İkinci hissə, birinci fəsil
Page 2 of 2 · 50%
Sonra Nəzərin fikri o heykəli yaradanın üstünə gəldi; unutmuşdu kimdi o, adını da özülə yazmamışdılar. Buna təəssüf edə-edə ürəyindən keçirtdi ki, hər kimdisə, o da elə bu şair kimi böyük oğludu bu torpağın; ona görə böyük sənətkardı ki, şair gözlərini o bir parça daşda görən eləmişdi, danışan eləmişdi. İlahi, bu möcüzə deyilmi ki, daş baxır, daş görür, daş sevir, daş həsrət və nigarançılıq mahnısı oxuyur? «Vallah, möcüzədi, billah, möcüzədi!»
Torpaq hər yerdə torpaqdı. Amma torpaq ona görə müqəddəs olur ki, orada, onun qoynunda belə böyük və qeyrətli oğullarımız dəfn olunub. Ona görə müqəddəsdi ki, onların gül vücudları çürüyüb (yox, çürüyüb pis sözdü, onlara yaraşmır, vallah, yaraşmır, billah, yaraşmır), yox əriyib təzədən torpaq olub, gül olub, ağac olub, yenidən bizim yanımıza qayıdıb, gözümüzü, könlümüzü oxşayır! Bu da möcüzədi, vallah, möcüzədi, möcüzə!
O şairlə, torpaq sözüylə bağlı iki xatirə qalıb yadında Nəzərin. İkisini də öz qulaqları ilə eşidib, heç vaxt unuda bilmirdi. Bilirdi ki, şair xəstədi, sağalmayacaq. Dəhşətli xəbəri eşitmək qorxusu ilə yaşayırdı. Ad günündən (bu özü bir müsibət idi ⎯ bütün xalqın, qonaqların yığışdığı böyük məclisdə o özü yox idi, danışanları, ünvanına xoş söz deyənləri evində, radio ilə eşidirdi ⎯ hamı yas içindəydi, camaatın bir gözü ağlayırdı, bir gözü gülürdü. Bu, bəysiz toya bənzəyirdi və belə müsibət, bəlkə də heç kəsin başına gəlməmişdi) az sonra, Nəzər, hamı kimi qorxu içində gözlədiyi o məşum xəbəri eşitdi. Necə sarsıldığını özü də ağıllı-başlı deyə bilməzdi, çünki elə müsibətlər var ki, insan dilinə tərcümə oluna bilmir. Təkcə o yadındaydı ki, o vaxt «Qırmızı məktəb»in direktoru olan Əli müəllimin yanına gəlmişdi. Onu da pərişan görüb əhvalatı bildiyini yəqin edərək, məlul-məlul üzünə baxıb:
⎯ Mən getməliyəm Bakıya, Əli müəllim! ⎯ demişdi, ⎯ elə hesab elə ki, atam ölüb, onun dəfnində hökmən iştirak etməliyəm. Eləməsəm, bunu özümə bağışlaya bilmərəm.
⎯ Hə, hə, get, Nəzər, ⎯ demişdi Əli müəllim və göz yaşlarını gizləmək üçün bağçaya açılan pəncərənin qabağına gəlmişdi.
Dəfn adi dəfn deyildi. Qoca da, uşaq da, cavan da filarmoniyanın geniş zalından gözü yaşlı keçirdi, gözünün ucuyla onun ağ saçlarına, yumulu gözlərinə, sağlığında, tərpənəndə dürr tökülən, ancaq indi əbədilik susmuş o qansız dodaqlarına baxmaq və ömürlük yadında saxlamaq istəyirdi. Fəxri qarovulda duranlar içində uca boylu, enli kürəkli, bığlı, ağ saçlı bir kişi də var idi ki, hönkür-hönkür ağlayırdı, heç cür özünü saxlaya bilmirdi. O, şairin qələm yoldaşı idi. Eyzən tabutda yatana oxşayan kişi ⎯ şairin qardaşı ayaq üstə ölmüşdü. Düzdü, o çox sonra, adi bir təsadüf ucundan dünyadan köçmüşdü, özü də qardaşı haqqında yaxşı bir yadigar ⎯ kitab qoyub köçmüşdü, ancaq, hər dəfə o dəhşətli mənzərəni gözünün qabağında canlandıranda Nəzər fikirləşmişdi ki, yox, o qardaş ⎯ şairin böyük qardaşı elə o günlər ölüb getmişdi, sonra ölən kölgəsiydi, quru canıydı.
Nəzər Bakıda tələbə olan vaxt eşitmişdi ki, indiyə qədər camaat təkcə Cəfəri, qarlı bir qış günü, maşına-filana qoymadan, teatrın binasından düz dağlı məhəlləsinə qədər ⎯ təzə qəbiristanlığa qədər çiynində aparmışdı. Şairi dəfn etdikləri may günündə isə kimdənsə eşitdi ki, Üzeyir bəyi də belə aparıblar son mənzilə. Və həmin şəxs bunu da demişdi ki, o böyük bəstəkarın tabutunun altına girənlərdən biri də elə indi ⎯ o anlarda çiyinlərdə qəbr evinə aparılan şairin özü olmuşdu. Və məzarının üstündə haçansa, bax, elə bu günlərdə və sonralar da özünə də aid ola biləcək bir yanıqlı ağı demişdi, hamını ağlatmışdı.
Matəm marşı altında, fəxri xiyabana doğru ağlaya-ağlaya, söhbət edə-edə gedən izdihamın içində ⎯ qarşısında addımlayan iki şlyapalı kişinin dilindən eşitdiyi sözlər, hər dəfə bu barədə düşünəndə indi olmuş kimi Nəzərin yadına düşürdü və təpəsindən tüstü çıxırdı. Eynəkli, əlində qara təsbeh çevirən, azca donqar belli kişi demişdi:
⎯ Bəxtəvər, yaman şan-şöhrətlə götürüldü!..
Yanında addımlayan, balacaboy, qıyıqgöz adam cavabında:
⎯ Eh, nəyinə bəxtəvər deyirsən! Öləndən sonra nə bəxtəvərlik, nə şan-şöhrət, ay qardaş! ⎯ söyləmişdi.
⎯ Yox, sən nə danışırsan? Bax, o qıraqda gedənə fikir ver.
⎯ O?
⎯ Hə! O! İnandırıram səni, o, indi arzu eləyir ki, kaş o tabutun içində şairin əvəzinə mən olaydım!
⎯ Əşi, elə şey olmaz! Sən nə danışırsan?
⎯ Oğlumun ölmüşünə!
⎯ Daha mənim sözüm yoxdu!.. Belə adamlar bu torpaq üstə niyə gəzir axı!
Bu söhbət hər dəfə yadına düşəndə əti çimçəşirdi Nəzərin və fikirləşirdi ki, nə yaxşı belə adamlar tək-tükdü aramızda!
İkinci sözü şairin ölümündən sonra eşitmişdi. Rayonda. Onda rayona bir yazıçı gəlmişdi. Adı gərək ki, Markar idi. Elə də gözəl azərbaycanca danışırdı ki, deyərdin bəs bu erməni deyil. Rayon partiya komitəsinin akt salonunda ziyalılarla görüşü idi. O yandan-bu yandan danışandan sonra, söz şairdən düşmüşdü və o, kövrələ-kövrələ:
⎯ Mən onu çox istəyirdim! ⎯ demişdi, ⎯ heyf, tez getdi aramızdan. Amma bir torpağın, bir xalqın şöhrətiydi. Mən keçən il elə bu vədə Yerevana getmişdim. Yazıçılar İttifaqının binasında bizim böyük varpetimizin ⎯ ustadımızın ⎯ Avetik İsaakyanın kabinetinə girdim ki, əhvalını soruşum, salam verim. Qocalmışdı, iri alnının altındakı gözlərinin şoxu sınmışdı. Çəliyini dizinin üstünə qoymuşdu. Salamımı aldı, üzümə diqqətlə baxıb tanıdı. Kefimi xəbər almamış soruşdu:
⎯ Sən keçən il… şair öləndə Bakıda idin Markar?
⎯ Bəli, varpet! ⎯ dedim.
Yenə üzümə fəhmlə baxdı:
⎯ Yox ey, deyirəm yəni sən onun dəfnində şəxsən iştirak elədin?
⎯ Əlbəttə, varpet! ⎯ dedim və düzü, başa düşmədim ki, bu nə deməkdi.
⎯ Yox ey, Markar, nə isə mən inanmıram ey. Sən lap öz gözlərinlə onun torpağa tapşırıldığını gördün də?
⎯ Bəli, varpet. Gördüm…
Varpet susdu, çəliyini dizinin üstdə tərpətdi, göy damarları görünən sağ əliylə dəstəyini bərk-bərk sıxdı, sonra doluxsunmuş gözlərini mənə zilləyib bir az kövrəklik, bir az da qəzəb duyulan səslə:
⎯ Bəs sənin o gözlərin niyə kor olmadı, ay Markar, onun torpağa qoyulduğunu görən yerdə, niyə kor olmadı sənin o gözlərin, ay Markar? ⎯ dedi.
Markar o görüş gecəsi çox söz demişdi. Ancaq Nəzərin yadında bircə bu nöqtə qalmışdı və özü də ömürlük qalmışdı. Şair böyüklüyü ilə, varpet ona məhəbbətiylə, Markar gözləriylə!..
Qəribəydi ki, Nəzər özü də görmüşdü bu qara torpaq altına ürəyində, beynində neçə-neçə yazılmamış əsər, oxunmamış nəğmə aparan o vücudun tapşırılmağını. Ancaq, varpet yaman demişdi, dost kimi, şair kimi yana-yana demişdi və o dəhşətli mərasimi görmüş Markarın gözlərini çəliyinin ucuyla ovmaq istəyə-istəyə, lakin özünü saxlayaraq demişdi.
Nəzər siqaretinin kötüyünü atıb xatirələr çəngindən qoparaq təzədən o heykələ baxanda ağlına gəlmişdi ki, Bakıda, Fəxri xiyabanda qara torpağa tapşırılan o doğma insan, o qara torpağa əriyib qarışandan sonra çox yerdə, çox kənddə, şəhərdə heykələ dönüb təzədən torpağın üstünə qalxıb ⎯ bir idi, on olub, yüz olub; onlardan biri də bura, rəsmi adı «Qələbə», el ağzında «Ənvər bağı» olan bu parka gəlib və əlini uzadaraq bu müqəddəs, əbədi, təkrarsız nəğməsini oxuyur!..
Qəribə idi, Nəzər öz-özünə heyrət elədi birdən-birə. Axı o haçandı belə kövrək, mənalı və şairanə duyğularla yaşamamışdı! Haçandı onun elə bil ürəyini sındırmışdılar, göylərə, ulduzlara, ənginliklərə doğru uçan xəyallarının qanadlarını qırmışdılar ⎯ o, yerdə, ətrafında, gözünün qabağında yaşayan, ancaq adi şeylər barədə düşünməyə adət eləmiş və həyatın elə belə də olduğuna birdəfəlik inanmış adamlardan birinə dönmüşdü haçandı! İndi, inanmaq istəmədiyi söhbətdən sonra gör nələr haqqında fikirləşməyə başlamışdı, nələri xatırlamışdı? Möcüzə kimi gəlirdi ona. Oturacaqdan nə zaman qalxdığını, «Ənvər» bağından necə çıxdığını bilməmişdi, onda gözünü açmışdı ki, birmərtəbəli, üstü şiferli binanın qabağındadı. Hə, bu idi «Xalq nəzarəti komitəsi»nin binası. Qapının sol cəhənginə, qara lövhənin üzərinə qızılı xətlərlə idarənin adı yazılmışdı. Qapısı bağlıydı, həyətindəki yeganə dirəyin başındakı lampa da yanmırdı. İspalkomun həyətindən bura zəif işıq düşürdü. Həyat yox idi sanki idarədə. Ölü bir sükut hökm sürürdü. Halbuki belə olmamalıydı ⎯ bura qaynar, çağlayan, döyüşən bir qərargah olmalıydı, gecə-gündüz iş getməliydi. Kəndlərdən, qəsəbələrdən gələn nəzarət qruplarının nümayəndələrinin biri girib, biri çıxmalıydı.
«Arif etimadımızı doğrultmadı…» Katibin bu sözlərini o indi sanki təzədən eşidirdi.
«Niyə?» ⎯ Bunu Nəzər orda yox, burda soruşurdu və təbii ki, cavabını verən yox idi. «Bizə sizin kimi prinsipial adam lazımdı…» ⎯ Bu da katibin sözləri idi. «Süleyman müəllimin tapşırığıdı…» «Mənim prinsipiallığımı gec gördüz, yoldaş Əmiraslanov. Bəs indiyəcən hardaydız! Niyə görmürdüz? Məni demaqoq, başını hər yerə soxan, geri qalmış adlandıranda, məni bu yaşımda təkmilləşdirməyə göndərəndə bəs niyə susurduz, yoldaş Əmiraslanov? İndi Şakir Şakirzadə kimi nadanlar mənim belimi, ürəyimi qırıb həvəsimi söndürəndən sonra yadınıza düşmüşəm? Gec deyilmi? Gec deyilmi, ay yoldaş katib?» ⎯ Nəzər ürəyində dalbadal suallar verirdi, Əmiraslanovun xəyalı isə susurdu.
Həyətdə sükut içində xeyli dayandı və birdən fikrini bir qorxu sardı: «Doğrudan çətin və məsuliyyətli işdi, Nəzər. Sən bu boyda cavabdehliyi boynuna götürürsən, axırda bədnam olmazsanmı? Günlərin birində bax elə bu Əmiraslanov yoldaş, ya elə Süleymanın özü sənə, sənin gözünün içinə desələr ki, bizim etimadımızı, etibarımızı doğrultmadın, Nəzər müəllim! ⎯ Bu, sənin üçün ölümdən betər olmazmı? Sən onda gərək papağını götürüb bu rayondan çıxıb gedəsən. Vallah, gərək gedəsən, billah, gərək gedəsən?..»
Sonra elə bil qəfildən qəlbinə sonsuz bir inam axıb doldu: «Yox, işləyəcəksən, Nəzər. Lap yaxşı, Süleymanın istədiyi kimi işləyəcəksən, ürəyin, vicdanın istəyən kimi işləyəcəksən!.. Sən gərək elə çalışasan, elə oturub-durasan, əgər bir gün bu idarənin də tarixini yazmalı olsalar, səhifələrinin birində qeyd eləsinlər ki, bu idarəyə Nəzər kimi təmiz, Nəzər kimi işgüzar, fədakar, vicdanlı sədr gəlməyib. Necə ki, «Qırmızı məktəb»də üzü ağ, alnı açıq işləmisən, burda da gərək elə işləyəsən. Sən ondan qorxma ki, xalq nəzarəti komitəsinin ustavını, təlimatını oxumamısan; onun ustavı, qanunları, vəzifələri adında çox aşkar yazılıb: Nəzarət! Nəzər yetirmək, baxmaq, görmək, yaxşını pisdən seçmək! Budu vəzifəsi o idarənin! Sənin hər idarənin, hər kolxozun, sovxozun, hətta ayrı-ayrı adamların da qapısını açıb içəri girməyə, «bu nədi, bu hardandı, bu niyə belədi?» ⎯ deməyə ixtiyarın var və sənin gücün də, qüdrətin də elə bundadı!.. Demək sən, görən göz olmalısan, Nəzər! Sənin gözündən heç nə, heç kəs ⎯ katibdən tutmuş adi kolxozçuya qədər ⎯ heç nə, heç kəs yayınmamalıdır. Yayınsa, sən görməsən, görə bilməsən, bax, onda qocalmış hesab eləyə bilərsən özünü, Nəzər!.. Hər şeyi, hər kəsi görmək üçün isə, çox-çox ucalarda dayanmalısan, Nəzər! Dayanmasan, görə bilməzsən, kişi!..»
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-dunyani-tani-ikinci-hisse-birinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Elməddin evdə tək-tənha oturmuşdu. İki saatdan çox idi ki, o, Rəhgüzərgildən gəlmişdi, ancaq orada olan söhbətlərin və qanıqaralığın təsirindən hələ də qurtara bilməmişdi. Saat on ikiyə işləyirdi; hər gün o, bu vədə yatağına uzanır, dağı arana, aranı dağa köçürəköçürə yuxuya gedirdi. Lakin bu gün yuxusu ərşə çəkilmişdi. Rəhgüzər onun gözlərinin qabağından çəkilib getmirdi. Canlı-cüssəli, sağlam, gümrah Məhəmməd Şəfi, Əli Tüğyanın həmləsindən sonra qaralıb tutulmuşdu, tez-tez fikrə gedir, iri, qara gözləri yol çəkirdi. Hərdən qızışıb yana-yana danışır, hərdən də susub durur, beynində nəyisə ölçüb-biçirdi, Məleykə özünü şad göstərməyə və beləliklə də, ərinə ürək-dirək verməyə çalışırdısa da, bu, çox vaxt süni təsir bağışlayırdı. Bunu o özü də hiss etdiyindəndi ki, tez-tez tutulur, sinədolusu ah çəkirdi. Bu gecəki bütün söhbətlər ancaq və ancaq Əli Tüğyanın ətrafında hərlənirdi. Ər də, arvad da onun nəmək-bəharamlığından, dönük və əqidəsiz adam olduğundan danışırdı. Məlum olurdu ki, o da bir vaxt, kasıb və işsiz olanda bu evin açıq süfrəsi başında çox oturmuş, dərdi-dil eləmiş, Rəhgüzərdən yazıları barədə məsləhət almış və onun yaxşılıqlarını heç zaman unutmayacağına söz vermişdi. Rəhgüzərin fikir və görüşlərinə şərik olduğunu bildirmiş, vətəni və bədbəxt milləti barədə çox yanıqlı sözlər demişdi.Hərdən Elməddinə elə gəlirdi ki, onlar — Şəfi və Məleykə Əli Tüğyan haqqında dedikləri sözləri ona eşitdirmək istəyirdilər; axı o da onların ev adamı olmuşdu, Əli Tüğyan kimi. O da şerlərini, hekayələrini əvvəl Rəhgüzərə oxuyur və məsləhət alırdı. Rəhgüzərin onun boynunda haqq-sayı çox idi. O, demək olar ki, Elməddini uçurumun lap qırağından çəkib gətirmiş, işlə, çörəklə təmin etmişdi. Əslində o, Rəhgüzərin çörəyini yeyirdi. Elməddin düşünürdü ki, bu sözlər ona deyilir: «Qızım, sənə deyirəm, gəlinim, sən eşit...». Axı bir çox cəhətdən indi Elməddinin getdiyi yol da Əli Tüğyanın getdiyi yola bənzəyirdi. Əli Tüğyan milyoner Mumtazın — qəryədar Qulamın qardaşının, Ətiqullanın atasının kölgəsi altına sığınmışdısa və duz-çörək kəsdiyi, ustad adlandırdığı Rəhgüzərlə üzbəüz dayanıb onun məfkurəsinə, özünə atəş açırdısa, o da ağayi Nəcməddinin qanadı altına girmişdi; milyoner Mümtazla Nəcməddinin arasında əslində heç bir fərq yox idi və sanki onlar bir alma idi, yarı bölünmüşdü. Elməddin də Əli Tüğyan ola bilərdimi? Onun kimi üzüdönük çıxıb Rəhgüzərlə əlbəyaxa ola bilərdimi? «Yox, heç vaxt»,— deyə o özünün bu fikrindən dəhşətə gəlmiş kimi bərkdən səsləndi və həyəcanını boğmaq üçün papiros yandırıb sümürdü, — «heç vaxt, ustad. Mən sənin, sənin təmsil etdiyin adamların — yoxsulların, binəsiblərin əleyhinə çıxmaram, ustad. Çünki sənin işin haqdı və mən haqq üçün, heç bir şeyimi, hətta canımı da əsirgəmərəm. Əgər siz mənim haqqımda belə düşünsəniz, məni təhqir etmiş olarsınız».
Üçüncü hissə, on doqquzuncu fəsilElməddinin sürücüsü yaşı əllini adlamış, olduqca arıq, uzun boğazlı, iri hülqumlu bir kişi idi. Ancaq başı yamanca ağarmışdı, elə ağarmışdı ki, dərdə dərman üçün bir dənə də qara tük tapmazdın. Üzündə iri, uzun qırışlar vardı. Uzaqdan baxanda bıçaq şırımlarına oxşayırdı. Əynindəki rəngini itirmiş nimdaş kostyumu neçə il geydiyini təyin etmək mümkün deyildi.Dindirsən dinərdi, dindirməsən ağzına su alıb susardı. İlk baxışda adama elə gəlirdi ki, onun sürdüyü qara «Mersedes»dən və getdiyi yoldan başqa fikri-zikri yoxdu. Maşını özününkü imiş təki gündə üç dəfə yaxşıca silib təmizlərdi: səhər qarajdan çıxanda, günorta idarənin qabağında və axşam...
Üçüncü hissə, iyirminci fəsilRəhgüzər «Pərçəm»in redaksiyasına gəlmiş məktubları nəzərdən keçirirdi. Kefi kök idi. Əli Tüğyana vaxtında və həm də tutarlı cavab vermişdi. «Tarixi, mədəniyyəti, ədəbiyyatı qədim olan, təmizliyi, mərdliyi ilə şöhrət tapmış vətənimizə, xalqımıza arxa çevirən, şərafətinə dodaq büzən, mənafeyinə xəyanət edən hər kəsə — hətta əlahəzrətin özünə də tutarlı zərbə endirməliyik. Qoy bilsinlər, hiss etsinlər ki, bu millətin oğulları yatmayıb», — deyə düşünən Rəhgüzər gələn oxucu məktublarını, şerləri, məqalələri seçib ayırır, bəzilərini gözucu nəzərdən keçirir, ciddi və mühüm məsələlərə toxunan məktubları seçib bir kənara qoyurdu. Elməddinin rəssam olması Rəhgüzəri xüsusilə sevindirmişdi. Qəzetə yaxşı bir rəssam lazım olduğunu elə onun birinci nömrəsi çıxanda dərk etmişdi — amma bir etibarlı, münasib adam tapmamışdı. Təkəm-seyrək çıxan şəkilləri o, tanış bir rəsm həvəskarına çəkdirirdi ki, bunların da keyfiyyəti onu təmin etmirdi. Bundan əlavə, o adamın bunlarla həmkarlıq etməyə heç həvəsi yox idi. Qorxurdu. Bir dəfə açıqca Rəhgüzərə demişdi: «Sizin ağzınızdan qan iyi gəlir, qardaş! Mən özümü, gözüm baxa-baxa odun-alovun içinə ata bilmərəm!»Rəhgüzər isə qəzetin hər nömrəsində şəkil, karikatura vermək və bununla da qəzetini oxunaqlı etmək istəyirdi. Elməddinin şəxsində, indi belə bir imkan tapmışdı.
Üçüncü hissə, iyirmi birinci fəsilKülək pəncərələri tərpədir, həyət-bacada fit çala-çala cövlan eləyirdi. Elməddin içəridə, mizin arxasında oturub yazı yazsa da, fikrinin gözü ilə görürdü ki, sərsəri külək artıq çılpaqlaşmaqda olan ağacların son yarpaqlarını necə də yoluşdurub qabağına qataraq aparır. Səhər həyətdə bir yığın xəzəl görəcəyinə heç şübhə etmirdi. Belə havalarda o həmişə darıxardı. Nəhayətsiz bir qəm ürəyini sarır, fikri bir yerdə qərar tutub qala bilmirdi. Gah qardaşının ölüm səhnəsi, gah kimsəsiz, dörd divar arasında qoyub gəldiyi və bir də heç vaxt üzünü görməyəcəyi anası, gah da əsrarəngiz bir halda yoxa çıxmış Əfsanə yadına düşürdü; şəhərə gəldiyi ilk günlər, çətinliklər, iş tapandan və yazılarını dərc etməyə imkan əldə edəndən sonra duyduğu sevinclər xəyalında canlanırdı. Və sevinclər kənd xatirələrinin üstünə kölgə salır, onun ürəyində inam və ötəri qürur hissi doğururdu. İndi o, əsl yola çıxmışdı. Bu yolda tək deyildi, Rəhgüzər kimi yoldaşı var idi. Bu yolu axıracan başa vurmaq, özü də şərəflə başa vurmaq onun özündən asılı idi. «Yox, tək özümdən asılı deyil, — deyə özü-özünə etiraz edirdi, — təəssüf ki, bizim mühitimizdə insan həyatı daha çox təsadüflərdən asılıdır. Yatıram, bilmirəm ki, sabah nə olacaq, başıma nələr gələcək?!»Fikrini telefonun cingiltisi qırdı. Tənbəl-tənbəl əlini uzadıb dəstəyi götürdü:
Poems by other poets
Vəh, necə kəc gərdiş eylər cərxi-kəcrəftar kəc!Əsr gəcdir, dovr gəc, dovrani-bədkirdar kəc.
SoxtalarAləm içrə zahirən çox mehribandır soxtalar,Qəlbiniz heç sınmasın kim əlamandır soxtalar
Tibb dünyasınaSağlam vücudda sağlam beyin, sinir bulunur,Sağlam beyində sağlam ağıl, fıkir bulunur,
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,