Birinci hissə, birinci fəsil
Page 2 of 3 · 33%
Əfsanə Xədicə arvadın zülmlərinə dözə-dözə böyümüşdü. O, burada bacı qızı yox, qulluqçu olmuşdu. Bir tikə vaxtından sil-süpür, yır-yığış etmək, mal-qara qabağına getmək, onları yemləmək, paltar yumaq, su gətirmək işini boynuna götürmüşdü. Əlbəttə, öz xoşuna yox. Xədicənin ağzından çıxan sözü yerinə yetirməyəndə şillə, kötək, yumruq yediyi vaxtlar az olmamışdı.
Əfsanə bütün yetimlər kimi böyümüşdü. Döyülə-döyülə, söyülə-söyülə, ağlaya-ağlaya. Həzrətgülün böyük qızları ərə getmişdi. Əfsanənin yaşıdı Süsən bu evdə onun yeganə həmdəmi olmuşdu.
Anası Əfsanəni döyəndə çox vaxt Süsən araya girir, ya da əti kəsilirmiş kimi haray-həşir qoparır, anasına mane olurdu. Süsən məktəbə gedəndə Əfsanəni də özü ilə aparmaq istəmişdi, ancaq Xədicə qoymamışdı. Həzrətgül də ağzına su alıb durmuşdu. Beləliklə, Əfsanəyə yetimliyin birinci böyük zərbəsi dəymişdi. Ancaq Süsənin gizli səyi – təlaşı nəticəsində Əfsanə də az-maz yazıb-oxumağı öyrənmişdi. Süsənlə Əfsanənin arasındakı yaxınlıq doğma bacı münasibətinə oxşayırdı.
Həzrətgül Süsəni də keçən yay ərə vermişdi. Daha doğrusu, onu yayı dağda, qışı aranda olan bir kişinin gözəllikdə Əfsanəyə bənzəyən qızı Nazəninlə dəyişmişdi. Obaya yolu düşən Həzrətgül Nazənini görüb-bəyənmiş, nəyin bahasına olursa-olsun qızı almaq qərarına gəlmişdi. Qızın atası Əhədulla qırx-qırx beş yaşlı dul bir kişi idi. Ailənin bütün işi, gücü, biş-düşü Nazəninin boynunda idi. Ona görə Əhədulla qızını hələ heç kəsə vermək istəmirdi. Bu məsələ ortalığa çıxanda Nazəninin gözəlliyindən məst olmuş Həzrətgül qızı Süsəni ona verməyə razı olduğunu bildirmiş, Əhədulla bu fikri bəyənmiş və hətta çox xoşhal olmuşdu. Beləliklə, Süsən — Əfsanənin yeganə həmdəmi və rəfiqəsi bu evdən uçmuş, həmişəlik getmişdi. Əvəzində isə Nazənin gəlmişdi. İki yaş Əfsanədən böyük olan Nazənin də xoşbəxtlikdən, Əfsanə ilə tez dostlaşmışdı. Əlbəttə, yaşı qırxı çoxdan adlamış, qocalığa üz qoyan Xədicə Nazənin gələndən sonra bir az da quduzlaşmışdı. Nazənini görməyə gözü yox idi. Amma dözməkdən ayrı çarəsi vardımı? Onun getdikcə əriyib qocaldığını görən Əfsanənin ürəyindən tikan çıxırdı. Xədicə isə zülmünü daha da artırırdı. Bu minvalla kimsədən xoş söz eşitmədən, nəvaziş görmədən, bir gözü ağlar, bir gözü gülər böyüyüb qızlar bulağından su içmişdi. Əfsanə— topuqlarını döyən yoğun, qara hörükləri, mütənasib bədəni, qara, uzun, qatlama kirpikli qara gözləri, xallı dodağı, xumar baxışları olan bu qız cır-cındır paltar geyinsə də gözəl idi.
Elməddin hər gün səhər onların evinin yanından keçib işə gedər, bu yolla da geri qayıdardı. Son vaxtlar Əfsanə onun rahatlığını, şirin yuxusunu əlindən almış, ürəyini indiyəcən hiss etmədiyi şirin duyğularla doldurmuşdu. Qəlbini gizli bir həsrət yandırıb-yaxırdı. Onu görməyən gün Elməddin aram ola bilmirdi: hərdən yolda, suya gedən, ya sudan gələn Əfsanə ilə rastlaşanda oğrun-oğrun baxışır, kimsənin görə bilməyəcəyi təbəssümlə gülümsünürdülər. Elməddinin məftun baxışları altında qızarıb-allanan Əfsanə tutaş kirpiklərini qara gözlərinin üstünə endirirdi. Kəlmə kəsməmiş, bir-birini sevdiklərini dilə gətirməmişdilər. Ancaq baxışları çox şey demişdi. İlk məhəbbətin, ilk dilsiz, gözəl duyğuların toxumu hər iki ürəkdə cücərmiş, hər ikisinin şirin yuxusuna haram qatmış, hər ikisini xəyalpərvər eləmişdi.
Bu evdən getməyi Əfsanə necə də arzulayırdı. Ruhunu, ürəyini, varlığını məngənə kimi sıxan bu mühitdən uzaqlaşmaq nə qədər də gözəl olardı. Nə yaxşıki Süsən varmış, nə yaxşı ki Nazənin varmış, yoxsa Əfsanənin ürəyi partlardı. Əgər elə bir gün gələcəkdisə, o gün Əfsanənin ömrünün ən xoş günü olacaqdı. İndi bu xoş, füsunkar bayram axşamında Həzrətgülün dükanı qabağında üz-üzə dayananda Elməddin ani sarsıntıdan özünə gəlib Əfsanənin üst-başına fikir vermişdi: həmişə geydiyi, çox güman ki, Süsəndən qalmış paltar çirkli və yamaqlı idi. Yuyulmamışdı da. «Gərək dəyişəyi olsun ki, yuya bilsin, — Elməddin ürəyindən keçirtmişdi, — yetimlik belədi, uzü qara olsun yetimliyin. Valideynlərindən biri sağ qalsaydı, kəndin qənirsiz gözəli Əfsanə də tərtəmiz, təptəzə bayram paltarı geyinərdi. Həzrətgül ona dayılıq yox, ağalıq eləyib. Əfsanə bu evdə boynubükük bənövşə kimi böyüyüb. İnsafsızlar, heç olmasa bayramda onun barəsində düşünəydilər!»
Elməddin çox namünasib yerdən başlamışdı:
– Həzrətgül yoxdu?!
Əfsanə incə bir təbəssümlə qımışıb:
– Görürsən ki, yoxdu, — demişdi, — nə lazım idi?!
– Şam... — deyə Elməddin özünü doğrultmağa çalışmışdı.
Əfsanə üç dənə şamı kağıza büküb Elməddinə uzatmışdı. O isə, sanki indi xatırlayıbmış kimi, utancaq gözlərini Əfsanənin fənər işığında rəngdən-rəngə düşən sifətində gəzdirib titrək səslə:
– Sənin novruz bayramını təbrik eləyirəm, Əfsanə, — demişdi. — Təzə ildə xoşbəxt olasan.
– Sağ ol, Elməddin. — Qız müxtəsərcə cavab vermişdi.
– Mənə bir dənə də qırmızı şam ver, Əfsanə.
– Bir dənə də?
– Hə.
– Üç nəfər deyilsiniz bəs?!
– Mənim ürəyimdə bizim ailəmiz dörd nəfərdi, Əfsanə. Bu, sənin şamındı. Bu gecə evimizdə sənin də şamını yandıracağam, onun şöləsinə baxıb sənin haqqında, gözlərin haqqında fikirləşəcəyəm, Əfsanə.
Əfsanə pul kimi qızarıb başını aşağı dikmişdi. Dinib-danışmağa heyi-hərəkəti yox idi. Bədəni od tutub-yanırdı. Şamı Elməddinə sarı uzadanda əlinin əsdiyini hər ikisi gördü. Bu, onların ikisinə də çox şey söyləyirdi.
Həyətdən Həzrətgülün öskürək səsini eşidən Elməddin Əfsanəyə həsrətlə baxıb gözlərilə vidalaşaraq evə yollanmışdı. Küçələrdən, dalanlardan necə keçdiyini xatırlaya bilmirdi. Uça-uçamı gəlmişdi? Yaxud, bu yuxu idi? Həqiqiliyi ilə xəyal olması heç vaxt bilinməyəcək bir yuxu?
Üç şamı anasına verib həyətə çıxan Elməddin bax, buna görə yerə-göyə sığmırdı. Gah fit çalır, gah köhnə divanlardan əzbərlədiyi şerləri dodaqaltı zümzümə edirdi. Novruz bayramı axşamı Elməddin özündən də, bayramdan da, indiyə qədər nəsə gecikmiş böyük qardaşından da çox, Əfsanə haqqında, onun adına yandıracağı, indi qoynunda gizlətdiyi qırmızı şam haqqında düşünürdü. Onun qarşısında indi bircə maneə var idi; qardaşı Yusif evlənməmişdi. Mövcud adət-ənənəyə görə böyük qardaşı dura-dura kiçik qardaş qabağa düşüb evlənə bilməzdi. Bu, ən azı hörmətsizlik, saymazlıq hesab olunurdu.
«Niyə evlənmir, bilmirəm. Xeyir işi olub qurtarsaydı, mənə də yol açılardı. Mən ondan qabaq evlənə bilmərəm. El-oba mənə gülər. Yusifin üzünə necə baxa bilərəm. Bizim də qəribə-qəribə adətlərimiz var!» — deyə düşünən Elməddin ulduzlu göylərə baxır, hər şey ona olduğundan daha gözəl, daha cazibədar görünürdü. Ömründə ilk döfə idi ki, insan hisslərinin belə nəhayətsiz, təlatümlü olduğunu dərk edir və ilk dəfə özünün insan yarandığına sevinirdi.
Səbihənin fikri-zikri Yusifin yanında olduğundan kiçik oğlunda əmələ gələn qaynamanı, narahatlığı görə bilmirdi.
Artıq küçələrdən əl-ayaq yığılmışdı. İndi yəqin hər evin adamı bayram süfrəsi başına yığışmışdı. Səbihə ümidini üzüb Yusifin dalınca söylənə-söylənə qazanı ocaq üstündən düşürdü, əyilə-əyilə, addımlarını tappıltı ilə ata-ata evə gətirdi. Evləri bir-birinin içinə açılan iki otaqdan ibarət idi. Həyətə üç dairəvi pəncərə açılmışdı. Palçıqdan suvanmış döşəməyə altdan həsir, üstündən palaz salınmışdı. Divarların dibi nəm idi, qaralmışdı və rütubət iyi içəri girən adamı o saat vururdu. Camaxatanda üç-dörd dəst köhnə yorğan-döşək, rəflərdə isə qab-qacaq gözə dəyirdi. Pəncərələrdən birinin ağzına Elməddin öz kitab-dəftərlərini yığmışdı. Stol yox idi, stul yox idi. Elməddin yazı yazanda ya üzü üstə uzanır, ya da dizinin üstünə kitab qoyub yazardı.
İçəri otaqda salınmış bayram süfrəsini pəncərə ağzına qoyulmuş çıraq işıqlandırırdı. Sinidə çaharməğz , ağlı-qırmızılı noğul, rəngli yumurta, xurma, iydə vardı. Üç şam böyrü üstə sininin qırağına qoyulmuşdu.—Elməddinin alıb gətirdiyi şamlar.
– Gəlmədi, ana, — deyə Elməddin anasına baxdı.
– Bir az da gözləyək, bala, bəlkə gəlib çıxdı. Onsuz tikəmiz ürəyimizi deşəcək.
Elməddin əl ataraq sinidən üç-dörd çaharməğz ləpəsi götürüb ağzına atdı...
Elə bu vaxt həyətdə ayaq səsi, kişi hənirtisi eşidildi. Ana da, oğul da demək olar ki, eyni vaxtda özlərini bayıra atdılar. Gələn Yusif idi. Çiynində heybə, əlində çamadan səkinin üstündə dayanmışdı.
– Haradasan, a bala? Yoluna baxmaqdan gözümüzün kökü saraldı. Bir az ertə, ya iki-üç gün qabaq gələ bilmirdin? Bayramdı axı?!
Yusif heybəsini, çamadanını yerə qoyub anasını, qardaşını qucaqlayaraq öpdü. Ayrı vaxt gələndə belə eləməzdi. Salamlaşar, hal-əhval tutar, soyunub əl-ayağını yuyar, təzə xəbərləri danışa-danışa, soruşa-soruşa çörəyini yeyərdi. Görünür, bayram əhvali-ruhiyyəsi ona da sirayət eləmişdi. Üzü tərtəmiz qırxılmış, qara, şəvə kimi cod bığı səliqə ilə düzəldilmişdi. Üz-gözündən şadlıq yağırdı. Təmiz geyinmişdi. Onun hisli-tozlu kömür dükanında işlədiyini fikrinə belə gətirməzdin. Girdə sifətini ət basmışdı.
– Bayramınız mübarək. Neçə-neçə belə bayramlar görəsiniz.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-itkin-gelin-birinci-hisse-birinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Nadirə atasının tamam-kamal yığışıb gəldiyini eşidəndə həm sevinmişdi, həm də kədərlənmişdi. Ona görə sevinmişdi ki, neçə ildən bəri görmədiyi atasını görəcəkdi, doyunca görəcəkdi: «Yaxşı da eləyib yığışıb gəlib. Orda tək-tənhadı, kimi var? Burda qızları, nəvələri...» Ona görə kədərlənmişdi ki, Salmanın o gecə dediyi sözlər yadına düşmüşdü. Nadirə bilirdi ki, atası onlara gəldikcə Salman daha da dilxor olacaq, onu öz şəninə yaraşdırmayıb deyinəcək, hətta bəlkə utanıb-qızarmadan qoca kişiyə öz qızı evində görünməyi qadağan edəcək. Bununla da neçə vaxtdan bəri ailədə hökm sürən soyuqluğu, anlaşılmazlığı bir az da dərinləşdirəcəkdi.Nadirə bu xoşagəlməz vəziyyətin bütün ağırlığını irəlicədən görür, dərk edir, ancaq səsini çıxara bilmirdi. Sədəfə heç nə demək lazım deyildi. Atasını isə bu məsələdən agah eləmək lap ağılsızlıq olardı. Axı o, Nadirənin taleyindən, xoşbəxtliyindən çox arxayındı. İndi onun ürəyinə xal salmaq kişini məyus edə bilərdi: «Qoy o heç nə bilməsin, rahat, arxayın yaşasın...»
İkinci hissə, səkkizinci fəsilOrxan ezamiyyətdən beş gün də tez qayıtdı; qala bilmədi, çünki bu, əlavə vaxt itirmək deməkdi, həm də bilə-bilə boş yerə vaxt itrmək deməkdi. O, çaş-baş qalmışdı. Bu necə sirr idi? Professor sevinə-sevinə deməmişdimi ki, Mirzə Cəlil haqqında təzə arxiv sənədləri tapılıb? Deməmişdimi? Hətta yerini də demişdi: Dövlət arxivində. Orxan isə təkcə Dövlət arxivini deyil, bütün Tiflis arxivlərini bir-bir gəzmiş, ələk-vələk eləmiş, ancaq təzə heç nəyə rast gəlməmişdi. Rast gəldiyi sənədlərin hamısı keçənilki səfər zamanı gördüyü kağızlar, arxiv materialları idi ki, əslində onlardan gen-bol istifadə eləmişdi. İyirmi beş gün vaxtı getdi. Bu onu elə yandırırdı ki!..İstirahət günü idi. Orxan qatardan düşüb evə gələndən sonra yuyunmuş, xeyli dincəlmiş, Gülmirəyə zəng eləmişdi:
İkinci hissə, doqquzuncu fəsilİlhamın ilk şerlər kitabçası barədə professorun yazdığı məqalə qəzetdə dərc ediləndən sonra xeyli səs-küy qaldırmışdı. O günlər redaksiyalarda, dərnəklərdə hamı ondan danışır, söz-söhbət bəzən saatlarla uzanırdı. İlhamın kimin oğlu olduğunu bilənlər, onun əsərləri və şəxsən özü ilə tanış olanlar, təəccüblə çiyinlərini çəkir, sonra «əşi, məsələ məlum!» deyib məqalənin mədhiyyə olduğunu söyləyir, «o boyda professorun» nəyin xatirinə belə elədiyindən baş aça bilmirdilər.Kənar adamlar, əsil məsələdən xəbəri olmayanlar isə əksinə, bunu professorun həddən artıq qayğıkeşliyi ilə izah edirdilər: «Elə alimlərimiz var ki, ağzına su alıb durur. Sağ olsun, heç olmasa bu danışır».
İkinci hissə, onuncu fəsilSalman bu ikicə gündə, demək olar ki, qocalmışdı. O boyda kişi büzüşüb-bükülüb yumağa dönmüş, şən, gülərüz çöhrəsi solub ağarmışdı. Deyib-danışmır, həmişə fikirli-düşüncəli gəzib dolanır, başını qaldırıb adamların gözünün içinə dik baxmağa utanırdı. Nadirənin məqaləsi Salmanın ürəyində sağalmaz bir yara açmışdı. Əgər o, arvadının yazdığını çap olunmamışdan əvvəl, əlyazması şəklində stolun üstündən götürüb oxumasaydı, bəlkə də ürəyi bu qəfil zərbəyə dözməyib partlardı. Onda Salman məqaləni cırıb yandırmaq istəmişdi, ancaq sonra fikrini dəyişib «Lənət sənə kor şeytan!» — demişdi. Həm də özü ondan qabağa düşüb məqaləsini çap etdirdiyinə görə Nadirənin təzədən bu məqaləni dərc etdirəcəyinə, o cavanın da, üstəlik Salmanın özünün də yazdığını heç-puç edəcəyinə o qədər də inanmamışdı.Lakin Nadirə, görünür, heç vaxt öz elmi prinsipiallığından əl çəkmök fikrində olmayacaqdı.
Poems by other poets
Çərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız
Uca dağlarKönlümün sevdiyi ey uca dağlar,Ölməyib səfanı bir də sürəydim.
Agah et, ey bad, məndən ol vəfalı həmdəmiAgah et, ey bad, məndən ol vəfalı həmdəmi,Söylə, gəl gör əşkdən ruyimdə bəhri-əzəmi,
AhındanƏtəmasım budur, ey şahlar şahı,Həzər elə biçarələr ahından,