Page 2 of 2 · 50%

– Şəfican, bunu da bil ki, mən bu söhbəti sənə deməyə də bilərdim. Ancaq ürəyim məni məcbur elədi ki, səni xəbərdar eləyim, çünki sənə heyfim gəlir. Bilirsən ki, mənim belə elədiyimi onlar bilsələr, gecənin birində mən yoxam, oğurlayarlar, məhv edərlər, inanmırsan? Deyirsən dostlarımdı? Yox, Şəfi. Mən rəyasət adamının, yüksək məqamlı şəxslərin dostluğuna heç vaxt inanmamışam. Sadəcə olaraq, onlarla ağılla danışmışam, susmaq lazım olanda susmuşam, gülmək lazım olanda gülmüşəm, qumarda, bilyardda uduzmaq lazımdısa, uduzmuşam. Çünki bizim zəmanə, cəmiyyət bunu belə tələb eləyib. Mən yaşamaq istəmişəm, inanmışam ki, ikinci dəfə dünyaya gəlməyəcəyəm, faydasız, az qiymətli iş üçün çox qiymətli, əvəzsiz həyatımı, başımı bıçaq altına qoymağı axmaqlıq sanmışam, Şəfi. Odur ki, qardaş, mən sənə heç nə deməmişəm. Oldumu?

Şəfi qəmli-qəmli gülümsündü:

– Minnətdaram, Nəcməddin, sənə. Çox sağ ol, qardaş. O barədə arxayın ola bilərsən, biz uşaq deyilik ki!! Sənin bu fədakarlığını biz yüksək qiymətləndiririk. O ki qaldı insanın dünyaya bircə dəfə gəlmək məsələsinə, məncə, elə həyatın gözəlliyi də elə ondadır ki, insan bircə dəfə dünyaya gəlir, iki dəfə yox.


...Nəcməddin gedəndən sonra Məhəmməd Şəfi tək qaldı, eşitdiklərini, öyrəndiklərini götür-qoy eləməyə başladı. Düşündükcə qəlbində iftixar hissi ilə qəribə qorxu hissi tez-tez bir-birini əvəz eləyib varlığını sıxdı. Yanında bir dost, həmdəm arzuladı ki, ürəyini açsın, yüngülləşsin. Bəbirlə görüşün vaxtı hələ çatmamışdı, Elməddin isə yerində yox idi. Əlbəttə, bunu hələlik Məleykə xanıma demək olmazdı, o, narahat olacaqdı, nə boğazından tikə keçəcəkdi, nə də yata biləcəkdi. «Demək, qorxurlar! Ona görə də bizi —Bəbiri də, məni də aradan çıxarmaq üçün münasib fürsət, məqam gözləyəcəklər».

Şəfi gəzinir, siqareti siqaretin oduna yandırırdı; otağa elə bil, dağlardan duman axıb gəlmişdi. Nəfəs almaq mümkün deyildi.

Şəfi damağında siqaret eyvana çıxdı, oradan hovuzun qırağına gəldi. Dərdsiz-qayğısız üzən, bir-birilə «zarafatlaşan», «vuruşan» balaca, qırmızı, ağ, qara balıqlara tamaşa elədi. Oğlu o yanda, hasarın dibində oturub dərs oxuyurdu, Məleykə bir yerə topladığı zir-zibilə od vurmuşdu.

Məleykə asta addımlarla ona yaxınlaşdı:

– Ağayi Nəcməddindən nə əcəb, Şəfi? — deyə xəbər aldı. Şəfi qəmli, tutqun nəzərlərini arvadından gizləməyə çalışaraq:

– Elə-belə...—dedi. — Deyirdi sənin üçün darıxmışam... — O, vicdan əzabı çəkə-çəkə yalan danışdı yenə. Məleykə kefi kök halda güldü:

– Yəqin yenə Dünya xanım şerdən ötrü kişini dağa-daşa salıb, hə?

– Hə, hə! — Şəfi bunu niyə vaxtında tapıb deyə bilmədiyinə təəssüfləndi — Şer verdim ona, apardı.

– O qız bu kişinin axırına çıxmasa yaxşıdı. Uşaq kimi əsir-yesir eləyib bu boyda kişini. Öl desə ölür, qal desə qalır.

– Sevir də.

– O yaşda nə sevgi, ay Şəfi! Nəcməddinin ələyi ələnib, xəlbiri də göydə fırlanır.

– Ürəyin işini bilmək olmaz, Məleykə. Bu, yəqin onun qocalıq eşqidi. Bəlkə də onu elə gümrah saxlayan o qızın məhəbbətidi, nə bilmək olar?..

– Hələ bu gün-sabah uşaq da olacaq, gör onda Nəcməddinin başında nə turp əkəcək!

– Əkə bilməz, Məleykə. Nəcməddini sən yaxşı tanımırsan. Mən onu beş barmağım kimi tanıyıram. Sən bilirsən o necə zirək, hələm-hələm arxasını yerə qoymayan bir kişidi?

– Nə deyim, vallah. Özləri bilərlər. — Sonra Məleykə söhbəti dəyişib Bəbrəkin üstünə gətirdi — Bəbrək bayaq yanına gəldi?

– Yox.

– Gəlmədi? Bayaq sənə baxmağa gəlirdi uşaq.

Şəfi bayaqdan ilk dəfə gözlərini hovuzdan çəkib arvadına baxdı:

Necə yəni mənə baxmağa gəlirdi?

Məleykə Qadir xanın bu gün sinifdə danışdığını ərinə sevinə-sevinə nağıl elədi:

– Deyib ki, Rəhgüzər bizim ən böyük adamımızdır, fəxrimizdir.

Şəfi kədərli halda başını tərpətdi və istehza ilə:

– Hə, — dedi, — məmləkətin ən böyük adamları da mənim barəmdə elə o fikirdədirlər!

– Sən allah, düz deyirsən? Kim, Şəfi? Şəfi astadan dedi:

– Əlahəzrət, nəxost vəzir...

– Nə yaxşı, nə yaxşı, ay Şəfi. Onlardan çıxmayan iş?!—deyə ərinin bu sözləri nə mənada dediyini anlamadığından lap sevindi. — Gözün aydın, kişi. Səni təbrik eləyirəm.

– Niyə dinmirsən, Şəfi?

Şəfi fikri dağınıq olduğunu gizləməyə çalışaraq:

– Hə, çox sağ ol, Məleykəm mənim. Ancaq mən onların sözündən daha çox Qadir xanların sözünə inanıram!

...Bəbir otaqda var-gəl edə-edə Məhəmməd Şəfini dinlədi. Şəfi sakit-sakit danışırdı, səsində nigarançılıq vardı, qayğı vardı, neçə gündən bəri düşüncələrin, xəyalların yorub əldən saldığı Şəfi, Nəcməddinin danışdıqlarını artırıb-əskiltmədən, olduğu kimi Bəbirə çatdırandan sonra:

– Yenilik bundan ibarətdir, Bəbir!—dedi. — Özü də mənə elə gəlir ki, bu məsələni əhəmiyyətsiz — boş şey kimi qəbul edə bilmərik. Mənə elə gəlir ki, bu söhbət havayı yerə gedib o yerə çıxmayıb!!!

– Tamamilə düz deyirsən, Şəfi. Demək, məclisdə, nümayəndələr arasında mən nə qədər qorxuluyamsa, sən də çöldə, cəmiyyətdə bir o qədər qorxulusan, hə, — deyə Bəbir keçib stulunda, Şəfinin üzbəüzündə oturdu. — Bəli. Beləcə də deyib!

– Nə olar, bizim üçün bu, fərəhlidir, Şəfi. Adama düşmən kimi ətraflı və dəqiq qiymət verən ikinci şəxs çətin tapılar. Dost qiymətində bir qədər aludəlik, artırma-əskiltmə ola bilər, ancaq düşmən adama düşmən kimi qiymət verir — real, necə varsansa, elə! Demək, atdıqlarımız hədəfə dəymişdir, boş çıxmamışdır, Şəfi.

Bəbir danışdıqca Şəfi ondakı nikbinliyə, qorxmazlığa heyran olur, istər-istəməz bu neçə gündə keçirdiyi hissləri Bəbirin coşub-qaynayan duyğuları ilə müqayisə edir və öz dostunun mərdliyinə, dönməzliyinə qibtə ilə baxırdı. Düşünürdü ki, indiki halda Bəbirlə onun fərqi bundan ibarətdir: Bəbir başladıqları bu işin yarımçıq qalacağını ağlına belə gətirmirdi, Şəfi isə ancaq və ancaq bundan qorxurdu.

Bəli, hər ikisinin ən müqəddəs arzusu bu vətənin, bu torpağın, bu xalqın səadətə çıxması uğrunda aparılan mübarizənin uğurla nəticələnməsi idi. Bu yolda hətta ölüm qorxusu da onların gözünə görünmürdü. Bəbir cavan idi, hələ bu taxt-tacın qan üstündə dayandığını, insan sümüklərinə söykəndiyini — nəzəri cəhətdən çox yaxşı bilsə də, əmələn görməmişdi, təsəvvür eləmirdi. Şəfi isə öz ömründə çox belə mübariz oğulların — «böyük» və «qorxulu» olduqları üçün — «adi təsadüf» üzündən çayda boğulduğunu, avtomobil qəzasına uğradığını, «qəflətən» öldüyünü görmüşdü, eşitmişdi. Onların yalnız ömürləri deyil, arzuları da yarımçıq qalmışdı. Şair məhz bundan qorxurdu, ancaq bundan! Şəfi bu fikirlərini Bəbirə söyləyəndə o, özünə xas çılğınlıqla cavab verdi:

– Ondan da qorxmaq lazım deyil, Şəfi. Biz olmasaq da, bizdən sonra gələnlər bu müqəddəs işi axıra çatdıracaqlar. Bundan nigaran olma, bu duyğunu birdəfəlik ürəyindən çıxart, at! O, səni tərk-silah eləyə bilər, Şəfi.

Şəfi narazı halda başını tərpətdi:

– Yox, Bəbir. Bundan arxayın ola bilərsən. Mənim deməyim odur ki, son dərəcə ehtiyatla işləməliyik, adamlarımızı, xüsusən səni qorumalıyıq. Yoxsa biz mənəvi cəhətdən düşmənimiz qarşısında uduzmuş olarıq.

– Düzdür, Şəfi. Tamamilə düzdür. Nəcməddinin bu fədakarlığını qiymətləndirməliyik, biz onu əldə saxlamağa çalışmalıyıq. Bu belə... Qaldı ki, vəziyyətimiz... Sən narahat olmaqda haqlısan, Şəfi. Gərgindi bizim vəziyyətimiz. Ona görə, biz müvəqqəti olaraq, ruznaməmizdə kəskin şerlər verməməliyik; mənim «Nə etmək lazımdır?» məqaləmi hələ vermə. Çünki bu onları lap quduzlaşdıracaq.

– Dayan, Bəbir. Həmin məqalə üçün bir karikatura da çəkib Elməddin.

– Nə karikatura?

– O... Əla bir şəkildi. Özü də hər ikisini bir nömrədə verəcəyəm. Əgər Nəcməddin bu xəbəri çatdırmasaydı, bu nömrədə verəcəkdim.

– Hanı, baxım?

Şəfi qovluğun içindən bir qalın səhifə çıxardıb Bəbirin stolunun üstünə qoydu. Bəbir diqqətlə baxmağa başladı. Səhifədə tuşla baş nazirin şəkli çəkilmişdi. O, qara bir pərdənin qabağında, stulda əyləşib ayağını ayağının üstünə aşırmışdı. Arxasındakı qara pərdədə saysız-hesabsız sual işarələri vardı. Və baş nazir corab toxuyurdu. Yumaq yerə düşmüşdü. Baş nazirin sifəti, başı elə çəkilmişdi ki, adını yazmaq lazım deyildi, baxan o saat tanıyardı. Çünki hansı qəzetə, jurnala baxsaydın, baş nazirin şəklini görə bilərdin. Ya diplomatik qəbulda, ya qonaq qarşılayıb yola salanda, ya da əlahəzrətin hüzurunda...

Altında bircə kəlmə yazılmışdı: «Sözsüz...».

Bəbir karikaturaya baxıb uğundu:

– Ay səni, Elməddin! Nə yaxşı çəkib, nə yaxşı çəkib!! Afərin!

– Sən bunun siyasi mənasına fikir verirsənmi, Bəbir?

– Bəli, çox böyük siyasi mənası var, Şəfi. Yəni bu qədər hələ olunmalı məsələlər qalıb, baş nazir xırda-para işlərlə məşğuldur, corab toxuyur.

– Başqa mənası da budur ki, baş nazir başımıza corab hörür.

– Bəli. Bu da tutarlıdır. Hə, məqalə ilə bu karikaturanı bir yerdə çap etməyi yaxşı düşünmüsən — məqalə savadlılar üçün, karikatura isə savadsızlar üçün! Ancaq hələ yox, bir az sonra, Şəfi.

– Elədir. Gözləmək lazımdır.

– Elməddinin kefi necədir, Şəfi? Zərrintac xanımla dil tapıb yaşaya bilirmi?

– Yaşayır. Çətin də olsa, yaşayır. Bilirsən, məncə, o, Elməddini başa düşüb qiymətləndirə bilmir. Bu isə onun faciəsi olacaq, məncə. Bəlkə də Elməddinin özü bunu dərk etmir, ancaq kec-tez bu belə olacaq, Bəbir.

– Eh, nə bilim, Şəfi. Əgər elə olsa, ancaq təəssüf etməliyik. Kaş elə olmasın. Mən ona görə həmişə deyirəm ki, evlənmək çox çətin məsələdi.

– Yoxsa, ona görə evlənmirsən, Bəbir?

– Xeyr, evlənəcəyəm, ancaq sonra, əsas arzuma yetəndən sonra, Şəfi.

– Elə et ki, biz də toyunda oynaya bilək, Bəbir.

– Oynayacaqsan, Şəfi. Az qalıb o günə.

– Təki olsun, Bəbir, təki olsun...

...Onlar gecədən xeyli keçənə qədər söhbət elədilər. Gələcək işlərindən, ümumi vəziyyətdən, orduda, camaat içində aparılan işlərdən ətraflı danışdılar.

Məhəmməd Şəfi Bəbirlə xudahafizləşib çıxanda qəlbində bir yüngüllük vardı, inam vardı. Qorxu hissi tamam yox olmuşdu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, onuncu fəsil

Cura müəllim göy rəngli taxta qapısının üzərinə «Rayon Xalq Nəzarət komitəsinin sədri» yazılan lövhə vurulmuş otağın qabağındakı dörd adamlıq sarı oturacaqda əyləşib köhnə şlyapasını dizinin üstünə qoymuşdu. Dəhliz alaqaranlıq idi. Yarım saatdan çox idi ki, gözləyirdi, ancaq Nəzər gəlib çıxmaq bilmirdi.O, kənddən bura gələnəcən və bayaqdan da elə burda baş sındırırdı ki, Nəzər onu niyə çağırtdırmış olar? «Yəqin bazar əhvalatıdı. Xoşuna gəlməmişdi alver eləməyim. Guya mənim xoşuma gəlir. Bəlkə yazıblar? İndi gizli-aşkar, imzalı-imzasız yuxarı yazanların sayı çoxalıb! Yalan-doğru, kimin kimdən acığı gəlir, salamını vaxtında almır, ya bir gəlmə düz söz deyirsən, o saat tənbəllik eləmədən başını açıb yazır. Yoxlama da yoxlama dalınca gəlir, vaxtın gedir, əsəblərin korlanır, haqq olduğunu sübut eləyənəcən o qədər haqsızlıqlar görürsən, o qədər nahaq sözlər eşidirsən, dəli olmaq dərəcəsinə gəlirsən. O da ⎯ yazan da kənardan baxıb əllərini bir-birinə sürtərək «Hə, adamın anasını belə ağladarlar» ⎯ deyib için-için sənə gülür». Amma o, ⎯ Cura, adi kənd müəllimidi, ondan nə yaza bilərlər. Gedib dərsini deyir, uşaqları lazım olanda pambığa, üzümə aparır, bir kimsəynən işi yox, gücü yox. Nə yaza bilərlər ondan?

12 min
İkinci hissə, on birinci fəsil

Günortadan sonraydı. Nahar fasiləsi yenicə qurtarmışdı. Nəzər səhər evdən gətirdiyi pendir-çörəyini yeyib üstündən də soyutmazından bir stəkan çay içib yanğısını yatırmışdı. Siyirməsini çəkib yarımçıq qoyduğu qalın kitabı açaraq oxumaq istəyirdi ⎯ kitab çox maraqlıydı. Xərçəng xəstəliyinə tutulmuş və bunu da çox yaxşı bilən bir insanın iztirablarından, ağrılarından, düşüncələrindən danışılırdı o kitabda. Rəssam idi o insan. Elə rəssamidi ki, hələ bu cür təbiət vurğunu, insan vurğunu olan bir sənətkar tanımırdı Nəzər. Kitabın o yerində qalmışdı ki, rəssam, doğma torpağın ətrini kətana köçürmək istəyirdi ⎯ elə eləməliydi ki, o tabloya baxan, gül ətri yox, çiçək ətri yox, məhz torpaq ətri duysun ⎯ doğma torpağın ətrini. Bunu necə eləmək olardı? Heç cür ağlına sığışdıra bilmirdi Nəzər. Ancaq o boyda sənətkar nə isə düşünmüşdü, rəngləri necə qarışdıracağını tapmışdı və ölüm qabağı, qalan bütün günlərini, saatlarını o əsrarəngiz ətri yaratmağa həsr eləməyi qərara almışdı və belə fikirləşmişdi ki, bu, onun şah əsəri olacaq. Ağrılara dözürdü, iynələrin əzabına dözürdü, bəzən huşunu itirirdi, ancaq özünə gəlib azca yaxşılaşan kimi, kətanın qabağına keçirdi…Kitabın bu yerindəydi və o, rəssamın iradəsinə heyrət eləyə-eləyə neçə gün idi ki, narahat-narahat gəzib-dolaşırdı, o ağrıları öz canında hiss eləyə-eləyə yaşayırdı; insanın adicə qara torpağa yox, vətən adlanan torpağa bəslədiyi o sonsuz sevgiyə, məftunluğa möcüzə kimi baxırdı. Yazıçının təsvirinə görə, o əsər, bir kətana sığışa biləcək torpaq idi, üstündə gülü də vardı, ağacı da vardı, o ağacın budağına bir sarıköynək qonmuşdu və baxan tamaşaçının qulağına o cansız kətanın üstündən bir bülbül fəryadı gəlirdi ⎯ o səs o qədər yanıqlı və cazibəliydi ki, kar insan belə eşitməyə qadir idi ⎯ qulağıyla yox, ürəyi ilə, gözləri ilə eşidirdi insan o səsi, bütün vücuduyla eşidirdi. Bunlar adi şeylər idi, rəssamın fikrincə, o kətanın üstündəki əlçim torpaqda başqa bir möcüzə vardı, o möcüzə səni heyrətə gətirirdi və bu heyrət ondan ibarət idi ki, o torpaqdan, o qara, güllü, ağaclı, bülbüllü torpaqdan sənə kədər dolu, məzhun, gah gülənə, gah ağlayana oxşayan iki göz baxırdı. Torpağın içində iki göz. Adamın tükləri qabarırdı, adamın içəridə ürəyi əsirdi və düşünürdün ki, o iki göz bu həyatın, bu gözəlliyin, bu torpağın hərarətindən yoğrulub və insan torpaq olandan sonra da bu dünyanın şirinliyinin dalınca bax o gözlər kimi həsrətlə, intizarla, sevinə-sevinə, ağlaya-ağlaya baxır. Ona görə sevinə-sevinə ki, o, bir zaman bu torpaq üstə yaşayıb,gəzib, sevib, sevilib; ona görə ağlaya-ağlaya ki, indi daha yoxdu o, bu dünya var, o gözəllik var, o təbiət var ⎯ ancaq o yoxdu… Və sən o tabloya baxanda ürəyini ilıq bir hiss, doğma bir duyğu isindirir ki, sən ölməzsən, sən bu torpağın üstündə də dirisən, çürüyüb o torpağa qarışandan sonra da dirisən ⎯ sən ölməzsən, ey insan…

16 min
İkinci hissə, on ikinci fəsil

Günəş batmağa gedirdi, tut ağacının nəhəng kölgəsi meyillənib sol tərəfə sürünmüş və sarmaşıqlı hasarın o üzündən keçən torpaq yolun az qala yarısını tutmuşdu. Nəzər iki saatdan çox taxtının üstündə yatıb yenicə oyanmışdı, mizin arxasında oturub qəzetlərə baxırdı. Bikə xanım da qənşərində əyləşib asta-asta çay içirdi. Bu zaman telefon haray-həşir qopardı və demək olar ki, ikisi də səksənib eyni vaxtda dəstəyə əl uzatdı. Neçə vaxt idi, arvad da, kişi də qızlardan nigarandı. Zəng eləməmişdilər, halbuki bu hövsələnin yiyəsi deyildilər. Bir-birinə açıb deməsələr də, Nəzər də, Bikə də balalarının zəngini gözləyirdilər.Bikə dəstəyi qaldırdı da, qoydu da.

8 min
İkinci hissə, on üçüncü fəsil

Qışın oğlan çağıydı: Yer-yurd qar altında qalmışdı. Yol-riz bağlanmışdı. Qocaların dediyinə görə, son otuz ildə bu yerlərə belə qalın qar yağmamışdı. Qəribə idi ki, şaxta da yox idi. Adamları, mal-qaranı, toyuq-cücəni ancaq «qar», «qış» sözünün özündən axıb gələn soyuq üşüdüb büzüşdürürdü. Damların buxarılarından göyə qalxan ağ-boz tüstü kəndən üstünə bulud kimi yayılır, cənubdan əsən yüngül küləyin nəfəsiylə şimala doğru axıb gedirdi.İki pəncərənin arasındakı «Elektron» televizoru asta ayaqda öz-özünə danışırdı. Nəzər ona heç qulaq da asmır, döşəkçənin üstündə oturub, ayaqlarını da irəli uzadaraq kitab oxuyurdu. Bikə xanım isə istisi adamı uzaqdan vuran dəmir sobanın üzərində boranı tumu qovururdu. Ürəyində isə Nəzərə deyiləsi söz qovrulurdu. Uzaqdan başladı arvad:

5 min

Poems by other poets