Üçüncü hissə, beşinci fəsil
Yaşıl xiyabanın qurtaracağına çatanda iri taxta darvazalı həyətin qənşərində Məhəmməd Şəfi addımlarını yavaşıtdı. Yol uzunu danışmamışdılar. Gələn-gedən, səs küy o qədər çoxdu ki, ağız deyəni qulaq eşitmirdi. Rəhgüzər də, Elməddin də öz aləminə dalıb yanaşı yeriyirdilər. Elməddin belə görkəmli adamla yol yoldaşı olduğuna görə yaman sevinirdi, hər şeyi — aclığını da, dərdi-sərini də unutmuşdu.
Şəhər camaatı, görünür, şairi yaxşı tanıyırdı. Qabaqlarına çıxanlar ayaq saxlayıb hüsn-rəğbətlə ona baxır, çoxu da salam verirdi. Elməddin neçəsinin pıçıltısını da eşitmişdi: «Şair Rəhgüzərdir» — Budur?» «Hə, özüdü ki var. Bizim xiyabanda yaşayır. Böyük adamdır». Üst-başının yaman gündə olduğuna, üzünü qırxmadığına görə Elməddin onunla yanaşı getməkdən utanır, bacardıqca dala qalmaq istəyirdi.
– Dala niyə qalırsan, Elməddin?
– Gəlirəm, ustad, — deyə cavab verirdi.
Məhəmməd Şəfi darvazanın ağzında ayaq saxlayanda Elməddin qapının sol tərəfinə vurulmuş balaca lövhəni oxudu: «Məhəmməd Şəfi Rəhgüzər».
«Demək, məni evinə gətirib!» — deyə düşünən Elməddinin ürəyi əsim-əsim əsdi. Etiraz etmək üçün nəsə demək istədi, ancaq şair ona imkan vermədi:
– Buyur, — dedi və darvazanı itələyib açdı. — Bu bizim evdir! — Həyətin ortasında balaca bir hovuz vardı. Budaqları hovuzun üstünə əyilmiş yaşıl söyüd ağacının altında alçaq, pardaxlanmış stol və üç dənə də stul qoyulmuşdu. Həyəti əhatə eləyən hasarın dibində, dövrələmə güllər əkilmişdi. Üzü gündoğana baxan birmərtəbəli evin pəncərələrinə gün işığı düşüb şüşələri parıldadırdı. Darvazanın cırıltısını eşidən kimi üç uşaq evdən hay-küylə, həyətə qaçışdı. Qabaqda gələn qıvrımsaçlı yeddi-səkkiz yaşlı oğlan uşağı idi, dalınca kilkəbaşlı iki qız—ondan kiçikdilər, — atalarına sarı qanadlandılar. Kənar adam görüb kiridilər.
– Bunlar mənim balalarımdırlar, — deyə Rəhgüzər üzündə xoşbəxt ata təbəssümü Elməddinə sarı döndü.
– Maşallah, — deyə o, şairin balalarına baxıb gülümsündü.
– Yaxın gəlin, əmiynən tanış olun.
Əvvəl oğlan irəli yeridi, kişiyana bir ədayla, yaşına yaraşmayan ciddiyyətlə salam verdi. Elməddin əlini irəli uzatdı.
– Mənim adım Bəbrəkdi. Bəs sizinki nədi? Uşağın sualından Elməddin qızardı, adını dedi. Bu qayda ilə qızlar da yaxın gəlib təzə qonaqla tanış oldular.
– Jalə. — Böyük qızın adı belə idi.
– Rəbiə. — Mırıq dişlərini ağardan kiçik qızın da adı belə idi.
Söyüd ağacının altına toplaşdılar. Elməddin indi baxıb gördü ki, hovuzun içində qızıl balıqlar üzür. Necə də gözəl idilər. Heç yana tələsmədən, ağır ləngərlə arxayın-arxayın hovuzun bu başından o başına çatır, mayallaq vurub təzədən geri dönürdülər.
– Burda oturaq, ya evdə, Elməddin? — deyə Məhəmməd Şəfi balıqlara uşaq aludəçiliyi ilə baxan qonağa müraciət elədi. Elməddin gözlərini hovuzun aram suyundan çəkib şairə baxdı:
– Bura yaxşıdı, ustad, — dedi.
– Biz yayda burda otururuq. Ev bürkü olur,—sonra o, mizi lap hovuzun qırağına çəkdi, stulları böyrünə düzdü, — əyləş. Harda kefin istəyir, orda da otur...
Elməddin üzü hovuza tərəf əyləşdi.
Bu ara eyvandan bəstəboylu, başına ağ örpək örtmüş, sadə, ağ don geymiş bəyaz sifətli, üzündə gülümsər bir ifadə olan qadın asta qədəmlərlə onlara yanaşdı...
– Xoş gəlibsiz, — yavaşca dilləndi.
– Xoş gününüz olsun, bacı...
– Bu mənim yoldaşımdır. Məleykə xanım.
– Çox şadam, ustad.
– Amma, Məleykə xanım, sən bilirsənmi bu ağa kimdir? Məleykə utancaq nəzərlərlə ilk dəfə gördüyü qonağa ötəri nəzər saldı və «yox» mənasında başını buladı.
– Tanıyırsan, tanıyırsan. Şəxsən olmasa da, qiyabi tanıyırsan. Yadındadı, qəzetimizdə iki şer çıxmışdı. Sən də dedin, hə, bax, buna şer deyərəm, ha.
– A, yadıma düşdü. Ağayi Elməddin.
– Özüdür ki, var.
– Çox gözəl. — Sonra əlavə elədi, — gözəl şerlər idi. Hətta mən onları kəsib saxlamışam da.
Elməddin təşəkkür eləməyə söz tapmırdı. Müxtəsərcə dedi:
– Lütf eləmisiniz, xanım. Çox məmnunam. Məhəmməd Şəfi özü də stul çəkib oturdu:
– Bizim xanım şeri, sənəti, rəsmi özündən də, məndən də çox istəyir. Xüsusən lirik əsərləri, gülməli, mənalı rəsmləri çox sevir. Mənim ilk oxucumdur. Yazılarımı birinci ona oxuyuram.
Məleykə xanım sıxıla-sıxıla dedi:
– Yaxşı, sən allah, az təriflə məni. Yəqin ac olarsınız, yemək gətirim.
– Hə, hə, gətir, görək nəyin var.
– Elməddin qardaş, buna çox ümid olmayın, bu ki şerdənsənətdən başladı, qurtaran deyil. Qonaqlarına çörəkdən-xörəkdən çox, söz yedirdir, — deyə Məleykə həlim-həlim gülümsünüb ərinə sataşdı.
– Xoşdur, Məleykə bacı, onun hər sözü mənim üçün qızıldan da qiymətlidir.
Uşaqlar sakit dayanmışdılar. Elə bil, burda heç uşaq yoxdu. Yanyana durub böyüklərin söhbətinə qulaq asır, kəlmə də kəsmirdilər.
– Əvvəl dur bir yaxşı-yaxşı əl-üzünü yu, Elməddin. Bəbrək, oğul, əmiyə göstər əlüzyuyanın yerini.
– Yaxşı.
Elməddin Bəbrəkin ardınca eyvanın yanında sütuna bərkidilmiş əlüzyuyana sarı getdi. Günün altında qalıb isinmiş ilıq suyla yuyundu – Bəbrəkin evdən gətirdiyi tiftikli dəsmalla qurulandı.
– Oxuyursanmı, Bəbrək?
– Hə.
– Neçənci sinifdə?!
– Birincini qurtarmışam.
– Oxuyub nə olmaq istəyirsən, Bəbrək.
– Kitab yazan olacağam. Elməddin güldü:
– Qibləgahının yoluynan getmək istəyirsən, hə? Bəbrək başını tərpətdi.
– Bərəkallah. Bərəkallah.
Ortalığa xörək gələndə uşaqlar kölgə kimi çəkilib getdilər. Miz arxasında Elməddin və Rəhgüzər qaldı. Məleykə plov bişirmişdi. Əvvəl Rəhgüzər özü bismillah elədi. Sonra qonaq başladı. Ac olduğuna görə, çoxdan belə ləzzətli ev xörəyi dadmadığına görə o, iştahla yeyirdi. Nahar səssiz-səmirsiz keçdi. Süfrəni yığışdıranda Elməddin Məleykəyə dil-ağız elədi:
– Uşaqların toyunda yeyək, Məleykə xanım.
– Sağ olun, nuşi-can olsun.
– Məleykə, bir yaxşı çay dəmləsən, lap olar əla. — Məhəmməd Şəfi əlini yumşaq kağız salfetkaya sildi.
– Elməddin qardaş qara çay içir, ya göy çay?
– Hansından oldu.
– Göy çay gətir. Yanğımızı yatırsın, — deyə Məhəmməd Şəfi əlini saçlarına çəkdi. Məleykə getdi. Elməddin narahatçılıqla dedi:
– Bu gün sizi işdən elədim, ustad. Gərək məni bağışlayasınız.
– Yox, yox. Heç narahat olma. Elə belə, özüm idarəyə getmişdim. Bu gün bizim iş günümüz deyildi. Əməkdaşları da buraxmışam. İstirahətdədirlər.
– Neçə əməkdaşınız var?
– Özümdən başqa üç. Bir nəfər də təypistimiz var. Çox adam götürə bilmərik. Maddi imkanımız yoxdur. Dövlət bizə bir qran da pul buraxmır. Hamısının xərci mənim boynumadır.
– Ağırdı, əlbəttə.
– Ağırlığına dözmək olar — o, ah çəkdi. — Təki çəkdiyimiz zəhmətin millət üçün, vətən üçün bir faydası olaydı.
Məleykə iki çaynik çay gətirdi. Sınmayan qəhvəyi piyalələrin birini qonağın, o birini ərinin qabağına qoydu. Qənddan rəngbərəng konfetlə, noğul və qəndlə dolu idi. Hərəsi özü üçün çay tökdükdə Məleykə çəkilib getdi.
– Ustad, mən fikir vermişəm, camaat rəsmi qəzetlərdən çox qeyri-rəsmi, şəxsi qəzetləri daha çox oxuyur.
– Çünki qeyri-rəsmi qəzetlər həqiqəti yazırlar. O şeyləri yazırlar ki, rəsmi qəzetlər onlar barədə ağzına su alıb susur. Amma biz yazırıq. Çünki yazmamaq mümkün deyil. Susmaq mümkün deyil, susmaq vicdansızlıqdır.
Bəbrəkin qaça-qaça gəlməsi söhbəti yarımçıq qoydu:
– Ata, səni telefona çağırırlar...
– Kimdi?
– Bilmirəm, deyir... sözüm var... Bir kişidi.
Məhəmməd Şəfi evə gəldi. Kimləsə, nə barədəsə danışıb dəstəyi telefonun üstünə qoyanda arvadının yanında dayandığını gördü. Məhəmməd Şəfi əlini onun yaraşıqlı, xallı çənəsinin altına sürtüb:
– Nə təhərsən, mənim Məlaikəm! — dedi. — Sözlü adama oxşayırsan?—Məleykə ərinin ona qarşı həssaslığından məmnun halda gülümsündü:
– Elməddin deyəsən lap kasıbdı hə, Şəfi? Üst-başından... — Məhəmməd Şəfi ciddiləşdi:
– Hə, Məleykə. Onun dərdi böyükdü.
– Nə olub ki?
Məhəmməd Şəfi müxtəsərcə Elməddinin başına gələn əhvalatı arvadına söylədi.
– Belə de. Yazıq. Gərək alaydı, özü də didərgin düşməyəydi, o bədbəxti də təzədən bədbəxt eləməyəydi.
– Qardaşının arvadını alaydı, hə?1
– Nə olardı ki?!
– Bizim millətin bundan da murdar bir adəti olduğunu bilmirəm mən, Məleykə. Çox murdar qaydadı, çox murdar!!! Ani fikrə gedəndən sonra Məleykə də razılaşdı:
– Düz deyirsən, pis adətdi.
– Gəlib çıxıb bura. Nə pulu var, nə üst-başı, nə də qalmağa yeri. Kəndə də qayıtmaq istəmir.
– Əgər camaat elə deyirsə, yazıq nə üznən qayıtsın kəndə?
– İstəyirəm ona kömək eləyim, Məleykə. İstedadlı oğlandı. Arada-bərədə itib-batmasın. Onun şer yazmaqdan savayı, yaxşı əl qabiliyyəti də var, şəkil çəkir. Bizə qəzetimizi bəzəmək üçün hökmən bir rəssam gərəkdir. İndi qəzetimizdə yerimiz yoxdur, başqa yerdə bir iş taparam. İşlər, qəzetlə də əlaqə saxlar. Sonra imkan olanda gətirərəm yanıma.
– Nə deyirəm ki, özün bilən məsləhətdi, Şəfi. Şəfi Elməddinin yanına qayıtdı...
– Darıxmadın ki.
– Yox, ustad. Darıxmadım. Ancaq indi mənə icazə verin yavaş-yavaş gedim.
– Hara?
– Hara gedəcəksən?
– Görüm başıma nə çarə qılıram.
Məhəmməd Şəfi papirosunu yandırdı. Damağına qoyub sümürdü. Elə bil, nəsə demək istəyirdi, ancaq tərəddüd eləyirdi. Nəhayət, söylədi:
– Sən hələlik iş və yer düzəldənəcən bizdə qalacaqsan.
– Yox, ustad. Sağ olun.
– Qulaq as. Bizdə qalacaqsan. Al. — O, cibindən iki dənə göy min rupilik çıxardıb Elməddinin qabağına qoydu, — götür bu pulu. Özünçün kostyum al. Dəlləyə get... Sonrasını fikirləşərik.
Elməddin etiraz edirdi:
– Yox, vallah, ustad. Siz mənə lap xəcalət verirsiniz.
– Borc verirəm, — dedi. — Dövlətlənsən, qaytararsan.
– Götürmərəm.
– Götür, götür! —söylədi və demək olar ki, zorla pulu onun cibinə dürtdü və gülə-gülə əlavə etdi: — Amma ehtiyatlı ol ki, dilənçilər cibindən çəkməsinlər. İndi get, axşama yenə bizə gəl. Eşitdin?.. Elməddin böht, heyrət və xəcalət içində darvazadan çıxdı. Öz-özünə düşünürdü: «İlahi, bu, peyğəmbərdi, nədi?»
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-itkin-gelin-ucuncu-hisse-besinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Bağışlanandan bir neçə dəqiqə sonra Yusifin gözlənilməz ölümü evdə dəhşətli, soyuq, tükürpədən bir boşluq əmələ gətirmişdi. Elə bir boşluq və mənasızlıq ki, adamın canına üşütmə salırdı. Bundan belə həyatın davam edə biləcəyinə şübhə doğururdu. Sanki bu üç nəfər dərdli insanı dünyada maraqlandıracaq heç nə, heç şey qalmamışdı. Hamısı Yusifin ağ kəfəni içərisində qara torpaqlar altında gömülmüşdü.Günlər, həftələr ötüb keçdikcə Yusifin qəbri köhnəlir, çökürdü; ancaq Elməddinin düzəltdiyi başdaşı qəbiristanlığa gələnləri hüznlə ayaq saxlamağa məcbur edirdi. Doğrudan da Yusifin dərdi adam qocaldan dərd idi: bunu ana da, qardaş da, Əfsanə də dərindəndərinə duyur, anlayırdı və anlaya-anlaya saatbasaat, günbəgün qocalırdılar.
İkinci hissə, ikinci fəsilAğ dağın başında ötən ildən qalan xarlanmış, qurdlamış qarın üstünə təzə qar yağmışdı, amma ətəklərində yerləşən kəndlərdə, obalarda qızıl payız hökmranlıq eləyirdi. Gündüz havalar mülayim keçsə də, gün əyiləndən sonra soyuyur, gecələr səkilərdə, damlarda yatan adamlar üstlərinə yorğan örtürdülər. Payızın soyuq nəfəsi ağacların saçına daraq çəkmişdi. Qış addım-addım dağların zirvəsindən sürüşüb aşağı enirdi.Sarsıntılı anlar, günlər, dəqiqələr arxada qalmışdı.
İkinci hissə, üçüncü fəsilPayızın son günü idi. Duman dağlardan üzüaşağı sallanır, Ədnanın üstünü alırdı. Havadan yağış qoxusu gəlirdi, ara-sıra haralardasa göy guruldayır, uzaqlarda qızılı şimşəklər bulud laylarını yarıb göyləri titrədirdi. Amma güclü yağış əvəzinə çiskin başladı. Sanki payız ömrünün son dəqiqələrini yaşayan qoca kimi ağlayırdı; ürəkdolusu ağlamaq üçün göz yaşı qalmamış qoca kimi...Səbihə əkin yerindən, bağ-bağçadan yığdığı ələf-əncəri islanmasın deyə çardağın altına yığa-yığa Elməddinin o günkü qəti cavabı barədə düşünürdü: «Gedəcəyəm». O, oğlunun xasiyyətini hər kəsdən daha yaxşı bilirdi: ağlına bir şey düşməsin, düşdümü, onu yerinə yetirməyincə rahat olan deyildi. İnadkarlıq, sözündən dönməzlik onun uşaqlıqdan canına-qanına hopmuşdu.
İkinci hissə, dördüncü fəsilÇarə tapılmışdı. İndi Elməddini buralarda saxlamaq üçün yalvarıb-yaxarmaq, əl-ayağına düşmək lazım deyildi. Sadəcə olaraq onu evləndirmək gərəkdi. Səbihə yaxşı bilirdi ki, kişilər (hər halda böyük əksəriyyəti) arvadcanlı olur. Elməddin də artıq kişilik həddinə çatmış bir cavandı. Şübhəsiz, onun da belə bir fikri olmamış deyildi. Bundan əlavə, o gün Həzrətgül gedəndən sonra dəsmalının yadından çıxıb qaldığını bəhanə edərək geri qayıdan Nazənin Səbihə arvadın qulağına pıçıldamışdı: «Sənin deyəsən əsl mətləbdən xəbərin yoxdu, xala».«Nə mətləb, qız?»—deyə Səbihə maraqla soruşanda Nazənin qayıdıb cavab vermişdi ki, «hələ Yusif rəhmətlikdəi qabaq Əfsanəni Elməddin istəyirdi. Uşaq açıb-ağartmağa imkan tapmadı, Yusif qabağa düşdü, qızı aldı. Daha bu yazıq da səsini çıxara bilmədi. Bildin, məsələ belə olub. İndi... hazır gəlindi, oturub evində. Uşağın əl-ayağını bir yerə yığ, qoy yaşasınlar... Əfsanə də onu istəyirdi. Hətta siz elçiliyə gələndə biçarə elə bilmişdi ki, onu Elməddin üçün alırsınız».