Page 2 of 2 · 50%

Ürəyim sıxılmağa başladı. İstədim lələmə deyəm: —Bax, budur o oğlan, mənə gecə-gündüz rahatlıq verməyib yalvarıb yaxaran. Bax, yaxşı bax. Gör xoşuna gəlirmi! Axı sən adam tanıyansan. Axı sən adam sərrafısan. O sənin xətrini çox istədiyin, görmək üçün Gəncədən bura gəldiyin qızını xoşbəxt eləyə biləcəkmi?

Amma heyif ki, mən bunların heç birini ona — öz əziz atama deyə bilmədim. Üzüm gəlmədi, həya məni qoymadı. Birdən mənim elə bil gözlərim açıldı. Salman atamı təpədən-dırnağa diqqətlə nəzərdən keçirirdi. Aman Allah, onun əynindəki paltarlar nə qədər də köhnə idi. Mənimkini demirəm, (bu qadın paltarıdı) Salmanınkılarla heç müqayisəyə gəlməzdi. Salman çox səliqəli və şıq geyinməyi xoşlardı. Dəsmalı ütülü, köynəyi qraxmallı olardı. Sonra özümün bu yersiz və sadəlövh müqayisəmə güldüm. Onları — iki bir-birindən fərqli aləmi mən niyə müqayisə edirdim. O —adicə yükçü babadır,bu — aspirantdır.

Salman orada çox vurnuxandan sonra çıxıb getdi.

Atamla doyunca dərdləşdik. Mənə ağıllı olmağı dönə-dönə tapşırdı, cibimə pul qoydu. Axşam isə onu aparıb yola saldım.

İndi vağzaldan yenicə gəlmişəm. Atam, yəqin ki, Biləcərini çoxdan keçib. Ancaq bir şey məni yaman düşündürür: görəsən, Salman atamın yükçü olduğunu biləndə nə deyəcək? Sabahın ən böyük sualı budur».

«29 noyabr 194...-ci il.

Təəssüf ki, — mənim bütün beynimi, ürəyimi gəmirən, rahatlığımı əlimdən alan bu sual sabah da həll olunmadı. Həqiqətən, bu suala qəti və aydın cavab almaq mənə çox lazım idi. Mənim xüsusiyyətim belədir ki, çoxlarının adi şey sanıb əhəmiyyöt vermədiyi məsələlər mənim aləmimdə bəzən ən böyük problemə dönür. Günlər, aylar, bəlkə də illərlə məni düşündürüb, yuxumu ərşə çəkir. Mən indiki əqidəm və ağlımla, həyatı buz üzərində rəqsə bənzədirəm. Ağ ipək don geyib qu quşu kimi buz üzərində uçmağa — süzməyə başlayan rəqqasə gərək hər addımını yox, kiçicik bir hərəkətini belə ölçübbiçməlidir. Yoxsa o, tez yıxılıb minlərlə tamaşaçı [bizim ətrafımızdakı adamları da mən cibində daimi bileti olan tamaşaçılara bənzədirəm] önündə xəcil ola bilər. Hələ şikəst olacağını, ömrü boyu əzab çəkəcəyini demirəm. Bax, buna görə də Salmanla mənim aramda yaranıb gündən-günə bizi bir-birimizə yaxınlaşdıran dolaşıq, naməlum duyğuları bir az da kələf kimi qarışdıran bu məsələ—dünən atam yanıma gəlib-gedəndən xüsusən onu dəhlizdə Salman görəndən sonra zehnimi, fikrimi daha dərindən məşğul eləməyə başladı.

Bir hadisə olmasaydı, bəlkə də mən buna o qədər də əhəmiyyət verməzdim. Bizim sinifdə məşhur bir alimin qızı oxuyur. Elə gözəl də deyil, elə ağıllı da deyil, adi qızdır. Amma onu qonşu qrupdan ağıllı-kamallı, gözəl bir oğlan istəyir. Oğlan o qədər gözəldi ki, elə bil şəkildi. Nağıllarda deyilən kimi, yemə, içmə, otur, gül camalına tamaşa elə. Onların ikisini yanaşı görəndə adam istər-istəməz təəccüb eləyir. Bu namünasib məhəbbətdimi, ya həqiqi sevgidir? Deyə bilmərəm. Amma bu yaxınlarda rəfiqəm mənə dedi ki, burada məhəbbətdən çox, haqq-hesab məsələsi var. «Nə haqq-hesab?»— deyə təəccüblə xəbər aldım. «Oğlan qıza yox, atasının adına, şöhrətinə, puluna aşiq olub». Düzü, bu söz ağlıma batmasa da fikrə getdim, az sonra isə öz taleyim barədə də düşünməli oldum.«Əgər salman bilsə mənim atam yükçüdü, görəsən bu işə necə baxar?» Bu sual qarşısıalınmaz bir qüvvəylə mənim varlığıma hakim kəsildi.

Bu gün dərsdən iyirmi dəqiqə qabaq Salman mənə dekanlığın qabağında rast gəldi. Salamlaşdıq. Kefimi soruşdu. Həmişə olduğu kimi, indi də uçunduğu hiss olunurdu; mənimlə söhbət etdiyinə görə özünü xoşbəxt sandığı da gün kimi aydın idi. Həsrətlə üzümə baxıb gözlərini gözümə zilləyərək ani fikrə getdi. Onun baxışları altında mən əzildim və uzaqlaşmaq istədim.

– Nadirə!— deyə məni səslədi. Dabanım üstə geri fırlanıb dayandım.

– Dünənki kişi kim idi?

– Dünənki kişi?

– Hə.

– Atam idi.

– Atan?

– Hə. Duruxdu.

– Doğru sözündü?

– Hə, vallah!..

Bu söhbət əsnasında mən ona çox fikir verdim ki, bəlkə üzündən-gözündən məni narahat eləyən suala cavab tapa bildim. Yox, o, sakit və toxtaq idi.

– Harada işləyir, Nadirə?

Ürəyim içəridə əsdi. Qəribə idi, bayaqdan atamın kim, nəçi olduğunu Salmana açıb demək istəyən mən indi bu fürsət əlimə düşəndə sıxıldım. Üzümü ani olaraq döndərib küncdə, əlini irəli uzatmış tunc heykəlin yanındakı «Filoloq» divar qəzetinə nəzər salıb birdən-birə ona dedim.

– Vağzalda işləyir,— sonra heç özüm də bilmədim necə oldu ki, əlavə elədim:— hambaldı.

Lənətə gələsən şeytan! Bu söz hardan dilimə gəldi? Axı «yükçü» sözü bundan çox-çox abırlı sözdü. O niyə yadımdan çıxdı, niyə? Orda bu sözü dilimə gətirəndən sonra nə hala düşdüyümü deyə bilmərəm, ancaq indi bu söhbət yadıma düşəndə yenidən alnıma tər damcıları gəldi. Salman bu an mənim xəcalət çəkdiyimi duydu və mülayim bir tərzdə:

– Amma, maşallah, sağlam kişidir, — dedi. — Sonra nəsə əlavə etmək istəyirdi ki, zəng çalındı və mən sinfimizə qalxdım».

«15 oktyabr, 195...-ci il.

Bu gün mənim həyatımda ən əziz gün hesab olunsun gərək. Əvvəllər mənə elə gəlirdi ki, toy günü adam ilhamı aşıb-daşan şair ola bilər. İstəyirəm gündəliyimə bu hisslərimi köçürəm, ancaq bacarmıram, «bu gün mənim toyumdur, bu gün mənim toyumdur!» sözlərindən başqa dilimə heç nə gəlmir».

«10 may 195...-cü il.

Bu gün Ceyhunun — balaca, totuq balamızın bir yaşı tamamdır. Xudmani məclis düzəltmişik. Bax, bu saat mən bu sətirləri gündəliyimə yazan dəqiqə Salman o biri otaqda qonaqlarla yeyib-içir. Nə qədər ömrüm var, sənin üçün ad günü eləyəcəyəm, oğul. Bəxtəvər ol, mənim balam!»

«8 iyul 195...-cü il.

Atam bizə pul göndərib. Mənim zəhmətkeş atam...

Ürəyinə qurban olum, ata! Mən sənin necə pul qazandığını, bizi necə böyütdüyünü heç vaxt olduğu kimi təsəvvür eləyə bilməzdim, əgər bir dəfə səni vağzalda cüssəli, iki sən boyda olan kişinin yükünü taksi dayanacağına aparan görməsəydim... Gördüm, o gündən sonra sənin puluna alınan paltar, yemək mənə sevinc yox, dərd-qəm oldu, ata!.. Sənin yük altında əyilən belin, brezent qayışların qara-qançur elədiyi çiyinlərin, alnından axan tər damcıları, duz bağlamış köhnə əsgər köynəyin gözümün qabağından çəkilmir, ata!.. Bilirəm, sən bizdən nigaran olduğun üçün bu pulu göndərirsən, ata! Bilirsən, əlimiz aşağıdır, borcumuz var. Salman sən göndərdiyin pulu görən kimi sevinəcək...»

«18 aprel 195...-cü il.

Srağagün Salmanla ilk dəfə sözləşdik. Axşam evə şad gəldi. «Nə var?» — xəbər aldım. Sevinə-sevinə: «Dost» yanına çağırmışdı,— dedi. «Dostun» kim olduğunu soruşmadım, çünki bilirdim. Dalağım sancdı. «Neynirdi?»—«Məqalə yazmağı tapşırdı»— «Kimin barəsində?»—«Eloğlunun».

Eloğlu bütün el-obanın sevimlisidir. Ən ucqar kənddə belə onu tanımayan adam tapmazsan.

Mən biləndə ki, Salman, Eloğlunu mətbuatda tənqid etmək, rüsvay etmək tapşırığını alıb, yuxusuz gecələrdə yana-yana qələmə aldığı o böyük tədqiqat əsərini heç-puç eləmək tapşırığını alıb, dəhşətə gəldim. Onu, «dost» deyilən zəhimli adamı ürəyimdə lənətləyib, Salmandan soruşdum: «Bəs sən nə dedin?» Güldü. «Nə deyəcəyəm? Əlimi qoydum gözümün üstünə, dedim baş üstə! Ayrı nə demək olar?»

Məni ağlamaq tutdu. Salman özü də bilmədən uçuruma yuvarlanırdı. Tək özü getmirdi, Eloğlunu da ləkələyir, gözdən salırdı. Kim bilir, o məqalə çıxandan sonra onun halı necə olacaq. «Sən yazmamalısan, Salman! Sən buyruq qulu olmamalısan, Salman!»— deyə bərkdən qışqırdım. Salman qorxu içərisində irəli gəlib əli ilə ağzımı qapamaq, səsimi boğmaq istədi, elə bil, «dost» bu saat qapının dalında dayanıb, bizim söhbətə qulaq asırdı. O, acıqlı-acıqlı dedi: «Nadirə, sənin başın xarab olub!»

Mən o axşama qədər ondan belə söz eşitməmişdim. Sanki üstümə qaynar su töküldü, bu mənim aləmimdə ən ağır təhqir idi. O sözlər nitqimi batırdı. Daha ona heç nə deyə bilmədim. İstəmədim də...

İki gecə yatmadı, yazdı. Mənə oxumadı. Özüm də maraqlanmadım. Qəzetdə çap olundu, Salmanın məqaləsini ancaq onda oxuya bildim. Başımı gizlətməyə yer axtarırdım, adamların üzünə şax baxa bilmirdim, oğurluq, qəbahət eləmiş adamlara oxşayırdım. Məqalə Eloğlunun bütün yaxşı cəhətlərini bir kənara qoyur, nöqsanlarını qabardır, heç ona dəxli olmayan şeylərdə ittiham edirdi. Ərim də olsa, mən bu sözləri deməkdən özümü saxlaya bilmədim: vicdansız adam!..»

«30 dekabr 195...-cü il.

Yazıq bacım Sədəf balası Rəhimlə tək qaldı. Fağır Cahangir, nigaran Cahangir! Necə gözəl insan idi!...»

«13 noyabr 196..-cı il.

Qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin, vicdanının, qəlbinin əksinə getməsin, yalan yazmasın. İnsan özü qalmır, amma yaratdığı qalır. Yaxşısı da, pisi də... Gərək elə əməl sahibi olasan, elə əsər qoyub gedəsən ki, sağlığında özün, qohum-əqrəban, dostun-tanışın, öləndən srnra isə nəslin xəcalət çəkməsin!...

Mən bu sözləri ona görə yazıram ki, Salmanın acı taleyi gözümün qabağındadır. O məqalə unudulmur. Eloğlunun adı yaşadıqca, əsəri qaldıqca o məqalə də yad olunacaq və Salman pis bir adam kimi həmişə söyüləcək...

Budur, Salmanın məqaləsi çıxandan on iki il keçir... İndi nə Eloğlu sağdır, nə də «dost», amma Salmanın töhməti yaşayır. Bizim bir alim yoldaşımız Eloğlu haqqında doktorluq dissertasiyası yazıb, orda Salmanın məqaləsinin daşını daş üstə qoymayıb. Qəribə burasıdır ki, o əsəri Salman özü də oxudu (ona göndərmişdilər), özünün rəhbər olduğu şöbədən də keçirdi — tər tökə-tökə, xəcalət çəkə-çəkə... İndi o elə vəziyyətdədi ki, qəzetin saralmış həmin nömrəsini bütün kitabxanalardan yığışdırmaq istərdi. Tutaq ki, bu mümkündür. Bəs axı onu insanlar oxuyub, insan isə haqsızlığı heç vaxt unutmur. Bəli, bir nəsil oxuyub o məqaləni. Bir nəsli isə, «yığışdırmaq, məhv etmək olmaz!..»

Nadirə ah çəkib dəftəri qatladı və ayağa qalxdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dördüncü hissə, birinci fəsil

Reyhan nənə qapını itələyib açmaq istəyəndə qarşısında ağappaq bir adam görüb səksəndi və:– Bismillah!—dedi. Qar adam arvadın qorxduğunu o dəqiqə

11 min
Dördüncü hissə, ikinci fəsil

Gecədən xeyli keçmişdi. Ətraf da, kiçik həyət də, iki kiçik pəncərəsindən işıq gələn tək otaq da bayırdakı qar kimi yumşaq bir sükut içində mürgü vururdu. Təkcə küncdəki dəmir buxarı üstündəki kiçik bir çaydan aramla öz «mahnısını» oxuyurdu. Bəbir bu axşam sükunətinə qərib bir həzinlik gətirən zümzüməni dinləyə-dinləyə sol əlini alnına qoyub miz arxasında işləyirdi. Bu, həmin otaq idi ki, atasından küsüb ayrılandan sonra kirayələmişdi, neçə il burda tək-tənha yaşamışdı, kişi ilə barışandan sonra isə həmin xudmann otağı əldən verməmiş, oranı özü üçün ehtiyat iş mənzili eləmişdi. Yazmaq istəyəndə, tək qalıb düşünmək istəyəndə o bura çəkilir, bəzən günlərlə çölə çıxmırdı. Belə hallarda Hikmətəli axşamlar onun yeməyini, içməyini hazırlayıb bura gətirir, qapıdan verib gedirdi. Bəbir bəzən gizli iclaslarını da burada keçirirdi.Bu axşam saat səkkizdə stol arxasında idi. Bel-buxunu, qələm tutan barmaqları ağrıyırdı. Yorulduğunu hiss eləyib qələmi yerə qoydu, şirincə gərnəşdi. Çaydanın cızıltısı güclənmişdi, «Bir piyalə qəhvə içmək pis olmaz!» — deyə fikrindən keçirirdi, ayağa qalxmaq istəyirdi ki, küçəyə baxan, qalın pərdəli pəncərənin şüşəsi astaca döyüldü. Qeyri-iradi pəncərəyə sarı boylandı, özündən asılı olmayaraq bədənindən soyuq bir gizilti axıb keçdi. Gecənin bu vaxtı kim ola bilər! Ürəyinə gəldi ki, ya Şəfidi, ya Ziyaülhəqdi. Yox, ola bilməzdi — çünki onlar gündüz burda idilər, Hikmətəli? O da bir az əvvəl gedib! Başqa buranı heç kəs tanımır! Demək kimdisə yad adamdı. O tez stolun üstəki vərəqləri büküb xalçanın altına təpdi, Leninin kitabını rəfdəki kitabların arasında gizlədi və sonra bu hərəkətinə özü də güldü: «Guya onlar gəlsələr bunları axtarıbtapmayacaqlar? Eh, boş şeydi», — deyib iki pəncərənin arasına gəldi və şüşənin qabağına keçmədən (hər ehtimala qarşı, birdən vurarlar!) yavaşca xəbər aldı:

10 min
Dördüncü hissə, üçüncü fəsil

Puhəntunun qabağında böyük, ucu-bucağı görünməyən izdiham uğuldayırdı. Qar ərimişdi, yer palçıq idi. Ancaq heç kəs ayağının palçığamı, suyamı batdığına fikir vermirdi. Təkcə tələbələr deyildi, yoldan keçənlər də, siyasətdən, yığışıb mitinq eləyənlərin nə istədiyindən, bəzən sözlərindən də baş çıxarmayan boş-bikar adamlar da maraq üçün dəstəyə qaynayıb-qarışmışdılar. Can cana, kürək sinəyə, nəfəs nəfəsə toxunurdu. Əllərində ağlı-qaralı dəyənək tutmuş polis nəfərləri sakit-sakit durub baxırdılar. Haçandı şəhər də, polislər də belə mühazirə görməmişdi. Puhəntunun lap qapısı ağzında, həyətdə taxtadan qayrılmış mizə oxşar qurğunun üstünə çıxan natiqlər ucadan qışqıra-qışqıra danışır, ürəklərini boşaldanda, səsləri xırıldamağa başlayanda hoppanıb yerə düşür, onu başqa bir natiq əvəz eləyirdi. Danışanların sırasında adlı-sanlı professorlar da, cavan tələbələr də vardı. Hər çıxış edən özünün natiqlik bacarığını nümayiş elətdirir, dolu, məzmunlu cümlələrlə müəllimlərin, tələbələrin tələbini bəyan eləyir, kəskin şüarlar söyləyirdi. «Maaş artırılsın!» «Puhəntun müəllimlərinin və tələbələrinin iş, yaşayış tərzi yaxşılaşdırılsın!», «Bizim hüquqlarımıza hökumət təcavüz etməsin!» «Qanuni-əsasidə yazılan söz azadlığı quru söz olaraq qalmasın!» və s. və s.Deyilən hər şüara izdiham qışqırıqla qüvvət verirdi. Elməddin lap kürsünün yanında dayanmışdı. Ət çəpərini yarıb bura gələnəcən möhkəmcə tərləmişdi, pencəyinin düymələri qırılıb kim bilir harda düşmüşdü. «Pərçəm»çilər belə bir izdiham olacağını irəlicədən bilirdilər. Bəbirin tapşırığı ilə, hələ üç ay bundan qabaq Puhəntunda fəaliyyət göstərən yoldaşlar belə bir tədbiri keçirmək üçün ciddi hazırlaşmışdılar. Hezbin baş katibi Nur Məhəmmədii imzası ilə Bəbirin yazıb hazırladığı məktub-təlimat gizli surətdə dəstənin iclasında oxunub müzakirə olunmuş, çıxışçılar müəyyən edilmişdi. Elməddin isə Bəbirin və Şəfinin göstərişilə buraya, müzahirənin gedişindən ruznamə üçün məlumat yazmağa göndərilmişdi. O, danışanların sözlərini, şüarlarını cib dəftərçəsinə yaza bilməzdi — bu, dərhal, şübhə doğurardı. Odur ki, o hər sözü yadda saxlamağa çalışırdı. Başdan-ayağa diqqət kəsilmişdi. Qulaq asdıqca hiss eləyirdi ki, deyilən sözlər nə qədər həqiqət olsa da, odlu-alovlu olsa da nə isə bir çatışmazlıq var. Və ya sözlər istənilən təsiri bağışlamır. Niyə? Elməddin birdən tapdı: Onlar dərdlərini deyirlər, ancaq əsl nöqtəni elə bil söyləməyə çəkinirlər — onların söylədiklərinin açıq, ümumi bir nəticəsi var və bircə sözlə ifadə olunur — zülm! Bax bu sözü deyən yoxdur. Elməddinin beyni uğuldadı. O da çıxış edəcək, iki gün əvvəl yazdığı şeri oxuyacaq — çünki şer daha sərrastdır, daha çox müəssərdir, şeri hamı sevir. Amma o məsləhətləşməmişdi, Şəfidən icazə istəməmişdi, bilmirdi ki, bu çıxışa onun haqtı var, ya yox? «Eh, nə olacaq, qoy olsun, sözü yeri gəldi, məqamı gəldi, gərək deyəsən!»

12 min
Dördüncü hissə, on dördüncü fəsil

«Pərçəm»in redaksiyasında yığıncaq vardı. Ziyaülhəqq Şəfini maşınla gətirmişdi. Bəbir özü gəlmişdi. Hər kəs öz yerini tutub oturmuşdu. Anahita əlində qələm, qabağında kağız, Şəfinin böyründə əyləşmişdi. Mir Əkbər Xeybər və Elməddin yanaşı idilər. Bəbir isə Şəfinin sağ tərəfindəydi. İclas başlanmamışdan əvvəl Bəbir yoldaşlarla xudmani söhbət etmiş, iş-gücü, ailə vəziyyəti ilə maraqlanmışdı. Elməddin gözlərini Bəbirdən çəkə bilmirdi. Hər hərəkətinə, hər sözünə fikir verirdi. Məqalələrini oxuduğu, qorxmazlığını eşitdiyi Bəbirin bu qədər sadə və mehriban olduğunu ağlına gətirməmişdi. Onunla söhbət eləyəndə Bəbir gözlərinin içinə diqqətlə baxa-baxa:– İgidin adın eşit, üzünü gör, — demişdi. — Sənin işlərin xoşuma gəlir, rəfiq Elməddin. Ancaq Puhəntun müzahirəsində çıxış etməyin yersiz idi, dostum. Biz qətiyyən özfəaliyyətə yol verə bilmərik. Hər birimiz ürəyi istəyəni, ağlı kəsəni eləsə, onda... bizim işimizdə bir hərc-mərclik əmələ gələr ki, bu da bizə ancaq ziyan vura bilər.

7 min

Poems by other poets