa etdikcə oğlu haqqında — Ceyhun haqqında düşünürdü.
Ona elə gəlirdi ki, Ceyhun bu cavanlarla bir yerdə oynasa da, deyib-gülsə də, onlara qarışa bilmir; Ceyhunla onlar arasında nəsə soyuq, qüdrətli təkanla uçurulub dağıdılmalı bir şey var. O nə idi? Bunu Nadirə özü aydınlaşdıra bilmirdi.
Ceyhun — Qurbanzadələr ailəsinin yeganə övladı idi. İkincisini istəməmişdilər. Bütün həyatını, gücünü, bacarığını elmi işə sərf etməyi qarşısına qoymuş Nadirə uşaq saxlamağın, böyüdüb boya-başa çatdırmağın nə qədər çətin iş olduğunu elə Ceyhun dünyaya gələndən sonra başa düşmüşdü. Bax, indi o cavanların yanında kənardan gəlmiş bir adam təki dayanan oğlu, Nadirənin neçə əsərini əlindən almış, yaxud tələsik yazılmasına səbəb olmuşdu. Əlbəttə, Nadirə bu barədə də heç vaxt heç kəsə şikayət etməmişdi. Uşaq məsələsi üstündə Nadirə ilə Salmanın arasında həmişə söz-həkət olmuşdu:
«— Ceyhun təkdir, Nadirə.
– Bilirəm, mənə də onun təkliyi ağır gəlir.
– Elə isə qoy...
– Yox, yox, Salman... Vaxt yoxdur, vaxt yoxdur. Siz kişilər təsəvvür eləmirsiniz uşaq saxlamaq necə ağır işdir... Mənim elmi işim...
– Sən axı, elmi işçiliyindən əvvəl qadınsan! Gərək qadınlığın yadından çıxmasın, Nadirə!
– Çıxmayıb, bəsdir. Ceyhunu ağıllı-başlı boya-başa çatdıra bilsək, böyük məsələdir.»
Salman çarəsiz qalıb susar: «Elm bu arvadı arvadlıqdan çıxarıb kişi eləyib», — deyə düşünərdi. Ancaq Salman az sonra belə fikirləşməkdə yanıldığını başa düşərdi. Çünki Nadirə yaxşı ana idi, gözəl qadın idi. Doğrudur, idarədə, ictimaiyyət arasında ona qadından daha çox bir alim kimi baxırdılar, hərəkətlərində, mühakimələrində kişiyə oxşayırdı, cəsarətli idi.
O, saçlarını qısa vurdurmuşdu. Xına qoymuşdusa da, ağ tüklər öz varlığını hiss etdirirdi. Gözlərində, yanaqlarında hələ də qızlıq təravəti qalan Nadirənin yalnız arıq, çəlimsiz, damarları görünən əlinin ağ dərisini örtməyə başlayan incə, zərif qırışlar onun yavaş-yavaş qocaldığını göstərirdi. Bunu heç kəs, hətta, Salman da görə bilməzdi, bunu Nadirə təkcə özü hiss eləyir və hərdən bu barədə düşünəndə ürəyini yüngül qüssə bürüyürdü.
Nadirə ayağa qalxıb iş otağına keçdi, yazı masasının orta gözündən qalın dəftəri götürüb qabağına qoydu. Bu, gündəliyi idi. On beş ildən çoxdu ki, bu dəftərə həyatının yadda qalan, ürəyinə təsir eləyən hadisələrini yazırdı.
Nadirə dəftəri vərəqlədi. Müxtəlif tarixlər, müxtəlif qələmlərlə yazılmış bir səhifəlik, yarım səhifəlik, bəzən bircə cümlədən ibarət yazılar, qeydlər... İndi, üstündən illər keçəndən sonra onlar Nadirənin özü üçün də, bir roman kimi, maraqlı idi. Budur, o gündəlikdən bəzi səhifələr...
«5 yanvar 194...-ci il.
Dəlicəsinə sevdiyini bilmək, kiminsə, haradasa onun haqqında fikirləşdiyini düşünmək cavan bir qız üçün dünyanın ən böyük səadətidir. hələ neçə illər qabaq, aylı gecələrdə atamı və bacımı yuxuya verəndən sonra Gəncə çayının şırıltı ilə axan sularının səsinə qulaq asaraq bərkə-boşa düşməmiş ürəyimi isti, mehriban bir nəfəs kimi isindirən bu qəribə əsrarəngiz duyğu barədə saatlarla xəyala dalardım...
İndi budur, o xoşbəxtlik mənə də nəsib olmuşdur. O gödək, qaynar baxışlı, sıx qara saçlı oğlan — Salman iki ilə yaxındır ki, məni rahat buraxmır; necə deyərlər, göz verib, işıq vermir. Kölgəmə dönüb, hara gedirəm — arxamca sürünür. Dərsə gedirəm, kitabxanaya gedirəm, kinoya gedirəm — mütləq dalımca gəlir. Elə bil məni güdür, yaxud hara gedəcəyimi irəlicədən ona xəbər verirlər. Kafedranın aspirantıdır. Hərdən müəllimimiz xəstə olanda onu əvəz edir, bizə dərs deyir. Yaxşı, sərrast danışan olsa da məni görən kimi dili-dodağı təpiyir, çaşır. Tez-tez qəzetlərdə, jurnallarda məqaləsi çıxır. İnadkarlığı xoşuma gəlir.
«Sən istəyirsənmi ki, mən bədbəxt olum, Nadirə?»-deyə o, səsi titrəyə-titrəyə bu gün məndən xəbər aldı. Dillənə bilmədim. O: «Mənim xoşbəxtliyim səndən asılıdır. Məni ancaq sən xoşbəxt eləyə bilərsən!»— dedi.
Mənim ona yazığım gəlir. Qəlbimin dərinliklərindən bu qarayanız oğlana bir şəfqət hissinin baş qaldırdığını duyuram. Bəlkə, elə sevgi bu nöqtədən başlayır? Bilmirəm. Mən bu dəqiqə üzmək bilmədiyim halda suda boğulanı xilas etmək üçün özünü çaya atmaq istəyən adama oxşayıram».
«15 oktyabr 194...-ci il.
Salmanı bir gün görməyəndə darıxıram. Bilmirəm bu məhəbbətdir ya yox. Hərdən mənə elə gəlir ki, bizim bu sevgimizin axırı xoşbəxtliklə nəticələnməyəcək. Nə bilim, hər halda qorxuram».
«28 noyabr 194...-cu il.
Böyük tənəffüs vaxtı, qrupumuzun qızları uzun partanın dövrəsində yığışıb halay vuranda (kimi kolbasa-çörək yeyirdi, kimi əl sumkasının güzgüsündə özünə baxıb üz-gözünə sığal verir, kimi də axşam gördüyü kinofilmi ağızdolusu tərifləyirdi), oğlanlardan biri qapının ağzında dayanıb məni səslədi:
– Nadirə, ay Nadirə!
Mən dikəldim
– Nə var?
– Bir kişi səni soruşur.
Ürəyimdə min fikir, götür-qoy eləyə-eləyə qapıya sarı yönəldim. Sinif otağı uzun olduğundan bu başından - o başına getmək üçün xeyli vaxt çəkirdi. Bu müddət ərzində mən geyim-keçimimə yaxşıca fikir verə bildim. Üst-başım abırlı idi. Qurban olum atama, məni Bakıda oxuduğum bu üç il ərzində heç «neynim, necə eləyim» deməyə qoymayıb. Sinfimizdə üç yaxşı şıq geyinən varsa, biri mənəm.
Əynimdə son dəbdə tikilmiş şal paltar, yun jaget, dikdaban çəkmə, zərli corab... Bütün bunları atamın Gəncədən göndərdiyi pulla, özümün təqaüdümdən artıq qalan paraya almışam. Təkcə indi yox, həmişə arzum bu olub ki, əlim çörəyə çatsın, o kişini ağır yük altından xilas eləyim. Onun daha çiyin sümüklərini də kəndir kəsdi. Gecəli-gündüzlü vağzalda yük daşıyan, beli bükülü atamı evdə, küçədə, bazarda şax-dik yeriyən görəndə, nə gizlədim ki, təəccüblənməyə bilmirəm. O bu qədər ağır yük altından çıxandan sonra yenə dik yeriyə bilir.
Sinif qapısından çıxanda, pilləkənlərin başında dayanan atamı görəndə az qaldım qanadlanıb uçam. Özümü tələsik kişinin üstünə atıb boynuna sarıldım. Yanımızdan ötüb-keçən tələbə-müəllimə fikir vermədən cod, sərt tüklü üzündən öpdüm.
«Qurban olum lələmə» deyə-deyə halını, dolanışığını, Sədəf bacımın kefini xəbər aldım. Şükür ki, hər şey öz qaydasında idi. Salamatlıq idi.
– Elə birdən beynimə düşdün, bala. Bacına dedim, gedib uşağa baş çəkim, axşama da qayıdaram.
Mən ona ürəyimdə sonsuz minnətdarlıq hissi duyurdum: mənim həm atam idi, həm anam. Mən onun ata-ana ürəyinin nigarançılığının səbəbini duyurdum, yaxşı başa düşürdüm. O məndən yana nigaran idi. Mən indi körpə, saçlarına lent bağlayan qız uşağı deyildim. Məni irəlidə, kim bilir nələr gözləyirdi: həyatda özümə yol seçməli, ömür-gün yoldaşı tapmalı, səhv eləməməli idim.
On dəqiqə nə tez gəlib keçdi. Zəng içəri vuruldu. Azəri müəllim
– o mehriban və qayğıkeş insan gümüşü saçlarına daraq çəkə-çəkə gəlib yanımızdan keçəndə gözü bizə sataşdı. Ağzımı doldurub ondan icazə istəməyə imkan vermədi:
– Deyəsən, atandır, Nadirə?
– Bəli, müəllim,— dedim,— rayondan gəlib.
– Yaxşı, yaxşı. —O, arada atama da salam verdi. — Bu saat səni azad eləyərəm.
Asta addımlarla sinfə girib qapını arxasınca bağladı. Onu atama ağızdolusu tərifləyib yenicə qurtarmışdım ki, Salmanın böyrümüzdə hərləndiyini gördüm. Gördüm və özümü itirən kimi oldum. Salman qoltuğunda tutduğu kitabı böyrünə bərk-bərk sıxaraq dəhliz boyu o tərəf-bu tərəfə addımlayır, bəri başa gələndə bizim nə barədə danışdığımızı bilmək istəyirmiş kimi, addımlarını yavaşıdırdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-teyyare-kolgesi-birinci-hisse-altinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Reyhan nənə qapını itələyib açmaq istəyəndə qarşısında ağappaq bir adam görüb səksəndi və:– Bismillah!—dedi. Qar adam arvadın qorxduğunu o dəqiqə
Dördüncü hissə, ikinci fəsilGecədən xeyli keçmişdi. Ətraf da, kiçik həyət də, iki kiçik pəncərəsindən işıq gələn tək otaq da bayırdakı qar kimi yumşaq bir sükut içində mürgü vururdu. Təkcə küncdəki dəmir buxarı üstündəki kiçik bir çaydan aramla öz «mahnısını» oxuyurdu. Bəbir bu axşam sükunətinə qərib bir həzinlik gətirən zümzüməni dinləyə-dinləyə sol əlini alnına qoyub miz arxasında işləyirdi. Bu, həmin otaq idi ki, atasından küsüb ayrılandan sonra kirayələmişdi, neçə il burda tək-tənha yaşamışdı, kişi ilə barışandan sonra isə həmin xudmann otağı əldən verməmiş, oranı özü üçün ehtiyat iş mənzili eləmişdi. Yazmaq istəyəndə, tək qalıb düşünmək istəyəndə o bura çəkilir, bəzən günlərlə çölə çıxmırdı. Belə hallarda Hikmətəli axşamlar onun yeməyini, içməyini hazırlayıb bura gətirir, qapıdan verib gedirdi. Bəbir bəzən gizli iclaslarını da burada keçirirdi.Bu axşam saat səkkizdə stol arxasında idi. Bel-buxunu, qələm tutan barmaqları ağrıyırdı. Yorulduğunu hiss eləyib qələmi yerə qoydu, şirincə gərnəşdi. Çaydanın cızıltısı güclənmişdi, «Bir piyalə qəhvə içmək pis olmaz!» — deyə fikrindən keçirirdi, ayağa qalxmaq istəyirdi ki, küçəyə baxan, qalın pərdəli pəncərənin şüşəsi astaca döyüldü. Qeyri-iradi pəncərəyə sarı boylandı, özündən asılı olmayaraq bədənindən soyuq bir gizilti axıb keçdi. Gecənin bu vaxtı kim ola bilər! Ürəyinə gəldi ki, ya Şəfidi, ya Ziyaülhəqdi. Yox, ola bilməzdi — çünki onlar gündüz burda idilər, Hikmətəli? O da bir az əvvəl gedib! Başqa buranı heç kəs tanımır! Demək kimdisə yad adamdı. O tez stolun üstəki vərəqləri büküb xalçanın altına təpdi, Leninin kitabını rəfdəki kitabların arasında gizlədi və sonra bu hərəkətinə özü də güldü: «Guya onlar gəlsələr bunları axtarıbtapmayacaqlar? Eh, boş şeydi», — deyib iki pəncərənin arasına gəldi və şüşənin qabağına keçmədən (hər ehtimala qarşı, birdən vurarlar!) yavaşca xəbər aldı:
Dördüncü hissə, üçüncü fəsilPuhəntunun qabağında böyük, ucu-bucağı görünməyən izdiham uğuldayırdı. Qar ərimişdi, yer palçıq idi. Ancaq heç kəs ayağının palçığamı, suyamı batdığına fikir vermirdi. Təkcə tələbələr deyildi, yoldan keçənlər də, siyasətdən, yığışıb mitinq eləyənlərin nə istədiyindən, bəzən sözlərindən də baş çıxarmayan boş-bikar adamlar da maraq üçün dəstəyə qaynayıb-qarışmışdılar. Can cana, kürək sinəyə, nəfəs nəfəsə toxunurdu. Əllərində ağlı-qaralı dəyənək tutmuş polis nəfərləri sakit-sakit durub baxırdılar. Haçandı şəhər də, polislər də belə mühazirə görməmişdi. Puhəntunun lap qapısı ağzında, həyətdə taxtadan qayrılmış mizə oxşar qurğunun üstünə çıxan natiqlər ucadan qışqıra-qışqıra danışır, ürəklərini boşaldanda, səsləri xırıldamağa başlayanda hoppanıb yerə düşür, onu başqa bir natiq əvəz eləyirdi. Danışanların sırasında adlı-sanlı professorlar da, cavan tələbələr də vardı. Hər çıxış edən özünün natiqlik bacarığını nümayiş elətdirir, dolu, məzmunlu cümlələrlə müəllimlərin, tələbələrin tələbini bəyan eləyir, kəskin şüarlar söyləyirdi. «Maaş artırılsın!» «Puhəntun müəllimlərinin və tələbələrinin iş, yaşayış tərzi yaxşılaşdırılsın!», «Bizim hüquqlarımıza hökumət təcavüz etməsin!» «Qanuni-əsasidə yazılan söz azadlığı quru söz olaraq qalmasın!» və s. və s.Deyilən hər şüara izdiham qışqırıqla qüvvət verirdi. Elməddin lap kürsünün yanında dayanmışdı. Ət çəpərini yarıb bura gələnəcən möhkəmcə tərləmişdi, pencəyinin düymələri qırılıb kim bilir harda düşmüşdü. «Pərçəm»çilər belə bir izdiham olacağını irəlicədən bilirdilər. Bəbirin tapşırığı ilə, hələ üç ay bundan qabaq Puhəntunda fəaliyyət göstərən yoldaşlar belə bir tədbiri keçirmək üçün ciddi hazırlaşmışdılar. Hezbin baş katibi Nur Məhəmmədii imzası ilə Bəbirin yazıb hazırladığı məktub-təlimat gizli surətdə dəstənin iclasında oxunub müzakirə olunmuş, çıxışçılar müəyyən edilmişdi. Elməddin isə Bəbirin və Şəfinin göstərişilə buraya, müzahirənin gedişindən ruznamə üçün məlumat yazmağa göndərilmişdi. O, danışanların sözlərini, şüarlarını cib dəftərçəsinə yaza bilməzdi — bu, dərhal, şübhə doğurardı. Odur ki, o hər sözü yadda saxlamağa çalışırdı. Başdan-ayağa diqqət kəsilmişdi. Qulaq asdıqca hiss eləyirdi ki, deyilən sözlər nə qədər həqiqət olsa da, odlu-alovlu olsa da nə isə bir çatışmazlıq var. Və ya sözlər istənilən təsiri bağışlamır. Niyə? Elməddin birdən tapdı: Onlar dərdlərini deyirlər, ancaq əsl nöqtəni elə bil söyləməyə çəkinirlər — onların söylədiklərinin açıq, ümumi bir nəticəsi var və bircə sözlə ifadə olunur — zülm! Bax bu sözü deyən yoxdur. Elməddinin beyni uğuldadı. O da çıxış edəcək, iki gün əvvəl yazdığı şeri oxuyacaq — çünki şer daha sərrastdır, daha çox müəssərdir, şeri hamı sevir. Amma o məsləhətləşməmişdi, Şəfidən icazə istəməmişdi, bilmirdi ki, bu çıxışa onun haqtı var, ya yox? «Eh, nə olacaq, qoy olsun, sözü yeri gəldi, məqamı gəldi, gərək deyəsən!»
Dördüncü hissə, on dördüncü fəsil«Pərçəm»in redaksiyasında yığıncaq vardı. Ziyaülhəqq Şəfini maşınla gətirmişdi. Bəbir özü gəlmişdi. Hər kəs öz yerini tutub oturmuşdu. Anahita əlində qələm, qabağında kağız, Şəfinin böyründə əyləşmişdi. Mir Əkbər Xeybər və Elməddin yanaşı idilər. Bəbir isə Şəfinin sağ tərəfindəydi. İclas başlanmamışdan əvvəl Bəbir yoldaşlarla xudmani söhbət etmiş, iş-gücü, ailə vəziyyəti ilə maraqlanmışdı. Elməddin gözlərini Bəbirdən çəkə bilmirdi. Hər hərəkətinə, hər sözünə fikir verirdi. Məqalələrini oxuduğu, qorxmazlığını eşitdiyi Bəbirin bu qədər sadə və mehriban olduğunu ağlına gətirməmişdi. Onunla söhbət eləyəndə Bəbir gözlərinin içinə diqqətlə baxa-baxa:– İgidin adın eşit, üzünü gör, — demişdi. — Sənin işlərin xoşuma gəlir, rəfiq Elməddin. Ancaq Puhəntun müzahirəsində çıxış etməyin yersiz idi, dostum. Biz qətiyyən özfəaliyyətə yol verə bilmərik. Hər birimiz ürəyi istəyəni, ağlı kəsəni eləsə, onda... bizim işimizdə bir hərc-mərclik əmələ gələr ki, bu da bizə ancaq ziyan vura bilər.
Poems by other poets
Sevdim bir nazlı dilbəri,Üzü bənzər qızılgülə.
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Ramazan həsrətiRamazan ayı münasibətilə mollalar nağıl oxuyurlar.*On bir ay həsrətinə tab eyləməz can, Ramazan,
Tiflis facıəsiEy ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,