Page 2 of 2 · 50%

– Səbihə xala, gəldim sizə deyim ki, keçinizi ilan əmir!

– Nəə?? — Qaranlıqda Səbihənin gözləri böyüdü.

– Hə. Sizin keçinizi hər gün bir boz ilan əməlli-başlıca əmir. Siz isə naxırçının boynuna yıxırsınız. Xəbərdar eləyirəm sizi, sonra deməyin ki, mən də Zümrəy kimi keçinizi sağıram. Mən hələ ölmək istəmirəm.

– Ədə, belə şey olmaz.... — Səbihə hələ də eşitdiklərinə inanmaq istəmirdi.

– Həzrət Abbas haqqı, düz sözümdür.

– Lap öz gözünlə gördün də?!

– Hə, lap öz gözümlə. — Elməddin də, Əfsanə də yaxın gəlib söhbətə qulaq asmağa başladılar. Çoban deyirdi: — Günorta idi, çomağa söykənib dayanmışdım. Gözüm kənarda dayanan keçiciyəzə sataşdı. Fikirləşdim ki, ay keçi, sənin də üstündə bir cavan öldürüldü. Keçi qıçlarını aralamışdı. Birdən gördüm ki, nəsə, çubuğa oxşar bir şey keçinin əmcəyindən asılıb. Diqqətlə baxdım gördüm tərpənir, yaxın gəldim, gördüm ki, ilandı. Keçinin əmcəyini salıb ağzına sorur. Keçi də dayanıb, tərpənib eləmir. İlan əmdi, doydu, sonra yavaşca sürünüb getdi. Ömrümdə belə şeyi nə eşitmişdim, nə də görmüşdüm deyə matım-qutum qurumuşdu. Bu gün də belə... İlan gəldi, əmdi, getdi.

Naxırçının bu söhbəti ailənin başında ildırım kimi çaxdı.

– İnanmırsınız? — Çoban soruşdu.

– Vallah, heç inanılası şey deyil! — Səbihə astaca dilləndi.

– Sabah Elməddin gələr, öz gözü ilə görər, — deyib çoban darvazadan çıxdı.

Elməddin evə keçdi. Pəncərə ağzına qoyulmuş çırağın şöləsi titrəyirdi. İşığın ətrafında üç-dörd pərvanə fırlanırdı. İki pərvanə yanıb çırağın dibinə düşmüşdü. Ancaq Elməddini indi heç nə maraqlandırmırdı: qardaşının taleyi onun bütün fikrini məşğul eləmişdi. Üçüncü gündü ki, ailə yas içində idi. Nə çörək yeyən vardı, nə ağzını açıb kəlmə kəsən. Sanki hamı bir-birindən küsmüşdü. Əslində isə hər kəs öz daxili aləminə qapılıb götür-qoy eləyir, düşünüb-daşınır, bu uğursuz işin axırının nəylə qurtaracağını fikirləşirdi. Bu üç günü Həzrətgül beş-altı dəfə gəlib getmişdi. Nazənin isə Əfsanəni tək buraxmamışdı. Nazənin ağlamağını saxlaya bilmirdi. Əfsanəyə ürək-dirək verirdisə də, bunu göz yaşlarını axıda-axıda eləyirdi. Elməddin Nazəninin Əfsanəyə dediyi bu sözləri eşitmişdi:

– Sənin xoşbəxtliyin nə az çəkdi, mənim bacım?! Əfsanə isə qırıq-qırıq:

– Mən nə vaxt xoşbəxt olmuşam ki, Nazı? — demişdi.

– Darıxma, inşallah, xeyir olar axırı. Yusif qurtarar, gələr.

– …

«Gələr». «Gələ bilərmi?» — deyə Elməddin özünə sual vermişdi. Çünki vəziyyət hamıdan çox ona aydın idi: qəryədar Qulamla qardaşı barədə ətraflı söhbət sləmişdi. Qəryədarın fikrincə, vəziyyət çox təhlükəli idi: insan ölmüşdü.

Məmləkətin mövcud qanunlarına görə, qatilin günahı sabit olsa, o, ölü yiyəsinin tələbinə əsasən gərək öz cəzasına çatsın, həmin yerdə, camaatın gözü qabağında öldürülmüş şəxsin atası, anası və ya qardaşı tərəfindən öldürülsün. Əgər Cahan arvad barışmasa...

– Bizim Gülüstan qanunlarını özün yaxşı bilirsən, şükür, oxumuş oğlansan. Ölümə ölüm. Ayrı cür nə təhər ola bilər? — deyə qəryədar Qulam xatirini çox istədiyi Elməddini vəziyyətlə tanış eləmişdi.

– Ağa, — deyə Elməddin az qala yalvarmışdı, — cavandı. Onu bu xatadan xilas eləyin. Təzə evlənib.

– Mən başa düşürəm, oğul. Bir allah şahiddi ki, səni doğma balam kimi istəyirəm. Di gəl ki, neyləyə bilərəm? — qəryədar oturduğu yumşaq tük döşəkcəsinin üstündə yerini təzədən rahlamış, qəlyanına qullab vurandan sonra əlavə eləmişdi, — Bircə çarəsi var, oğul!

– Nədir o, ağa?

– Cahan arvadı dilə tutub barışdırmaq. O bağışlamasa, indidən sənə deyirəm, Yusifi ölüm gözləyir.

– Bağışlayarmı yəni, ağa?!

– Səy eləyərik. Bəlkə bir dil tapdıq. Burda qan pulu da vermək lazımdır. Əgər arvadı yola gətirsək, məsələn, nə qədər qan pulu verə bilərsiniz?!

– Vallah ağa, nəqd pulumuz yoxdur. Olan-qalanımızı Yusif biçarənin toyunda məsrəf elədik getdi. Ancaq torpağımızı, mal-qaramızı, evimizi-eşiyimizi satarıq, verərik. Təki o, bağışlasın, keçsin günahından.

– Xub, fikirləşərik. Məncə, Cahan arvad sözümü yerə salmaz. Belə deyirəm, ancaq buna özüm də o qədər inanmıram. Çünki, balası ölmüş ananın dərdlərini ovundurmaq, kinini, qəzəbini yatırmaq mahal işdi, oğul.

– Ömrün uzun olsun, ağa.

– Mən sizə kömək eləmək məqsədilə Yusifi hələ vilayət həbsxanasına göndərməmişəm. Nədən ki, yaxşı bilirəm, onların əlinə düşdü— işi bitdi, fələk də gəlsə, xilas eləyə bilməz.

– Lütfünüz artıq olsun, ağa.

– Amma axmaq iş görüb, oğul, sənin qardaşın. — deyə qəryədar Məkkədən gətirdiyi yaraşıqlı, qara təsbehi çevirə-çevirə davam eləmişdi. — Elə xırda-xuruş üstündə adam-adamı öldürməz. Keçmişdə kişi-kişini namus, şərəf üstündə öldürərdi. İndiki adamlar cılızlaşıblar, xırdalaşıblar.

– Düz buyurursunuz, ağa.

– Bizim ayağı şəhərə dəyən cavanlar çox korlanıblar. Fisqüfəsad öyrəniblər. Nədən ki şəhərdə it yiyəsini tanımır. Hərə bir dərədən gəlib. O qabaqlar mən qardaşımın yanına — paytaxta getmişdim. Bir kişi tapılmırdı ki, mən boyda ağsaqqala salam versin. Bu nə deməkdi? Hanı bəs dini-islamın əsasını təşkil eləyən izzət-hörmət, böyüklük-kiçiklik? Axı Məhəmməd peyğəmbər belə buyurmamışdı!

Elməddinlə qəryədar Qulamın söhbəti uzun çəkmişdi. Qərara almışdılar ki, Zümrəyin yeddisi çıxandan sonra başda qəryədar Qulam olmaqla kənd ağsaqqalları yığışıb Cahan arvadın qapısına minnətə getsinlər və Yusifin günahından keçməsini xahiş eləsinlər.

Fikirli-dərdli günlər isə çox ağır gəlib keçirdi. Təzə naxırçının gətirdiyi xəbər isə Elməddini lap məyus etmişdi. Çünki bu, bir daha sübut eləyirdi ki, Zümrəy tamam günahsız öldürülüb: Əvvəl cüzi də olsa yenə bir ilişik yeri vardı. İndi isə o nazik tük də qırılır, Yusif əməlli-başlı müttəhimlər kürsüsündə oturmalı olurdu.

... Elməddin uzunluğu bir metrəyə yaxın olan ilanın günortaüstü ədəb-ərkanla keçini əmdiyini öz gözlərilə görəndən sonra Yusifin xilas olacağına bəslədiyi ümid çilik-çilik olub ayaqları altına tögüldü. İndi bütün Ədnan camaatının yeganə sözü-söhbəti bu barədə idi. Cahan arvadın kininin-küdurətinin üstünə sanki yağ çilənmişdi. Arvad ancaq intiqam hissilə yaşayırdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, altıncı fəsil

Əhədulla son günlər Elməddinin gözünə fikirli dəyirdi. Kişinin elə bil, rəngi də qaralmışdı, beli də donqarlaşmışdı. Demək olar ki, «salamdan», «əleyküssalamdan» başqa sözünü eşitmirdi. Elməddin özü də pərişan olduğundan, başı öz dərdinə qarışdığından onun əhvalının niyə belə pozulduğunu ətraflı soruşa bilməmişdi. Hərdən ona elə gəlirdi ki, Əhədulla amirinin o təmtəraqlı, firavan həyatının belə asanlıqla və kökündən dağıldığını anlayıb xiffət eləyir, təəssüflənir. Əhvalatı lap elə ilk günlər Əhədullaya qızı danışmışdı. Zərrintac xanımın evə ac-susuz, ancaq kefikök gəlmiş Elməddinin üzünə qapını necə rəhmsizcəsinə açmamasını, onu o şaxtalı-ayazlı havada «çöldə qoymasını» qız, böyük bir müsibət üz vermiş kimi, az qala ağlaya-ağlaya atasına söyləyəndə kişi əvvəlcə qulaqlarına inanmamışdı, Siminbərə «özündən şey toqquşdurma, qız» — deyib üstünə çımxırmaq da istəmişdi. Lakin Siminbər balaca, ailədə indi hamının müqəddəs and yeri olan Vətənyarın canına and içəndə o, Zərrintaca qarşı ürəyində qəribə bir qəzəb duymuşdu. O gözəl, cavan, ipək paltarlar içində itib-batan, brilyant, qızıl-gümüş içində bərq vurub parıldayan Zərrintac xanımın nə qədər rəzil, alçaq nifrətə layiq adam olduğunu ürəyində etiraf eləmişdi. Onun aləmində, Elməddin kimi mələk xislətli təmiz, mehriban bir adamın ürəyinə dəymək, könlünü sındırmaq dunyada ən ağır cinayət idi, günah idi. «Bunu Allah sənə heç vaxt, yüz il dərgahında qolubağlı, dizin-dizin sürünə-sürünə ibadət eləsən də bağışlamaz!» — deyə düşünmüşdü. Həqiqətən bu pis xəbərlər Əhədullanın kefinə soğan doğramışdı, qanını möhkəm qaraltmışdı, Ancaq kişi baxıb görmüşdü ki, Siminbər ondan da yaman hala düşüb. «Mən burda daha qalmaq istəmirəm, qibləgahım, — deyib dururdu. — Apar məni evimizə, apar, qibləgahım!» —deyib yalvarırdı.– Yox, hələ qal, qızım! Qayıdıb gələrsən, bundan sarı xiffət eləmə. Ər-arvaddırlar, savaşıblar, yəqin barışarlar da. Yaxşı deyil, hər necə olsa, ağamız Nəcməddinin qızıdı,— deyirdi Əhədulla ona.

7 min
Birinci hissə, yeddinci fəsil

Məhəmməd Şəfi Rəhgüzar Elməddinin Zərrintacdan ayrıldıqdan sonra, onlarda yaşadığı günlərdə oğlanın sarsıldığını, ümidsizləşdiyini görüb onu təzədən, kim bilir neçənci dəfə danlamış, təsəlli vermişdi. Əhədulla isə Siminbər haqda söhbət etdiyi gün axşam Şəfi yenə Elməddini danlamışdı:– Darıxma, qardaş, Bu, həyatdır. Onun tərəqqisi də var, tənəzzülü də. Bəzən o, sənin başına gül-çiçək çələngi qoyur, bəzən ayaqlar altına salıb tapdalayır, qədir-qiymətsiz edir. İnsan gərək dözümlü olsun, iradəli olsun, nazik çubuq kimi tez .sınmasın. Amma görürəm ki, sən belə hallarda tez pərt olursan, darıxırsan; eybi yoxdur, hələ cavansan, nə görübsən ki, sən həyatda?... ...

6 min
Birinci hissə, səkkizinci fəsil

Elməddinin ağlına gələn fikir onu sevindirdi. Geriyə dönərək mizin üstünə çayniki qoyan Əhədullaya müraciət elədi:– Əhəd:

4 min
Birinci hissə, doqquzuncu fəsil

– Ustad, anam yuxuma girib, qəryəmiz yuxuma girib. Görürəm arvad gileyli-gileyli deyir ki, əcəb etibarsız oğul imişsən, bala. Elə biryolluq getdin, gör neçə ildi gedibsən, bircə kərə də dəyməyibsən ki, anamı tək, dörd divar arasında qoyub gəlmişəm, baş çəkim görüm ölüb, qalıb? Getmək istəyirəm, ustad. İstəyirəm gedəm anamın qəbrini ziyarət eləyəm, o doğma yerləri görəm. Baba demişkən, burnumun ucu göynəyir, ürəyim titrəyir, ustad, o yerlərdən sarı. — Elməddin bu sözləri böyük həyəcanla söylədi, elə həyəcanla ki, daha Məhəmməd Şəfi etiraz eləyə bilmədi və ürəyindən keçirdi ki, Elməddini indi danışdıran hisslər müqəddəs hisslərdi, onların qarşısında durmaq, susdurmaq, öldürmək özü günahdı. Nə qədər ki insan ürəyi belə döyünür, anaya, doğulduğu, boya-başa çatdığı, pərvazlanıb uçduğu torpağa qarşı ilıq, isti məhəbbət duyğuları ilə çırpınır, demək, o ürək sahibi əsl insani keyfiyyətlərə malikdi, o, həyatın, yaşamağın mənasını anlayır, qədrini bilir. Şəfinin şəxsən tanıdığı bir çox cavanlar vardı ki, onlar belə təmiz, ülvi hisslərdən məhrum idilər: günləri harda xoş keçsəydi, ora vətən idi, hansı ağbirçək qadın üzlərinə mehriban baxsaydı, o, ana idi onlar üçün! Belələri üçün müqəddəs heç nə ola bilməzdi dünyada. Ancaq, nə yaxşı ki, Elməddin belə deyildi. Elməddin indiyənəcən Şəfinin nəzərində ağıllı idi, bacarıqlı idi, dözümlü, təmkinli idi, qabiliyyətli idi. İndi isə başa düşürdü ki, o, üstəlik, nəcib bir insan imiş. Onun nəcibliyini Şəfi çoxdan hiss eləmişdi — o, həbsxanada olarkən ailəsinə pul verməsi ilə (bəlkə bu borc idi? O qədər borclu olduğunu bilə-bilə belə işlərə biganəlik göstərən görmüşdü ki, Şəfi!), adi bir sürücü olan Əhədullaya bəslədiyi ehtiram ilə bu nəcibliyini sübut eləmişdi. Əslində Şəfi düşünmüşdü ki, burda sən deyən elə fövqəladə nəciblik də yoxdur, bu, adi insanın borcudur, vəzifəsidir. Lakin indiki zamanədə—biganəliyin, laqeydliyin, öldürücü «eh, mənə nə dəxli» fəlsəfəsinin hökmran olduğu, insanların çoxunun, böyük əksəriyyətinin bu mərəzə tutulduğu zəmanədə bunlar, bu keyfiyyətlər qeyri-adiləşir, təəccüb, heyrət və çox vaxt sevinc doğururdu.Şəfi razılıq hissilə başını tərpətdi:

7 min

Poems by other poets