Birinci hissə, ikinci fəsil
Page 6 of 16 · 31%
⎯ Əstəğfurullah de, Aslan. Günaha batma. Onsuz da günahın çoxdu.
⎯ Bilirəm günahım çoxdu. O dünyada məni qır qazanında qaynadacaqlar, dərimi soyacaqlar, qoy olsun, qoy bu da bir günah olsun. İslanmışın yağışdan qorxmağı əbəsdi, Leyla xanım. İndi mən günah işlətmirəm, indi mən o gözəgörünməzin yaratdığı bir möcüzə qarşısında öz heyrətimi izhar eləyirəm, allahın qüdrətini və böyüklüyünü təsdiq eləyirəm, Leyla xanım. Mən… mən…
⎯ Yaxşı, yaxşı, həyəcanlanma, keç, otur, özünə gəl, Aslan.
Aslan dikəldi, dizlərini də çırpmadan qayıdıb yerində əyləşdi, əlini üzünə söykəyib mat-mat Leylaya tamaşa elədi. Qadın, heç bir şey olmamış kimi çox sakit idi, hərdən gülümsünməklə kifayətlənir, heç nə demirdi.
Belə azmı keçdi, çoxmu keçdi, nəhayət, Aslan özünə gəlib toxdadı və bayaq nəsə soruşmaq istədiyini xatırlayıb xəbər aldı:
⎯ Hə, onu demək istəyirdim axı… Sən də özün haqqında mənə bir şey deyəcəksən ya… qadağandı?
⎯ Özüm haqqında? Yəni bu elə maraqlandırır səni?
⎯ Əlbəttə, çox. Çox maraqlandırır. Mən bir möcüzə ilə üzbəüz oturum, bilməyim o, kimdi, nəçidi, kosmosdan gəlib, o dünyadan gəlib? Bilməyim? Mənim yerimə sən olsaydın, heç nə soruşmazdın? Sözsüz ki, soruşardın…
⎯ Elədi, soruşardım.
⎯ Elə isə mənə de görüm, əgər sirr deyilsə, sən kimsən, nəçisən? Məlaikəsən ya nəsən?
Leyla bütün bu müddət ərzində ilk dəfə ucadan güldü:
⎯ Məlaikəyə bax. İndi mən desəm kiməm, inanmayacaqsan.
⎯ Yox, sən nə danışırsan? Sənə inanmayan kafirdi, Leyla xanım.
Araya cansıxıcı bir sükut çökdü. Yəqin Leyla özü barədə necə, hardan başlamağı götür-qoy eləyirdi və ona bu imkanı vermək üçün Aslan qalxıb televizorun səsini kəsdi, gəlib oturdu. Leyla ciddiləşmişdi, elə bil, bir dəqiqə əvvəl ürəkdən gülən o deyildi. Sivri qaşları çatılmışdı. Sinə dolusu ah çəkib dedi:
⎯ Mən… mən adicə bir qaçqınam, Aslan. Yerindən, yuvasından didərgin salınmış bir qaçqın. Siz, bizim başda oturanlarımız, qələm sahiblərimiz biz yazıqların heç adını da düz tapıb deyə bilmirsiz: biriniz «qaçqın» deyir, biriniz «köçkün» deyir, bir başqası «didərgin» yazır, bir para əclaflar «yeraz» qoyub adımızı.
Bayaqdan Aslanın bu müəmmalı qadının kim ola biləcəyi barədə ürəyinə min fikir gəlmişdi, ancaq təkcə bu yox. Ona görə doğrudan da inanmaq istəməyib pırpız qaşlarını yenə alnının ortasına qaldırdı:
⎯ Sən nə danışırsan, ay Leyla xanım? Sən doğrudan…
⎯ Bəli, mən doğrudan qaçqınam. Qaçqının buynuzu-zadı olmur ki.
⎯ Vay Allah. Sən nə danışırsan, qız?
⎯ Eşitdiyini, yoxsa Mehmanın qaynanasının öləcəyi barədə dediklərimə inanmadığın kimi, buna da inanmaq istəmirsən? Onu zəng elədin, öyrəndin. Bəs bunu hara zəng eləyib öyrənəcəksən, hə? Kimə, hara zəng eləyəcəksən?
⎯ Yox, yox, inanıram, Leyla.
⎯ Bəs sən görmürsən mənim üst-başımı, ayaqqabımıgeyimimi? Məgər mən bu şəhərdə sənin gördüyün, gözəlliyinin, yerişinin, duruşunun tamaşasına durduğun o gözəl-göyçək xanımların hansından əskiyəm ki, bu kökdə, dilənçi günündə, evsiz-eşiksiz, yarı ac, yarı tox, bu gün bir tanışın, sabah bir qohumun evində yaşamağa məcbur olmuşam? Mənim evim yox idi, var-dövlətim yox idi? Torpağım yox idi? Hər şeyim var idi, insan üçün lazım olan hər şeyim var idi. Özüm də xoşbəxt yaşayırdım.
Aslan donub qalmışdı. Nə deyəcəyini, necə deyəcəyini bilmirdi. Əli üzündəcə duruxmuş, donuq, təəccüb həkk olunmuş gözlərini Leylaya zilləmişdi. Qonağının sözləri ona öz dərdlərini unutdurmuş, bayaq beynini azca dumanlandırmış içkinin də təsirini yox eləyib ayıltmışdı. Canına bir soyuqluq gəlmişdi. Qeyri-iradi, təzədən qədəhinə konyak süzdü, sağlıqsız-filansız, qonağından da icazə almamış, demək olar ki, bir nəfəsə başına çəkdi, bir gilə ağ şanı qoparıb məzə elədi:
⎯ Sən haçan gəlmisən, Leyla xanım?
⎯ Elə birinci dalğada. Səksən səkkizin fevralında. Ayaqyalın, başıaçıq. Qarlı dağların üstündən adlayıb gəlmişəm. Qoca və xəstə atam elə aşırımda, meşədəcə gözümün qabağındaca donub öldü. Balaca qardaşımla kişini bir ağacın dibində qoyub gəldik. O boyda kişini çiynimizə alıb gətirəmi bilərdik? Hər kəs öz hayındaydı. Kərbəla müsibəti idi: qoca-qarı o çovğunluboranlı yollarda tut kimi tökülüb qaldı, qurda-quşa yem oldu. Nəyi deyim, hansını deyim? Yadıma salanda, gözümün qabağına gətirəndə az qala dəli oluram, yerə-göyə nifrinlər yağdırıram.
⎯ Elə üç nəfər idiz?
⎯ Böyük qardaşımı və… onu bir il əvvəl öldürmüşdülər.
⎯ O kimdi?
⎯ O? O… mənim nişanlım idi. Toyumuza bir gün qalmışdı. Sabah toy olacaqdı. Mağar da qurulmuşdu, heyvanlar da kəsilmişdi, dəvətnamələr də paylanmışdı. Qardaşımla nişanlım səhər tezdən Yerevana getmişdilər ⎯ bəzi şeylər almaq üçün.
Axşama qayıtmalı idilər. Ancaq gəlib çıxmadılar. Gecə yarıdan keçənə qədər gözlədik, «yəqin işləri düzəlməyib, sabah tezdən gəlib çıxarlar» ⎯ deyə yatdıq. Səhər yuxudan ayılanda isə… gördük ki, ikisinin də başını kəsiblər, uzadıblar mağarın içinə.
⎯ Nə danışırsan?
⎯ Hə. Yanaşı uzatmışdılar, başlarını da yanlarına qoymuşdular.
⎯ Vay. Kim eləmişdi? Bilmədiz?
⎯ Onlar…
⎯ Axı kimdi onlar? Bayaqdan fikir verirəm: demirsən kimdi onlar.
⎯ O qədər nifrət eləyirəm ki, «erməni» sözünü dilimə gətirə bilmirəm. Elə bilirəm ağzımda yanacaq dilim, o sözü desəm. O qədər alçaq, xain, əzazil, mənfur millətdi. Siz, bizim baş bilənlərimiz, rəhbərlərimiz qorxursuz belə deməyə. Gah «yaraqlı» deyirsiz, gah «bandit» deyirsiz. Başınızı yalançı, yanlış ideyalarla elə doldurublar ki, hələ də fikirləşirsiz ki, bir millətin üstündən qara xətt çəkmək olmaz, onların arasında yaxşısı da var və sair. Sizin başınızı elə manqurtlaşdırıblar ki, daha düşünə də bilmirsiz. Çünki görməmisiz onların zülmünü, həyasızlığını, işgəncələrini görməmisiz. Evinizi viran qoymayıblar, uşaqlarınızı diri-diri dəmir turbaların içinə doldurub ağzını qaynaqlamayıblar. Bu millətin yaddaşını ⎯ qan yaddaşını da sizin kimi, üzr istəmirəm, sizin kimi biqeyrətlərin əlilə silib yox elətdiriblər: onların beşinci ildə, on səkkizinci ildə elədiklərini də, eşitdiklərinizi də unutdurmusunuz bu millətə. Özünüz də unutdunuz, bu millətə də unutdurdunuz. Halbuki o vaxt bu millətin rəhbərləri də, ziyalıları da deyirdi, yazırdı ki, bu vəhşilikləri, bu qanları, bu haqsızlıqları heç vaxt unutmayacaq bu xalq, hanı bəs?
Üstündən çoxmu keçdi? Bəs niyə unutduz, niyə unutdurduz? Qorxaqsız, heysiyyətsizsiz, biqeyrətsiz və buna görə də bu boyda milləti də qorxaq, heysiyyətsiz, biqeyrət eləmisiz. Çünki qulsuz, başınız bolşeviklərin qoltuğunun altındadır, onlar nə cür çalır, elə də oynayırsız. Qorxursuz «erməni pisdi, əclafdı, satqındı, yaltaqdı, qəddardı» ⎯ deməyə, qorxursuz. Vəzifənizdən qorxursuz, partbiletinizdən qorxursuz, itirə bilərsiz. Amma mən qorxmuram, heç kəsdən, heç nədən qorxmuram. Mənə o dağlar boyda bir tribuna ver, çıxım onun arxasından bütün dünyaya car çəkib bu sözləri deyim. Təəssüf, o da mənə məlumdu ki, əgər mənim və mənim kimilərin əlinə o sözləri demək imkanı düşsə, bizi rusdan qabaq, ermənidən qabaq siz arxadan vurarsız, ağzımızı bağlayarsız və ağalarınıza böyük sədaqət göstərməyinizlə fəxr eləyib hələ bir utanmaz-utanmaz mükafat da umarsız. Bəs niyə bu boyda müsibəti görə-görə ağzınıza su alıb danışmırsız, susursuz?
Mən təkcə səni nəzərdə tutmuram, çünki sənin heç haqqın yoxdu o cür danışasan, çünki sənin dilin gödəkdi, gözün də kölgəlidi. Bəs başqaları niyə dinmir, susur, hə? ⎯ Leylanın qəşəng, qonur gözləri parıldayırdı, ətrafa elə bil bu dəqiqə qığılcım səpələyəcəkdi, ağzından od töküləcəkdi bu an. Qəhər boğdu, dayanıb susdu, matı-qutu qurumuş halda ona baxan Aslanın alnındakı tər damcılarını görüb çox sərt sözlər dediyinin indi fərqinə vardı, peşman olmuş kimi:
⎯ Məni bağışla, sən Allah, ⎯ dedi. ⎯ Yaramın gözü qopdu, qan axdı yaramdan, qızışdım, özümü saxlaya bilmədim. Bağışla.
⎯ Eybi yoxdur, xanım, sən haqlısan. Bizim günahımız böyükdü sizin qabağınızda.
⎯ Tək bizim ⎯ o faşistlərin, o qəddarların Ermənistandan, öz ata-baba torpaqlarımızdan rəhmsizcəsinə qovub didərgin saldığı bu iki yüz min soydaşımızın qarşısında yox, bütün bu millətin qarşısında, bu başıbəlalı xalqın, hər qarışı qanla sulanmış bu torpağın qarşısında sizin günahınız böyükdür. Bu günahı siz öz qanınızla yuyub qurtara bilməzsiz, inan, çətin.
Acı sözlər idi və Aslanın qətiyyən yadına gəlmirdi ki, özündən aşağı saydığı bir adam indiyəcən ona cəsarət eləyib belə ağır sözlər demiş olsun. Sadəcə, o, buna imkan verməzdi, məsələsini iclasa qoyardı, işdən, hətta partiyadan çıxartdırardı, hətta haqlı olsaydı da belə o adam. Lakin… indi… Əvvələn, Aslan o Aslan deyildi, vəzifəsi o vəzifə deyildi; ikincisi də Leylaya o nə eləyə bilərdi? Nəyi vardı Leylanın? Nədən məhrum eləmək olardı onu? O biri tərəfdən də, Aslan nə qədər «küt» və «qul» olsa da, bu sinəsi dağlı qadının ⎯ daha doğrusu toy görməmiş, arzuları gözündə yanıb-qaralmış bu dilli-dilavər, bu möcüzəli qızın sözlərinin həqiqət olduğunu başa düşürdü. Leylanın ona söylədiyi ittiham dolu sözlərdən bir çoxu ⎯ hamısı da olmasa, bir çoxu birbaşa ona da aid idi, bu məsələlərdə az-çox onun da barmağı olmuşdu, var idi. Doğrudur, Aslan öz həmkarlarının bir qismindən fərqli olaraq, həmişə, hətta özünə görə, ən yüksək vəzifələrdə olanda da tamam bic bir mövqe tutmağı xoşlardı; işi elə qurub qoşardı ki, həm istəyinə nail olardı, həm də əgər gələcəkdə bir qəmbərqulu çıxardısa, onun üçün də bəri başdan bir siçan yolu qoyardı: «Bu məsələni filankəsin təklifi əsasında həyata keçirmişik. İnanmırsınızsa, protokola baxın ⎯ «Ağa durur, ağacdan durur», ⎯ deyərdi. Özü demişkən, «ideya onda itinə tök» idi, ancaq həmin o ideyaları o başqalarının başına elə ustalıqla yeridərdi, təlqin eləyərdi ki, həmin adam heç özü də bilmədən onun təşəbbüskarı kimi ortalığa çıxardı və beləliklə, məsuliyyət onun boynunda qalmış olardı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-mocuze-birinci-hisse-ikinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Əbdül hasarın dibindəki qarajın qapısını açmışdı ki, maşına hava dəysin. Özü isə ortalıqda dayanıb göyərçinlərə dən səpirdi. Gün günorta yerində idi və istisi yandırıb-yaxırdı. Əbdül əyninə ağ köynək keymişdi, başıaçıq idi—günəşin hərarəti seyrək tüklü başını, kürəklərini xoş bir gizilti ilə qarsalayırdı. Boynu zəncirli, iri, hündür köpək, qabaq ayaqlarını irəli uzadaraq qırmızı dilini çıxarıb ləhləyirdi. Toyuq-cücə ağac, dam-divar dibində kölgələnirdi.Darvaza döyüləndə Əbdül geri qanrıldı. Kim idisə, nabələd adam idi, zəngi basmaq əvəzinə dəmir qapını əlilə, bir az da ehtiyatla döyəcləyirdi. Əbdül dən qabını yerə qoyub irəli gəldi. «Kimsən, nəçisən» deyə soruşmadan kiçik qapını açanda çarşablı-yaşmaqlı bir qadının dayandığını görüb təəccübləndi. Yalnız gözləri işıldayırdı, sifəti, burnu örtülü olan qadın çəkinə-çəkinə Əbdülə nəzər saldıqda o, soruşdu:
Birinci hissə, on beşinci fəsilZərrintac xanım gözlərini açdı—nəzərinə ilk sataşan şey tavan oldu. Pəncərənin açıq pərdəsindən içəri günəş şüası düşmüşdü, qızıl şərf kimi uzanıb döşəmədən keçərək çarpayısının baş ucuna dirənmişdi. Demək səhər çoxdan açılmışdı.Başı dumanlı idi, ağrıyırdı. «Nə bir tünd qəhvə içərdim!» — deyə ürəyindən keçirtdi. Köhnə adəti üzrə ya Elməddin, ya da Siminbəri səsləmək istədi, səslədi də. Ancaq kimsənin hay vermədiyini görüb xatırladı ki, onlar yoxdu. Ona qəhvə gətirən olmayacaq.
Birinci hissə, on altıncı fəsilƏbdülün verdiyi yüzlük köz parçasına dönüb Heyranın əlini yandırırdı. Əvvəlləri yadına gəlmirdi, ancaq Cabbarla yaşadığı bu on beş-on altı ildə Heyran heç vaxt əlində yüzlük tutmamışdı, gördüyü pullar qəpik-quruş olmuşdu, ən çox dəmir pullar. Barmaqla sayıla biləcək qədər də onluq və iyirmilik görmüşdü. Cabbarın axşamlar şəhərdən — bazardan evə dönərkən gətirdiyi pullar arasında göy rəngli iyirmilik görəndə Heyran özünü xoşbəxt sayırdı, dövlətli hesab eləyirdi. Ancaq indi, birdən-birə yüzlüyü vardı və onu tanımadığı, birinci dəfə gördüyü bir şəxs vermişdi. Bacısının nökəri, indi Dünyanın uşağının dayəsi olan Əbdül. Pulu ovcunun içində bərk-bərk sıxmışdı, əlinin tərlədiyini də hiss eləmirdi. İti, tələsik addımlarla bazara tərəf gedə-gedə Allaha yalvarırdı ki, qan-qada bacısının başından uzaq olsun, qayıdıb balasının yanına gəlsin; o gəlsə, uşaq yetimçilik görməz, o gəlsə, Dünya Heyran xanıma da—xəstə əri ilə dörd divar arasında tək-tənha, köməksiz, ehtiyac içində çırpına-çırpına boğulan bacısına da əl tutar yəqin, bu qədər var-dövlətdən onlara da hərdən bir görüm-baxım eləyər. Ürəyində bacısından ötəri allah dərgahına əl qaldırıb dua-səna elədikdən sonra o, Əbdülü zahirən sakit, adicə bir nökər təsiri bağışlayan, əslində isə o cah-cəlallı ev-eşiyin sahibi olan, bacısının yeganə yadigarına öz doğma balası kimi baxan, ömrünün axırınacan da baxacağına and içən, nəhayət, yumşaq qəlbli, dar gündə başqasına əl tutmağı bacaran Əbdülü xatırlayır, ona uzun ömür arzulayırdı. Əbdül sadə idi, qayğıkeş idi, qonaqpərvər idi. O, necə də Heyranın danışığından vəziyyətlərinin ağır olduğunu başa düşmüşdü, minnətsiz-filansız ona yüz rupi gətirib vermişdi. Bunu indiki zamanada kim eləyərdi? Qonşunun evində axşamacan işləyəndə ona beş-on rupi pul verirdilər, onu da necə? Gecə yatanda da əlləri, ayaqları zoqquldayırdı, sümükləri sızıldayırdı? Ancaq Əbdül... yəqin bacısı Dünya evdə olsaydı, görüşübqucaqlaşıb ağlaşandan, sakitləşəndən, onun gününü-güzəranını öyrənəndən sonra lap çox pul verərdi. Yox, onun pulu da lazım deyil, təki özü sağ-salamat olsun, qayıdıb balasının üstünə, isti xanimanına qayıdıb gəlsin — ona, Heyran xanıma heç nə lazım deyildi.Heyran bu qatmaqarışıq düşüncələr əlində çırpına-çırpına özünü Çaharrahi meydanındakı bazara yetirmiş, ət, pendir, yağ, meyvə, göy-göyərti almış, Daruləmana gedən avtobusa minərək evə gəlmişdi. Bir əlində tor zənbil, o birində pulun qalanını—altmış beş rupini tutmuşdu. Ürəyi sevinc-qarışıq bir həyacanla döyünürdü. Dayanacaqdan evə gələnəcən düşünmüşdü ki, gedən kimi isti xörək bişirəcək, son vaxtlar lap zəifləyib əldən düşmüş Cabbarı doyunca yedirdəcək, alma verəcək. Cabbar yeyəcək, gözlərinə işıq gələcək, Heyrana «çox sağ ol» deyəcək. Ondan sonra necə gedib bacısının evini tapdığını, bacısı balasını gördüyünü danışacaq və Cabbar da sevinəcək.
Birinci hissə, on yeddinci fəsilAğayi Siracəddin şəhərə «ova» çıxmışdı. Maşınsız idi. Ləbidərya ilə sırayla düzülmüş dükanların qabağından keçə-keçə küçəyə, gəlib ötənlərə göz yetirir, əlsiz-ayaqsız, yurdsuz-yuvasız, sahibsiz qız-gəlinə rast gələcəyi ümidilə addımlayırdı. Əlindəki sür təsbehin dənələrini şıqqıltı ilə çevirir, dodağaltı zümzümə edir, hərdən, tanış dükan sahibləri, tacirlərlə salamlaşırdı.Havanın nəfəsi soyumuşdu, hardansa uzaqlardan ağır-ağır gələn payızın hənirtisi duyulurdu. Kefi kök, damağı çağ ağayi Siracəddinin əlində təbiətə hökm eləmək iqtidarı olsaydı, yağışlı leysanlı payızın gəlişini daha da sürətləndirər, bacardıqca onu tez yola salar, qarlı-çovğunlu, qasırğalı-tufanlı qışı gətirər, dağların ovcunun içində yerləşən bu şəhərə soyuğun hökmü ilə hökmranlıq edərdi. Bunun da səbəbi vardı — səbəbi bu idi ki, məhz qışda ağayi Siracəddinin «ovu» uğurlu olurdu, yazda-yayda — isti havalarda özünə yüngülvarı sığınacaq yeri tapmış yetim qızlar, ehtiyacın küçələrə saldığı qadınlar soyuğun kəskin qılıncının küt zərbələrinə dözməyərək küçələrə, bazarlara, dükan qabaqlarına çıxır, sadəcə, sığınacaq üçün gəlib-gedənlərə əl açır, bir qarın çörəyə, bir isti bucağa hər cür təklifə razı olurdular. Məhz bu zaman ağayi Siracəddin yağlı dilini, pulunu, «xeyirxahlığını» işə salır, toruna düşənləri öz «müəssisəsinə» gətirirdi. Bu gün də o, bu məqsədlə şəhərə çıxmışdı. Qəlbində müvəffəqiyyətə o qədər də inamı yox idi, amma hər halda «gəzən ayağa daş dəyər» deyərək küçələri dolaşırdı. Qocanın ürəyində xoş bir əhvali-ruhiyyə vardı, nəzərləri orda-burda olsa da Zərrintac xanımla keçirdiyi o qəribə gecəni tez-tez xatırlayıb gülümsünür, onun ağ bədənini, sərxoş baxışlarını, üstündən aydan çox keçsə də, unuda bilmirdi. Zərrintacın telefonda qışqır-bağır salmağını yad eləyib öz-özünə deyirdi: «heç çapalama, quzum. Sən daha mənim əlimdəsən, heç yana qaça bilməzsən, quzum.»
Poems by other poets
Sabir! Ey sən sevimli şairimiz,Müqtədir, duzlu sözlü Sabirimiz!
Demişdim bir kəz bəli ey yar səndən dönməzəmDemişdim bir kəz bəli ey yar səndən dönməzəm,Gəl Zəkərya tək sərimdən yar səndən dönməzəm.
TürklərOl qoçaq iranlılar,Ol igit osmanlılar,
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,