Page 5 of 16 · 25%

Aslanın qırışığı açıldı, əl atıb fövrən şüşəni qapdı və ağzını aça-aça: «Mənim yemək-içmək rejimimi də bilir, vay dədə. Allah eləməsin adamın belə arvadı olsun. Gərək aydan arı, sudan duru olasan, dilinə yalan gətirməyəsən, işə oxley kimi dümdüz gedib dümdüz qayıdasan» ⎯ deyə çaşıb düşündü.

⎯ Əlbəttə.

⎯ Nə əlbəttə? ⎯ deyə Aslan heç nə başa düşməyib soruşdu və dərhal da onun bircə sözünün mənasını anlayıb əlavə elədi: ⎯ Sən allah, düz demirəm?

⎯ Düz deyirsən, Aslan. Çox şadam ki, sən də mənim ürəyimi yavaş-yavaş oxumağa başlayırsan. Bu çox yaxşıdı.

Aslan stolun üstəki qədəhlərə konyak süzüb dərindən ah çəkdi:

⎯ Kaş səndə olan o qabiliyyətin çox demirəm, onda biri məndə olaydı, Leyla xanım. Dünyada dərdim olmazdı. Məni heç kəs aldada bilməzdi, yalan danışa bilməzdi. Dostlarımın harda, necə xəyanət elədiyini o dəqiqə bilərdim, düşmənlərimin mənə necə tor qurduqlarından xəbərdar olardım, sirrlərini öyrənərdim, heç qoymazdım göz açalar.

⎯ Allah dəvəyə ona görə qanad vermir də. Bir də allah dağına baxıb qar verir ⎯ deyiblər atalarımız. ⎯ Leyla ikinci dəfə qədəhə baxışları ilə işarə elədi: ⎯ Bəs bunu kimin üçün süzmüsən?

⎯ Sənin üçün, xanım.

⎯ Mən dedim ki, içən deyiləm.

⎯ Bəlkə… bir az içəsən? Yaxşı konyakdı, fransız konyakıdı.

⎯ Yox.

Aslan bir an duruxub Leylanın gözlərinin içinə diqqətlə, hardasa yalvarışa bənzər bir baxışla baxdı və o gözlərdə bir qətiyyət oxuyub:

⎯ Onda icazə ver, bunu sənin kimi nadir bir insanın şərəfinə nuşican eləyim, Leyla xanım. Xoş gəlmisən, bu bağı öz bağın bil, həmişə səni burda görməyimə şad olaram. ⎯ söylədi, qədəhini onun qabağına qoyduğu dolu qədəhə yavaşca toxundurub içdi, araq içən bir çoxları kimi, ağzını, dodağını turşutmadan, arxayın bir hərəkətlə, açıq qutudan qırmızı qızılı «dona» bükülmüş şokaladdan birinin «köynəyini» soyundurub ağzına atdı, ədəblə ikincisini də götürüb Leylaya tərəf uzatdı: ⎯ Heç olmasa bunu ye, Leyla xanım. Bu ki, günah deyil.

⎯ Yəqin bu da fransız şokaladıdı, eləmi?

⎯ Hə, düz tapmısan.

⎯ Maşallah, pis yaşamırsan…

⎯ Niyə də pis yaşamalıyam, Leyla xanım? Nə atam məni bir də əkəndi, nə də anam məni təzədən doğandı. Bir dəfə gəlmişəm bu dünyaya, ikinci dəfə gəlməyəcəyəm. Yoxsa sən deyəcəksən ki, yenidən dünyaya gəlmək imkanı var, hə?

⎯ Var, bəli!

⎯ Sən məni hər şeyə inandıra bilərsən, Leyla xanım, bilirəm, bu qüdrət səndə var: ancaq icazə ver, sənin bu fikrinlə razılaşmayım. Acığına gəlməsin a. Söhbətdi də eləyirik. ⎯ deyərək o, öz qədəhinə bir də içki süzdü və: ⎯ Yenə sənin sağlığına içirəm, Leyla xanım. ⎯ deyib qədəhi başına çəkəndən sonra, bu dəfə məzə götürmədən davam etdi: ⎯ Dünyada hər şeyə inandıra bilərsən məni, ancaq tək buna yox.

⎯ İnanmırsan inanma. Mən səni məcbur eləmirəm və buna haqqım da yoxdu. Ancaq sən buna özün öləndən sonra inanacaqsan, Aslan və onda da inandığını etiraf eləmək üçün yanında bir adam tapmayacaqsan. Daha doğrusu, tapacaqsan, ancaq deyə bilməyəcəksən.

⎯ Niyə? Dilim olmayacaq?

⎯ Olacaq. Dilin olacaq. Lakin səni o adamlar eşidib başa düşəcəklər ki, onlar da bu dünyada olanda bu həqiqətə inanmışdılar. Sən onlara deyəcəksən, onlar sənə və sizin bu gecikmiş etirafınızı bu dünyada olanlar eşidə bilməyəcəklər.

⎯ Deməli, mən yox, mənim ruhum qayıdıb gələcək bu dünyaya, ancaq nə adamlarla danışa biləcək, nə də bir şey yeyib içə biləcək, nə kef eyləyəcək, hə? Elə həyat mənim nəyimə lazımdı, Leyla xanım? Bu ona bənzəyir ki, nağdı qoyub, nisyə dalınca düşəsən. Bu isə, məni bağışla, avamlıqdan başqa bir şey deyil.

⎯ …

⎯ Yaxşı, yaxşı, bağışla, sən allah. Görürəm acığına gəldi. Mənim dilimə bu zəhrimar dəyəndə bir az çərənçi oluram. ⎯ Şüşənin ağzını qapayıb kənara itələdi: ⎯ Qoy sənin üçün bir əla çay dəmləyim. ⎯ O ayağa qalxanda Leyla durdu:

⎯ Yox, sən əyləş, qoy çayı mən dəmləyim.

⎯ İstəyirəm sənə özüm qulluq eləyim axı.

⎯ Bayaqdan eləyirsən. Qulluq eləmək qabiliyyətinə isə söz ola bilməz.

Bir azdan armudu stəkanlara tökülmüş pürrəngi çay stolun üstündə buğlanırdı. Qənddanda səliqə ilə doğranmış qənddən savayı, üç-dörd cür də konfet vardı. Leyla ayağa durmuşkən, qab-qaşığı, çörəyi-filanı da yığışdırıb Aslanın işarəsilə qamodun üstünə yığmışdı, müşəmbəyə dəsmal çəkmişdi. Təkcə konyak şüşəsi və bir də şokolad qutusundan başqa hər şeyi götürmüşdü. Deyəsən konyak da öz işini görmüşdü: sifəti qızarıb allanan Aslanın qırışığı azca da açılmışdı, hərəkətləri, danışmağı bayaqkına nisbətən xeyli sərbəst idi. Leylanı mətləb üstünə gətirib danışdırmaq istəyirdi, lakin hardan, necə başlamağı heç cür ağlına gətirə bilmirdi. Leyla da bilirdi ki, ürəkdən nifrət elədiyi və eyni zamanda (qəribə deyildimi?) hardasa yazığı gəldiyi bu adamın qəlbi dolurdu, danışmaq, dərdini yüngülləşdirmək üçün bir yaxın, başa düşən, ağrılarına çarə eləyən bir insan axtarır, ancaq tapa bilmir. Leylaya bu da məlum idi ki, elə adamların həyatda can dostu, ürək həmdəmi olmur: belələri canavara bənzəyirlər, qurd kimi ağız-ağıza yatırlar. Və bu da bir cəzadır ki, heç özlərinin də xəbəri olmadan, Allah-təala onlara verir. Leyla dadlı-təmli çaydan içə-içə belə düşünürkən Aslan daha dözə bilməyib dilə gəldi:

⎯ Görürəm, sən məni, mənim özümdən yaxşı tanıyırsan, Leyla xanım. Demək olar ki, cikimi də bilirsən, bikimi də. Nə qədər pulum var, haralardadı, hətta sürücümün bu axşam qaynanası öləcək… ⎯ Aslan birdən yadına düşmüş kimi saata baxdı: ⎯ Yəqin indi ölmüş olar, hə, Leyla xanım?

Leyla yenə iri, qonur gözlərini yumub sanki elə o yumulu gözləri ilə harasa baxandan sonra başını «hə» ⎯ mənasında tərpətməklə cavab verdi. İki-üç saat idi ki, qorxa-qorxa olsa da, elə bir məqam axtarırdı ki, Leylanın bu sözlərinin də düz olub-olmamasını axırıncı dəfə yoxlasın. O biri ⎯ bundan qabaq dediyi sözlərə də inanmışdı: xüsusən pul məsələsində qadının dedikləri tamam doğruydu. Ancaq burda bir ehtimal ola bilərdi və o da Aslanın ürəyinə yol tapmışdı ki, bu işdən hali bir adam ola bilər, ağzından qaçırar hardasa, Leyla da tamamilə təsadüfən eşidə bilər. Lakin bəs bağdakı pul? Bunu ki, onun özündən başqa kimsə bilmirdi, hətta arvadına da deməmişdi. Bu məsələlərdə güman min yerə gedə bilərdi. Ancaq… Mehmanın qaynanasının öləcəyini irəlicədən xəbər vermək… Əgər bu da düz olsa, daha bundan o yanası yoxdu, vallah, yoxdu. Aslan tələsik ayağa qalxıb pəncərənin pərdəsi arxasına qoyulmuş qırmızı telefon aparatını xəttə qoşdu və zəng çaldı. Dəstək qulağındaydı, gözləri Leyla xanımda. Dəstəkdən Mehmanın yox, bir qadının səsini eşidəndə ürəyi düşdü: «Yoxdu evdə. Yəqin bizə gedib, köpək oğlu».

⎯ Ay qızım, zəhmət olmasa Mehmanı çağır telefona. Nə? Bəs hara gedib? ⎯ Eşitdiyi cavabdan sarsıldı ki, dili dolaşdı: ⎯ Sən… nə… danışırsan, qız? Haçan keçinib? Vay, vay, Allah rəhmət… eləsin. Heç, tanışlarındandı…

Dəstəyi yerinə qoydu, taqətsiz halda divara söykəndi və günahkar uşaq kimi Leylanın üzünə baxdı. Leyla heç nə söyləmədi ⎯ özünə qarşı inamsızlıq göstərdiyini üzünə vurmadı, çünki gördü ki, o, bu hərəkətdən utandı. İlk sarsıntılar, heyrət və təəccüb dalğaları keçəndən sonra birdən Aslanın sifətində qəribə və şadlıq duyuldu və o, bu sevincini ifadə eləmək üçünmü, sözlərinin doğru çıxmasına görəmi ⎯ ayırd eləyə bilmədi ⎯ divardan qopub Leylanın üstünə yeridi, qabağında diz çöküb titrəyən əlini irəli uzadaraq dizinin üzərinə hərəkətsiz qoyulmuş əlini qaldırıb dodaqlarına yaxınlaşdırdı və öpdü:

⎯ Sən peyğəmbərsən, Leyla xanım, vallah peyğəmbərsən ⎯ söylədi: hər şeydən aydın görünürdü ki, bu xəbərin düz çıxmasından daha artıq Mehmanın qaynanasının ölməsi Aslanı çox sevindirib. «Qoy hər gün biri ölsün, əzizləri ölsün, başı əbədi özünə qarışsın, heç onun yadına Leyla düşməsin. Köpək oğlu, vicdansız. Hamısından yaxşı olardı ki, o xəyanətkar özü it kimi gəbərib ölsün. Bu, lap əla olardı». ⎯ Yox sən peyğəmbərsən, Leyla xanım.

Leyla xanım məmnun halda oturmuşdu, qarşısındakı bu adamcığazın heç bir şeydən xəbəri və heç bir şeydən xəbəri və heç bir şeydə günahı olmayan bir insanın ölümünə belə sevinməsinə baxır, təəssüflə başını yırğılayırdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Birinci hissə, on dördüncü fəsil

Əbdül hasarın dibindəki qarajın qapısını açmışdı ki, maşına hava dəysin. Özü isə ortalıqda dayanıb göyərçinlərə dən səpirdi. Gün günorta yerində idi və istisi yandırıb-yaxırdı. Əbdül əyninə ağ köynək keymişdi, başıaçıq idi—günəşin hərarəti seyrək tüklü başını, kürəklərini xoş bir gizilti ilə qarsalayırdı. Boynu zəncirli, iri, hündür köpək, qabaq ayaqlarını irəli uzadaraq qırmızı dilini çıxarıb ləhləyirdi. Toyuq-cücə ağac, dam-divar dibində kölgələnirdi.Darvaza döyüləndə Əbdül geri qanrıldı. Kim idisə, nabələd adam idi, zəngi basmaq əvəzinə dəmir qapını əlilə, bir az da ehtiyatla döyəcləyirdi. Əbdül dən qabını yerə qoyub irəli gəldi. «Kimsən, nəçisən» deyə soruşmadan kiçik qapını açanda çarşablı-yaşmaqlı bir qadının dayandığını görüb təəccübləndi. Yalnız gözləri işıldayırdı, sifəti, burnu örtülü olan qadın çəkinə-çəkinə Əbdülə nəzər saldıqda o, soruşdu:

17 min
Birinci hissə, on beşinci fəsil

Zərrintac xanım gözlərini açdı—nəzərinə ilk sataşan şey tavan oldu. Pəncərənin açıq pərdəsindən içəri günəş şüası düşmüşdü, qızıl şərf kimi uzanıb döşəmədən keçərək çarpayısının baş ucuna dirənmişdi. Demək səhər çoxdan açılmışdı.Başı dumanlı idi, ağrıyırdı. «Nə bir tünd qəhvə içərdim!» — deyə ürəyindən keçirtdi. Köhnə adəti üzrə ya Elməddin, ya da Siminbəri səsləmək istədi, səslədi də. Ancaq kimsənin hay vermədiyini görüb xatırladı ki, onlar yoxdu. Ona qəhvə gətirən olmayacaq.

6 min
Birinci hissə, on altıncı fəsil

Əbdülün verdiyi yüzlük köz parçasına dönüb Heyranın əlini yandırırdı. Əvvəlləri yadına gəlmirdi, ancaq Cabbarla yaşadığı bu on beş-on altı ildə Heyran heç vaxt əlində yüzlük tutmamışdı, gördüyü pullar qəpik-quruş olmuşdu, ən çox dəmir pullar. Barmaqla sayıla biləcək qədər də onluq və iyirmilik görmüşdü. Cabbarın axşamlar şəhərdən — bazardan evə dönərkən gətirdiyi pullar arasında göy rəngli iyirmilik görəndə Heyran özünü xoşbəxt sayırdı, dövlətli hesab eləyirdi. Ancaq indi, birdən-birə yüzlüyü vardı və onu tanımadığı, birinci dəfə gördüyü bir şəxs vermişdi. Bacısının nökəri, indi Dünyanın uşağının dayəsi olan Əbdül. Pulu ovcunun içində bərk-bərk sıxmışdı, əlinin tərlədiyini də hiss eləmirdi. İti, tələsik addımlarla bazara tərəf gedə-gedə Allaha yalvarırdı ki, qan-qada bacısının başından uzaq olsun, qayıdıb balasının yanına gəlsin; o gəlsə, uşaq yetimçilik görməz, o gəlsə, Dünya Heyran xanıma da—xəstə əri ilə dörd divar arasında tək-tənha, köməksiz, ehtiyac içində çırpına-çırpına boğulan bacısına da əl tutar yəqin, bu qədər var-dövlətdən onlara da hərdən bir görüm-baxım eləyər. Ürəyində bacısından ötəri allah dərgahına əl qaldırıb dua-səna elədikdən sonra o, Əbdülü zahirən sakit, adicə bir nökər təsiri bağışlayan, əslində isə o cah-cəlallı ev-eşiyin sahibi olan, bacısının yeganə yadigarına öz doğma balası kimi baxan, ömrünün axırınacan da baxacağına and içən, nəhayət, yumşaq qəlbli, dar gündə başqasına əl tutmağı bacaran Əbdülü xatırlayır, ona uzun ömür arzulayırdı. Əbdül sadə idi, qayğıkeş idi, qonaqpərvər idi. O, necə də Heyranın danışığından vəziyyətlərinin ağır olduğunu başa düşmüşdü, minnətsiz-filansız ona yüz rupi gətirib vermişdi. Bunu indiki zamanada kim eləyərdi? Qonşunun evində axşamacan işləyəndə ona beş-on rupi pul verirdilər, onu da necə? Gecə yatanda da əlləri, ayaqları zoqquldayırdı, sümükləri sızıldayırdı? Ancaq Əbdül... yəqin bacısı Dünya evdə olsaydı, görüşübqucaqlaşıb ağlaşandan, sakitləşəndən, onun gününü-güzəranını öyrənəndən sonra lap çox pul verərdi. Yox, onun pulu da lazım deyil, təki özü sağ-salamat olsun, qayıdıb balasının üstünə, isti xanimanına qayıdıb gəlsin — ona, Heyran xanıma heç nə lazım deyildi.Heyran bu qatmaqarışıq düşüncələr əlində çırpına-çırpına özünü Çaharrahi meydanındakı bazara yetirmiş, ət, pendir, yağ, meyvə, göy-göyərti almış, Daruləmana gedən avtobusa minərək evə gəlmişdi. Bir əlində tor zənbil, o birində pulun qalanını—altmış beş rupini tutmuşdu. Ürəyi sevinc-qarışıq bir həyacanla döyünürdü. Dayanacaqdan evə gələnəcən düşünmüşdü ki, gedən kimi isti xörək bişirəcək, son vaxtlar lap zəifləyib əldən düşmüş Cabbarı doyunca yedirdəcək, alma verəcək. Cabbar yeyəcək, gözlərinə işıq gələcək, Heyrana «çox sağ ol» deyəcək. Ondan sonra necə gedib bacısının evini tapdığını, bacısı balasını gördüyünü danışacaq və Cabbar da sevinəcək.

7 min
Birinci hissə, on yeddinci fəsil

Ağayi Siracəddin şəhərə «ova» çıxmışdı. Maşınsız idi. Ləbidərya ilə sırayla düzülmüş dükanların qabağından keçə-keçə küçəyə, gəlib ötənlərə göz yetirir, əlsiz-ayaqsız, yurdsuz-yuvasız, sahibsiz qız-gəlinə rast gələcəyi ümidilə addımlayırdı. Əlindəki sür təsbehin dənələrini şıqqıltı ilə çevirir, dodağaltı zümzümə edir, hərdən, tanış dükan sahibləri, tacirlərlə salamlaşırdı.Havanın nəfəsi soyumuşdu, hardansa uzaqlardan ağır-ağır gələn payızın hənirtisi duyulurdu. Kefi kök, damağı çağ ağayi Siracəddinin əlində təbiətə hökm eləmək iqtidarı olsaydı, yağışlı leysanlı payızın gəlişini daha da sürətləndirər, bacardıqca onu tez yola salar, qarlı-çovğunlu, qasırğalı-tufanlı qışı gətirər, dağların ovcunun içində yerləşən bu şəhərə soyuğun hökmü ilə hökmranlıq edərdi. Bunun da səbəbi vardı — səbəbi bu idi ki, məhz qışda ağayi Siracəddinin «ovu» uğurlu olurdu, yazda-yayda — isti havalarda özünə yüngülvarı sığınacaq yeri tapmış yetim qızlar, ehtiyacın küçələrə saldığı qadınlar soyuğun kəskin qılıncının küt zərbələrinə dözməyərək küçələrə, bazarlara, dükan qabaqlarına çıxır, sadəcə, sığınacaq üçün gəlib-gedənlərə əl açır, bir qarın çörəyə, bir isti bucağa hər cür təklifə razı olurdular. Məhz bu zaman ağayi Siracəddin yağlı dilini, pulunu, «xeyirxahlığını» işə salır, toruna düşənləri öz «müəssisəsinə» gətirirdi. Bu gün də o, bu məqsədlə şəhərə çıxmışdı. Qəlbində müvəffəqiyyətə o qədər də inamı yox idi, amma hər halda «gəzən ayağa daş dəyər» deyərək küçələri dolaşırdı. Qocanın ürəyində xoş bir əhvali-ruhiyyə vardı, nəzərləri orda-burda olsa da Zərrintac xanımla keçirdiyi o qəribə gecəni tez-tez xatırlayıb gülümsünür, onun ağ bədənini, sərxoş baxışlarını, üstündən aydan çox keçsə də, unuda bilmirdi. Zərrintacın telefonda qışqır-bağır salmağını yad eləyib öz-özünə deyirdi: «heç çapalama, quzum. Sən daha mənim əlimdəsən, heç yana qaça bilməzsən, quzum.»

9 min

Poems by other poets