Birinci hissə, on ikinci fəsil
Page 2 of 2 · 50%
Dostməmməd çiyinlərini çəkib qaşlarını dartdı:
– Gərək görkəmli adam olsun, arvad.
– Görkəmli?
– Bəli.
Nazxanım... alnını ovuşdura-ovuşdura xeyli düşünüb nəsə tapmış adam kimi sevinclə qışqırdı:
– Tapdım. İndi Rəhgüzərdən görkəmli adam yoxdu, məncə. O... — Dostməmmədin elə bil, başına qaynar su tökdülər: kişi qıvrılıb açıldı, qəzəblə ona baxıb sözünü xırp kəsdi:
– Hə, bax, burda korladın. Sənə neçə dəfə demişəm ki, onun adını mənim yanımda çəkmə? Demişəm, deməmişəm? Nazxanım astadan:
– Demisən!.. — dedi, — çaşdım ey, kişi, vallah.
– Çaşdım, çaşdım… Sən yaxşı bilirsən ki, ilanın zəhləsi yarpızdan kedən kimi, mənim də zəndeyi-zəhləm Rəhgüzərdən gedir? Bilmirəm bu camaat onda nə görüb? Adi bir cızmaqaraçıdır də. İntəhası, vaxtında adını çıxardıb oturub dəyirmanda. Millət, vətən, azadlıq deyə-deyə bu avam camaatın gözünə kül üfürüb, hamının gözünü bağlayıb salıb dalınca, Allah bilir hara aparır?! Küçədə görəndə böyüklü-kiçikli baş əyirlər, bir yerdə çıxış eləyəndə əlləri qızarıb göynəyənəcən çəpik vururlar. Neyniyib axı, o? Vallah, billah, onun imkanları, vəzifələri məndə olsaydı, indi mən dahi olmuşdum. Madam ki belədi, camaatın da acığına, lap elə sənin özünün də acığına, onu bu təqvimin lap axırına salmasam, məndən pis adam yoxdur. Heç yerli-dibli salmazdım ha, sonra söz-söhbəti çıxar, ehtiyat eləyirəm. Ancaq onu yandırıb cızdağını çıxartmaq üçün lap axırıncı səhifəyə salacağam. Görərsən! Qoy bilsin ki, adam saymamaq nə olan şeydir. Şəhərdə elə gəzir ki, elə bil, alçaq dağları bu yaradıb, adamın salamını da ağzının ucuyla alır.
Nazxanım Rəhgüzərin adını çəkməyə peşman olmuşdu. Ərinin könlünü almaq üçün dedi:
– Əşi, bir zarafatdı, elədim də. Nə tez çıxırsan özündən?
– Yox da, danışanda bir az fikirləş! Dostməmməd bir papiros yandırıb sümürdü, iki-üç dəqiqə keçəndən sonra hirsi soyudu və təzədən soruşdu:
– Yaxşı, kimi məsləhət eləyirsən?
– Düzü budu ki, — deyə Nazxanım fikirləşə-fikirləşə danışmağa başladı, — bayaqdan ha götür-qoy eləyirəm, o yan-bu yana, aşağı-yuxarı baxıram, səndən görkəmlisi gözümə dəymir, kişi!
Dostməmməd qanrılıb arvadını ciddiyyətlə süzdü:
– Get, özünü dola, arvad.
– Kişi, vallah dolamıram, düz sözümdü. Dostməmməd uzun illər bu sözü eşitmək həsrətində imiş kimi səsini alçaldıb:
– Yəni düz deyirsən, Nazı?—deyə yazıq-yazıq soruşdu.
– Əlbəttə, düz deyirəm, mənim səninlə birdən-ikiyə zarafatım olub?!
Dostməmmədi fikir götürdü. Bir anlığa gözlərinin qabağında çap olunmuş təqvim vərəqləndi. Əlahəzrətin yağlı, par-par parıldayan şəklindən sonra, həməl ayının ilk günlərinə həsr olunmuş səhifələrin birində məmnun halda gülümsəyən öz şəkli cilvələndi, ötüb-keçdi... Ancaq birdən yadına nə düşdüsə qanı qaraldı, boğuldu.
– Sənə nə oldu, kişi?
– Axı — deyə o, ağır-ağır dindi, — mən həməldə anadan olmamışam, arvad, əqrəb ayında doğulmuşam?!
– Eh, nə olsun ki, — deyə arvad təsəlli verdi. — Bunu kimdi yoxlayan, sağ olmuş?! Ona qalsa, deyirsən Rəhgüzəri lap axıra salacağam, axı o hut ayında doğulmayıb, o həməl ayında doğulub, kişi!
– Hə, düz deyirsən. Əşi, təqvim çıxsın, satılsın, kimdi onu təzədən yığışdıran?!..
Beləliklə, Dostməmməd qabağına qoyduğu kağıza təqvimə daxil edəcəyi adamların adını yazdı. Sonra bir neçə gün gecəni-gündüzə qatıb, özünün dediyi kimi, əla bir təqvim hazırladı.
Başda əlahəzrəti, sonra özünü, arvadının köhnə siyasi xadim olan atasını, məclis vəkili olan dayısı oğlunu, uzaq-yaxın dostlarından bir neçəsini, hətta gələcəkdə böyük, tanınmış adam ola biləcəyinə inandıqlarını (əlbəttə, hərdən araya tək-tük kənar, az tanıdığı, ölüb getmiş, adamları da salırdı ki, daha lap ağ olmasın) təqvimə daxil elədi. Həməl ayının səkkizində anadan olmuş, bu yaxınlarda əlli yaşı tamam olacaq, xalqın sevimlisi, sənətkar oğlu Rəhgüzəri lap axırıncı səhifələrdən birinə — hut ayının son gününə saldı. Özü də onun kitablarından birində neçə il əvvəl çıxmış köhnə şəklini tapıb təqvimdə verdi. Ürəyində isə dedi: «Hə, necədi, ağayi Rəhgüzər? İndi yan-yaxıl».
Nəhayət, əlyazmasının üstündə ağayi vəzirin dərkənarı və imzası olan təqvim cari ilin son ayında mətbəədə çap olunub satışa buraxıldı. Təqvim ayaq tutub şəhərləri, kəndləri az-az gəzdi. Küçədə qəzet-jurnal satan uşaqlar «təqvimi sale-nov» — deyə-deyə yaraşıqlı, nəfis buraxılmış təqvimi qısa bir müddətdə satdılar, qurtardılar. Təqvim novruz bayramı günü artıq divarlara qonmuşdu.
Yeni ilin gəlişini hamı cah-calalla, toy-bayramla qarşıladı. Yedilər, içdilər, oynadılar. Gün keçdi, əllər təqvimə sarı uzandı — yeni ilin birinci günü sona çatanda təqvimin də birinci səhifəsi qoparıldı... İkinci günü ikinci səhifəsini, üçüncü günü üçüncü səhifəsini... qopartdılar...
Dostməmmədin də evində təqvimin birinci, ikinci, üçüncü səhifəsi qoparıldı. Dördüncü gün gəldi... Dostməmməd o gün elə hey gedib-gəlib öz şəklinə məftunluqla tamaşa elədi, beş-altı dost-qohum evinə baş çəkdi, «Elə-belə, dedim gedim bayramınızı təbrik eləyim. Yox, oturmayacağam, sağ olun!» — deyib dər-divara göz gəzdirdi, öz əksinə baxıb iftixar elədi, yadından çıxıb dünənin səhifəsini qoparmayanlara zarafatla: «Siz hələ dünənki gündə yaşayırsınız!» — dedi, xatırlatdı. «İndi bütün məmləkətdə, gör neçə milyon adam mənə baxır. Baxın, baxın, bala, gözünüzə su verin, görün analar necə oğullar doğublar, bala!» — deyə-deyə gecəyarıdan keçənəcən yatmadı...
Səhər oyananda, dünənki şövqlə təqvimə baxdı; Nazxanım qeyri-iradi olaraq varağı qoparmaq istəyəndə... səksənmiş kimi əl saxladı, çünki bunu görən Dostməmməd elə bərkdən qışqırdı ki...
– Neynəyirsən, ay...
– Bıy, bismillah, ay kişi, qorxdum ki?
Hər ikisi çaşqın-çaşqın bir-birinin üzünə baxdı, susdular.
Nazxanım təəssüf andıran səslə:
– Ay kişi, nə tez? Heç üç-dörd gün qalmadın bu təqvimdə? O qədər əlləşdin-vuruşdun...
Dostməmmədə çırtma vursaydın, qanı çıxardı. Səhv eylədiyini indi anladı, pərt halda fikrə getdi. Saat işlədi, vaxt ötdü, gün dəyişdi, ancaq nə Dostməmmədin, nə Nazxanımın əli gəldi ki, o səhifəni qopartsın.
Ancaq qopartdılar. Başqaları qopartdılar. Hər şəhərdə, hər kənddə, hər evdə...
Məhəmməd Şəfi Rəhgüzər isə lap axır səhifədə, qollarını sinəsinə çarpazlayaraq uca zirvədə dayanmış qartal kimi qürurla Dostməmmədin özünün, dostlarının bir-bir uçub zamanın heçliyində əriyib gedən şəkillərinə tamaşa etdi, qımışdı. Günlər, aylar sovuşdu; zaman üz görən deyil, o, bir gün Rəhgüzəri də nəhəng əlləri ilə öz yerindən qoparıb apardı.
Ancaq hamıdan axırda, bəli, hamıdan sonra...». Məhəmməd Şəfi dayandı, nəfəsini dərdi, diqqətlə qulaq asan Məleykənin burnuna bir çırtma vurub:
– Burda nağılımız qurtardı, Məleykə. Göydən üç alma düşdü; biri sənin —qulaq asdığına görə, biri Elməddinin — yazdığı üçün, biri də mənim — oxuduğum üçün...
Məleykə etiraz elədi:
– Yox, Şəfican, birincisi Elməddinin, ikincisi sənin, üçüncüsü isə mənim, — dedi.
– Yaxşı, sən deyən olsun. Amma gözəl, müasir nağıldı, Məleykə. Çox incə mətləblərə toxunub Elməddin.
– Çap edəcəksən, Şəfi?
– Əlbəttə, əlbəttə. Bu da bizim dərdlərimizdən biridi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-efsanesiz-iller-birinci-hisse-on-ikinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Nəzər o gün günortayacan yatdı. Yuxudan ayılanda özünü çox gümrah və yüngül hiss eləyirdi. Elə bil dünyaya təzə gəlmişdi ⎯ hava gözəl idi, həyətdə hər şey göz oxşayırdı, yerində olmayan bir çöp belə tapmaq olmazdı ⎯ səliqə-sahmana, təmizliyə baxıb ciyər dolusu nəfəs alırdı Nəzər. Fikir vermişdi ⎯ haçan bir dələduzu yaxalayırdı, bir oğrunun, tamahkarın əlindən bir çöp saldırırdı, haqqıtapdanan bir adamın qabağına düşüb müdirin, lap katibin yanınacan gedərək ədaləti bərqərar elətdirirdi, bax, onda Nəzər belə rahat olurdu, onda Nəzər belə ciyərdolusu nəfəs alıb uşaq kimi sevinirdi.Axşamkı buğda əhvalatını gözü qabağına gətirdikcə gülümsünürdü, əlilə bığını sığallaya-sığallaya həyətdə gəzinirdi. Bir maşın buğdanı üç dəfə boşaldıb üç dəfə də yükləmiş Mürsəlin, Uzunun, Gödəyin tərli sifətləri, islanmış maykaları lap elə bil gözünün önündəydi, hətta onların töyşük səslərini də eşidirdi elə bil.
İkinci hissə, on səkkizinci fəsilRayonun lap mərkəzində, dörd yol ayrıcında qoyulmuş şlaqbaumun yanında iki «Jiquli» dayanmışdı. Balamirzə burdaydı, böyründə də qoluna qırmızı lent bağlamış drujinaçı ⎯ cavan bir oğlan dayanmışdı. Ucaboy, qolsuz köynək geymiş kişi, Balamirzənin qənşərində durub əl-qol ölçə-ölçə nəsə deyirdi. Maşındakılar söhbətin uzandığını görüb bir-bir yerə düşür, mübahisə eləyənlərin başına yığışırdılar. Səkkiz-on nəfərdilər. Altısı qadındı, bir uşaq da vardı.Nəzər qıraqlarına akasiya ağacları əkilmiş səki ilə ağır-ağır gəlirdi. Oğluyla olan bir az əvvəlki söhbətdən yaman dilxor olmuşdu. Qəribin, öz doğma oğlunun onunla belə danışması kişini pərt eləmişdi. Təəssüflə fikirləşirdi ki, bu uşaq ⎯ yəni Qərib onu hələ də yaxşı tanımır. Ürəyi sıxılmışdı, həyətə yenmişdi, bir adam axtarmışdı ki, dərdləşsin, danışsın, fikrini dağıtsın. Sürücü yox idi ⎯ hə, demişdi benzin doldurmağa gedəcək.
Üçüncü hissə, birinci fəsilKaş Ələmdar gəlməyəydi, kaş Simuzər onda evdə olmayaydı, harasa getmiş olaydı, kaş onun o soyuq, ürək yaxan sözlərini eşitməyəydi. Amma hayıf ki, gəlmişdi, demişdi, o da eşitmişdi.O zaman bir əlilə günahsız və məsum qızın uçurub viran qoyduğu, yerlə yeksan elədiyi, o biri əlilə də yaşına heç cür yaraşmayan o isti nəvazişləri, çılğın öpüşləri ilə tikib qurmağa, ovutmağa, bədbəxtliyini, gərəksizliyini unutdurmağa çalışdığı və unutdurduğu könül dünyasını bu boyda ayrılıqdan sonra, gəlib təzədən xarabazara döndərərək getmişdi. Həmin o məşum gün ⎯ səhər tezdən, hamı yatmışkən, pilləkən qayıdıb yatağına girmiş, çarəsiz-çarəsiz gözlərinin qorasını sıxmış, için-için ağlamışdı. Bir azdan qalxıb süfrə açan, ortalığa çay-çörək qoyub kişiləri səşər yeməyinə dəvət eləyən Səltənət xanım yavaşca sivişib qızının otağına keçmişdi, silkələyib çağırmışdı:
Üçüncü hissə, ikinci fəsilUzun,üstünə bəzəkli müşənbə salınmış stolun arxasında qabaq-qənşər iki adam oturmuşdu. Ev yiyəsi Müseyib idi ⎯ başının sarı saçları seyrəlib tökülmüşdü, kipgirdə ətli sifəti, qonur, qaynar gözləri qəribə bir parıltı ilə yanırdı. Qonağı ⎯ Nəzər müəllimdi. Gözlənilməz qonaq idi. Müseyib küçə qapısında təsadüfən rast gəlmiş, belə fürsəti çoxdan gözləyən adam kimi, hədsiz sevinc içində onun qoluna girmiş, demək olar ki, kişini zorla çəkib həyətə salmışdı. Nəzərin ilk anlardakı çaşqınlığı az sonra keçib getmiş, qırışığı açılıb sərbəstləşmişdi. Yanıyca yan basa-basa yeriyən ev sahibi darvaza arxalarınca öz-özünə çırpılan təki gövdəsinə qətiyyən yaraşmayan cır səslə üzünü eyvan tərəf tutub hay-küylə demişdi:⎯ Ay uşaq, ay Simuzər, gör bizə kim gəlib! Elimizin ağsaqqalı, bizim Qəribin atası.
Poems by other poets
Yenə də gül açdı cığırlar, yollar,Başlandı söhbəti, sözü dağların.
Həmzə, incitmə QıratıCanım Həmzə, gözüm Həmzə,Həmzə, incitmə Qıratı.
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
Payızda boz sulara durub fikir verəsənPayızda boz sulara durub fikir verəsən,Kür öz sahillərilə nə danışır görəsən?!