Contents
  1. I
  2. II
  3. I
  4. II
  5. I
  6. II

Page 2 of 6 · 17%

II

Yaraşıqlı, ipək paltar geymiş, bəzənib-düzənmiş, öz xüsusi maşınına minmiş bir oğlan mənim diqqətimi özünə cəlb etdi, daha doğrusu, gözümü qamaşdırdı.

Mən əlimi gözümün üstünə qoyub bu oğlanın üst-başına baxdım və köks ötürüb evdəki çılpaq oğlumu xatırlayaraq dedim:

– Elə bil, nazir balasıdır, bəxtəvər!

6 yanvar

Harda axşamlar?

Dünyada hər canlının bir sığınacağı, bir yuvası var.

Xoşbəxt insanlar evlərində, siçanlar, qarışqalar yuvalarında… Bir mənim yuvam yoxdur, bu doğma şəhərdə, bu vətən torpağının ürəyində tək mənim yuvam yoxdur.

Bu gün bunun evindəyəm, sabah onun… Məni bu evdən də qovurlar. Get - deyirlər. Mən bu torpaqda qəribəm. Küçə-küçə, qapı-qapı gəzib daldalanacaq axtarıram. Məni həyətlərdən tanımadığım adamlar, sarı, göygöz adamlar anlamadığım bir dildə təhqir edib geri qaytarırlar. Yersizlər yerimi aldılar, evsizlər evimi aldılar. İxtiyarım yox ki, bir söz deyəm. Gözləyirəm…

Mən yurdsuzam, mən yuvasızam; mən qəribəm…

Hamı öz evində, hamının işığı gəlir…

Eh, gör yadıma nə gəldi düşdü:

… Evlilər öz evində, qərib harda axşamlar?!

Görəsən, doğrudan, harda axşamlar?!

Bakı, 1959, 7 yanvar

Allaha bir sual

… Yekəpər ayı meşədə gəzdi, dolandı. Seçib armudların ən yaxşılarından tapdı və ləzzətlə yedi.

… Çaqqal bostana girdi, arxayın-arxayın gəzib yemişin ən yaxşısını tapdı və ləzzətlə yedi.

Ey Allah, sənə bir sualım var: Nə üçün meşədə armudun yaxşısını ayı, bostanda isə yemişin yetişmişini çaqqal yeyir? Hə? Deyəsən, çiyinlərini çəkirsən?

7 yanvar

Yağı yağ üstə

Bu gün burada duma var idi. Ölkənin hər yerindən adamlar gəlmişdilər: qarnıyoğunlar, «böyük adamlar», seçilmişlər, yaxalarında bir parça dəmir-dümür olanlar gəlmişdilər. Bizim adımızdan, sizin adınızdan, onların adından, hamının adından danışmağa gəlmişlər. Çox səhv etdim, əl çalmağa gəlmişlər.

Bu böyük binaya onlar üçün təsəvvürünüzə gətirə bildiyiniz hər şey qoymuşlar. Nə üçün?

Çünki onların hər şeyi vardır.

Bu qaydadır: yağı yağ üstə tökürlər, yarmanı yavan qoyurlar…

08.01.1959, Bakı

Əzab

O, qocadır, başının tükü ağarmış, dişləri tökülmüş. Lakin arvadı gəncdir, ehtiraslıdır, bir az da gözəldir: qara, qaynar gözləri şəfqətlə parlayır. Bu gözlər gənc bir oğlan görən kimi mehribancasına gülümsəyir. O, sənə oğrun-oğrun baxır, oğrun-oğrun gülümsəyir.

Kişi isə onu bərk-bərk qısqanır: hətta öz kölgəsindən, hətta öz qardaşından belə qısqanır. O, bu qısqanclıq alovu içərisində ilan kimi qıvrılır.

Yan, qıvrıl, qoca!

… Ey qoca, özün qoca ikən cavan, özün çirkin ikən gözəl qadın alma!

Dünyada bundan dəhşətli əzab ola bilməz, insan!

09.01.1959, Bakı

Nifrət…

Oğlan qızı sevirdi: dəlicəsinə sevirdi. O isə bir çiçəkdi. Solmaz bir çiçək. O adi bahar çiçəklərindən deyildi. O, təbiətin yaratdığı Solmaz idi.

Qara gözlü bu qız oğlanın böyük bir eşqlə onu sevdiyini yaxşı bilirdi. Lakin ona məhəl qoymurdu: hamıya necə baxırdısa, ona da eləcə baxırdı.

Oğlan istəyirdi ki, Solmaz ona mehriban olsun…

Lakin bu bir arzu idi. İllər beləcə gəlib keçdi. Daha dözməyən oğlan bir gün acıqlanıb çox sevdiyi o qıza belə dedi:

– Ax o gözlər… Mən onları nə çıxardardım? Çox sevsəm də o gözləri çıxardardım.

Qız isə gülüb demişdi:

– Heç olmasa səni görməzdim, oğlan!

O, susub getmişdi.

10.01.1959

Qara yun…

Nəyə lazım bu gurultulu sözlər? Nəyə lazım qaranı ağ göstərmək? Nəyə lazım hər yan zülmət ikən süni, yapma, xəstə rəngi kimi solğun işıqlarla qaranlığa alışmış gözləri qamaşdırmaq! Nəyə lazım? Dünya qaranlıqdırmı? Qoy qaranlıq görünsün. Bu solğun işıqlarla, bu yalan, gurultulu sözlərlə siz insanları aldadırsınız!

Nə üçün?

Axı, qara yunu yumaqla ağartmaq olmaz, ağalar!

«Qara yun» hekayəsi burdandır.

11.01.1959

O da bir anlıq…

Mənim çox yatdığımı görən dostum dedi:

– Sən nə çox yatırsan?

Mən qəmli-qəmli gülümsündüm:

– Çünki mən xoşbəxtliyi ancaq şirin yuxularda görürəm.

O da bir anlıq…

12.01.1959

İnsanların faciəsi

İnsanların bir yolu var:

Bu yol anamızın isti beşiyindən başlayıb torpağın soyuq beşiyinə qədər uzanır. Bu yoldan hamı keçməlidir. Amma kiminin mənzili yaxındır, kimininki uzaq.

Kimi bu yolu 5 günə, kimi 5 ilə, kimi 25 ilə, kimi də 100 ilə gedir.

Bu yolda bizim ancaq bir yol yoldaşımız var. Ölüm! O nə vaxt istəsə bizi yaxalayıb o soyuq beşiyə aparıb deyir: «Sənin mənzilin buradır, çatdıq».

Biz həmişə qoynumuzda ölüm gəzdiririk.

Biz yaşaya-yaşaya ölürük.

İnsanların faciəsi də budur. Bax, həmin bu!!!

13.01.1959

İki səhnə

Random poem

More by this author

Birinci hissə, on üçüncü fəsil

Təzə direktorun iş başına gəlməsindən üç ay keçməsinə baxmayaraq, ağlına gələn, düzgün hesab elədiyi «islahatları»nın çoxunu həyata keçirə bilməmişdi. Gecə-gündüz düşünür, ölçüb-biçir, hara əlini atırdısa, müəyyən çətinliklərlə qarşılaşırdı, dayanmalı, təzədən götür-qoy eləməli olurdu. Səhər tezdən idarəyə gəlir, axşamacan ya direktor kabinetində oturur, ya da xüsusi səliqə ilə hələ Aslanzadənin vaxtında bəzətdirdiyi, mebelinəcən yeniləşdirdiyi ikinci kabinetində — artıq əməkdaşların xəlvətdə lağa qoyduğu «istirahət otağı»nda vurnuxurdu. Kənardan baxanlara elə gəlirdi ki, o, can yandırır, bütün fikri-zikri institutdur, onun dərdi-səri, qayğılarıdı. Hətta bəzilərində belə təəssürat da yaranmışdı ki, «kişi işləyən adamdır!»Həyata keçirə bilmədiyi planlarından biri İntiqamın məsələsi idi. Nurəddin özü də baş aça bilmirdi ki, İntiqam ona nə pislik eləyib — ancaq gözünə ox kimi batırdı. Yanına çağırmır, otağına getmir, heç nəydə onunla məsləhətləşmirdi. Bircə şey aşkar idi ki, o, İntiqamla işləməyəcəkdi, işləyə bilməyəcəkdi. Bəs kimi onun yerinə qoysun — institut adamlarının hamısını bir-bir gözünün qabağına gətirir, hərəsinə bir pürçüm qoyur, «yox, bu olmaz!» — deyib ürəyində hazırladığı siyahıdan adını elə qaralayırdı ki, daha fələk də gəlsə oxuya bilməzdi.

20 min
Birinci hissə, on dördüncü fəsil

Ana-bala üzbəüz oturmuşdu. Süfrədə təzə təndir çörəyi, kotlet, köy-köyərti vardı. Nadirə tənəffüsə gəlib hazırlamışdı. Ceyhun iştahasız yeyirdi. Bir gözü divar saatında idi.– Niyə belə yeyirsən, ay oğul? Yaman arıqlamısan. Lap hoqqurun çıxıb. Yetim uşaqlara oxşayırsan — elə bil yeməyin, içməyin yoxdur. Şükür allaha, hər şeyimiz var. Yox, gərək mən səni həkimə-zada aparam. Belə olmaz. Bax, işdən qaça-qaça gəlmişəm. Sənə yemək hazırlamışam, sən isə... sərçə kimi dimdikləyə-dimdikləyə yeyirsən.

30 min
Birinci hissə, on beşinci fəsil

Aprel günəşi çoxdan axıb getmişdi, amma hərarəti, işığı hələ də şəhərin, üzərindən çəkilməmişdi. Güclə hiss edilə bilən Bakı mehi əsirdi.İşin qurtaran vaxtıydı, küçələr, dayanacaqlar adamla doluydu. Avtobuslar, trolleybuslar dolu gəlib dolu gedirdi. Gülmirə ilk dəfəydi ki, idarədən çıxıb köhnə evinə yox, təzə mənzilinə getmək üçün səkkiz nömrəli trolleybusu gözləyirdi. İkisinə minə bilməmişdi, çünki dal qapılar taybatay açılsa da, düşən yox idi, minmək istəyən isə saysız-hesabsızdı... Yolu uzaq da olsa, piyada getməyi üstün tutub döyülmüş, bütün günü daş daşımış adam təki Nərimanov prospekti ilə fikirli-fikirli addımlamağa başladı. Ürəyindən elə bil daş asılmışdı. Bu gecə birinci dəfə evində olacaqdı, yatacaqdı. Bu axşamı yaxşı, mənalı keçirmək üçün xəyalən özünü çoxdan hazırlamışdı. Sarsılacağını, kim bilir, bəlkə də ağlayacağını irəlicədən bilirdi sanki.

11 min
Birinci hissə, on altıncı fəsil

Aslanzadənin bağı Buzovnada, lap dənizin qırnağında idi. Yayda, qışda havalar küləkli olanda, dəniz yatağından oynayıb dalğalar şahə qalxanda ağ köpüklü sular ağ daşdan hörülmüş iki metr hündürlüyü olan hasarın dibinə qədər gələr, sarı kəhrəba kimi narın qumları yalayıb yenə geri qayıdardı. Belə hallarda ikimərtəbəli, ikiçeşməli, dörd tərəfi açıq eyvanlı evin içində suların uğultusu, gurultusu aydın eşidilər, nabələd adam olsaydı, canına vəlvələ düşərdi. Artıq Aslanzadə çox sevdiyi dənizin bu səs-küyünə, şıltaqlığına öyrənmişdi və bundan xüsusi bir ləzzət alırdı. Qırx beş il onunla ömür-gün sürmüş, ərinin nazını övladı kimi çəkmiş Kiçikxanım, otuz ildən çox bu bağa gəlib getsə də, dənizin belə köpürüb daşan çağlarına adət eləyə bilməmişdi və hər dəfə dalğaların şaqqıltısını, gurultusunu eşidəndə qəribə bir qorxu içində:– Ay kişi, vallah, bir gün bu dəniz bizi çəkib öz ağuşuna aparacaq, — deyirdi, — səsimizi-ünümüzü eşidən də olmayacaq.

21 min

Poems by other poets