Üçüncü hissə, on səkkizinci fəsil
Page 2 of 2 · 50%
Və gülə-gülə:
– O, xoş gördük səni, Siminbər xanım! — dedi və onu, qucağındakı uşağı, yanındakı arvadı təpədən-dırnağa süzdü. Onun səsində də, üzündə də qəribə bir rişxənd duyulmaqdaydı. Bunu Simin də, Əfsanə də hiss elədi, ancaq heç nə bildirmədən, söhbətin nə ilə qurtaracağını gözlədilər.
– Sağ olun, xanım.
– Bu qəşəng uşaq kimindi, qız? Simin yenə rişxəndlə gülümsündü:
– Elməddinin qızıdı, xanım.
– Yəni səninlə onun də?
– Bəli, xanım.
– Hm... — Zərrintac xanım maşının açarını barmağının ucuna fırladı, ayağının birini götürüb o birini qoydu. Və tikanlı-tikanlı;
– Elə mənim evimdə başlamışdız gizli fəaliyyətə? Simin qıpqırmızı qızardı:
– Bu nə sözdü, xanım? Sizə heç yaraşmır belə sözlər!
Əfsanə bayaqdan alt dodağını dişiylə sıxaraq susur, qulaq asırdı. Ancaq Zərrintac xanımın bu sözünə dözə bilmədi qəzəblə:
– Bura bax! — dedi. Elə bil bayaqdan Zərrintac Əfsanəni görmürdü, səsi çıxan kimi ona sarı döndü və alınıb nazilmiş qaşlarını dartıb alnının ortasına qaldırdı və:
– A... sən kimsən? Ay qız, bu kimdi? — dedi və son sözləri Simindən soruşdu. Cavab almamış: —Dayan, dayan, sən Əfsanə deyilsən? — dedi.
– Bəli, mən Əfsanəyəm, sənin ağayi Siracəddinə satmaq istədiyin Əfsanəyəm, xanım. Amma alçaq niyyətiniz baş tutmadı. Namus dəllalı!
Zərrintac xanım sakit, ancaq neştərli bir ədayla güldü:
– Hə, belə de! Elməddin indi ikinizi də saxlayır?
– Bəli! — Simin dedi. — İkimizi də saxlayır!
– O kəççi bir məni saxlaya bilmədi, sizin ikinizi necə saxlayır görəsən?
– Lap əla! — Əfsanə acıqlı-acıqlı söylədi. — Lap əla saxlayır, xanım.
– O kişidi yəni? — deyə Zərrintac xanım nədənsə söhbəti davam etdirməyərək (deyəsən Əfsanənin qırımından qorxdu) birdən-birə dönüb maşına tərəf uzaqlaşdı. Siminin, Əfsanənin nə dediyini eşitmədi. Zərrintac maşına minib qapını örtəndə dodaqaltı:
– Dayanın, sizin ikinizi də mələr qoymaq mənə borc olsun! — söylədi.
...Elməddin evdə yox idi. Stolun üstünə məktub yazıb qoymuşdu: «Mən şəhərə getdim. Gec gəlsəm, nigaran qalmayın.» Simin kağızı oxudu və qaşları çatıldı. Sonuncu söz nəzərini xüsusilə cəlb etmişdi. Əvvəllər belə hallarda da yazardı, ancaq onda «nigaran qalma» yazardı. Lakin indi... «qalmayın».., Demək, o, Əfsanəyə də müraciət eləyirdi, indi onun da nigaran qalacağını bilirdi. Simin ah çəkdi, unutmağa çalışdı. Körpəsini döşünə salıb əmizdirdi, paltarını dəyişdi. Yerinə saldı. Balaca Əfsanəyə hava dəydiyindən və yorulduğundan tez yuxuya getdi. Simin Əfsanənin otağına keçdi. Nədənsə ürəyi əsirdi, əsirdi ki, indicə Əfsanə Elməddini soruşacaq. Soruşsa... demək, hələ də maraqlanır, demək, hələ də əl çəkməyib, göz çəkməyib ondan, Ancaq Əfsanə heç nə xəbər almadı. Bu, Simini sevindirdi, gümrahlaşdırdı.
– Bəs niyə oturubsan, bacı? — deyə döşəkçənin üstə əyləşib kürəyini divara söykəmiş Əfsanədən soruşdu.
– Bəs neyləyim?
– Dur paltarlarını geyin, baxaq, görək necə yaraşır?
– Yaraşdı-yaraşmadı, daha almısan, — dedi. Simin hiss elədi ki, geyim, pal-paltar onun gözündə yoxdu. Qadın olasan, paltar üçün əldən-ayaqdan getməyəsən, bu, ağlabatan iş deyildi. Həddindən artıq bədbəxt qadının gözündə geyim, bəzək heç nədir — bunu Simin az yaşı ilə başa düşürdü. Bədbinliyi, bədbəxtlik hissini Əfsanənin ürəyindən çıxartmaq, unutdurmaq lazım idi — Simin bunu da anlayırdı. Odur ki, israr elədi:
– Sən allah, dur ayağa, geyin görək. — irəli yeriyib qolundan tutdu, qaldırdı. Sonra bağlamanı açdı. — Çıxart əynindəkini, bax, bunu gey... Yoxsa utanırsan məndən? Yaxşı mən çıxıram, sən əynini dəyiş. — Simin getdi. On-on beş dəqiqədən sonra qayıdanda Əfsanəni az qala tanımayacaqdı. Qırmızı, üstü güllü don elə bil əyninə tikilmişdi. Dikdaban çəkmə boyunu bir az da uca göstərirdi. Simin ona arxadan baxdı, gülümsündü:
– Mübarəkdi, bacı. Sənə necə gözəl yaraşır, Əfsanə! Elməddin gələndə səni heç tanımayacaq.
– Elməddin evdə yoxdu məgər?
– Yox. Şəhərə gedib. Vallah, tanımayacaq. Hə, bax, indi oldun əsl şəhər qızı. Sağlığına qismət olsun, toya-düyünə geyəsən, Əfsanə!
– Çox sağ ol, bacı. Sən mənə elə xəcalət verirsən ki, ömrüm boyu bu xəcalətdən çətin çıxa biləm, Simin!
– Heç bir xəcaləti-zadı yoxdu. Allah haqqı, elə bilirəm sən də mənim bacımsan, özü də böyük bacımsan.
– Ömrün uzun olsun, bacım... Bu ara həyətdən səs eşidildi:
– Kim var, kim yox?
Simin səsindən anasını tanıdı. Arvad əlindən tutub gətirdiyi Vətənyarla nəsə danışa-danışa içəri girdikdə Simin Əfsanənin yanından qışqırdı:
– Burdayıq, madərcan, bura gəl-
Fatimə — iri gövdəli, başı örtüklü qadın qapı ağzında görünəndə Simin irəli cumdu, anasının boynunu qucaqladı, üzündən öpdü, sonra əyilib qardaşının alnından öpdü:
– Xoş gəlibsiz, — dedi. Sonra üzünü təzə paltarda ortalıqda heykəl kimi donub qalmış Əfsanəyə tutub: — Anamdı, bu da qardaşımdı. Adını Elmi qoyub — Vətənyar! — söylədi və anasına sarı dönərək Əfsanəni də anasına tanıtdırdı: — Bu qəşəng gəlin də...
Əfsanədi. Elməddinin... — duruxdu, nə deyəcəyini düşündü və — qardaşı arvadıdı, — söylədi. Fatimə başını tərpətdi, irəli yeriyib Əfsanənin üzündən öpdü:
– Xoş gəlmisən, qızım.
– Xoş günün olsun, — söylədi Əfsanə...
Fatimə də Elməddini tanıyan bir çox adamlar kimi, Əfsanənin kim olduğunu qiyabi surətdə bilirdi. Daha doğrusu, Elməddinlə onun macərasından xəbərdar idi. Qızının dilindən «Əfsanə» sözünü eşidən kimi arvadın hafizəsində vaxtilə eşitdiyi əhvalatlar canlandı və dalağı sancdı. Sonra münasib bir məqam axtarıb Əfsanənin boy-buxununu nəzərdən keçirdi, o da, qızı kimi, etiraf elədi ki, Əfsanə gözəldi. Və burada o, ana qəlbinin həssaslığı ilə, təcrübəli bir qadın kimi, qızının indiyə kimi çox razı qaldığı ailə həyatının üstündə qara buludlar dolaşdığını hiss elədi. Əslində, Fatimə arvadın əvvəldən Elməddin sarıdan beli bağlı deyildi. Üzə vurmasa da, açıb ağartmasa da, bu nigarançılıq həmişə arvadın ürəyində yaşamışdı — düzdü, qızı ondan çox razı idi, ondan danışanda dili ağzına sığışmırdı. Öz yaxşı söhbətləri ilə — Elməddinin təmizliyindən, qayğıkeşliyindən, mərdliyindən elədiyi söhbətlərlə Simin anasının qəlbindəki o gizli nigarançılığı, qorxunu qovub pərən-pərən eləyirdi. Ancaq indi Əfsanəni görəndə həmin hiss yenə qayıdıb gəldi — Əfsanə gözəl idi. Fatimə qorxdu ki, Elməddin o gözəllik qarşısında dayana bilməsin, təslim olsun. Onda... Siminin günü gün olmayacaqdı bu evdə, onda Siminin ömrü ömür olmayacaqdı bu xanimanda! Fatimə belə hiss edirdi ki, Simin bu məsələlər barədə düşünmür yəqin — çünki anasının fikrincə, o, hələ uşaqdı. Başa salmaq, qızın gözünü açmaq lazımdı — Fatimənin qənaəti belə idi. Ona görə də, bir azdan — Vətənyar yuxudan oyanmış balaca Əfsanə ilə oynayanda, Əfsanə öz otağına çəkiləndən sonra Fatimə Simini yanına çağırıb oturtdu, sözü hərləyib-fırlayıb əsl mətləbin üstünə gətirdi:
– Yaxşı, qızım, deyirsən bu Əfsanə Elməddinin qardaşı arvadıdı?
– Hə.
– Bəs onun qardaşı ölməmişdi?
– Ölüb!
– Bəs onu Elməddin almamışdı?
– Yox.
– Bə deyirdin alıb axı!
– Almışdı deyəndə ki... kəbinləri kəsilib, ancaq Elməddin qəbul etməyib, deyib o mənim qardaşımın arvadıdı, mən onunla yaşaya bilmərəm.
– Bə onda... bura niyə gəlib o?
– Gəlib də. Bəs hara gedəydi? Yazığın heç kəsi yoxdu — ümidi gələn bircə Elməddindi.
– Hm....
– Necə məgər ki?
– İndi həmişəlik burda qalacaq?
– Hə. Bəs harda qalsın, madərcan?
Fatimə qızının sadəlövh danışığından hirsləndi:
– Cəhənnəmdə qalsın, gorda qalsın!
– Sus, madər, yavaş. Eşidər, ayıbdı.
– Nə ayıbdı, qız? Sən dünyaya avam gəldin, deyəsən elə avam da kedəcəksən. Ay qız, sən bir fikirləşmirsən ki, odla pambığı bir yerdə saxlamaq xatalıdır? Cavan qadın, cavan kişi. Onların bir yerdə nə işi ola bilər axı? Bir də gördün şeytan yoldan çıxartdı, yapışdılar bir-birindən, sən qaldın qapı dalında. Onda nə olsun? Axı, sənin uşağın var, bala. Özünü düşün, uşağını düşün!
– Yox, madər, sən Elməddini tanımırsan. O, dünyasında elə iş tutmaz. Əfsanə də elə qadın deyil.
– Ay avam, ay avam. Avamlıqda qibləgahına çəkdin! Məni bu yandırır. Baxarsan, o, sənin ərini əlindən almasa, səni ağlar qoymasa, onda mən Fatimə deyiləm. Baxarsan, görərsən. Sən indi onları gərək gözdən qoymayasan, imkan verməyəsən xosunlaşsınlar, bir-birini imsiləsinlər. Yoxsa başına, dizinə döyə-döyə qalarsan, məndən deməkdi, qız!..
O gün... Fatimə arvad... Siminin ürəyinə şübhə toxumu səpib getdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-ayriligin-sonu-yoxmus-ucuncu-hisse-on-sekkizinci
Use ← → keys to move, R for a random poem
More by this author
Ağayi Nəcməddin ayaq üstə zorla dayanırdı. Özünü yaşıl rəngli qapıya birtəhər yetirib şişman-kobud barmağını zəngin düyməsinə basdı. Uzun və cingiltili səs otağı başına götürdü. İçəridən tələmtələsik tərpəniş, çarpayı cırıltısı eşidildi. Ağayi Nəcməddinin fikrincə, qapı gərək tez açılaydı. Dünya xanımın bu qədər ləngidiyi olmamışdı. Ağayi Nəcməddinin ürəyinin lap dərinliyində gizlənmiş şübhə hissi əcaib bir ağrı ilə yenə baş qaldırdı: «Bəlkə içəridə ayrı adam var?!» Gözləri axan kişi sağ əlini dal cibində gəzdirdiyi balaca tapançaya toxundurdu və ayıq, soyuq bir mühakimə ilə pıçıldadı: «İkisini də öldürrəm». Ağayi Nəcməddinin yaşı altmışı haqlamışdı. Özündə cavanlıq gümrahlığı hiss etdiyi, gündə iki-üç məşuqəsinin yanında olduğu və hamısının da, könlünü oxumayıb aldığı vaxtlar arxada qalmışdı. Bədəninin əzaları uzun middət işlənib sürtülmüş maşın hissələri kimi yavaş-yavaş laxlayıb əldən düşürdü; bədən illərin yağışı-qarı altında qalmış əzəmətli divar təkin quzulayıb uçulur və əvvəlki görkəmini, davamlılığını asta-asta itirirdi. Daha onu heç bir mahir usta heç nəyin gücünə öz əvvəlki halına gətirə bilməzdi, təmir edə bilməzdi. Bu acı və soyuq duyğu özünü büruzə verdikcə ağayi Nəcməddinin əli-ayağı buza dönür, cavanlığı, milyonların da kücünə geri qaytarmaq mümkün olmadığını dərk edir və acı təəssüflə qüruba doğrü əyilən taleyinə dərin bir sükut içində baxırdı.Dünya xanım məhz bu zaman — ağayi Nəcməddin öz ürəyində doldurulması mümkün olmayan boşluq hiss etdiyi günlərində ona rast gəlmişdi. Üç il bundan qabağın söhbəti idi. Mötəbər bir qonaqlıqda çoxdan tanıdığı ağayi Siracuddövlə yeyib-içib hallanandan sonra ağayi Nəcməddini kənara çəkib söhbətə tutmuşdu:
Üçüncü hissə, on birinci fəsilElməddin tamam yeni bir aləmə düşmüşdü; cəmi bir neçə həftə bundan irəli az qala əl açıb dilənmək ərəfəsində olan Elməddin indi külli-ixtiyar sahibi idi; demək olar ki, ağayi Nəcməddinin bütün varyoxu, gəliri-çıxarı onun əlində idi. Bəzən özünün gözlənilmədən belə bir məqama gəlib çatdığına özü də inanmaq istəmirdi. Hər şey ona yuxu kimi görünürdü. Böyük binada yerləşən «Nəcməddin dəftər»də xüsusi kabinetdə otururdu. Əlinin altında iki telefon qoyulmuşdu. Kabinetin qapısında dayanmış qulluqçu kişi o, içəri girəndə də, çölə çıxanda da baş əyib təzim eləyirdi: Yanına qonaq—müştəri tacir gələndə həmin kişi ədəblə qapını döyüb icazə alandan sonra limonlu çay gətirib ortalığa qoyurdu.«Dəftər»in bütün işçiləri ona hörmət edirdilər. Çünki ağayi Nəcməddin onu buraya gətirib işçilərə təqdim eləyəndə açıqca demişdi:
Üçüncü hissə, on ikinci fəsilRəhgüzərlə Elməddinin dostluğu şəxsi dostluq çərçivəsindən çıxıb yaradıcılıq dostluğuna çevrilirdi. Məhəmməd Şəfinin söhbətlərinə qulaq asmaqdan doymur, hər sözünü yadda saxlamağa çalışır, evə qayıdandan sonra da fikrən, xəyalən Rəhgüzərlə söhbətini davam etdirirdi. Düşünürdü ki, yaxşı eləyib kənddən şəhərə gəlib. Orada, əldən-ayaqdan, siyasi hadisələrdən uzaq yerdə qalsaydı, elə həmin Elməddin idi; ancaq indi o özündə çoxlu dəyişiklik hiss edirdi. Gözü xeyli açılmışdı; mütaliə dairəsi genişlənmişdi. Təkcə Rəhgüzərin evindəki kitabları, ağayi Nəcməddinin kitabxanasındakı cildləri oxumaqla kifayətlənmir, özü də xoşu gələn əsərləri kitab mağazalarından alıb mütaliə edirdi.Rəhgüzər qəzetin səhifələrində onun yazılarına geniş yer verirdi. Demək olar ki, qəzetin hər iki-üç nömrəsindən bir Elməddinin yazısı dərc edilirdi. Bu onu yamanca fərəhləndirirdi. Çap olunmuş şerlərini, hekayələrini səliqə ilə kəsir, ayrıca qovluğa yığırdı. Boş vaxtlarında onları qabağına qoyub baxmaqdan özgə ləzzət alırdı. İmzasını gördükcə elə bil, ona dünyanı bağışlayırdılar.
Üçüncü hissə, on üçüncü fəsilHavalar isti keçirdi. Səhər saat ondan ta üçə qədər elə bürkü olurdu ki, nəfəs almaq çətinləşirdi. Bütün günü göynəkdə gəzən adamlar günəş qüruba doğru əyilən kimi, hava birdən-birə soyuduğundan pencək geyməli olurdular. Şəhəri üzük təki əhatə eləmiş dağlardan soyuq axıb üzü aşağı gəlirdi. Gecələr isə adam əməlli-başlı üşüyürdü...Saat beşə qalmış Elməddin işdən çıxdı. Çoxdan piyada gəzmədiyini xatırlayıb sürücünü qaraja göndərdi, özü isə əlində tutduğu açarları oynada-oynada asta addımlarla yaşıl küçə ilə evə sarı yönəldi. Elə bir təcili işi yox idi, beynində yorğunluq hiss eləyirdi. Şəhərdə gəzib-dolanmaq, azacıq dincəlmək istəyirdi. Anasından cavab almadığına görə həddən artıq nigaran olan Elməddin nə idarədə, nə evdə rahatlıq tapa bilirdi. O biri yandan da Əfsanənin fikri onu kölgə kimi izləyirdi; həmişə gözlərilə onu axtarır, bir gün, bəlkə elə bu şəhərdə rastlaşacaqlarına inanırdı. Məhz bu inam onu üzürdü, qərarını əlindən alırdı.
Poems by other poets
Hərimi-bəzmi-vəsl yarə məhrəm çün rəqib oldu,Mənə ol bəzmdən məhrumluq daim nəsib oldu
Gəlib gedibEy dil, cahana gör neçə kəslər gəlib gedib,Təqrirlə bəyandan əksər gəlib gedib
Mərdlər, namərdlərDünyadakı dərdləriÇəkər dünya mərdləri.
Yaşa, hayıfsanBir gözəl qadına heyran qalmışam,sağ ikən, ölənə həsəd çəkirdi.