Page 2 of 2 · 50%

⎯ Hm… ⎯ Nəzər müəllim mızıldandı və daha aydın məsələlərə toxunmadan, birbaşa mətləb üstünə gəldi:

⎯ Nahaq razılıq vermisən, Cura. Qız hələ uşaqdı, çox şeyləri başa düşmür. Mən, şəxsən, razı deyiləm o Sünbül orda işləsin. Niyəsini bilirəm deməsəm də sənə məlumdu. Mən Süleymanla danışmışam, onun da razılığını almışam. Qız orda doxsan ya yüz manat alır. Mən onu istəyirəm öz yanıma gətirim, ayda da yüz qırx manat maaşıdı, iş də ordakından azdı, bilirsən?..

Curanın gözləri parıldadı, sevindi kişi; elə bil üstündən bir dağ götürüldü:

⎯ Nə yaxşı, ay Nəzər. Allah köməyin olsun, elə neçə gündü ürəyimdə dolanırdı, gecə-gündüz rahatlığım yoxiydi, inan. Bilirəm, indi qız uşağının işi çox çətindi, qız atası olmaq müsibətdi, Nəzər. Xoşbəxtlikdən sənin qızın ikidi, ikisini də maşallah, yerbəyer eləmisən, köçürüb ev-eşik sahibi eləmisən. Mənim isə üstümdə nə az-nə çox, düz səkkiz qız yükü var. Qız yükü də, bilirsən, duz yükündən də ağırdı.

⎯ Doğrudu, qardaş. Amma elə bilirsən, köçürüb qurtarandan sonra yükün, məsuliyyətin azalır? Yox. Bu yük ölənəcən bizim ürəyimizdədi, Cura. Valideynin ən böyük xoşbəxtliyi ondadı ki, övladları ağıllı olsun, ağıllı oldumu, qız ya oğlan, fərqi yoxdu ⎯ yenə adam bir az rahat hiss eləyir özünü. İndi həyat, sənin, mənim cavanlıq çağlarımızdakı vaxtdan çox mürəkkəbdi, çox qəlizdi, kişi. İndi adamların mənəviyyatı ayrı cürdü, yeni qayda-qanunlar yaranır, yeni axınlar var həyatda, başqa şəkildə düşünənlər var aramızda. Dünyanın, ömrün özünə belə ayrı gözlə baxanlar əmələ gəlib, Cura. Oğul-uşaq indi sənin, mənim kimi düşünmür, düşünmək istəmir. Çaşıb qalırsan bəzən: bilmirsən sən düz deyirsən, ya uşağın düz deyir?

⎯ Heylədi, Nəzər. Bu məsələlər məni də düşündürür, çox düşündürür. İkinci qızın dərdi məni lap götürüb. Dördüncü kursdadı, deyir, mən kəndə qayıtmayacam, dədə. Deyirəm, niyə, gəl kəndimizə, qonşu Sonanın da oğlu səni gözləyir, evlənmir. Nə desə yaxşıdı? Deyir, çox nahaq gözləyir, mən şoferə-zada ərə gedən döyüləm, ni za çto. Anqırıb öz tayını tapsın. Voobşe, deyir, məni gözləməyin. Mən şəhərdə qalacam, vəssalam. Deyirəm, a bala, şəhərdə nə var, axı, evin yox, eşiyin yox, iş tapmaq mümkün deyil. Deyir, tapacam, saa nə. Qalmışam belə. Yadıma düşəndə tüklərim biz-biz olur, inan, Nəzər. Qız uşağı qalıb neyləyəcək, kimin əlinə düşəcək. Müsibətdi, vallah, müsibət.

Nəzər durdu:

⎯ Darıxma, görək taleyi nə deyəcək, ⎯ dedi. ⎯ Sən nə fikirləşirsən, fikirləş, hökmü zaman özü verir, səndən, məndən soruşmür. ⎯ Curaya sarı dönüb: ⎯ Demək, sən razısan ki, Sünbül gəlib burda, əmisinin yanında işləsin, hə? ⎯ soruşdu.

⎯ Əlbəttə, bu nə sözdü, Nəzər müəllim… Lap ürəyimdən xəbər verirsən. Maaşı da yaxşıdı ⎯ heç olmasa özünə çatar. Xalasıgildə qalsa da, baxma, yenə pul lazımdı.

⎯ Özü etiraz eləməz ki? ⎯ Cura bir az duruxdu ⎯ Qoy bir çağıraq, gəlsin, görək nə deyir? ⎯ deyə o da ayağa qalxdı.

Nəzər dəstəyi götürüb raykomun qəbul otağına zəng çaldı və Sünbülə dedi ki, atan da burdadı, katib də yoxdu orda, beş-on dəqiqəyə dur bura gəl. Qız atasının adını eşidib «yaxşı» ⎯ dedi. Nəzər elə ayaq üstə izahat verdi:

⎯ O gün katiblə danışıb bu məsələni həll eləyəndən sonra, kabinetdən elə fikirli çıxmışam ki, qıza deməyi tamam unutmuşam. Bir də onda ayıldım ki, öz kabinetimdəyəm. Fikirləşdim ki, əvvəlcə səninlə danışım, sonra, uşaq nə deyəcək ki.

⎯ Əlbəttə.

Qapı açıldı. Sünbül içəri girdi. Curanı görən kimi, irəli atılıb atasının boynuna sarıldı , o üzündən-bu üzündən öpdü:

⎯ Necəsən, ay dədə, ⎯ dedi. ⎯ Anam necədi, uşaqlar necədi? ⎯ Sonra lap balaca uşaq kimi, ərköyünlüklə ayağının birini yerə yavaşca vurub ⎯ lap darıxmışam sizin üçün, ay dədə, ⎯ söylədi.

⎯ Elə biz də darıxmışıq, qızım. ⎯ O, sol əlilə onun saçlarını sığalladı. ⎯ Nə təhərsən, aaz? Xalan-zad nə təhərdi?

⎯ Yaxşıdılar, ay də.

⎯ Bəs Nəzər əmiyə salam vermədin, ay şeytan?

⎯ A. Bağışlayın, Nəzər əmi, dədəmi gördüm, özümü itirdim. Salam, Nəzər əmi, necəsiz?

⎯ Yaxşıyam, qızım. Sən yaxşı ol.

Sonra Cura əhvalatı açıb Sünbülə danışdı. Sünbül dinləyib dodaqlarını büzdü:

⎯ Yox, ay dədə. Ora yaxşıdı. Siz nə danışırsız? Bir var raykomda işləmək, bir də var…

Nəzər narazı halda onun sözünü kəsib fikrini tamamladı:

⎯ Bir də var Nəzarət komitəsində, hə?

⎯ Hə də. ⎯ Sünbül atasına sığındı. ⎯ Elə bil bu dəqiqə Nəzər onu atasının əlindən alacaqdı. ⎯ Gör nə qədər fərqi var, ay dədə. ⎯ Buranın həm işi azdı, qızım, həm də maaşı çoxdu, ⎯ deyə Cura pərt olmuş halda yalvarırmış kimi dilləndi. ⎯ Doxsan manat hara, yüz qırx manat hara?

⎯ Eh, yenə pul. Elə həmişə pul. Gözümü açandan, ağlım kəsəndən elə həmişə pul söhbəti eşitmişəm, ay dədə. Puldan da başqa şeylər var axı?

⎯ Nədi o puldan da başqa olan şeylər, ay qız?

⎯ Çox şey, dədə. Bir var, məndən soruşanda ki, harda işləyirsən, deyəm raykomda, bir də var deyəm ki, nəzarətdə… hansı yaxşı səslənir, dədə?

Cura fısıldadı, susub ağır söz deməkdən özünü güclə saxladı və hannan-hana yazıq-yazıq:

⎯ Sən nə tez şöhrət azarına tutuldun, ay bala? ⎯ deyib dərindən köks ötürdü. ⎯ Allah axırını xeyir eləsin. Get, get… qız…

Sünbül «sağ olun» deməmiş çıxıb getdi. Qapının səsinə Nəzər geri döndü və:

⎯ Sən uşaqlarla çox yumşaq rəftar eləyirsən, Cura. Belə olmaz, ⎯ dedi.

⎯ Neyniyim, ay Nəzər. Mənim ürəyim də bir ürək deyil. Mən bu uşaqları o qədər, o qədər istəyirəm, birinə indiyəcən bir ağır söz deməyə dilim gəlməyib, birinə indiyəcən bir şillə belə vurmamışam, Nəzər.

⎯ Nahaq. «Qızını döyməyən, dizini döyər» ⎯ deyiblər atalarımız.

Cura başını aşağı salıb əllərini yana açdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, on yeddinci fəsil

Nəzər o gün günortayacan yatdı. Yuxudan ayılanda özünü çox gümrah və yüngül hiss eləyirdi. Elə bil dünyaya təzə gəlmişdi ⎯ hava gözəl idi, həyətdə hər şey göz oxşayırdı, yerində olmayan bir çöp belə tapmaq olmazdı ⎯ səliqə-sahmana, təmizliyə baxıb ciyər dolusu nəfəs alırdı Nəzər. Fikir vermişdi ⎯ haçan bir dələduzu yaxalayırdı, bir oğrunun, tamahkarın əlindən bir çöp saldırırdı, haqqıtapdanan bir adamın qabağına düşüb müdirin, lap katibin yanınacan gedərək ədaləti bərqərar elətdirirdi, bax, onda Nəzər belə rahat olurdu, onda Nəzər belə ciyərdolusu nəfəs alıb uşaq kimi sevinirdi.Axşamkı buğda əhvalatını gözü qabağına gətirdikcə gülümsünürdü, əlilə bığını sığallaya-sığallaya həyətdə gəzinirdi. Bir maşın buğdanı üç dəfə boşaldıb üç dəfə də yükləmiş Mürsəlin, Uzunun, Gödəyin tərli sifətləri, islanmış maykaları lap elə bil gözünün önündəydi, hətta onların töyşük səslərini də eşidirdi elə bil.

16 min
İkinci hissə, on səkkizinci fəsil

Rayonun lap mərkəzində, dörd yol ayrıcında qoyulmuş şlaqbaumun yanında iki «Jiquli» dayanmışdı. Balamirzə burdaydı, böyründə də qoluna qırmızı lent bağlamış drujinaçı ⎯ cavan bir oğlan dayanmışdı. Ucaboy, qolsuz köynək geymiş kişi, Balamirzənin qənşərində durub əl-qol ölçə-ölçə nəsə deyirdi. Maşındakılar söhbətin uzandığını görüb bir-bir yerə düşür, mübahisə eləyənlərin başına yığışırdılar. Səkkiz-on nəfərdilər. Altısı qadındı, bir uşaq da vardı.Nəzər qıraqlarına akasiya ağacları əkilmiş səki ilə ağır-ağır gəlirdi. Oğluyla olan bir az əvvəlki söhbətdən yaman dilxor olmuşdu. Qəribin, öz doğma oğlunun onunla belə danışması kişini pərt eləmişdi. Təəssüflə fikirləşirdi ki, bu uşaq ⎯ yəni Qərib onu hələ də yaxşı tanımır. Ürəyi sıxılmışdı, həyətə yenmişdi, bir adam axtarmışdı ki, dərdləşsin, danışsın, fikrini dağıtsın. Sürücü yox idi ⎯ hə, demişdi benzin doldurmağa gedəcək.

6 min
Üçüncü hissə, birinci fəsil

Kaş Ələmdar gəlməyəydi, kaş Simuzər onda evdə olmayaydı, harasa getmiş olaydı, kaş onun o soyuq, ürək yaxan sözlərini eşitməyəydi. Amma hayıf ki, gəlmişdi, demişdi, o da eşitmişdi.O zaman bir əlilə günahsız və məsum qızın uçurub viran qoyduğu, yerlə yeksan elədiyi, o biri əlilə də yaşına heç cür yaraşmayan o isti nəvazişləri, çılğın öpüşləri ilə tikib qurmağa, ovutmağa, bədbəxtliyini, gərəksizliyini unutdurmağa çalışdığı və unutdurduğu könül dünyasını bu boyda ayrılıqdan sonra, gəlib təzədən xarabazara döndərərək getmişdi. Həmin o məşum gün ⎯ səhər tezdən, hamı yatmışkən, pilləkən qayıdıb yatağına girmiş, çarəsiz-çarəsiz gözlərinin qorasını sıxmış, için-için ağlamışdı. Bir azdan qalxıb süfrə açan, ortalığa çay-çörək qoyub kişiləri səşər yeməyinə dəvət eləyən Səltənət xanım yavaşca sivişib qızının otağına keçmişdi, silkələyib çağırmışdı:

13 min
Üçüncü hissə, ikinci fəsil

Uzun,üstünə bəzəkli müşənbə salınmış stolun arxasında qabaq-qənşər iki adam oturmuşdu. Ev yiyəsi Müseyib idi ⎯ başının sarı saçları seyrəlib tökülmüşdü, kipgirdə ətli sifəti, qonur, qaynar gözləri qəribə bir parıltı ilə yanırdı. Qonağı ⎯ Nəzər müəllimdi. Gözlənilməz qonaq idi. Müseyib küçə qapısında təsadüfən rast gəlmiş, belə fürsəti çoxdan gözləyən adam kimi, hədsiz sevinc içində onun qoluna girmiş, demək olar ki, kişini zorla çəkib həyətə salmışdı. Nəzərin ilk anlardakı çaşqınlığı az sonra keçib getmiş, qırışığı açılıb sərbəstləşmişdi. Yanıyca yan basa-basa yeriyən ev sahibi darvaza arxalarınca öz-özünə çırpılan təki gövdəsinə qətiyyən yaraşmayan cır səslə üzünü eyvan tərəf tutub hay-küylə demişdi:⎯ Ay uşaq, ay Simuzər, gör bizə kim gəlib! Elimizin ağsaqqalı, bizim Qəribin atası.

32 min

Poems by other poets