Birinci hissə, altıncı fəsil
Page 2 of 2 · 50%
– «Sağ ol»u ərinə de, o alıb gətirib!!
– O da sağ olsun.
Elməddin səssiz-səmirsiz dayanıb söhbətlərə qulaq asırdısa da, sanki heç nə eşitmirdi. Fikrən, ruhən elə bil, burada deyildi.
– Acından ölürəm, — deyə Yusif iydənin altındakı həsirin üstündə bardaş qurub oturdu. — Nəyiniz var yeməyə?
– Arvadın dadlı plov bişirib...
– Bəh-bəh, — deyə Yusif dodaqlarını marçıldatdı, — gətir.
– Gətir, ay qız, — Səbihə gəlinə sarı döndü.
– Qızdırım, ya elə belə yeyir?!
– Plovun bayatı yaxşıdı, qızdırma! Əfsanə evə getdi. Səbihə isə gileyləndi:
– Bu köpək oğlu Zümrəy keçimizi üç gündü sağır.
– Necə yəni sağır? —Yusif təəccübləndi.
– Sağır da. Üç gündü heyvan əmcəkləri boş gəlir. Döşündəki süd heç çəpişin qarnını doyurmur.
– Elə şey olmaz, ana, — Elməddin inanmadı, — Zümrəy bizim keçiyə əl vurmaz.
– Əl vurur, lap kefin istəyən. Özüm sağmasaydım, deyərdim hə. Dünən sənə göstərmədim? Yox, yox, Əfsanəyə göstərdim, cəmi-cümlətanı yarım kasa süd sağmışdım.
– Yəqii kiminsə çəpişi dadanıb əmir. Zümrəyin elə xasiyyəti yoxdur. Sağanda da qəryədar Qulamın qoyun-keçisindən sağır.
– Qələt eləyir. Qorxusundan qəryədarın qoyun-keçisinə əl vurmaz. Kasıb-kusubunkun sağar. Dünən deyirəm, ay bala, bizim tək keçini niyə sağırsan? Deyir ki, mən sağmamışam. Deyirəm gözünün içinəcən yalan deyirsən. Cavab da verməyə söz tapmadı, çıxdı getdi. Bu ara Əfsanə yemək gətirdi. Yusif sinini qabağına çəkib ağzını marçıldada-marçıldada taxta qaşıqla plovdan iştahayla yeməyə başladı.
Əfsanə ayağındakı ayaqqabıya xəlvəti göz qoyub sevinirdi; onun indiyəcən belə qəşəng və parıldayan ayaqqabısı olmamışdı. Həzrətgülün qızlarının köhnə-gülüşünü əyninə alıb dolanan Əfsanənin təzə paltar geymək arzusu həmişə ürəyində qalmışdı. İndi onun neçə dəst təzə paltarı, ayaqqabısı vardı və bu sevinc üçün o, Yusifə minnətdar idi. Amma Elməddinin onun ayaqqabısına «mübarək olsun» deməməsi Əfsanənin ürəyində nəsə anlaşılmaz bir məyusluq doğurmuşdu...
Elməddin isə cinayət işləmiş adam kimi Yusifin gözünün içinə dik baxa bilmirdi. Qəribə qorxu hissi vücudunu sarmışdı. Ona elə gəllrdi ki Yusif bircə dəfə diqqətlə onun gözlərinə baxsa, ürəyindəki o qara fikirləri dərhal oxuyacaq... və...
«Sən həmişə evdə olsan yaxşıdı, qardaş! Sənin yanında şeytan adamın ürəyinə belə bəd fikirlər gətirə bilməz. Onda Əfsanə də rahat olar, mən də. Onda Əfsanə də cilovsuz-yüyənsiz hisslərin əlində əsir olmaz, mən də. Sən həmişə evdə ol, ailənin yanında ol, Yusif! Dükanın da cəhənnəm olsun, ondan gələn gəlir də. Kömür, taxta-tuxta satmaqdan üzünün rəngi də dəyişib qaralıb», — deyə Elməddin öz daxilinə qapılıb düşünürdü...
Yusif sinini kənara itələyib:
– İlahi, şükür! — dedi və üzünü Əfsanəyə tutaraq:
– Bir qazan su qoy, bədənim çirkin içində yanır, — söylədi, – çimmək istəyirəm. Əfsanə:
– Yaxşı! — deyib getdi.
Yusif toqqasının altını bərkidəndən sonra kürəyini iydənin gövdəsinə söykəyib qıçlarını uzatdı.
– İşin-gücün nə təhər gedir, a bala, şəhərdə? Çaq-çuq eləyə bilirsənmi?
– Əşi, bir şey çıxmır, kasadlıqdır. Srağagün əlli xalvar odun almışam, xalvarı iki yüz əllidən. Qışda dörd yüzə-beş yüzə sata bilsəm, böyük işdi. Camaatda pul yoxdu. Dövlətlilərin bərqi var, onlar odun-kömür almır. Alan ortabab adamlardı, zabitlərdi, məmurlardı, əcnəbilərə də ki, odun, kömür-filan lazım deyil; fikir verirsən, görürsən, burada yaşayan əcnəbilər bizim öz camaatımızdan qat-qat yaxşı dolanırlar.
– Şəhərdə əcnəbilər çoxdu? — Elməddin maraqlandı.
– Çoxdu. Getdikcə də çoxalırlar. Bir dükançı dostum var, deyir Allah onların ömürünü uzun eləsin. Deyirəm niyə? Deyir, onlar olmasaydı, biz dükandarlar acından böyürə-böyürə ölərdik. Az-maz onlar şey-şüy alır. Ancaq dini-islama ağır zərbə vururlar, ona görə onları görməyə gözüm yoxdur.
– Neyləyirlər ki?! — Səbihə soruşdu.
– Özlərindən çox arvadları. Qol burdan aşağı açıq, baş açıq, tuman da dizdən yuxarı.
– Boy, ayıbınızı qara yer örtsün...
– Bir də görürsən ki, yeniyetmə şəhər qızları da onları yamsılayır —qol, baş açıq, qıç-baldır açıq... Bir qızı şəhərin dəliqanlıları anadangəlmə soyundurmuşdular, buraxmışdılar küçəyə, demişdilər ki, «lüt gəzsən daha yaxşı olar».
– Lap lüt eləmişdilər?!
– Hə.
– Allah! Ayıbınızı qara yer örtsün! Eşidirsən, sən allah, ay qız!
Yusif ayağa qalxıb həyət-bacaya göz gəzdirdi. Təzə çardağı görəndə sevinclə:
– Afərin, Elməddin, yaxşı iş görmüsən. Qışda mal-qaramız ac, özümüz də odsuz-ocaqsız qalmarıq. Çardağın üstünü yaxşı basdırıbsan?!
– Hə. Dammaz.
Səbihə Elməddini təriflədi:
– Hələ yeri də şumlayıb.
– Doğrudan?
– Bəs nə?
Yusif bostan yerinə boylandı. Torpaq qaralırdı.
– Yoxsa daha qəryədarın mirzəliyindən çıxıbsan? — deyə böyük qardaşı Elməddinin bu qədər işi necə görə bildiyinə təəccübləndi.
– Yox. İşləyirəm. Günortayacan yazı-pozumu qurtarıram, sonra bikaram, öz işimi görürəm.
Elməddinlə qəryədar Qulam arasında qarşılıqlı bir izzətehtiram yaranmışdı. Kişinin nəzərində Elməddin etibarlı bir oğlan idi və ona inanırdı, onu öz evinin adamı hesab eləyirdi. Bu ehtiramı, işgüzarlığı, başıaşağı olması ilə qazanmışdı. Yaşı altmışı adlamış Qulamın övladı olmamışdı. Özündən on beş yaş cavan arvadı ilə hündür hasarlı malikanədə tək yaşayırdı. Həyətin ucqarındakı balaca palçıq otaqda nökər-qaravaş güzəran keçirirdi.
Ədnan camaatı qəryədar Qulamdan qorxmur, çəkinmirdi, bəlkə ona hörmət eləyirdi. Çünki o, elə bir siyasət yeridirdi ki, qorxmaq yox, ehtiram eləmək lazım gəlirdi, camaatı başlı-başına buraxmışdı:
– Dolanın. Kəsbkarlığınızı eləyin, — deyirdi. Camaat qəryədarın da payını-püşkünü gətirirdi. Taxılını — taxıl, pulunu — pul, heyvanını — heyvan.
– Yaxşı ki heç olmasa sən yazıb-oxumağı öyrəndin — deyə Yusif köks ötürdü və istədi qabaqlarda olduğu kimi, yenə onun təhsilini davam etdirmək məsələsindən söz açsın, ancaq susdu. Çünki bu, indi tamamilə imkan xaricində olan bir işdi, bunun üçün çoxlu pul lazım idi. Pul isə yox idi.
– Qəryədar Qulam bu qədər pulu yığıb neyləyir? Səbihə hamıdan qabaq cavab verdi:
– Goruna aparacaq.
– Yığır də,— Elməddin dedi — camaatdan yığır, vilayətdəki böyüklərə yedirir. Vilayətdəkilər də yəqin mərkəzdəkilərə yedirirlər. Bircə onu bilirəm ki, qəryədarın həyətindəki ala köpək Ədnan camaatının çoxundan ləziz xörəklər yeyir.
Səbihə giley-güzar dolu bir səslə dilləndi:
– Allah adamı kasıb yaradınca, dövlətlinin itindən, pişyindən yaratsa, mim dəfə yaxşı olar. Yusif:
– Dünya başdan-binadan belə yaranıb. Kimi dövlətli, kimi kasıb. Yoxsa, «sən ağa, mən ağa, inəkləri kim sağa?» — dedi.
– Onu bilirəm ki, kasıbın qənimi çoxdur. — Səbihə yenə keçi məsələsini ortalığa atdı. — Görmürsən, bircə sağmal keçimiz var, onu da Zümrəy ciyəriyanmış tutub sağır, doğramac eləyib vurur bədəninə. Haramı olsun.
Yusif ayağa qalxdı, cibindən balaca, ağ bir qutu çıxardaraq açdı, sol ovcunun içinə azca nəsvar töküb dilinin altına atdı. O, nəsvarsız dayana bilmirdi. Xüsusilə darıxanda, hirslənəndə.
Gün batmış, hava qaralmışdı. Mal-qara kəndə tökülürdü. Elməddin harasa getdi. Səbihə sinini götürüb yumaq üçün səkiyə çıxdı.
Yusiflə Əfsanə tək qaldıqda, o, dilinin altında nəsvar olduğundan pəltək adamlar kimi, sözləri əzə-əzə xəbər aldı:
– Su qoydun?
– Qoydum.
– Böyük qazanda?
– Hə.
– Özün də çiməcəksən!
– Özüm də?
– Hə. Özün də. Özün də çimərsən, yaxşı-yaxşı.— sonra qoltuq cibindən balaca bir şüşə çıxartdı, arvadına verdi.
– Bu nədir?
– Ətirdi. Sənin üçün almışam.
Əfsanə indiyəcən ətrin adını eşidib üzünü görməmişdi. Şüşənin üzərindəki balaca, dördkünc kağıza çiçək şəkli çəkilmişdi. Ağzını burub şüşəli burnuna yaxınlaşdırdı. Bihuşedici bir qoxu ətrafa yayıldı, Əfsanənin nisgilli-qəmli ruhunu təzələdi: elə bil, həmişə təzyiq altında sıxılan ciyərinə təzə həyat, təzə hava verildi.
Əfsanə bu gün kövrəlmişdi. Ayaqqabı, ətir. Ürəyində xoş duyğular baş qaldırdı: «Yox, sevir, sevir!».
Yenə qoxuladı! Gözlərini yumub məst adam kimi:
– Oxqay, — dedi, — nə gözəldi?!
Qiymətli hədiyyə almış uşaq kimi sevinən Əfsanə sinəsində təzədən isti bir əlin gəzdiyini hiss edib nazla:
– Ya... vaş... uf, — dedi və durub evə qaçdı.
Yusif iydə ağacının altında tək qaldı. Axşam gözəl idi. İlbizlər ağız-ağıza verib özlərinin əsrarəngiz gecə mahnılarını oxuyurdular. Arabir yaxındakı arxlardan qurbağa qurultusu eşidilirdi. Haradasa it hürürdü. Ürəyində gözəl hisslər oyanmış Yusif fikrən tövlənin dalında çimirdi. Əfsanə onu teştin içinə qoyub uşaq kimi yuyundururdu. Sonra, Əfsanö özü çimirdi ... sonra... hər ikisi ətirlənirdi... hər ikisi... ətir qoxuyan təmiz yorğan-döşəyin içinə girirdi...
Yusif darvazanın ağzından eşidilən səsə xəyaldan ayıldı. Anası qəzəbli halda kiməsə deyirdi.
– Ay əlin qurusun sənin. Ədə, köpəkoğlu, bu şoqəribi yenə niyə sağıbsan?
Yusif o dəqiqə məsələni başa düşüb yerindən sıçradı və doqqazın qabağına gəldi.
Zümrəy deyirdi:
– Ay arvad, allaha bax, tanrıya bax, əl çək mənim yaxamdan. Mən sənin keçini sağmıram.
– Yalançının atasına lənət.
– Lap min lənət!
– Buna bax, bu kasadakı südə bax. Mənim keçim bu qədər» süd verərdi? — O, dibində azca süd olan kasanı Zümrəyin gözünün qabağına tutdu, — gözün kordu, görmürsən?
– Mənim xəbərim yoxdur. Vallah xəbərim yoxdur. Səbihə kasadakı südü Zümrəyin üzünə çırpdı.
– Al, bunu da iç.
Zümrəyin səbir kasası daşdı:
– Ay qancıq!!! — onun üstünə yeriyəndə Yusif özünü saxlaya bilməyib irəli cumdu.
– Dayan! — deyə qəzəblə qışqırdı. — Pədərsüxtə, kişi arvada əl qaldırmaz! Kişisən, kişi döşünə çıx! Zümrəy Yusifi görüb özünü itirdi:
– O özü...
Yusif Zümrəyə sözünü tamamlamağa imkan vermədi, əl ataraq yaxasını bürmələdi və qulağının dibinə bir yumruq ilişdirdi. Zümrəy səndələyib yenidən düzəlmək istəyəndə ikinci zərbə onu yerə sərdi.
– Əclaf!
Zümrəy qalxıb çomağı Yusifin başına endirmək istəyəndə o, başını yana əydi və zərbə boşa getdi. Bu zaman qəzəblənib özündən çıxmış Yusif cibindən qaranlıqda tiyəsi par-par parıldayan qatlanmayan bıçağını çıxarıb var gücü ilə naxırçının sinəsinə sapladı.
Zümrəy vəhşi bir səslə bağırdı. Yusif səsdən və əlinə axan isti qandan ayıldı.
Zümrəy kökündən kəsilmiş ağac kimi yerə sərildi.
Camaat səs-küyə yığılmışdı.
– Köpək oğlu, keçimi sağmağı bəs deyil, hələ mənə bir əldə qaldırır... — deyə Səbihə gələnlərə danışırdı. Görünür, o hələ baş vermiş hadisənin dəhşətini anlamır, dərk etmirdi.
Yusifin bədənini soyuq tər basmışdı.
Cahan arvad haya özünü ystirmişdi. Camaatı aralayıb oğluna çatdı, qışqıra-qışqıra Zümrəyin başını qaldırıb dizinin üstünə qoydu:
– Ay bala, sənə nə oldu?
– …
Cahan arvad onu ha silkələdisə də, Zümrəydən cavab çıxmadı. Ana oğlunun bədənini yoxladı, əli sinəsiidə qızıl qana batanda elə bir qiyyə çəkdi ki, qulaqlar cinkildədi:
– Ay allah, balam əldən getdi. Ay haray, ay dad, balam əldən getdi.
Və o, bayılıb Zümrəyin üstünə yıxıldı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-itkin-gelin-birinci-hisse-altinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Zərrintac xanım bir yerdə qərar tutub dayana bilmirdi, gah eyvana çıxır, qolundakı saata baxır, gah içəri keçib iri, bədənnüma güzgüsünün qənşərində dayanıb özünə baxırdı. Qapqara sürmə çəkdiyi gözləri qəribə bir parıltı ilə alışıb-yanırdı. Həmin o qəribə parıltılı gözlərilə güzgüdə ona tamaşa eləyən öz əksinə diqqətlə nəzər salır, üzündə, alnında, saçlarında ötən illərin qoyub getdiyi qırışlar, təkəmseyrək ağ tüklərə gözü sataşdıqca qəlbini anlaşılmaz bir kədər bürüyürdü. Zaman hiss olunmadan axıb getmişdi, ömrünün ən şirin çağlarını çapıb-talayıb aparmışdı, zahirən o qədər dəyişməsə də, yaşı qırxı haqlamışdı. Neçə il bundan əvvəl gəldiyi qərarı — vətəndən çıxıb getmək qərarını yerinə yetirə bilmədiyinə, hərdəmxəyallıq elədiyinə indi çox təəssüflənirdi. Ayı aya, ili ilə, satmışdı, getməmişdi. Bunun bir səbəbi var —dövləti qoyub getməyə ürək eləməməsi olmuşdusa, digər səbəbi Sübhan olmuşdu. Sübhan Zərrintacın başını elə qatmışdı, onu özünə elə bağlamışdı ki, Zərrintac ondan qopub ayrıla bilməmişdi. O, «azad» bir qadın idi, Sübhan istədiyi vaxt yanında idi, ailə, uşaq məsuliyyəti yox idi. Arzu elədiyi şəkildə yaşayırdı Zərrintac xanım.Ancaq son vaxtlar şəhərdə vəziyyət dəyişmişdi... Zərrintac hiss edirdi ki, məmləkətdə gec-tez böyük bir çaxnaşma düşəcək, vaxtilə Elməddinin qoşulduğu o «şərəşur» dəstə çox güclənib, həbs olunmalarına, öldürülmələrinə baxmayaraq, onlar tezliklə hakimiyyət başına gələcəklər və o zaman... hər şey dəyişəcək. Onda... Zərrintac kimi mal-mülk, torpaq, şirkət sahiblərinin günü-rüzgarı pis olacaq. Çox da ki, Şəfi, Bəbir atasının dostu olublar. Onlar belə şeylərə qiymət verən deyillər. Yox, daha bu məmləkətdə qalmaq olmaz. Buna gözü görə-görə özünü oda atmaq, başını bıçağa sürtmək demək olardı. Ona görə son aylar Zərrintac xanım, Sübhanın əliylə, bütün pullarını dollara çevirib xarici banklara köçürür, geç də olsa, nəhayət, öz çoxdankı arzusunu yerinə yetirmək istəyirdi. Sübhana-tapşırmışdı ki, Parisə uçan təyyarəyə bilet alsın. O da almışdı. İstəməyə-istəməyə almışdı. Çox əlləşmiş, yalvarıb-yaxarmış; «Getmə, Zərrintac xanım!» — demişdisə də onu fikrindən döndərə bilməmişdi. «Uzun danışma, Sübhan. Faydası yoxdu. Mən getməliyəm. Axşam yanıma gələrsən — bu gecə, axırıncı dəfə sənin qonağınam. Ya nəsib, ya qismət, bir də məni görə biləcəksən, bilməyəcəksən — allah bilir!» — demişdi.
Dördüncü hissə, on üçüncü fəsilƏfsanənin qəm qüssə ilə dolu ömür kitabına bu qara gün də yazılıbmış. Gözünün ilk ovu olan, sönməz, qaralmaz bir məhəbbətlə sevdiyi, taleyinin hökmü ilə ayrıldığı vüsalının həsrətindən şəvə saçlarına dən düşən, uzun illərin ayrılığından sonra tapdığı, ancaq yenə həsrət qaldığı, «yenə qardaş namusu» ehkamını qırmayan, təmizliyi, mərdliyi üzündən öz istəklisini bir dəfə qardaşına «verən», bir dəfə Şahinə «təklif eləyən», yerdən-göydən, bəxtindən küsdüyünə görə «etibarsız, vəfasız» adlandırdığı və çiynində o dünyaya getmək arzusunu ağlaya-ağlaya bildirdiyi əziz Elməddinini öz əllərilə torpağa tapşırmaq da bu kədərli ömür dastanının bir səhifəsi olmalı imiş, sən demə....Əfsanə gözünü açdı, ayağa qalxdı, taqətsiz halda, ürəyi çırpına-çırpına, bayaq gördüklərinin yuxu olmasını arzu edə-edə... Elməddinə yaxın gəldi. Yox, o qan içində idi. Əli sinəsinin üstünə düşmüşdü. Gözləri açıq idi, ancaq qanla dolmuşdu. Əfsanə titrək əlini toxundurdu — əli soyumuşdu. Sanki indi o, Elməddinin öldüyünü başa düşdü və tələsik qolunu silkələməyə, onu oyatmağa çalışdı. Qışqırdı:
Dördüncü hissə, on dördüncü fəsilYaranmış siyasi vəziyyət çox gərgin idi — hezbin Əsas və nüfuzlu rəhbərləri Poli-çərxi həbsxanasına salınmışdı və son dərəcə ciddi nəzarət altında saxlanılırdı. Xariclə əlaqə saxlamaq qətiyyən mümkün deyildi. Yoldaşlardan təkcə dikərval Əbdülqadir xan — Mir Xeybərin dəfnində iştirak edə bilmədiyinə görə — şübhə doğurmamış və həbs olunmamışdı. Əbdülqədir xan neçə gün idi ki, gecə-gündüz narahat idi, dostlarını həbsxanadan xilas etmək yolları barədə düşünürdü. O anlayırdı ki, bu həbs adi həbs deyil, yoldaşlarının həyatı, ən ümdəsi isə, inqilabi mübarizənin müqəddəratı böyük təhlükə altındadı. Bu gün isə Daxili İşlər Nazirliyində işləyən dostlarından biri başılovlu yanına gəlmiş və xəbər gətirmişdi ki, həbsxanadakı yoldaşları dörd-beş gündən sonra, daha dəqiq, may ayının ikisində güllələyəcəklər. Sərdar Məhəmmədin əmri ilə, onların dövlət, rejim əleyhinə olmalarını sübut eləyən dəlilləri toplayıb hazırlayırlar, «sənədləri» qaydaya salırlar. Bu xəbər Əbdülqədiri lap sarsıtmışdı. Nə isə etmək lazım idi! Nə? Bax, bu məsələdə o, tərəddüd edirdi. Təkbaşına, Mərkəzi Komitənin göstərişi olmadan hərəkət etmək təhlükəli idi, səhv eləyə bilərdi və bu, hezbə baha başa gələ bilərdi. Özü vəziyyəti təhlil edir, bu qənaətə-gəlirdi ki, daha məqam yetişib, susmaq mümkün deyil — qoşundan, hava qüvvələrindən, tanklardan istifadə etmək, Ərke-şahini dağıtmaq, Sərdar Məhəmmədi aradan götürmək məqamı çatıb. Bəhram hava meydanında qırıcı təyyarələrdən bir neçəsini, bir ləvayi-tankı ayağa qaldırsa, kifayətdir. Ancaq bunun üçün Mərkəzi Komitənin göstərişi, razılığı lazım idi — bu isə yox idi Əbdülqədirin əlində, ona görə... çaşıb qalmışdı. Mədəsi bərk incidirdi, daha dava-dərman da kömək eləmirdi. Ağrıdan qıvrılırdı. Buna fikir vermirdi. Dözürdü. Süddə həll olunmuş mumiya içmişdi, yenicə. Eyvanda oturub düşünürdü.Bu zaman həyətə əynində köhnə paltar, saqqallı bir kişi girdi. Əbdülqədir qeyri-iradi əlini belindəki tapançasına vurub çəkdi. İndi vəziyyət elə idi ki, hər şey ola bilərdi — gələn qəfildən onu vura bilərdi, Şəfini vuran kimi, Elməddini öldürən kimi. Hər ehtimala qarşı ehtiyatlı olmaq lazım idi.
Dördüncü hissə, on beşinci fəsilElə həmin bu vaxt, şəhərdə baş verən hadisələrdən xəbərsiz olan Əbdül ortalıq otağa girəndə... qulaqlarına inanmadı. Yataq otağından tanış, doğma bir səs gəlirdi — Dünyanın səsi... Kimləsə, yad bir kişi ilə danışırdı Dünya xanım.Əbdülün qıçları titrədi, tükləri biz-biz oldu. Hövllənmiş halda qanrılıb Dünya xanımın divardan ona baxıb gülümsünən şəklinə baxdı. Şəkil susurdu. Başını silkələdi — sanki qorxulu yuxudan ayılmaq istəyirdi. Yox, səs kəsilmirdi, səs gəlirdi və buna da şübhə yox idi ki, Dünyaydı danışan. Əbdül o səsi yüz il keçəndən sonra da eşitsəydi, dərhal tanıyardı, yüz qadının səsi içindən seçərdi onun səsini. Bəlkə Heyran idi? Yox, o, həyətdəydi — toyuq-cücəyə dən verirdi. Heyran ola bilməzdi.
Poems by other poets
Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
Gəraylı: Xəbər olsun yar-dostaXəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,
هر زمانم که رسد جان به لب از تنگی دلچون کنم باد دهانت همه از یاد رود