Page 1 of 3

Qurbanzadələr ailəsinin başına gəlmiş gözlənilməz, ağlasığmaz o fəlakətli gündən altı aydan çox keçmişdisə də, nə ata-ana özünə gəlib, toxtamışdı, nə də milis orqanları.

Şübhəsiz, itki böyük itki idi, Salmanın, Nadirənin belini sındırmışdı. Nadirənin o dəhşətli mənzərəni — döşəmənin üstündə donmuş qan gölməçəsinin içində üzüqoylu düşüb çoxdan canını tapşırmış madar balasının quruyub qaxaca dönmüş vücudunu görəndən sonra əsəbləri tamam pozulmuşdu; arvad nə dediyini, nə etdiyini bilmirdi. Elə hey ağlayırdı, öz-özünə danışırdı. Ancaq sözünün nə əvvəli vardı, nə axırı. Nə yas yerinə gələnlər, nə də Salman onun dediklərindən düz-əməlli bir şey anlayırdı. Salman dərdinin ağırlığına baxmayaraq, özünü dəyanətlə aparırdı. Onun ağladığını heç kəs görməmişdi. Görünür, göz yaşları qəlbinə axırdı. Lakin buna baxmayaraq, heç kəsin, heç nəyin əyə bilmədiyi, polad iradəsi və nikbinliyi ilə çoxlarının həsəd apardığı Salman özünün də xəbəri olmadan yaman düşmüşdü, qocalmışdı. Təbiətən oğulcanlı olan, «kişi qırığı» böyütmək istəyən, Ceyhunun oturuşu, duruşu, yaşına uyğun olmayan hərəkətləri ilə öyünən, ondan heç nə əsirgəməyən, «qoy ürəyi necə istəyir, elə yaşasın. Mən çox korluq, sıxıntı çəkmişəm, o, çəkməsin» — deyən Salman heç yatsaydı yuxusuna da girməzdi ki, onu belə tez itirə bilər, sevincdən, qürrədən, «düşmən çəpəri»ndən məhrum ola bilər. Arın-arxayın bağdan qayıdarkən «bu arvadın başını kitablar xarab eləyib, Ceyhuna nə ola bilər!» — deyərək Nadirənin yazdığı qısa kağızı cırıb avtobusun pəncərəsindən yelə verən Salman, evə gələndə gördüyü mənzərəni heç cür həqiqət hesab eləyə bilmirdi, bunu yuxu, yaxud nə isə bir qurğu sayırdı. Ancaq bu həqiqət idi və o, özünü nə qədər aldatmağa çalışsa da, həqiqətin buz kimi soyuq üzünü görməli, olub-keçənlərə inanmalı olurdu. Nadirəni ayaq üstə ölmüş görəndə isə kişi əməlli-başlı sarsılırdı; indi Nadirə elə haldaydı ki, onu tək buraxmaq olmazdı. Bu, Salmanı lap təntidirdi.

Ev sahibləri də, qonum-qonşu da, hadisə yerinə gəlmiş milis işçiləri də çox ciddi yoxlama, ölçüb-biçmə, sənədləşdirmədən sonra bu qərara gəlmişdilər ki, evi qarət ediblər. Ceyhun müqavimət göstərdiyinə görə oğrular onu öldürüblər. Aparılan pul, qızıl şeyləri, bəzək-düzək heç yada düşmürdü. Ancaq aktda onların qeyri-dəqiq, təxmini miqdarı bircə dəfə qeyd olunmuşdu, vəssalam. Uşağa yeddi bıçaq zərbəsi vurulmuşdu: dördü qarın nahiyyəsinə, ikisi sağ sinəsinə və biri soldan lap ürəyinin üstündən endirilmişdi. Bu axırıncı zərbə onun həyatına son qoymuşdu.

Təhqiqat işini aparan mayor Hacı Əliyev cavan olsa da, diqqətli, qayğıkeş və bu cür işlərdə yaxşı səriştəsi olan bir adam təsiri bağışlasa da, hələ də kələfin ucunu aça bilmirdi. Lap elə ilk gündən mülki paltarda bütün yas mərasimində, cümə aşxamlarında iştirak edir, gələnlərə, söhbət edənlərə göz qoyur, izə düşmək istəyirdi, lakin bir işıq ucu tapılmırdı. Nadirə ilə danışmaq mümkün deyildi, dindirən kimi gözlərindən min yerdən yaş tökürdü, heç nə deyə bilmirdi. Hacı əsl söhbətləri Salmanla aparırdı. Oğlunun maraq dairəsini, yoldaşlarını, dostlarını, gedib-gəldiyi yerləri ondan soruşub öyrənirdi. Salmanın da oğlu haqda məlumatlarının o qədər də dəqiq və ətraflı olmadığını görəndə, Hacı təəccüblənirdi. Onda belə bir təəssürat yaranırdı ki, professor oğlu ilə çox az maraqlanırmış, Salmanın dediklərindən bircə bu məlum idi ki, Ceyhunun oturub-durduğu ikicə adam var — akademik Əlişirin oğlu Saleh, rəssam Süleymanın oğlu Samir. Vəssalam. Müstəntiq bu iki cavanla elə yas yerində tanış olmuşdu. İkisi də, Ceyhunu aparıb təzə qəbristanlıqda — camaat arasında «Volçıvorot» adı ilə məşhur olan yerdə dəfn edib qayıdandan sonra məziyyə məclisində idi. İkisi də qorxmuşdu, vaysınır, ah-uf eləyirdi. Həyətdə qurulmuş çadırda oturanlara qulluq edir, tez-tez çay stəkanlarını dəyişir, qulluq göstərirdilər. Hacı əvvəl onlara kənardan göz qoyurdu. Danışıqlarına, gözlərinin içinə fikir verirdi. Ancaq onlarda dostlarını itirmiş adam təəssüfündən başqa bir şey görə bilmirdi. Bu iki cavanın böyük və məşhur adamların oğlu olduğunu biləndən sonra, Hacı onlardan əl çəkməyi qərara aldıqda onun bu fikrini Salman özü də bir az qüvvətləndirmişdi:

– Mən görürəm ki, sən bu uşaqlardan şübhələnirsən, yoldaş mayor. Amma səhv eləyirsən. Onlar elə ailələrdə tərbiyə alıblar ki, bu barədə düşünmək belə gülünc olardı. Mənim evimi oğrular qarət eləyiblər, mənim oğlumu oğrular qətlə yetiriblər. Günahkarı başqa yerdə axtarmaq lazımdır, yoldaş Hacı. Əlişirlə də, Süleymanla da yaxın dostam. Eşitsələr, duysalar, sonra gərək onların üzünə baxmayam — Hacı fikrində bu qənaətlə razı olsa da, professionallığını göstərmək üçün öz işlərinin təfərrüatına varıb izahat vermişdi:

– Mən də elə düşünürəm, professor. Ancaq bizim bu axtarış və təhqiqat işimizdə ən kiçik bir detalın da əhəmiyyəti çox böyükdür. Bir də görürsən hamının gördüyü, hiss elədiyi, eşitdiyi bir detalın bir işarənin, baxışın, ya bircə sözün düyünün açılmasında böyük rolu olur. Siz özünüz tədqiqatçısınız, elmi işinizdə bir fakt bəzən sizin üçün bir qaranlıq və mübhəm problemin üstünə işıq salır və bundan böyük bir elmi nəticə çıxarırsınız...

– Elədir, tamamilə elədir, Hacı. Ancaq... eh, mənə olan oldu, mənim belim sındı, qardaş. Lap qatili tapın, güllələyin, nə olsun — mənim oğlumu ki geri qaytara bilməzsiniz.

– Sizin oğlunuzun qatilini tapmaq bizim müqəddəs borcumuzdur, professor. Burada insan öldürülüb; biz onu yerin deşiyində olsa da, tapmalıyıq. Heç olmasa ona görə ki, bizim cəmiyyətimizə yad olan bu cür müzür ünsürlər başqalarının da həyatına qəsd etməsinlər, kök salıb rişə atmasınlar, rahatlığımızı pozmasınlar.

– Hə, hə... lazımdır, lazımdır... — deyə Salman Qurbanzadə, fikri dağınıq halda cavab vermişdi və Hacı bu cavabdan söhbətin bitdiyini anlayıb getmişdi.

Dərd yandırırdı, ancaq köhnəlmirdi. Axtarış davam edirdi, lakin qatil tapılmırdı.

...Nadirə xanım Ceyhunun otağını bəzəmişdi, silib-süpürmüş, səliqəyə salmış, şəkillərini böyütdürüb divarlara vurmuşdu. İçəri girən adam dəhşətə gəlirdi — hər yerdən sənə müxtəlif yaşlarda, müxtəlif paltarlarda olan Ceyhun baxırdı. Gülə-gülə, ciddi, məclisdə, dənizdə, Salmanın yanında, Nadirənin başı üstə. Bir sözlə bura canlı bir muzey idi — Ceyhun muzeyi. Maqnitofon azarkeşi idi Ceyhun. Cürbəcür maqnitofonlar almışdı. Eləcə qalırdı. Dərdli Nadirə bütün boş vaxtlarını burada keçirirdi, işdən gələn təki çörəyini yeyib bura girir, pəncərə ağzındakı dibçəklərə su tökür, yanına gələnləri də burada qəbul edirdi. Salman neçə dəfə onu buradan çıxartmaq istəmişdi, ancaq bacarmamışdı. «Bura mənim doymadığım Ceyhunlu dünyamdı, Salman. Məni bundan məhrum eləmə, ölərəm o saat.» Salmana heç nə demirdi, danlamırdı; «mənim oğlumu sən məhv elədin» deyə məzəmmət eləmirdi, ancaq ürəyində hey bu sözlər dolanırdı. «O da atadır, onun da beli sınıb — qəlbini təzədən qanatmağın nə mənası var» — deyə düşünürdü. Yazı-pozu yadından çıxmışdı. Elə belə, xala-xətrin qalmasın deyə işə gedib gəlir, adamlara key kimi baxırdı. Şöbənin işi öz qaydasınca gedirdi. Yoldaşlar ona və Salmana qayğı ilə yanaşır, yanlarında mümkün qədər deyib-gülmürdülər. Salmanın, Nadirənin müsibəti elə bil hamımın müsibəti idi. Onların çoxu, xüsusən Gülmirə Ceyhunu yaxşı tanıyırdı. Deyən-gülən, ərköyün Ceyhun Gülmirənin yadından heç çıxmırdı. Uşaqlığı gözünün qabağında keçmişdi. Ceyhun onun gözünün qabağında böyüyüb kişiləşmişdi. Son vaxtlar atası ilə onun arasında yaranmış gərgin münasibətləri deyəsən o heç bilmirdi. Nadirə də, Salman da belə şeyləri uşağa danışan deyildi. Ona görə də, ölümündən azca əvvəl təsadüfən küçədə rastlaşmışdı. Çox səmimi və mehriban görüşmüşdülər:

– Bəs bizə niyə gəlmirsiz, Gülmirə xanım? — demişdi. Gülmirə isə utana-utana:

– Vaxtım olmur, ay Ceyhun! — söyləmiş və ürəyindən keçirmişdi ki, «mən daha sizə heç vaxt gəlməyəcəyəm, gələ bilməyəcəyəm, Ceyhun. Atan məni qapıdan qovar».

Ancaq o ağır günlərdə o qapıya qorxa-qorxa gələn Gülmirəni Salman qovmamışdı, əksinə, özünü itirib nə edəcəyini bilməyən qızın ona yaxınlaşaraq dil-ağız eləmək istədiyini görəndə kövrəlib əlini çiyninə qoymuş, hönkür-hönkür ağlayan Gülmirənin, sinəsinə söykənmiş başını sığallaya-sığallaya, aralarında heç nə olmamış kimi ağlar səslə:

– Salman əminin beli qırıldı, qızım! — demişdi. Onun bu sözləri Gülmirənin yeddi qatından keçib içini yandırıb yaxmışdı. Kədər Salmanın ürəyindəki kin-küdurəti yuyub aparmışdı və bunu hiss eləyən Gülmirə daha dərin bir peşmançılıq hissi keçirmişdi, özünü o işi tutduğuna görə nə qədər danlamışdı. Salmanın onu bağışladığına qəlbən inanmaq istəsə də, hər dəfə bu evə, bu ocağa ayaq basanda daxili bir xəcalət hissi onu üzüb əldən salırdı, unutmaq istəyirdi o vuruşu, o çaxnaşmanı — ancaq unuda bilmirdi. Nəticə etibarilə böhtançı yerində qalmışdı Gülmirə və bu, ona olmazın əzab verirdi. Kim bilir, bu bədbəxt hadisə baş verməsəydi, bu çəkişmənin axırı nə ilə bitəcəkdi? Salman belə asanlıqla barışacaqdımı? Təmiz adını ləkələdiyi üçün yaxasından əl çəkəcəkdimi? Çətin. Və bəlkə də, Salman özünəməxsus bir alicənablıq donu geyinərək «sən uşaqsan, bala, bunlar sənin sözün deyil. Səni kimsə qızışdırıb yoldan çıxardıb» — deyərək barışacaqdı?! Bunu heç kim deyə bilməzdi və bəlkə Salmanın özü də deyə bilməzdi, çünki Salman hərdən heç kəsin, hətta özünün də ağlına gəlməyən qəribə, ağlasığmaz hərəkətlər eləməyi sevən adam idi... Nə isə, bu, gələcəyin işiydi, hələlik isə, Gülmirə, öz şəxsi dərdini— itkilərini unutmuşdu, Ceyhunun faciəsinə qəlbən yanır, bacardığı qədər xüsusilə Nadirəyə dayaq olmağa, ürək-dirək verməyə çalışırdı. Nadirəyə yazığı gəlirdi onun. Ömründə ilk dəfəydi ki, oğul itirmiş ananı belə yaxından görür, necə yanıb kül olduğunun şahidi olurdu. Orxanın anası Şirini də görmüşdü — ancaq cəmi bir-iki dəfə. Şirin arvadın yanğısını uzaqdan-uzağa duymuş, hiss eləmişdi. Ancaq Nadirə gözünün qabağındaydı, demək olar ki, hər gün bir yerdəydi onunla; bu əzaba həqiqətən dözmək çətin idi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü hissə, üçüncü fəsil

Elməddin səhər ayılanda uşaqları yerində görmədi; onlar şəhərə səpələnmişdilər: hərəsi öz «sahəsinə».Elməddin bir xeyli yerindən tərpənmədi: bədəninin əzaları, sümükləri sızıldayırdı. Kürəyini torpağa söykəyib yatmışdı — ona görə ciyərlərinə soyuq dəyməyəcəyinə əmin idi. Hələ kənddə olanda qocalardan eşitmişdi ki, torpağa; kürək söykəyib yatanın soyuqdəymədən qorxusu yoxdur. Üşüməyinə üşümüşdü. Yay gecəsinin ayazı hər necə olsa bədənini yüngülcə silkələyib titrətmiş, tüklərini biz-biz eləmişdi, Şəhər cana gəlib dirçəlmişdi. Küçələrdə, xiyabanlarda gedişgəliş başlamışdı; bunu o, getdikcə artan səs-küydən aydın hiss eləyirdi. Şəhərin üstünü dağlardan enib gəlmiş duman bürüdüyündən on addımdan o tərəfi görmək mümkün deyildi. Şəhərin ətrafındakı haçabelli dağın arxasından baş qaldıran günəş göyə milləndikcə duman yavaş-yavaş seyrəlir, görüm dairəsi genişlənirdi. Az sonra şəhər üzərindən asılmış duman tamam çəkilib getdi, küləyin qovub apardığı tüstü kimi.

7 min
Üçüncü hissə, dördüncü fəsil

Başı üzərindəki radionun səsinə ayılanda hava işıqlanmışdı. Dikəlib oturdu. Yuxulu, şişmiş gözlərini ətrafa dolandırdı və təbii ki, ilk əvvəl neçə gün kənardan-kənara müşahidə elədiyi, ancaq yaxınlaşıb danışdırmadığı uşaqların yerinə baxdı. Kimsə yoxdu. «Gediblər dilənməyə»— deyə düşündü və xatırladı ki, onun özünün də təkcə bü günlük yüngülvarı yemək üçün pulu qalıb. Bəs sabah nə edəcək? Nə yeyəcək? Şəhər dilənçiləri ilə onun arasında cəmisi bircə günlük məsafə qalıb. Bəli, sabah o da adicə, ancaq təcrübəsiz bir dilənçi ola bilərdi. Bunu o bacarardımı?!—Yox! —dedi öz-özünə.Ayağa qalxdı... hər səhər qəlyanaltı elədiyi kababxanaya sarı addımladı. Üç-dörd addım atmış əlini cibinə salıb qalan pulunu yoxlamaq istədi. Və heyrətdən donub qaldı. Pul cibində yox idi. Ayaqları yerə yapışdı. Bilə-bilə ki, pulu həmişə qoltuq cibində gizlədərdi, o biri ciblərini də axtardı, yox idi. O geri qayıdıb dirəyin dibini — yatdığı yeri yoxladı. Puldan əsər-əlamət tapmayıb taqəti kəsildi, yerə oturdu. Və xatırlamağa çalışdı ki, axırıncı dəfə pulu harada yoxlamışdı. Axşam, bəli, axşam elə burada, yatmamışdan əvvəl əlini cibinə salıb pulun, axırıncı ümidinin qoynunda olduğunu yəqinləşdirəndən sonra rahat uzanmışdı. Demək, pul burada zavala gəlmişdi. Əlbəttə, aydın məsələ idi ki, pulu dörd-beş addım aşağıda, təpənin ətəyində gecələyən uşaqlar çıxartmışdılar. Sözsüz, bu, onların arasında diribaşlığı, cüvəllağılığı ilə seçilən Səxi adlı oğlanın işi idi. «Ac qılınca gələr» məsəli Elməddinin yadına düşdü və pul oğurlayanı qınamadı. Onsuz da o qəpik-quruş Elməddini bir yerə çıxaran deyildi.

9 min
Üçüncü hissə, beşinci fəsil

Yaşıl xiyabanın qurtaracağına çatanda iri taxta darvazalı həyətin qənşərində Məhəmməd Şəfi addımlarını yavaşıtdı. Yol uzunu danışmamışdılar. Gələn-gedən, səs küy o qədər çoxdu ki, ağız deyəni qulaq eşitmirdi. Rəhgüzər də, Elməddin də öz aləminə dalıb yanaşı yeriyirdilər. Elməddin belə görkəmli adamla yol yoldaşı olduğuna görə yaman sevinirdi, hər şeyi — aclığını da, dərdi-sərini də unutmuşdu.Şəhər camaatı, görünür, şairi yaxşı tanıyırdı. Qabaqlarına çıxanlar ayaq saxlayıb hüsn-rəğbətlə ona baxır, çoxu da salam verirdi. Elməddin neçəsinin pıçıltısını da eşitmişdi: «Şair Rəhgüzərdir» — Budur?» «Hə, özüdü ki var. Bizim xiyabanda yaşayır. Böyük adamdır». Üst-başının yaman gündə olduğuna, üzünü qırxmadığına görə Elməddin onunla yanaşı getməkdən utanır, bacardıqca dala qalmaq istəyirdi.

7 min
Üçüncü hissə, altıncı fəsil

Elməddinin görkəmi tamam-kamal dəyişmişdi. Uzun, yaşına yaraşmayan saqqalını vurdurmuş, əyninə təzə, ingilis parçasından tikilmiş kostyum geymişdi. Ayağındakı qara ayaqqabılar uzaqdan par-par parıldayırdı. Ağ göynək üstündən vurulmuş qara qalstuk ona necə də yaraşırdı. Xaricən o qədər dəyişmişdi ki, tanıyıb-bilənlər, hətta anası belə qarşısına çıxsaydı, bu şıq geyimli oğlanın Elməddin olduğunu ilk baxışdan ağlına belə gətirməzdi, Məhəmməd Şəfinin və ailəsinin köməkliyi, mehribanlığı sayəsində o, səfalətii, aclığın, dilənçiliyin dəhşətli pəncəsindən xilas olmuşdu. Yatmağı, yeməyiiçməyi onlarda idi. O qədər hörmət, ehtiram eləyirdilər ki, sıxılırdı və onların xəcalətindən ömrü boyu çıxa bilməyəcəyini düşünüb darıxırdı. Xüsusilə Məleykə xanımın qonaqpərvərliyi, ürəyi açıqlığı Elməddini yamanca mütəəssir eləyirdi «Elməddin qardaş» deyəndə ona elə gəlirdi ki, heç vaxt olmamış və yaxud bir zaman itkin düşmüş bacısının səsini eşidir. Ailədə hökm sürən səmimiyyət, qarşılıqlı ehtiram Elməddində xoş, hər cür paxıllıq və həsəddən uzaq bir qibtə hissi doğururdu. Heç kəs ucadan danışmazdı. Kimsə özünün arzusunu, istəyini gizləməzdi və kimsə də bu arzuya-istəyə qarşı qılınc çəkib onu susdurmazdı. Elməddin düşünürdü: Məhəmməd Şəfi xoşbəxt adamdı ki, belə ailəsi var. Təmiz, mehriban. Şair ailəsi məhz belə də olmalıdır.Elməddin təzə pal-paltarını alıb gətirəndə Məhəmməd Şəfi də, Məleykə xanım da o qədər sevinmişdilər ki, elə bil ata-ana öz doğma oğlunu geyindirib-kecindirmək istəyirdi.

5 min

Poems by other poets