Birinci hissə, ikinci fəsil
Page 3 of 3 · 67%
Ancaq Nəzərin gəzişindən; duruşundan, söhbətlərindən belə aydın olurdu ki, heç nə vecinə deyil. Dərsini deyirdi, işlərini görürdü, axşam da sakit və rahat vicdanla evinə qayıdırdı. Şakir yox idi elə bil onun üçün. Və hamı — müəllim yoldaşları Nəzərin bu təmkininə, səbrinə təəccüb etməyə bilmirdilər. Şakir ha çalışırdı, vuruşurdu, ona bir irad tutmaq istəyirdi, ancaq bacarmırdı, Nəzər buna imkan vermirdi. Bu, məsələnin zahiriydi. Əslində Nəzərin ürəyini acı bir təəssüf yandırıb-yaxırdı. «Niyə Şakir belədi?» Təkcə bu sualın cavabını tapmaqda aciz idi Nəzər müəllim.
– Mən nə deyirəm, o kişi tərsinə eləyir. Bilirəm məndəi zəhləsi gedir, ona görə mənim sözlərimi həzm eləyə bilmir. Ancaq daha dözmək mümkün deyil. Belə işləmək olmaz. Bu, bütün məktəbə, bütövlükdə təlim-tərbiyə işimizə çox mane olur, mənfi təsir göstərir. Elə o gün, müşavirə günü Murad müəllimin də, Şərifzadə yoldaşın da fikri belə oldu ki, Nəzəri göndərək pensiyaya. Bu, onun özü üçün də yaxşı olar, bizim üçün də.
Şakir susub müəllimlərə baxdı, kimsənin etiraz eləmədiyini görüb, bir az cəsarətləndi.—Bu məsələni onun nəzərinə çatdırmaq lazımdı. Mən desəm, əsəbiləşəcək, min yerə yozacaq. Ancaq sizlərdən biriniz desəniz, razı olar. Bu, dövlətin qanunudur, onu pozmağa bizim haqqımız yoxdu, yoldaşlar! Altmışa çatdın, get dincəl! O isə altmışı çoxdan keçib.
Hamı susdu. Bir müddət kimsə danışmadı. Baxışlar bir-birinin üzündə, gözündə gəzdi.
Birinci partkom dilləndi:
– Mən bu qərara qol qoya bilmərəm, Şakir müəllim!
– Niyə, Hüsü?
– Ona görə ki, Nəzər müəllim hələ o qədər də qoca deyil, bu bir! Nəzər müəllim tək bizim məktəbin yox, bütün rayonumuzun ən məşhur, ən təcrübəli müəllimidi, bizim fəxrimizdi, ondan sonra mən bu məktəbi heç cür təsəvvür eləyə bilmirəm, bu da iki!
Məhər müəllim gözlərini qırpa-qırpa:
– Mən heç razı deyiləm, Şakir müəllim!—söylədi.
Zakirə xanım birdən ayağa durdu, oturanların nəzəri ona dikiləndə gördülər ki, onun zəif olduğuna görə həmişə eynək taxdığı gözlərindən yaş axır. Şakir bunu birinci tutdu:
– Boy, ay qız, sən niyə ağlayırsan? Zakirə xanım hönkürtüsünü güclə boğub:
– Sənin heç vicdanın yoxmuş, Şakir,—dedi və Şakirin nə söyləyəcəyini gözləmədən, dikdaban ayaqqabılarını taxta döşəmədə taqqıldada-taqqıldada kabinetdən çıxdı. Hamının üstünə elə bil su çiləndi. Zakirə xanımın ayaq səsləri eşidilməz olanda, Məhər də ayağa qalxdı, titrək səslə:
– Bu, cinayətdi, Şakir, — dedi. — Unutma ki, sən də həmişə belə cavan qalmayacaqsan: bu qocalıq deyilən şey bir gün sənin də qapını döyəcəkdir. Sən də qocalacaqsan. İndi sən nə elədiyini hələ başa düşmürsən. Bunu o zaman başa düşəcəksən ki, bir zaman bu sözləri bir ürəksiz də sənə deyəcək. Sən şəxsi münasnbətləri həmişə üstün tutursan. Bu isə sənə başucalığı gətirməz, Şakir. Mən bircə onu bilirəm ki, Nəzəri məktəbdən uzaqlaşdırsaq, o, çox yaşamayacaq. Sadəcə, bağrı çatlayıb dünyadan gedəcək,—deyib kabineti tərk eləyəndə Şakir də ayağa durdu:
– Adə, bunlara nə olub belə?—deyə kürəyini divara söykəmiş Hüsüyə sarı döndükdə o, çiyinlərini çəkdi. Şakir dedi:
– Bə bunlar nə istəyir? İstəyir ki, mənim bağrım çatlasın? Qorxmasınlar. Nəzərin canı bərkdi, səni-məni yarıyolda qoyacaq. Sən bir bu Məhərə bax, Zakirəyə bax. Nəzəri çox istəyən olublar. Nə olsun ki, Nəzər mənim müəllimim olub? Dərs deyib, pulunu da alıb da. Yəni deyirsiz çıxardaq bu kişinin pulunu qaytaraq özünə? Ondan ötrü bu boyda dövlətin qanunlarını pozum yəni? Deməzlər ki, ay, yoldaş Şakirzadə, bəs biz səni bura nəyə qoymuşuq? Deyərlər, hələ bir partbiletimi də alarlar əlimdən. Mən bu boyda risq eləyə bilmərəm, yoldaşlar. Nəzər müəllim danışanda ağzına çullu dovşan sığışmır—qanun belə deyir, ustav belə deyir!.. Cavan kadrlar belə gəldi, elə getdi. Cavan kadrların qayğısına elə çox qalırsansa, odur ha, neçə cavan müəllim institutu bitirəndən sonra boynun büküb dərs saatı gözləyir, boş yer gözləyir! Məktəbdə bir müəllim öləndə, dərsi az olanların bir gözü ağlayırsa, bir gözü də gülür. Nə var, nə var, yer boşalıb, saat çoxalıb!.. Əgər sən yaxşı kommunistsənsə, yaxşı insansansa, çəkil də bu meydandan, qoy onlar da işləsinlər, qabiliyyətlərini göstərsinlər. Nəhayət, ac qalmasınlar. Bəlkə onların arasından səndən də yaxşı müəllimlər çıxacaq, hə? Hardan bilirsən ki, çıxmayacaq?! Düz demirəm; yoldaşlar!
Böyründəki stulda oturub, qıçını qıçının üstünə aşırıb, Şakirin düz gözlərinin içinə baxan Hüsü müəllimi gülmək tutdu; o elə bərkdən güldü ki, Şakir səsini xırp kəsdi:
– Niyə gülürsən, ay Hüsü? Düz demirəm? Hüsü uğunmağını güclə saxlayıb:
– Düz deməyinə düz deyirsən ey, Şakir, ancaq elə bil iclasda danışırsan. Biz burda ikimiz qalmışıq ey, —dedi.— Bir də bunları mənə niyə deyirsən ki? Guya mən sənin ürəyindəkiləri bilmirəm? Sən Nəzəri buradan kürümək istəyirsən, bunun üçün də qanunu yaxşı bayraq eləmisən əlində!..
Şakir elə bil yuxudan ayılıb otağa göz gəzdirdi və yalnız indi xatırladı ki, Zakirə xanım da, Məhər müəllim də bayaq nümayişkaranə çıxıb getmişdi. O da Hüsüyə qoşulub güldü:
– Doğrudan ha! Elə ikimizik ki!..—susdu. Birdən yadına nə düşdüsə, Hüsüyə üz tutdu:
– Bura bax; sən də qəribə adamsan ha! Baş aça bilmirəm nə məzhəbə qulluq eləyirsən! Az qalmışdın deyəsən ki, Nəzər müəllim Makarenkodaj da böyük pedaqoqdu.
Hüsü yenə bic-bic güldü:
– Sənin qəti siyasətin-zadın yoxdu, Şakir! Mən özüm qəsdən belə deyirdim ki, görək Məhər, Zakirə nə deyəcək. Yoxlamaq, ağızlarını aramaq istəyirdim onların. Gördün, o saat ürəklərindəkini açıb dedilər!
– Hə!—deyə Şakir ağzını geniş açıb, başını divara söykədi:— Mən də çaşıb qalmışam ki, ə, bu niyə belə eləyir! Sən demə, qaqaşım su altdan saman yeridirmiş!.. Vay səni, Hüsü!
– Bəs nə bilmişdin?! Səhər Nəzərin ərizəsi sənin stolunun üstündədi!
– Elə şey olmaz, Hüsü! Necə yəni stolumun üstündədi?
– Baxarsan... Mən nahaq yerə o iki nəfəri bura çağırtdırmadım. İndi ya Məhər, ya Zakirə bu söhbəti bitdə-bitdə Nəzərin ovcuna qoyur. İnanmırsan, dur gedək yoxlayaq!
– Yox, əşşi, lazım deyil.
– Çünki mən bilirəm ki, Nəzər Məhərin də, Zakirənin də canı-ciyəridi, Şakir!
– Sən nə ağıllı adamsan, ay Hüsü!
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-dunyani-tani-birinci-hisse-ikinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Aslanzadənin bağı Buzovnada, lap dənizin qırnağında idi. Yayda, qışda havalar küləkli olanda, dəniz yatağından oynayıb dalğalar şahə qalxanda ağ köpüklü sular ağ daşdan hörülmüş iki metr hündürlüyü olan hasarın dibinə qədər gələr, sarı kəhrəba kimi narın qumları yalayıb yenə geri qayıdardı. Belə hallarda ikimərtəbəli, ikiçeşməli, dörd tərəfi açıq eyvanlı evin içində suların uğultusu, gurultusu aydın eşidilər, nabələd adam olsaydı, canına vəlvələ düşərdi. Artıq Aslanzadə çox sevdiyi dənizin bu səs-küyünə, şıltaqlığına öyrənmişdi və bundan xüsusi bir ləzzət alırdı. Qırx beş il onunla ömür-gün sürmüş, ərinin nazını övladı kimi çəkmiş Kiçikxanım, otuz ildən çox bu bağa gəlib getsə də, dənizin belə köpürüb daşan çağlarına adət eləyə bilməmişdi və hər dəfə dalğaların şaqqıltısını, gurultusunu eşidəndə qəribə bir qorxu içində:– Ay kişi, vallah, bir gün bu dəniz bizi çəkib öz ağuşuna aparacaq, — deyirdi, — səsimizi-ünümüzü eşidən də olmayacaq.
İkinci hissə, birinci fəsilSakit hər gün, tənəffüs vaxtı, beşinci mərtəbədəki şöbəsindən hiss olunmadan çıxar, akademiyanın yaşıllıq içində göz oxşayan həyətində, akasiya ağaclarının altında tək-tənha gəzinər, ya da böyük hovuzun sağında, solunda — harda boş yer olsaydı — oturar, dincələr, düşünərdi. Otaqdakı söz söhbətlər, telefon danışıqları, gəl-get ona mane olmazdı — səhərdən, işə gələndən stolunun arxasına keçib oxuyar, yazar, bir dəqiqəsini boş keçirməzdi. Fasilə vaxtınacan əməllicə yorulardı, tələsik bufetə düşər, yüngülcə nahar edib gəzintiyə çıxardı. Bu, uzun illərin adətiydi. Sakit təkcə ətrafındakıları yox, bir psixoloq kimi, özünü də kənar adam gözü ilə müşahidə, təhlil etməyi xoşlardı. Çoxdan, yazı-pozuya meyl elədiyi tələbəlik illərindən bu şəhərdə Sakit adında, bir pasport altında iki adam yaşadığını duymuşdu, anlamışdı. Biri hamının — tələbə yoldaşlarının da, müəllimlərinin də, sonra akademiya həmkarlarının və daha sonra isə ailəsinin də tanıdığı, sadə geyinən, az dinib, az danışan, daha çox dinləməyə həvəs göstərən, aza qane, gözü-könlü tox, işləməkdən, mütaliədən əvəzsiz zövq alan Sakit idi. Bu, Sakitin zahiri idi, gözə görünən tərəfi idi və bunu hamı görürdü. Ancaq elə o Sakitin içərisində, o adda, o ünvanda yaşayan ikinci bir Sakit də vardı — bu Sakiti tək özü tanıyırdı, yaxşı cəhətini də, pis cəhətini də yaxşı bilirdi. Bu Sakit — düşünən Sakit idi, hər şeyin dərdini — özünə dəxli olmasa da, — çəkən Sakit idi və bu mənada onun boş, qayğısız, fikirsiz keçən bir dəqiqəsi də olmamışdı. Bu, haradasa onu bezdirirdi, usandırırdı, öz sənətinə hərdən nifrət eləyirdi — çünki əzablı sənət idi — kitab yazırdı, beynini, qəlbini düşündürən fikirləri kağız üzərinə töküb canlandırırdı, o kitabı oxuyanlar, bəyənənlər tərifli sözlər də deyirdilər. Lakin onlar yalnız bu kitabı görürdülər, onun dünyaya gəlməsi üçün çəkilən əzabları, içini — ürəyini yediyi anları görmürdülər, görə bilmirdilər. Əslində o, zahirən bu aləmdə yaşayırdı; işə gəlir, evə gedir, arvadı-uşağı ilə danışırdı, amma həqiqətdə isə o, yazdığı dünyada olurdu fikrən, adamlarla oturub-durur, dərdini-qayğısını çəkir, onlar xoşbəxt olanda o da xoşbəxt olur, öləndə o da ölürdü. Son əsərini on yeddi ilə yazmışdı. Akademiyaya gələndən azı — üç il sonra kənd həyatından qələmə almağa başladığı həmin əsər nədənsə yaman uzanmışdı, bütün bu illər ərzində o, fikrən qəhrəmanlarının yanında olmuşdu, onlarla yaşamışdı. Kitabın son fəsillərini uzun müddət yaza bilməmişdi, daha doğrusu, yazmaqdan qorxmuşdu — çünki sonuna nöqtə qoyandan sonra onlardan — düz on yeddi il qəlbində, xəyalında, yuxularında gəzdirdiyi o sadə, mehriban adamlardan ayrılacağından, uzaq düşəcəyindən qorxmuşdu. Aylar, illər keçmiş, sonra o, içində işlədiyi bu maraqlı aləmə qayıtmışdı və ətrafına baxdıqca yazmalı, deməli çox şey olduğunu anlamışdı: uzağa getmək lazım deyildi. Bax, elə günün səkkiz saatını bir yerdə işlədiyi bu adamların hərəsinin həyatı bir roman idi. Burda çox düşünmək, əhvalat axtarmaq, yaxud quraşdırmaq lazım deyildi. Bu adamlar onun gözünün qabağındaydı — xasiyyətləri, simaları, taleləri ilə. Və zahirdə hər kəsə, hər şeyə sakit, biganə baxışlarla nəzər salıb susan Sakitdən fərqli olaraq əsl Sakit, birinci Sakitin içərisində yaşayan ikinci Sakit bu kollektivin maraqlı, ziddiyyətli romanını gecə-gündüz beynində dolandırırdı. Bu Sakit Salman Qurbanzadənin, Nadirə xanımın elm aləmindəki mövqeyi, ailə həyatı, bu yaxınlarda evə soxulmuş oğrular tərəfindən vəhşicəsinə öldürülmüş cavan Ceyhun haqqında, ərini və sevgilisini dalbadal itirmiş Gülmirə barədə, hamının «Dombagöz» adlandırdığı gənc şair İltifat, Sarışın, təzə direktor olandan sonra buynuzları çıxan Nurəddin Osmanzadə, onun toruna düşüb təmiz adını ləkələyən qəşəng Şərifə xanım, qəlbi kobudcasına sındırılmış əziz müəllimi Aslan Aslanzadə və başqaları haqqında gecə-gündüz düşünür, yazacağı kitabı söz-söz, fəsil-fəsil beynində, qəlbindətikib qururdu. Gözünün qabağında gündə səkkiz saat gəzib işləyən, hər birinin öz xasiyyəti, dünyası olan bu adamlar artıq onun ürəyinə köçmüşdü — bunlara o, öz qəhrəmanları kimi baxırdı — yaxşı, mərdanə hərəkətlərini görəndə bir qayğıkeş ata kimi sevinirdi, pislik, nadanlıq, qəbahət, dosta xəyanət, ailəyə dönüklük görəndə, hiss eləyəndə pərt olur, dərd çəkirdi. İş vaxtı qurtarıb hərə öz evinə-eşiyinə çəkilib gedəndən, Sakit də axşam yazı masasının arxasına keçəndən sonra, yenə onlar barədə fikirləşirdi. İkiqat yaxın, ikiqat doğma olmuşdular ona bu adamlar; acığı gələnləri də vardı — ancaq onlar haqqında da qəlb ağrısı ilə düşünürdü Sakit. Bu idi ikinci Sakitin gözəgörünməz dərdi, qayğısı. Sanki kimsə, rəsmi surətdə yox, elə belə, möhürsüz, əmrsiz Sakiti bu kiçik kollektivin ağsaqqalı, böyüyü təyin eləmişdi. Makinaçılardan tutmuş lap direktorun özünə qədər hamı üçün cavabdeh hiss eləyirdi özünü. Fikrən, xəyalən onların hər birisinin həyatı, xasiyyəti, rəftarı, əxlaqı barədə, jurnalist və tədqiqatçı dostlarının dediyi kimi, o qədər «material» todlamışdı ki, əgər şirin yuxudan qaldırıb kiminsə haqqında məlumat və ya xasiyyətnamə istəsəydilər, Sakit tərəddüd etmədən, çətinlik çəkmədən, gözüyumulu deyərdi, yazıb verərdi — hətta onun «pərdə arxasındakı» həyatını da işıqlandırardı. Hətta adamın bir sirr kimi qəlbinin dərinliklərində gizləməyə çalışdığı, məhrəm fikirlərini də kağıza köçürərdi. Və buna o özü də heyrət etməyə bilmirdi. Çünki Sakitə filankəsin filankəsə fırlatdığı bir baxışı tutmaq kifayət idi ki, sevdiyini və yaxud nifrət elədiyini aydınlaşdırsın. Birinin köynəyinin yaxasını çirkli, düyməsini qırıq, dəsmalını əzik görmək bəs idi ki, onun arvadının səliqəsiz olmasını, əri ilə maraqlanmamasını qəti şəkildə söyləyə bilsin. Başqa birisinin müdirə rast gələn kimi, üz-gözünü iyrənc şəklə salan yaltaq təbəssümünü bircə dəfə görmək bəsi idi ki, o adamın şəxsiyyətinin heç-puç olması fikri beynində həmişəlik yurd salsın.
İkinci hissə, ikinci fəsilQurbanzadələr ailəsinin başına gəlmiş gözlənilməz, ağlasığmaz o fəlakətli gündən altı aydan çox keçmişdisə də, nə ata-ana özünə gəlib, toxtamışdı, nə də milis orqanları.Şübhəsiz, itki böyük itki idi, Salmanın, Nadirənin belini sındırmışdı. Nadirənin o dəhşətli mənzərəni — döşəmənin üstündə donmuş qan gölməçəsinin içində üzüqoylu düşüb çoxdan canını tapşırmış madar balasının quruyub qaxaca dönmüş vücudunu görəndən sonra əsəbləri tamam pozulmuşdu; arvad nə dediyini, nə etdiyini bilmirdi. Elə hey ağlayırdı, öz-özünə danışırdı. Ancaq sözünün nə əvvəli vardı, nə axırı. Nə yas yerinə gələnlər, nə də Salman onun dediklərindən düz-əməlli bir şey anlayırdı. Salman dərdinin ağırlığına baxmayaraq, özünü dəyanətlə aparırdı. Onun ağladığını heç kəs görməmişdi. Görünür, göz yaşları qəlbinə axırdı. Lakin buna baxmayaraq, heç kəsin, heç nəyin əyə bilmədiyi, polad iradəsi və nikbinliyi ilə çoxlarının həsəd apardığı Salman özünün də xəbəri olmadan yaman düşmüşdü, qocalmışdı. Təbiətən oğulcanlı olan, «kişi qırığı» böyütmək istəyən, Ceyhunun oturuşu, duruşu, yaşına uyğun olmayan hərəkətləri ilə öyünən, ondan heç nə əsirgəməyən, «qoy ürəyi necə istəyir, elə yaşasın. Mən çox korluq, sıxıntı çəkmişəm, o, çəkməsin» — deyən Salman heç yatsaydı yuxusuna da girməzdi ki, onu belə tez itirə bilər, sevincdən, qürrədən, «düşmən çəpəri»ndən məhrum ola bilər. Arın-arxayın bağdan qayıdarkən «bu arvadın başını kitablar xarab eləyib, Ceyhuna nə ola bilər!» — deyərək Nadirənin yazdığı qısa kağızı cırıb avtobusun pəncərəsindən yelə verən Salman, evə gələndə gördüyü mənzərəni heç cür həqiqət hesab eləyə bilmirdi, bunu yuxu, yaxud nə isə bir qurğu sayırdı. Ancaq bu həqiqət idi və o, özünü nə qədər aldatmağa çalışsa da, həqiqətin buz kimi soyuq üzünü görməli, olub-keçənlərə inanmalı olurdu. Nadirəni ayaq üstə ölmüş görəndə isə kişi əməlli-başlı sarsılırdı; indi Nadirə elə haldaydı ki, onu tək buraxmaq olmazdı. Bu, Salmanı lap təntidirdi.
İkinci hissə, üçüncü fəsilBaşı nə qədər qarışıq, fikri nə qədər dağınıq olsa da, Nadirə xanım bir şöbə müdiri kimi son vaxtlar öz əməkdaşı Elviranın — Sarışının işdən tez-tez qaçdığını, bazarda-dükanda göründüyünü, ən ümdəsi isə çox pərt və pərişan olduğunu aydın hiss eləyirdi. Nadirə xanım Sarışına bacardıqca hörmət eləməyə çalışırdı— çünki onun anasını — hələ tələbəlik illərindən oxuduğu fakültənin baş laborantı olan, gözəl-köyçək Xəncər xanımı yaxşı tanıyırdı. Hətta bir zamanlar rəfiqəlik də eləmişdilər. Adı nə qədər qəribə olsa da, özü çox mülayim və mehriban idi, xəncərlikdən onda heç bir əsər-əlamət yox idi. Onda Xəncər xanım ərdə idi, deyəsən, əgər hafizəsi aldatmırdısa, əri şəhərdə hansı məktəbdəsə dərs deyirdi. Xəncər xanım fakültədə tez-tez ağlardı — rəfiqələrinə öz dərdini söylərdi. Sən demə, uşağı olmurmuş. Əri Usub da uşaq istəyən olduğundan, tez-tez Xəncər xanımı döyür, gah evdən qovur, gah boşamaqla hədələyirdi. Bir sözlə, Xəncərə göz verirdi, işıq vermirdi. Hətta bir dəfə ürəyini Nadirəyə də açmışdı. Nadirə onun sonsuz kədərlə dediyi sözləri dinlədikdən sonra: «Belə yaşamağın nə mənası var? Ayrıl, Xəncər. Sən hələ cavansan, təzədən ərə gedərsən, uşağın da olar. Yoxsa o, belə, sənin ömrünü göy əskiyə düyüb çürüdər» — deyə məsləhət də vermişdi. Ancaq Xəncər xanım, qətiyyətsiz qadın olduğundan, bu mühüm addımı ata bilməmişdi. Evdən soyumuşdu, evdə sevinc yox idi; səadət yox idi; Xəncər fakültəyə ürəkdən bağlanmışdı — bütün günü fakültədə olurdu, kollektivin arasında gərəkli-gərəksiz işlərlə başını qatmağa çalışırdı. Onda kafedra müdiri, məşhur dilçi alim, professor İbrahim Sultanzadə idi. İbrahim Sultanzadə Xəncər xanıma da dərs demişdi, qabiliyyətli olduğuna, gələcəkdə yaxşı tədqiqatçı olacağına inanan İbrahim müəllim, təhsil illəri başa çatdıqda, onu fakültədə hələlik baş laborant kimi saxlatdırdı. Xəncər, özündən iyirmi beş yaş böyük olan İbrahim müəllimə çox hörmətlə yanaşırdı. Bunun bir səbəbi İbrahimin ona yaxşılıq etməsiydisə, digər səbəbi də İbrahimin də övladsızlıq odunda gizli-gizli yanmasaydı.O vaxt danışırdılar ki, İbrahim öz arvadı Leyla xanımı çox sevir, ona görə ondan ayrılmaq, başqa qadınla evlənmək istəmir.
Poems by other poets
Ey padşahım bir dur,Dərvişi fərəhnak et,
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
Bağrım şan-şan olur zənbur evi təkBağrım şan-şan olur zənbur evi tək,Gözüm tək, sən gəzən otağa düşər.
نه مهر من طلبی نه سر وفا داریچو دوستدار توأم دشمنم چرا داری