Page 2 of 3 · 33%

Salmanın, Nadirənin ağır, sarsıntılı günlərində Gülmirə elə bilirdi ki, institutda daha heç kəs Mirzə Yanarın əsəri məsələsinin üstünə qayıtmaz, qayıtmaq istəməz. Ancaq görünür, səhv edirmiş. Lap bu yaxınlarda, bir həftə bundan qabaq, Nurəddin Osmanzadə Gülmirəni yanına çağıraraq həmin işi axıra çatdırmağın vacibliyini izah etmiş və tələb eləmişdi ki, Salmanın əlyazmalarını nəzərdən keçirsin, görsün ki, xətt doğrudan da onundur, ya yox? Gülmirə direktorun çox laqeyd, soyuqqanlılıqla dediyi bu sözləri dinlərkən ondan zəhləsi getmişdi. «Onlar nə hayda, bu nə hayda. Necə də ürəksiz adamdı, aman allah!» — deyə düşünmüşdü və təəccübünü, heyrətini gizləyərək:

– İndi heç yeri deyil, professor, — demişdi. — Salmanın dərdi özünə bəsdi. Təzədən, onun bu halında heç yerinə düşməz, Nurəddin müəllim. — Sonra fikrən geri, o müsibətli günlərə qayıdıb Nurəddinin, bir ağsaqqal, direktor, həmkar kimi özünü necə apardığını yadına salmışdı. Nurəddin cəmi iki dəfə yas yerinə gəlmişdi. Yarımca saat oturub bir stəkan çay içmiş, Salmana və Nadirəyə başsağlığı verib getmişdi. Daha neyləməliydi? Heç nə. Amma sadəcə Nurəddinin ürəyində, gözlərində bu boyda fəlakətə adi bir şey kimi baxan bir adamın laqeydliyini duymuşdu Gülmirə; canyanğısı, qayğı, dərdə şərik olmaq yox idi o ürəkdə, o gözlərdə və bu, Gülmirənin içini üşütmüşdü elə o vaxt. İndi isə, budur, Nurəddin yenidən o məsələnin üstünə qayıtmaq fikrindədi.

– Yox, qız. Aydınlaşdırmaq lazımdır. hadisə oldu, keçdi getdi. Siz bunu yoxlayıb axıra çatdırın. Elə eləyin heç Salman özü bilməsin. Nadirə vasitəsiylə bu işi görün. Mən inanmıram ki, Orxan da, sən də bu boyda səhv eləmiş olasınız. Digər tərəfdən də, bu məsələdə nə Salmanın, nə də Nadirənin sözünə inanmaq olar. Salman deyir — mənim xəttimdi, Nadirə də onu təsdiq eləyir. Əlbəttə Nadirə eləyəcək. Arvadıdı Salmanın. Onların heç birinə inanmamalıyıq... — demişdi. İndiyə qədər Nurəddin barədə eşitdikləri də, gördükləri də yalan olmuşdu Gülmirə üçün. Yalnız bu söhbət Nurəddini ona çox yaxşı tanıtdırmışdı; o, təpədən-dırnağa qızıl da olsa, dahi də olsa, ən adi insani keyfiyyətlərdən, insanlıqdan, ürəkdən məhrum bir adam kimi beynində, yaddaşında həkk olunub qalmışdı. Yəqin ki, həmişə də belə qalacaqdı. Çünki yaddaşa yazılanı fələk özü də poza bilməz. Gülmirə direktorun kabinetindən pərişan çıxmış, dəhlizdə Sakitə rast gəlmişdi. Sakit onun kefinin niyə belə pozulduğunu görüncə səbəbini soruşmuş, o da Nurəddinlə olan söhbətini Sakitə danışmışdı. Sakit Ceyhunu lap yaxından tanımasa da, ölümünü ailə üçün böyük itki sanırdı. Salmanın, Nadirənin dərdinin ağırlığını, dözülməzliyini bir qələm əhli kimi dərindən duyur, öz faciəsi kimi yaşayırdı. Haçansa lazımı olacağı, bəlkə də yazacağı bu fəlakəti Sakit, müstəntiq Hacı Əliyevdən az izləmirdi — Salmanın da, Nadirənin də, hərəkətlərinə, danışıqlarına diqqət yetirir, Hacı kimi təhqiqat aparırdı hardasa o da özünü bir müstəntiq hesab eləyirdi. Həyatın, cəmiyyətin, insan talelərinin ədalətli müstəntiqi... Hacının cinayətkarı axtarıb tapması, qanunun mühakiməsinə verməsi, cəzalandırması işinin əsas xüsusiyyəti idi. Sakit isə, təxminən eyni işi görsə də, Hacıdan fərqli cəza verirdi qatilə. Cinayətkara, pis və alçaq adamlara Hacının verdiyi cəza protokola yazılırdı, tərcümeyi-halına yazılırdı, müəyyən vaxt ölçüsü içində öz hökmünü qüvvədə saxlayır, sonra gücünü itirir və çox vaxt unudulub gedirdi. Sakitin cansız kağız vərəqi üzərində damğaladığı adam isə ömürlük məhkum olunurdu. Onun kitabının səhifələrinə yazılmış ölüm hökmü də, «sən pis adamsan, oğrusan, qatilsən, əclafsan» fikri də əbədi olurdu — heç olmasa kitab ömrü qədər olurdu. Kitab isə insandan çox yaşayır. Əgər sən günahkarsansa, vicdansızsansa, ürəksizsənsə, yaltaq və ikiüzlüsənsə və kitabına məhz beləcə düşübsənsə, beş gün sonra dəyişilib qızıl olsan da, günahını öz qanınla yumuş olsan da, sənə nicat yoxdur. Həmişə, ölənəcən və öləndən sonra da o kitabın səhifəsində Sakit yazan kimi qalacaqsan çünki yazıya pozu yoxdur.

Nurəddin isə bu hikmətdən, özünün nadanlığı üzündən xəbərsiz idi. Onun iki daşın arasında Salmandan əl çəkmək istəməməsi Sakiti də dilxor eləmişdi. Təbiətən həssas və xeyirxah insan olan Sakit belə ürəksiz adamlar görəndə yaman sarsılırdı, təəssüf hissi bütün varlığını yandırıb-yaxırdı. İmkanı, ixtiyarı olsaydı, belələrinə cəza verərdi, qovardı hər yerdən — işdən də, cəmiyyətdən də. Təmizləyərdi dünyamızı. Ancaq hayıf ki, buna gücü çatmırdı — gücü bircə qələminə çatırdı. Və elə burdaca da bir ayrı dərd yadına düşürdü — belə adamları sözlə, kitabla islah etmək çətindir. Çünki onlar, bədbəxtlikdən, kitab da oxumurlar. Dəyirman bildiyini eləyir, çaxçax baş ağrıdır. Yox, amma ruhdan düşmək gərək deyil — demək, yazmaq lazımdır. Heç olmasa oxuyanları, bu laqeydlik, bu vicdansızlıq, soyuqqanlılıq, mənəm-mənəmlik, xəyanət, vəfasızlıq mərəzindən qorumaq, xilas etmək, uzaqlaşdırmaq üçün yazmaq gərəkdir, gecə-gündüz qələmə sarılmaq gərəkdir. Sakit Gülmirənin söhbətini dinləyəndən, Nurəddinin qəsdini öyrənəndən sonra, belə məsləhət vermişdi:

– Keçi can hayında, qəssab piy axtarır, buna deyiblər ha. Mənə gün kimi aydındı ki, Nurəddin qəddar adamdır, yazıqların başına o boyda müsibət gəlib, bu isə öz inamsızlığı onlara təzədən zərbə vurmaq istəyir. Yox, Gülmirə, sən bu dərdli vaxtlarında onlara heç nə demə — çox pis təsir eləyər. Necə deyərlər, ağa durur, Ağacan durur; Salman heç yerə qaçmır. Əgər o, doğrudan bu cinayəti eləyibsə, ondan heç vaxt yaxa qurtara bilməyəcək. Qoy bir az keçsin, ağrıları kütəlsin, özləri gəlsinlər, sonra Salmanın əlyazmasını gətirib qoyarsan direktorun qabağına. Bu düyün məhz onda açılacaq. Sənin kimi mən də şəkk ilə yəqin arasında qalmışam. Əgər məsələ Orxan deyən kimi olsa, onda Salmanın işi həqiqətən fırıqdı. Onda Salman hamının gözündə ölmüş, rüsvay olmuş olacaq. Yox, əgər bu, yalan çıxsa, sən pis vəziyyətdə qalacaqsan. Bunu sənə heç kəs, xüsusən Salman özü heç vaxt bağışlamayacaq.

Çox istədiyi, tamamilə ciddi və eyni zamanda ağıllı bir adam hesab elədiyi Sakitin sözləri Gülmirənin beyninə batmışdı: elə o özü də bu fikirdəydi. Sakitin dedikləri onun şübhə və nigarançılığını bir az da artırsa da, əlyazması məsələsini hələlik tərpətməmək fikrini möhkəmləndirdi.

Lakin üç gün sonra, istirahət günü Nadirəyə baş çəkməyi üçün onlara gələndə heç özü də bilmirdi ki, haçan Nadirəyə əhvalatı açıb demişdi. Onlar Ceyhunun otağında oturmuşdular. Salman kabinetdəydi və Gülmirənin üzünə çıxmamışdı. Nadirə Nurəddinin Salman məsələsini təzədən qurdaladığı xəbərini eşidəndə həqiqətən sarsılmışdı. Gözlərindən yaş çıxarmasa da, ağlar səslə söyləmişdi:

– Necə rəhmsiz, düşüncəsiz adamdı bu, ay allah! Həssaslıq, qayğıkeşlik deyilən şey yoxdu bu kişidə! Axx... yaxşı, eybi yoxdu. Sabah mən gətirərəm Salmanın əlyazmalarını, özü baxsın, yoxlasın, soxsun gözünə. Bəlkə sonra inana. Ancaq Salman əminə heç nə demə. Qoy bilməsin.

– Yaxşı... — demişdi Gülmirə və kim bilir neçənci dəfə əzilib xırdalanmışdı. Bütün bu xoşagəlməz söz-söhbətdə ancaq özünün günahkar olduğunu neçənci dəfə etiraf eləmişdi, sıxıla-sıxıla Nadirənin ağlar sifətinə baxıb başını aşağı salmışdı. Lakin elə bu zaman, divanın üstünə atılmış telefon səslənmişdi. Nadirə həvəssiz, ölgün halda dəstəyi götürmüş:

– Bəli, eşidirəm. — demişdi. Lakin zəng eləyən səsini çıxarmayıb susmuşdu. Nadirə xanım əsəbi halda: — Ay qızım, səsini niyə çıxartmırsan? Niyə məni dəli eləyirsən?—deyə az qala yalvarmışdı. O başda, zəng eləyən dəstəyi asandan sonra, Nadirə, divana yayxanıb ah çəkmişdi:

– Kimdisə... elə hey zəng eləyir. Salman götürür, susur, mən götürürəm, susur. Bilmirəm, kimdisə, yazıq balamı axtarır, onun səsini eşitmək istəyir.

– Bəs nə bilirsən qızdı, Nadirə xanım!

– Bilirəm, lap siftə, bir dəfə çaşıb səsini çıxarıb. «Cek»— deyib... heç onda yeddisi çıxmamışdı tifilimin. Ondan sonra həftədə iki-üç dəfə elə bu vaxtlar zəng eləyir, səsini çıxarmır. Kimdisə tifilimin başına gələn müsibətdən xəbərsizdi, Gülü. Kimdi görəsən? Kaş tapa biləydim, tanıya biləydim, Gülü. Nadirə bu sözləri yana-yana demişdi və Gülmirə bu hisslərin özünə nə qədər doğma olduğunu duyub kədərlənmişdi. O vaxt, neçə il bundan qabaq, Orxanın qəbri üstə Şirin arvadla görüşü və ananın ağlaya-ağlaya dediyi sözlər yadına düşmüşdü, iki dərd bir-birinə qarışıb kövrəltmişdi onu. Demək Ceyhunun da istəklisi varmış. Nadirə xanımın da, Şirin arvad kimi, bundan xəbəri yoxmuş. Şirin arvad gec də olsa, oğlunun məzarı başında da olsa, Gülmirəni tapmışdı, görmüşdü, boynuna sarılıb ağlamışdı. Nadirə isə tanımırdı o qızı. Görməmişdi. Bu da ana üçün bir dərd olmuşdu. Demək o, tək oğul yox, toy da itirmişdi, gəlin də itirmişdi, hələ bəlkə neçə nəvə də itirmişdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Üçüncü hissə, üçüncü fəsil

Elməddin səhər ayılanda uşaqları yerində görmədi; onlar şəhərə səpələnmişdilər: hərəsi öz «sahəsinə».Elməddin bir xeyli yerindən tərpənmədi: bədəninin əzaları, sümükləri sızıldayırdı. Kürəyini torpağa söykəyib yatmışdı — ona görə ciyərlərinə soyuq dəyməyəcəyinə əmin idi. Hələ kənddə olanda qocalardan eşitmişdi ki, torpağa; kürək söykəyib yatanın soyuqdəymədən qorxusu yoxdur. Üşüməyinə üşümüşdü. Yay gecəsinin ayazı hər necə olsa bədənini yüngülcə silkələyib titrətmiş, tüklərini biz-biz eləmişdi, Şəhər cana gəlib dirçəlmişdi. Küçələrdə, xiyabanlarda gedişgəliş başlamışdı; bunu o, getdikcə artan səs-küydən aydın hiss eləyirdi. Şəhərin üstünü dağlardan enib gəlmiş duman bürüdüyündən on addımdan o tərəfi görmək mümkün deyildi. Şəhərin ətrafındakı haçabelli dağın arxasından baş qaldıran günəş göyə milləndikcə duman yavaş-yavaş seyrəlir, görüm dairəsi genişlənirdi. Az sonra şəhər üzərindən asılmış duman tamam çəkilib getdi, küləyin qovub apardığı tüstü kimi.

7 min
Üçüncü hissə, dördüncü fəsil

Başı üzərindəki radionun səsinə ayılanda hava işıqlanmışdı. Dikəlib oturdu. Yuxulu, şişmiş gözlərini ətrafa dolandırdı və təbii ki, ilk əvvəl neçə gün kənardan-kənara müşahidə elədiyi, ancaq yaxınlaşıb danışdırmadığı uşaqların yerinə baxdı. Kimsə yoxdu. «Gediblər dilənməyə»— deyə düşündü və xatırladı ki, onun özünün də təkcə bü günlük yüngülvarı yemək üçün pulu qalıb. Bəs sabah nə edəcək? Nə yeyəcək? Şəhər dilənçiləri ilə onun arasında cəmisi bircə günlük məsafə qalıb. Bəli, sabah o da adicə, ancaq təcrübəsiz bir dilənçi ola bilərdi. Bunu o bacarardımı?!—Yox! —dedi öz-özünə.Ayağa qalxdı... hər səhər qəlyanaltı elədiyi kababxanaya sarı addımladı. Üç-dörd addım atmış əlini cibinə salıb qalan pulunu yoxlamaq istədi. Və heyrətdən donub qaldı. Pul cibində yox idi. Ayaqları yerə yapışdı. Bilə-bilə ki, pulu həmişə qoltuq cibində gizlədərdi, o biri ciblərini də axtardı, yox idi. O geri qayıdıb dirəyin dibini — yatdığı yeri yoxladı. Puldan əsər-əlamət tapmayıb taqəti kəsildi, yerə oturdu. Və xatırlamağa çalışdı ki, axırıncı dəfə pulu harada yoxlamışdı. Axşam, bəli, axşam elə burada, yatmamışdan əvvəl əlini cibinə salıb pulun, axırıncı ümidinin qoynunda olduğunu yəqinləşdirəndən sonra rahat uzanmışdı. Demək, pul burada zavala gəlmişdi. Əlbəttə, aydın məsələ idi ki, pulu dörd-beş addım aşağıda, təpənin ətəyində gecələyən uşaqlar çıxartmışdılar. Sözsüz, bu, onların arasında diribaşlığı, cüvəllağılığı ilə seçilən Səxi adlı oğlanın işi idi. «Ac qılınca gələr» məsəli Elməddinin yadına düşdü və pul oğurlayanı qınamadı. Onsuz da o qəpik-quruş Elməddini bir yerə çıxaran deyildi.

9 min
Üçüncü hissə, beşinci fəsil

Yaşıl xiyabanın qurtaracağına çatanda iri taxta darvazalı həyətin qənşərində Məhəmməd Şəfi addımlarını yavaşıtdı. Yol uzunu danışmamışdılar. Gələn-gedən, səs küy o qədər çoxdu ki, ağız deyəni qulaq eşitmirdi. Rəhgüzər də, Elməddin də öz aləminə dalıb yanaşı yeriyirdilər. Elməddin belə görkəmli adamla yol yoldaşı olduğuna görə yaman sevinirdi, hər şeyi — aclığını da, dərdi-sərini də unutmuşdu.Şəhər camaatı, görünür, şairi yaxşı tanıyırdı. Qabaqlarına çıxanlar ayaq saxlayıb hüsn-rəğbətlə ona baxır, çoxu da salam verirdi. Elməddin neçəsinin pıçıltısını da eşitmişdi: «Şair Rəhgüzərdir» — Budur?» «Hə, özüdü ki var. Bizim xiyabanda yaşayır. Böyük adamdır». Üst-başının yaman gündə olduğuna, üzünü qırxmadığına görə Elməddin onunla yanaşı getməkdən utanır, bacardıqca dala qalmaq istəyirdi.

7 min
Üçüncü hissə, altıncı fəsil

Elməddinin görkəmi tamam-kamal dəyişmişdi. Uzun, yaşına yaraşmayan saqqalını vurdurmuş, əyninə təzə, ingilis parçasından tikilmiş kostyum geymişdi. Ayağındakı qara ayaqqabılar uzaqdan par-par parıldayırdı. Ağ göynək üstündən vurulmuş qara qalstuk ona necə də yaraşırdı. Xaricən o qədər dəyişmişdi ki, tanıyıb-bilənlər, hətta anası belə qarşısına çıxsaydı, bu şıq geyimli oğlanın Elməddin olduğunu ilk baxışdan ağlına belə gətirməzdi, Məhəmməd Şəfinin və ailəsinin köməkliyi, mehribanlığı sayəsində o, səfalətii, aclığın, dilənçiliyin dəhşətli pəncəsindən xilas olmuşdu. Yatmağı, yeməyiiçməyi onlarda idi. O qədər hörmət, ehtiram eləyirdilər ki, sıxılırdı və onların xəcalətindən ömrü boyu çıxa bilməyəcəyini düşünüb darıxırdı. Xüsusilə Məleykə xanımın qonaqpərvərliyi, ürəyi açıqlığı Elməddini yamanca mütəəssir eləyirdi «Elməddin qardaş» deyəndə ona elə gəlirdi ki, heç vaxt olmamış və yaxud bir zaman itkin düşmüş bacısının səsini eşidir. Ailədə hökm sürən səmimiyyət, qarşılıqlı ehtiram Elməddində xoş, hər cür paxıllıq və həsəddən uzaq bir qibtə hissi doğururdu. Heç kəs ucadan danışmazdı. Kimsə özünün arzusunu, istəyini gizləməzdi və kimsə də bu arzuya-istəyə qarşı qılınc çəkib onu susdurmazdı. Elməddin düşünürdü: Məhəmməd Şəfi xoşbəxt adamdı ki, belə ailəsi var. Təmiz, mehriban. Şair ailəsi məhz belə də olmalıdır.Elməddin təzə pal-paltarını alıb gətirəndə Məhəmməd Şəfi də, Məleykə xanım da o qədər sevinmişdilər ki, elə bil ata-ana öz doğma oğlunu geyindirib-kecindirmək istəyirdi.

5 min

Poems by other poets