İkinci hissə, on dördüncü fəsil
Page 5 of 5 · 80%
⎯ Hər halda, mən belə düşünürəm ki, maxanının hesabına yaşamaq da bir kişilik deyil, ⎯ söylədi və o, cavab verib qanını qaraltmasın deyə dərhal əlavə elədi:
⎯ İbad, bura bənddi ha. Çatmışıq. Oğlana denən əyləsin maşını.
⎯ Doğrudan! Çatmışıq? ⎯ Boylandı qaranlığa ⎯ Həri, həri, bənddi. Nəzər tərpəndi, İbad qapını açıb yerə hoppandı, Nəzər ağır-ağır düşdü. Üz-üzə dayandılar.
⎯ Burdan mərkəzə neçə kilometr olar? ⎯ İbad soruşdu.
⎯ Olar da. On-on iki kilometr.
⎯ Hə, indi bu yolu, kişi, piyada, qıçını çəkə-çəkə gedərsən və yolda da fikirləşərsən ki, mərdimazarlıq yaxçı şey deyil ⎯ bu, sənə dərs olar, day-day.
⎯ Mən mərdimazar deyiləm. Mənim… axsamağıma da lağ eləmə. Mənim qıçımda faşist mərmisinin qəlpəsi var. Mən vətən yolunda…
İbad şit-şit güldü:
⎯ Yaxçı söz tapıbsız. «Vətən yolunda, vətən yolunda…» Vətən yolunda ölənlərin heç səsi də çıxmır. Deyəcəksən ölünün də səsi çıxar? Siz ⎯ dirilər qoysaz, ölənlərin də səsi çıxar. Amma elə siz «mən, mən» deyib bağırırsız. Nədi, nədi, iki-üç güllə atıbsız nemesə, bəziniz Biləcəridən o yana getməyib, bəziniz ölənlərin ordenini, medalını asıbsız yaxavuzdan, şəstlə gəzirsiz, hökumət də, sağ olsun, sizinçün spesməgəzinnər açıb. Nə difsit mal mal, sizin məgəzindədi. Siz ala bilərsiz, biz yox. Bax, bu oğlan getmişmiş məgəzinə, xalça varmış, yaxçı xalçaymış, almaq istəyirmiş. Deyiblər yox, veterannarçundu bu. Bu da deyib ki, mənim də atam müharibə iştirakçısıdı. Deyiblər, zəhmət çəkib özü gəlib alsın. Deyib axı, atam orda, frontda ölüb, nə təhər gəlib alsın? «Ölüyə xalça düşmür» deyiblər. O da gedib bir piyaniskə veteran tapıb, cibinə əlli manat pul qoyub, o xalçanı alıb. Amma sizə düşür. Mən özüm maşınımçun təkər axtarırdım. Dedilər «Olimp» məgəzinində var. Getmişəm, qız mənə deyir veteranlar üçündü, qədeş. Əgər onlara lazım olmasa, bəlkə birtəhər düzəldərəm. Hirs vurdu kəlləmə, dedim, bacı, ağ eləmisiz lap. Az qalmısızki, məsələn, mən evlənmək istəsəm, bir qız tapsam, ona da deyəsiz ki, vətəndaş, hələ dayan, görək veteranlara cavan qız lazım deyil ki. Lazım olmasa, evlənə bilərsən. Həri, elə beləcə də dedim. Güldü qız, həri, çox güldü. «Onlara hörmət eləmək borcumuzdu, qədeş, onnar olmasaydı, indi biz yox idik» ⎯ dedi. İndi sən də deyirsən, qıçında nemes qəlpəsi var. Səhv eləyirsən, day-day. Qəlpə sənin qıçında yox, ürəyindədi, day-day. Sənin ürəyin çürükdü, boşdu, day-day. Başqasının çörəyinə bais olan ürək çürükdü, lap çürükdən də çürükdü. Sən vətən yolunda ölsəydin, bundan min dəfə şərəfli olardın, alçaq! ⎯ deyərək, gözlənilmədən Nəzərin döşündən itələdi, cəld qalxıb kabinəyə girdi. Maşın toz qaldırıb nərilti ilə irəli şığıdı.
İbadın zərbəsindən səntirləyib yıxılmaqdan özünü güclə saxlayan Nəzər dodaqları əsə-əsə, uzaqlaşdıqca dal işıqları xırdalaşıb kiçilən maşının arxasınca baxıb:
⎯ Ay sənin! Faşist oğlu faşist! ⎯ dedi və əlini ürəyinin üstünə qoyub yerə oturdu.
… Nəzər, İbad deyən kimi, qıçını çəkə-çəkə (bu söz onu yaman yandırmışdı, hələ indiyəcən bu sözü onun üzünə beləcə şax deyən olmamışdı) yolun qırağı ilə ağır-ağır addımlayırdı. Bu gün başına gələn bu qəribə əhvalata və xüsusilə sırtıq və həyasız oğlanın dediklərinə heç cür inanmaq istəmirdi; elə bilirdi, çox qatmaqarışıq, məntiqsiz, başı-ayağı olmayan əcaib bir yuxu görüb. Başa düşə bilmirdi, həzm eləyib axırını bir yerə çıxarda bilmirdi Nəzər. Həyatın çox üzünü, sərtliklərini, amansızlıqlarını görmüşdü, heç vaxt təmkinini əldən verməmişdi, səbirlə ölçüb-biçib hər şeyi yerbəyer eləmişdi, nəyin niyə belə olduğuna aydın cavab vermişdi. Ancaq indi çaşıb qalmışdı. Gündüz fəalların iclasında katibin odlu, parlaq çıxışına salonun axırıncı cərgəsində oturub qulaq asan Nəzər, açığı, ürəyində bir fərəh də duymuşdu. «Sağ ol, Sülü!» ⎯ demişdi öz-özünə. ⎯ «Yaxşı danışırsan». Həqiqətən, Süleymanın sözlərində bir kəskinlik, bu camaata, rayonun təsərrüfatına, planlara ayıq-sayıq bir nəzərlə baxıb qiymət verən bir katibin ürək çırpıntılarını duymuşdu Nəzər.
«⎯ Əvvəl evin içi, sonra çölü, yoldaşlar! Bu il bol bostantərəvəz məhsulumuz var. Açıq deyirəm, bu rayonun ərazisindən bir kilo tərəvəz respublikadan kənar yerlərə satılmaq üçün aparılsa, özümüzdən küsün. Milisə, nəzarətə, QAİ-yə tapşırırıq bu işi, hərənizin öz sahəsini müəyyən etmişik. Kimin sahəsindən bir maşın keçib pomidor, xiyar… aparsa, o yoldaş partbileti ilə cavab verəcək. Sonra məndən inciməyin… Yoxsa, nə təhər olur, bu camaat əkir, becərir, özü dadmamış, bir çox işbazlar, alverçilər bir də görürsən yığıb apardı! Belə olmamalıdır… Yoxsa… biz ərzaq proqramını…»
Yaxşı sözlər idi. Ancaq bəs bu ⎯ indi Nəzərin gördüyü nə idi? Süleymana bərk acığı tutmuşdu, pərişan olmuşdu kişi.
Ancaq, o söyüd ağacı altında bir az əvvəl birdən-birə hardansa peyda olan bu qırışmal İbad deyilən gədə, onun bu yaşda, bu məqamda başına (Süleymana güvənib) gətirdiyi müsibət (Nəzər, doğrudan da bunu özü üçün böyük müsibət və təhqir hesab edirdi) siqaretini tüstülədə-tüstülədə addımlayan Nəzəri daha çox pərişan eləmişdi.
Bu qatqarışıq yuxudan ən çox yadında qalanı və bütün varlığını sarsıdanı İbad idi. Bu, onun üçün gözlənilməz bir «tapıntı» idi. Nəzər indiyəcən elə bilirdi ki, o, bu həyatın hər gününü bilir. Amma bu oğlanla görüşdən sonra başa düşmüşdü ki, yox, hələ onun bilmədiyi çox şeylər varmış. Bu dünyanın Süleymanlarından, Şakirlərindən, Mikayıllarından, Müseyiblərindən, Mustafalarından başqa, bir İbadla-rı da varmış ki, çox qəddar imişlər, ən müqəddəs şeyləri belə ayaq altına atıb tapdalamağa qadir imişlər. Bunların hamısı dəhşətliydi Nəzər üçün. Əgər cərgələsəydi və ixtiyarı olsaydı, ilk zərbəsini bu İbadlara vurardı, onları yox eləyərdi və uf da deməzdi. Baxırsan, hamısı bir ovucdu, azdı, ancaq necə qorxuludu, necə dəhşətlidi, necə sirayətedicidi bunlar, aman allah. Və bunlar hardan peyda olurlar, kimdi, nədi bunları belə qoruyan, saxlayan, yaşadan? ⎯ Heç kəs. Onların hamısı, əgər diqqətlə axtarsan, bir-biriylə bağlıdı, bir-biriylə qohumdu, tanışdı və bir-birini yaşadırlar bunlar. Yoxsa, bunlar tək olsalar, neyləyə bilərlər? ⎯ Heç nə? Nəzər qıçını çəkə-çəkə (qəribəydi ki, hər addımını atanda o İbadın) dediyi sözü yenidən eşidən kimi olurdu və acıqcan qıçını çəkməmək, qatlayıb yerimək istəyirdi, lakin təəssüf ki, bacarmırdı və bu da qəribəydi ki, o, bu sözü eşidəndən sonra dizinin kündəsinin altında küt bir ağrı başlamışdı, sümüyü sızıldayırdı elə bil, qəlpə, adının çəkildiyini eşitmişdi və «mənəm, mən burdayam!» ⎯ deyərək öz varlığını hiss elətdirmək istəyirdi) gedirdi və bir də onda ayıldı ki, yanında bir yük maşını dayandı. O qədər özünə qapılmışdı ki, nə motor səsini eşitmişdi, nə də onu nurlandıran və yanından şığıyıb keçərək qabağı da aydınlaşdıran o işıqları görməmişdi.
Qulağının dibində kal, yuxulu bir səs eşitdi:
⎯ Day-day, bu yol Bakıya gedir?
Nəzər bu «day-day» sözündən səksənib səs gələn səmtə çönmüşdü.
Nəzərin hirsi soyumamışdı. Bayaq, İbad onun döşündən itələyib gedəndən sonra, bir anlığa Süleymana da nifrət eləyib: «əh, o belə eləyəndən sonra, mənə nə düşüb?» ⎯ deyə düşünmüşdüsə, iki-üç dəqiqə keçməmiş, bu fikri özündən uzaqlaşdırmışdı, «yox, Nəzər onda bu sən olmazsan!» ⎯ demişdi və «öldü var, döndü yoxdur» qərarına gəlmişdi.
Bu dəfəki ovunu qanuni olaraq gətirmişdi. Maşın milis idarəsinin qabağında dayananda artıq saat ikinin yarısıydı. Onu, həyətdə maşından düşən kimi, yenə Balamirzə qarşılamışdı.
⎯ Təhvil al, bala. Ümid eləyirəm ki, bunlar Süleymanın qohumları deyil. ⎯ Balamirzənin bir söz deməsinə imkan verməyib: ⎯ Nəçənnik burdadı? ⎯ deyə soruşdu.
⎯ Hə, burdadı. ⎯ Balamirzə əsnəyə-əsnəyə söylədi və maşının yanında dayanıb nəsə pıçıldaşan iki nəfərə yaxınlaşdı. Nəzər daş pillələrin elə birincisinə qədəm qoymuşdu ki, milis idarəsinin rəisi Bəhmən Ağayev qapı ağzında göründü. Pilləkən başında Nəzəri görən kimi dedi:
⎯ O, Nəzər, sənsən? Ha, ha. Əşi, deyir, bu gecə yaman qan eləmisən. Yaxşı, yağlı…
⎯ Ta demə, Bəhmən.
Bu zaman Bəhmənin gözü Balamirzə ilə gələn iki nəfərə sataşdı və Nəzərə əhəmiyyət verməyərək:
⎯ Ba, ə, Nüsrət? Ə, sən burda neynirsən bu gecə gözü? ⎯ deyə onlardan birinə ⎯ panamalı, boz plaş geymiş kişiyə müraciət edəndə, Nəzərin başına elə bil bir qazan qaynar su tökdülər; Kişi elə yerindəcə quruyub qaldı, tərpənməyə taqəti belə olmadı.
Nüsrət deyilən kişi, adını eşidib qamətini düzəltdi və iti addımlarla, Balamirzəni də arxada qoyub irəli cumdu, iri əlini irəli uzadıb rəislə çox mehriban görüşdü:
⎯ Ə, yoxsa səni də Nəzər tutub gətirib, hə?
Nüsrət güldü:
⎯ Hə, heylədi, Bəhmən qağa.
⎯ Ay Nəzər, bu gecə sənə nə olub, yuxunu-zadı qarışdırmayıbsan ki? Gah katibin adamını tutursan, gah milis rəisinin adamını tutursan, kişi?!
Nəzər altdan yuxarı polkovnikə baxdı, sonra dönüb Nüsrətə ötəri nəzər saldı və mənalı-mənalı:
⎯ Hə, düz deyirsən, mən yuxumu qarışdırmışam, ⎯ dedi. Və ağır addımlarla yola düzəldi.
Arxadan gülüş səsi eşidilirdi ⎯ onlar ucadan gülürdülər.
Bu qaranlıq gecədə Nəzərin üzünə baxan olsaydı, gözlərinin qəzəbdən yaşardığını görərdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-dunyani-tani-ikinci-hisse-on-dorduncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Gözlənilmədən, dalbadal gələn ağır və sarsıdıcı xəbərlər — Şəfinin öz qapısının ağzında vurulması, bir ay əvvəl evlənib yeni ailə həyatı qurmuş Elməddinin həbs olunması xəbərləri onsuz da gizli təşkilatın bütün ağırlıqlarını çiynində daşıyan, gecəni gündüzə qatıb işləyən, qarşıdakı parlament iclasında edəcəyi çıxışın mətnini yazıb-pozan, vaxtlı-vaxtında yeyib-içməyini belə yadından çıxaran Bəbirin ovqatını yamanca təlx eləmişdi. Xəbərin ikisi də ciddi düşünmək, siyasi vəziyyəti qiymətləndirmək və müəyyən nəticələrə gəlmək üçün kifayət qədər əsas verirdi.Bəbir Şəfini çox sevirdi, onun istedadını yüksək qiymətləndirirdi, sözünün, özünün şöhrətinin hezbə necə də gərəkli olduğunu çox yaxşı bilirdi. Şəfinii — bu qüdrətli sənətkarın, şəxsiyyəti bütöv, əqidəsi sarsılmaz olan bu insanın onların cəbhəsində olması böyük qüvvə idi. Onun el içində, camaat arasındakı nüfuzunu təkcə Bəbir və məslək yoldaşları deyil, onun irəlicədən də düzgün təyin etdiyi kimi, düşmənləri də görürmüşlər. Şairin həbsxanadan azad olunması üçün keçən dəfə Kabilin küçələrini tutmuş o güclü, izdihamlı nümayişlərdən sonra, əlahəzrətin ağıllı tərpənib başqa, daha təhlükəli xətt-hərəkət seçməsini Bəbir elə həmin gün — Şəfi «Ərkişahi»dəki qəbuldan çıxıb yanına gələndə hiss eləmişdi və bu qabulun nə demək olduğunu bütün incəliklərinə qədər başa düşmüşdü. Hadisələrin sonrakı gedişi Bəbirin yanılmadığını göstərirdi. Şairi vurmuşdular. Bu xəbəri eşidən kimi Ziyaülhəqqin polis idarəsinə gedərək hadisəni şəhər polis rəisinin nəzərinə çatdırmasına baxmayaraq, qatil hələ də tapılmamışdı. Belə qənaətə gəlmək olardı ki, tapılmayacaqdı da.
Üçüncü hissə, ikinci fəsilDünyanın işinə bax: bütün varlığı həyat eşqi ilə, gözəllik duyğusu ilə yoğrulmuş Şəfi çox sevdiyi bu dünyaya, günəşə, güllərə, Məleykəsinə, Elməddin şerində demişkən, gözəl-göyçək balalarına indi tək gözlə baxırdı. Kədərli, qaradinməz olmuşdu Şəfi. Əsəbləri sim kimi gərilmişdi, sinəsinin, gözünün yarası sağalmaq üzrə olsa da, qəlbinə vurulmuş yara sağalana oxşamırdı. Gecələrinin, demək olar ki, hamısı əzablı, üzücü düşüncələr içində keçirdi;—doyunca yatmağa həsrət idi. Çimir eləyəndə də quş yuxusunabənzər uyumalarında güllə səsi eşidir, səksənir, tək gözünü hərəsan-hərəsan ətrafa dolandırır, evdə olduğunu yəqin edəndən sonra yenə yatmaq istəyirdi, ancaq yuxu ondan qaçaq düşürdü. Xiffətdən, qüssədən, şikəstlik dərdindən arıqlamışdı, zəifləmişdi. Məleykənin bütün cidd-cəhətlərinə baxmayaraq, iştahsız, həvəssiz yeyib-içirdi. Fikrində gecəyarısı qapısını döyən, ona güllə atan adamın surəti, səsi dolanırdı. Tanımırdı, elə adam görməmişdi; bəs kim idi o? Niyə onu öldürmək istəyirdi? Və niyə öldürmədi? Axı öldürə bilərdi? Bəlkə?.!. — Bu suallar bir-birinə bənd olub çözələnir, şair onlara cavab tapa bilmirdi.Bəbirin qəbuldan sonra üstüörtülü olsa da işarə elədiyi şübhələr, nigarançılıqlar yadına düşürdü və bu fikirlər dolana-dolana gedib yuxarılara, saraya çatırdı. Əlahəzrətin qonaqlarının hüzurunda söylədiyi «Ağayi Rəhgüzərin qədrini bilin, o, bizim məmləkətin birinci dərəcəli şairidir! — sözlərini xatırlayırdı və onun əsl mənasını indi-indi anlayırdı. Və bu onu çox məyus eləyirdi. Bəbirin müdrikliyinə, uzaqgörənliyinə heyrət eləyirdi Şəfi və öz sadəlövhlüyündən utanırdı.
Üçüncü hissə, üçüncü fəsilElməddini aparanda elə bil, Siminin başına, ürəyinə ağır bir zərbə vurmuşdular. İlk anlarda, o, polis maşınına minənəcən sanki bunun nə demək olduğunu ağıllı-başlı dərk eləməmişdi, bu gedişə Elməddinin hərdən atasının maşınına minib işə, şəhərə getməsinə oxşar bir şey kimi baxmışdı. Polis apardığını görmüşdü, Elməddinin məsləhətlərini, təsəllisini eşitmişdi, bununla belə əsl həqiqəti tam çılpaqlığı ilə sonra anlamışdı və onda elə bil ürəyinə göz basmışdılar– yana-yana inləyib ağlamışdı. Bəli, Elməddini həbs eləmişdilər. O, axşamlar evə gəlməyəcəkdi, gələ bilməyəcəkdi. Və, ümumiyyətlə, haçan qayıdacaqdı! Qayıdacaqdımı? Bu suallar onu üzüb əldən salır, cavan gəlin ev-eşiyə sığışmır, o biri yandan da Məleykənin tanış, mehriban; «Ürəyimə damıb, sən xoşbəxt olacaqsan, qızım», — sözləri qulaqlarından çəkilib getmir, elə hey səslənir, səslənirdi. Cəmi bircə ay yaşamışdılar. Ancaq bu bir ay hər ikisinin həyatının elə şirin, dadlı, məhəbbət və nəvazişlə dolu günləri olmuşdu ki, bütöv ömrə dəyərdi, doymamışdılar, bezməmişdilər. Can deyib, can eşitmişdilər. Cavan ömründə çox fırtınalardan keçmiş, dünyanın acısını-ağrısını duymuş, heç yerdə əsl rahatlıq və səadət tapmamış Elməddin Siminlə yaşadığı o günlərin ləzzətindən, bəxtəvərliyindən məst olub hər şeyi unutmuşdu. Deyib-gülmüş, şer oxumuşdu — gülüşləri, şerlərinin istisi evin dər-divarına hopmuşdu, stolun üstündə büllur güldandakı qızıl güllərdə yaşayırdı, Siminin ürəyində, qulaqlarında həmişəlik məskən salmışdı. Simin isə o ötən bir ayı bəxtəvərlik uyğusunda, dünyanın isti-soyuğundan xəbərsiz məsum körpə kimi uyumuşdu—yuxu idi bu aləm onun üçün. Buraya — Elməddinin evinə düşməsi həqiqətdən çox yuxuya bənzəyirdi. Və buna görə də o, indiyəcən, Elməddin polislər tərəfindən aparılanacan bunu xəyal, nağıl, şirin röya hesab eləyib heç nə düşünməmişdi. Ancaq indi... onun bura gələn yolu fikrində canlanırdı. Onda ilk gənclik duyğuları təzəcə oyanmağa, ər, ailə həyatı barədə yenicə düşünməyə başlamış qız, uğurlu bir təsadüf üzündən Elməddinə rast gəlmiş, gözü ilə gördükləri, Zərrintac xanımın onun barəsində danışdıqları Simində güclü bir maraq oyatmışdı. Elməddinin qələm əhli, rəssam olması qızı lap valeh eləmişdi. O, şerin, sənətin nə demək olduğunu hələ tam mənası ilə, bütun incəliklərinə qədər anlamaqdan hələ uzaq idi; qəribə idi ki, qəlbində lap ağlı az-maz söz kəsəndən musiqi çalanlara, oxuyanlara, şer deyənlərə sonsuz maraq və qibtə çırağı şölələnmişdi və o, belə adamları xəyalının sehrli dünyasında ilahiləşdirmişdi, onları nə isə qeyri-adi adam kimi təsəvvür eləmişdi. Ömründə ilk gördüyü şair-rəssam Elməddin olmuşdu. O da belə xeyirxah, atasının dostu, hamisi, incəqəlbli, həssastəbiətli bir adam çıxmışdı. Atası hələ neçə il qabaq Elməddin haqqında anasına, uşaqlarına elə həvəslə, elə minnətdarlıq hissilə o qədər danışmışdı ki... Vətənyarın — onun əziz qardaşının adını da o qoymuşdu. Payı-hədiyyəsi... Bir dəfə də onlara gəlmişdi atası ilə. Onda Siminbər Elməddinə heç yaxşı baxa da bilməmişdi. Elməddini Siminbər Zərrintacgilə gələndən, daha doğrusu, o, həbsdən azad olunub qayıdandan sonra düz-əməlli görə bilmişdi, onun başqalarından zahirən heç nə ilə fərqlənmədiyini hiss eləyib buna əvvəlcə təəccüblənmiş, sonra isə, sevinmşidi.
Üçüncü hissə, dördüncü fəsilHökm oxunan günü, axşam Elməddini, Əhədulla bir dəst yorğan-döşək gətirəndən sonra şəhər həbsxanasından Poli-çərxi həbsxanasına gətirmişdilər. Bu həbsxana ona tanış idi, iki-üç il əvvəl də burada yatmışdı. Onu təkadamlıq kamerada saxlayırdılar. Kiçik, hündür divarlı, əl çatmayan yerdə bir dənə dairəvi pəncərəsi olan bir otaq idi — qapısı dəmir idi. İçərinin döşəməsi sement idi. Ancaq taxt qoyulmuşdu divarın dibinə. Yanında taxtadan düzəldilmiş, əl vuranda cır-cır cırıldayan stol vardı. Divarlar kömürlə, mıxla yazıq-yazıq idi. Burada vaxtilə yatanlar adlarını, həbs olunma və çıxma tarixlərini yazmışdılar. Eləsi var idi ki, bu otağa düşmə tarixini yazmışdı, çıxma tarixini yox. Elməddin əyri-üyrü xətlərə göz gəzdirə-gəzdirə düşünürdü ki, yəqin buraxıldığını eşidib sevincək olublar belələri, ya da... Ya da gözlənilmədən çıxarılıblar, bir daha bura qayıtmayıblar! Hərəsi bir insan taleyi idi, təklik, əzab-əziyyət tarixi idi bu yazıların.Poli-çərxi həbsxanasında, demək olar ki, bu illər ərzində Heç bir dəyişiklik olmamışdı. Amirsahib və Şəfini rəhmsizcəsinə döyüb dırnaqlarını çıxaran Dostməmməd hələ burada idi. Onlar Elməddini görən kimi tanımışdılar. Müşayiətçi zabitin təqdim etdiyi sənədləri oxuyan həbsxana amiri yanındakı zabitə müraciətlə:
Poems by other poets
Billah, ey sərvi rəvan, durgil səhər, gül şən degül,Gün yüzün şəmi önündə ta gülə gülşəndə gül.
عشق را از دل سودازده ما ننگ استاین پلنگی که با سایه خود در جنگ است
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
GörəndəKönlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə