Page 2 of 2 · 50%

Nəcməddin onu dizinin üstə, yanında oturtmuşdu. Tez-tez arıq, şəhadət barmağını uşağın çənəsinə, yanaqlarına vurur, muşqururdu, qayğısız aləmdə yaşayan, olub-keçənlərdən, hələ bundan sonra ola biləcək hadisələrdən xəbərsiz olan balaca Nəcməddin şən-şən, qığıldaya-qığıldaya gülürdü, atasının qolundan tutub ayağa qalxır, kişinin saqqalına əl sürtür, anlaşılmaz dilində ona nə isə deyirdi.

Əbdül qapının ağzında gəlib durmuşdu. Ağayi Nəcməddin elə aludəçiliklə uşaqla oynayırdı ki, onun gəlişindən xəbəri olmamışdı. O, öskürəndə Nəcməddin də, uşaq da ona sarı baxdı. Körpə qollarını açıb Əbdülün qucağına getmək istədiyini bildirdisə də, Əbdül cəsarət eləyib irəli gəlmədi; körpə bir neçə dəfə dartındı, ancaq istəyinin cavabsız qaldığını anlayıb yenə atasına sığındı. Ağayi Nəcməddin Əbdüldən soruşdu:

– Zərriyə zəng elədin?

– Bəli, qurban.

– Dedin ki, dəllək və şəkilçəkən gətirsin?

– Bəli, qurban. Dedim. Dedi gətirərəm.

– Hm.

– Ağazadə sizi yordusa, verin mənə, ağa!

– Yoox, qoy oynadım. Sən get, işinlə məşğul ol... — Əbdül baş endirib getdi. Ağayi Nəcməddin zəif, taqətsiz əllərilə oğlunu qaldırıb dizinin üstünə qoydu. Ata-bala üz-üzə, göz-gözə dayandı. Nəcməddin astadan dedi:

– Qibləgahını çox istəyirsən? Balaca Nəcməddin başını tərpətdi.

– Onda üzümdən maç elə, oğul.

Balaca Nəcməddin, sanki kişinin sözlərini başa düşdü, onun yanağından öpdü. Bu zaman o da oğlunu var gücü ilə bağrına basdı, sıxdı, üzündən, alnından, saçlarından öpdü... Qəribə idi, hələ indiyəcən o, öz qəlbində bu uşağa qarşı belə atəşin məhəbbət, istək duymamışdı. Elə bil ata məhəbbəti bu an doğuldu onun ürəyində. Və bu elə güclü bir hiss idi ki, kişinin gözlərini parıldatdı, nurlandırdı, canına qüvvət, güc, hərarət axıb doldu. İstədi onu ürəyinin içinə qoysun. Təəssüfləndi ki, heyf, bü mümkün deyil.

Sonra o, hardansa birdən-birə ürəyinə axıb dolan bir nigarançılıqla balacanı nəzərdən keçirməyə başladı. İstər-istəməz özü ilə müqayisə elədi. Kirpikləri uzundu — anasınınkı kimi. Nəcməddnin burnu uzun və sivri idi, ucu şiş idi. Onunku isə gödəkdi, yastı idi. Nəcməddinin çənəsi enli idi, alt dodağı ilə çənəsi arasında kəsiyəbənzər üfüqi bir xətt vardı. Ancaq körpənin çənəsi uzunsov idi, o üfüqi xətt də yox idi. Atasının sifəti girdə idi, onun sifəti uzunsovdu... Bu fərqləri görəndə onun qolları süstəldi, yenə taqətsizləşdi, bədəni soyudu, gözləri sönən çıraq kimi nurdan düşdü... «Mənə oxşamır? Yox, oxşamır... Anasına oxşayır... Yox, bəlkə?..» — Şübhə yenə ürəyini zəhərlədi. Fikrən ötən günlərə qayıtdı, içərisi göynəyə-göynəyə düşündü ki, yəqin burda da xəyanət var?.. Aman allah, mən nə müsibətə düçar olmuşam! Yox, ola bilməz! Ola bilməz!.. Onda Dünya saf idi, təmiz idi, xəyanətdən, məkrdən uzaq idi! Ola bilməz» — o, uşağı divanın üstünə atdı, ayağa qalxıb ona kənardan baxdı. Sonra götürüb güzgünün qabağına gətirdi, özünə də, ona da nəzər saldı, diqqətlə, tutuşdura-tutuşdura. Əllərinə-ayaqlarına fikir verəndə... bir az toxtadı: uşağın əlləri, ayaqları onunkuna, özününkünə oxşayırdı... Bu zaman Əbdül içəri girdi. O, hərəsan, şübhəli baxışlarla Əbdülü süzdü. Onun üzü tüklü idi, çənəsinin uzunluğunu görə bilməzdi. Görmədi də. «Yox mənim başıma hava gəlir... Ola bilməz...»

Əbdül ağasının baxışlarındakı dəyişikliyi o dəqiqə hiss elədi.

– Sizə nə oldu, ağam?!

– Heeeç...— deyə Nəcməddin səsini uzada-uzada cavab verdi: — Al bu it küçüyünü,... yordu... məni.

Uşağa da sanki atasının ürəyindəki bəd və qorxulu fikirlər agah olmuşdu — quş kimi qanad açıb Əbdülün qucağına qondu, qollarını onun boynuna doladı. Nəcməddin bunu görməmək üçün üzünü yana çevirdi.

...Üz qırxma, şəkil çəkdirmə mərasimi səssiz-səmirsiz keçdi. Əvvəl dəllək ağayi Nəcməddinin üzünü təraş elədi, pulunu alıb getdi. Üzü qırxılandan sonra aydın oldu ki, Nəcməddin nə qədər arıqlayıb. Ətli sifətinin dərisi indi sümüyünə yapışmışdı. Elə arıqlamışdı ki, kişinin tanınmalısı qalmamışdı. Zərrintac da, Əbdül də onu belə görüb nigaran-nigaran bir-birinə baxmışdılar.

Sonra Nəcməddin qızı ilə, oğlu ilə bir yerdə şəkil çəkdirmişdi. Bir dənə də tək çəkdirmişdi. Əkkas gedəndən sonra evə bir matəm sükutu çökmüşdü. Heç kəs dinib-danışmağa cəsarət eləməmişdi.

Nəcməddin ağır addımlarla çarpayısına yaxınlaşıb oturandan sonra demişdi:

– Yadigar qalsın... ona görə çəkdirdim...

Zərrintac xanım — bayaqdan dolub-doluxsunmuş Zərrintac xanım gəlib atasının yanında əyləşdi və danışmağı ilə ağlamağı bir oldu:

– Qibləgahım, qurban olum, niyə özünü məhv edirsən? Gəl səni aparım Amerikaya, Fransaya, Şurəviyə — hara deyirsən aparım, müalicə elətdirim. Oralarda yaxşı həkim var.

– Bilirəm var, qızım... Ancaq... lazım deyil.

– Niyə axı?

Nəcməddin ani sükutdan sonra:

– Mənim beynimi, ürəyimi dəyişmək lazımdı, qızım. Onu da onlar bacara bilməz... — dedi. — Heç kəs bacara bilməz. Heç allah özü də bacara bilməz, qızım...

...Onlar o biri otağa keçəndən iki-üç dəqiqə sovuşmamış, Nəcməddinin otağından güllə səsi eşidildi... Uşaq qorxub qışqırdı. Zərrintac və Əbdül tələsik içəri qaçdılar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, altıncı fəsil

Bu, dünən olmuşdu, dünən Nəzər ömrünün ən ağır gününü yaşamışdı; bu, təkcə ağır gün deyildi, həm də ağrılı gün idi. Müharibə vaxtı, Belorus meşələrində on üç gün ac qalanda, Berlin darvazasının ağzında düşmən mərmisi qıçını dağım-dağım edəndə belə ağrı duymamışdı canında. Can ağrısına dözmək asan imiş, ürək ağrısına dözmək olmurmuş!.....Gecəni səhərəcən yata bilməmişdi, dan yeri qızaranda azcana çimir eləmişdi, quş yuxusu alıb yenə, adəti üzrə, saat səkkizin yarısında ayılmış, geyinib-kecinmiş, yeməyini yeyib yola düşmüşdü

21 min
Birinci hissə, yeddinci fəsil

Bikə xanım günorta evə gəlmişdi.– Nə olub, ay kişi? Görürəm, çox bikefsən, pərişansan neçə gündü. Dünyada pensiyaya çıxan elə bir sənsən? İtiyi itmiş adam kimi ora-bura çovuyursan. Şakir kimdi ki, sən onun sözüynən ərizə verirdin ki? Dəvədən böyük fil var. Mənə desəydin, qoymazdım səni ərizə yazasan, kişi.

30 min
Birinci hissə, səkkizinci fəsil

Bikə xanım darvazanın qənşərinə çatanda Nəzərin kiminləsə ucadan danışdığını eşidib bir anlığa duruxmuşdu; ürəyi atlanmış arvad özünü yel kimi həyətə təpib ortalıqda, damağında siqaret, tək-tənha var-gəl eləyən ərindən hövlnak soruşmuşdu:⎯ Uşaqlar gəlib?

19 min
Birinci hissə, doqquzuncu fəsil

Güldanə evin qabağında çömbəltmə oturub tezdən Tapdığın kəsdiyi toyuqların tükünü teştin içində yolurdu. Uzunlu-qısalı yaş tükləri səliqə ilə teştin bir qırağına yığır, dodaqaltı çox sevdiyi «Sağ ol, əzizim» mahnısını zümzümə eləyirdi. Birdən böyründə kimsə öskürüb dilləndi:⎯ Ay ev yiyəsi, qonaq istəmirsən ki?

17 min

Poems by other poets