Üçüncü hissə, on beşinci fəsil
Salman Qurbanzadə ictimai elmlər bölməsinin iclasından çıxanda halı özündə deyildi; ayaq üstə güclə dururdu. Elə pörtmüşdü, elə qızarmışdı ki, sanki indicə hamamdan çıxmışdı, çırtma vursaydın, qanı damardı. Azca əvvəl, akademiyanın geniş, bu başından baxanda o başı görünməyən salonunda onunla bir yerdə, yanaşı oturmuş və necə çırpılıb döyüldüyünün şahidi olan adamların gözündə özünü nikbin, heç bir şey olmamış kimi göstərməyə çalışırdısa da, buna heç cür müvəffəq ola bilmirdi. Belini şax tutmaq istəyirdisə də bacarmırdı: elə bil, içəridən kimsə gözəgörünməz əlilə Salmanı çəkib əyir, uca boyunu balacalaşdırırdı. Baxışı, gülüşü, təbəssümü saxta və süni təsir bağışlayırdı. Bayaq, bölmənin bəzi üzvləri tərəfindən yaxşı-yaxşı «döyüləndə» ağzına su alıb susanların indi zalın qapısı ağzında yaxınlaşıb: «Əşşi, belə şeylərə fikir vermə, qanını qaraltma,» «Darıxma, Salman.», «Sənin də mənim kimi qədrini bilmədilər, ay Salman.» — deyənlərə, artıq əzik-üzük olmuş, ütüsü bu iki saatın içində pozulmuş dəsmalıyla alnının, üzünün tərini silə-silə cavab verəndə qeyri-iradi olaraq səsi tutulur, ilişikli çıxırdı. Bir çoxlarına heç cavab vermirdi, eləcə, mənalı-mənalı baxıb başını asta-asta tərpətməklə kifayətlənirdi.
Yox, burada daha dayana bilmirdi: sanki bu boyda foyedə hava yox idi, nəfəsi təngiyirdi. Nəsə danışan, gülən alimlərin səsi onun beynini cırmaqlayır, ürəyinin içini ovurdu və ona elə gəlirdi ki, hamı ondan danışır. Od kimi yanan əlini ikinci mərtəbədən burulub birinci mərtəbəyə uzanan, üstünə uzun xalı salınmış mərmər pillənin soyuq sürahisinin üzərində sürüşdürə-sürüşdürə aşağı enərkən ürəyində, beynində bayaq iclasda «qılıncını siyirib üstünə düşənlərə» indi, daldan atılan daş kimi gecikmiş və mənasız olsa da, nifrətlə, acıqla cavab verir, orada camaatın qabağında ehtiyatdanmı, qorxudanmı deyə bilmədiyi sözləri dilinə gətirir, vaxtında ürəyini boşaltmadığına heyifsilənirdi. Ucaboy, enlikürək, çatma qaşları da qar kimi ağappaq ağarmış həyatında belə yığıncaqlarda başının tükü sanı iştirak etmiş Aslanzadənin özünə məxsus təmkin və yumorla, asta-asta Salmana «yedirtdiyi» sözlər beynində təzədən təkrar olunur, rəhmsizcəsinə vurulmuş zərbə kimi canını, ürəyini ağrıdırdı. Ay allah, bu pillələr niyə qurtarmaq bilmir? Nə uzun imiş bu pillələr? Aha. Şükür, qurtardı, qurtardı. Bu, böyük qapı. Bax, bu da geniş, işıqlı, gəl-gedi çox olan küçə. Ox, hava nə sərinmiş, aman allah. Əl atıb qalstukunu boşaltdı, köynəyinin düyməsini açdı. Və üzü aşağı, Nizami muzeyinə tərəf addımladı. Heç kəsi görmürdü, heç kəsi tanımırdı Salman. Beyni uğuldayırdı, uğuldayırdı: «Demək, belə». Demək Salman Qurbanzadə
– ömrünün çoxunu elmi işə sərf eləmiş, onlarla dissertant, aspirant yetirmiş professor Salman Qurbanzadə, indi, yaradıcılığının püxtələşdiyi, kamilləşdiyi bir zamanda, həyatla ayaqlaşa bilmədiyi üçün, cavan elmi kadrların işinə düzgün istiqamət verə bilmədiyinə görə şöbə müdirliyi vəzifəsindən azad edilir.» «Eybi yox, Aslanzadə. Qalsın qırmızı qulluğunda. Vaxt dolanıb gələr, bizim də küçəmizdə bayram olar. Onda o sözlərini içinə bir az də zəhər qatıb sənə elə yedizdirim ki, özün də afərin deyəsən, Aslanzadə.»
Aslanzadənin belə bir iclasda onunla bu cür «zarafatı» Salmanı yaman pərt eləmişdi. Çünki Aslanzadə çox ustalıqla elə buradaca, adamların gözünün qabağında ikibaşlı bir oyuna əl atmış, ömründə çox ütülər altından çıxmış Salmanı çaşdırmışdı: onun məsələsi həll olunub «aşı bişəndən» sonra həmin vəzifəyə kimi qoymaq sualı ortalığa çıxanda akademik Aslanzadə əlini qaldırıb gülümsünə-gülümsünə demişdi:
– Yoldaşlar, mən Salmanı sizdən yaxşı tanıyıram, bir yerdə çox işləmişik. Bir az vəzifəpərəst adamdı, arada Salmanın özünə də göz vurmuşdu bir vəzifə stolunun başına qondumu, daha onu ordan qopartmaq hələm-hələm mümkün olmur, yapışır, kleylənir, stol onun bədəninin ayrılmaz bir parçasına çevrilir, onu stoldan qopartmaq istəyəndə kişinin canı bərk ağrıyır. Biz isə onun «hakimiyyətini» birdən və gözlənilmədən əlindən alırıq. O buna çətin dözər. Məhz buna görə, mən bir direktor kimi, xeyli fikirləşib belə qənaətə gəlmişəm ki, Salmanın ağrılarını bir az da olsa yüngülləşdirmək məqsədilə, onun yerinə başqa adamı yox, Salmanın xanımı Nadirə Qurbanzadəni qoyaq. Nadirə xanım bizim çox ciddi, samballı alimlərimizdəndi, elə bilirəm ki, o bu vəzifənin öhdəsindən Salmandan da yaxşı gələ bilər. Özüylə danışmışam? Bəli, bəli. Düzdü, bir az fikrə getdi, ehtiyat elədi, Salmanın bu işə necə baxacağından yana nigarançılığını bildirdi, ancaq mən onu başa saldım. Elə bilirəm Nadirə xanım mənim sözümdən çıxmaz, yoldaşlar. Həm institumuzun işi yaxşı gedə bilər, həm də bizim möhtərəm professor öz sevimli vəzifəsinin iyini-ətrini evində arvadından alar.
Aslanzadənin bu sözlərinə salondakılar gülmüşdülər. Salman, Aslanzadənin bu təklifini eşidəndə az qalmışdı ki, yerindən qalxıb dilindən ağır sözlər çıxartsın. Amma direktorun bu sözləri gülə-gülə dediyini, «zarafat» elədiyini başa düşüb boğula-boğula susmuşdu. Nadirəni — onun arvadını Salmanın yerinə qoyurlar? Bu, yaxşımı idi, pismi idi? Əlbəttə, o dəqiqələrdə Salman bunu aydınlaşdıracaq halda deyildi. Fikrində, ürəyində bu suala cavab verməyə macal tapmamış içini başqa — daha kəsərli bir sual zəhər kimi yandırıb pörşələmişdi: «Danışıb Nadirəynən. Əvvəlcədən danışıb. Amma sən arvadın nanəcibliyinə bax ki, bunu mənə deməyi lazım bilməyib. Aslanzadə yaddı, ancaq axı sən mənim... Axx.»
Aslanzadə düz deyirdi: Nadirəyə fikrini demişdi. Ancaq Nadirə bu işə qətiyyətlə «yox» — demişdi və sonra bir daha bu söhbətin üstünə qayıtmamışdılar. Ancaq görünür, Aslanzadə onun qətiyyətini sındıracağına əmin imiş ki, belə bir qərarı bölmənin iclasına çıxartmışdı. Və bu gün də iclasdan əvvəl direktor Nadirəni görmüşdü, nədənsə heç nə deməmişdi: yəqin gözləmirmiş ki, elə həmin iclasda Nadirənin şöbə müdirliyi qalxa bilər.
Nadirənin qarasınca (Aslanzadə və başqa tənqid eləyənlər yadından çıxmışdı) deyinə-deyinə Salman bir də gördü ki, dəniz qırağındadı. Sahildə adam azdı. Daş məhəccərə yaxın gəldi, dirsəklərinə söykənib tutqun sulara, xeyli aralıda dayanıb lövbər salmış, işıqları duman içində güclə görünən tək gəmiyə fikirli-fikirli bir müddət tamaşa etdi, sonra geri döndü. Hardan qayıtdı, hansı küçələrdən keçdi, kimlərə rast gəldi (və ümumiyyətlə rast gəldimi?), heç nə, heç nə xatırlamadan onda ayıldı ki, evdədi.
Nadirə çox nigaran idi: bayaqdan bir yerdə qərar tutub dayana bilmir, gah balkona çıxır, yola baxır, gah da mətbəxə keçir, orda da tab gətirməyib pəncərənin pərdəsini qaldıraraq küçəyə nəzər salırdı. Bölmənin bu gün iclası olacağını, Salmanın da ora dəvət edildiyini bilirdi. Ancaq məclisin belə uzandığını, Salmanın da bu cür gec döndüyünü xatırlamırdı Nadirə. Bu da qəribə idi ki, heç kəs heç nə deməsə də, bölmədə qoyulacaq məsələlərdən xəbərsiz olsa da, ürəyinə dammışdı ki, bu gün Salmanın ovqatına soğan doğrayacaqlar.
Salmanın qan sağılmış gözlərinə baxan kimi ürəyi uçunan Nadirə ərindən bir söz soruşmağa imkan tapmamış, Ceyhun balkonun qapısını açaraq atasının halının fərqinə varmadan soruşdu:
– Bəs maşın hanı?
– Maşın? — deyən Salman yuxudan ayılmış adam kimi key-key döyükdü, gözlərini geniş açaraq Ceyhunun üzünə baxdı, əlini pencəyinin cibinə salaraq açarları çıxartdı: — Vay, maşını akademiyanın yanında qoyub gəlmişəm.
– Bəs sən... nəynən gəlmisən? — deyə Nadirə təəccüb içində xəbər aldı
– Mən? — Salman nəyisə xatırlamağa çalışırmış kimi gözlərini qıyıb ani sükutdan sonra: — Mən... deyəsən piyada gəlmişəm. — söylədi.
– Sənə nə olub, Salman? — Nadirə soruşduqda o, arvadının sualını cavabsız qoyub üzünü oğluna tutdu:
– Adə, ala açarı, get maşını gətir, qoy qaraja.
Maşın sürmək üçün əldən-ayaqdan gedən, bunun üçün hər gün fürsət axtaran və gözləyən Ceyhun açarı alıb quş kimi qanad açaraq qapıdan çölə şığıdı. Nadirə Salmanın vəziyyətindən, özündə olmadığından, o, hələ heç nə deməsəydi də, işin nə yerdə olduğunu başa düşmüşdü və ürəyində dolandırmışdı ki, gör kişini nə hala salıblar ki, maşını orda qoyub, nəynən gəldiyi də yadında deyil. Sözsüz-sovsuz hər şeyi anlasa da, yenə özünü saxlaya bilməyib:
– Axı sənə nə olub, Salman? — deyə Nadirə təkrarən xəbər alanda o, baxışlarını qaldırıb qəribə bir kinlə arvadına baxdı və:
– Guya bilmirsən nə olub? — söylədi, səsi xırıldadığından boğazını arıtdı.
– Yoox.
– Yalan deyirsən gözünün içinə qədər, Nadirə.
– Vallah, Salman...
– Yaxşı, yaxşı. Sevinə bilərsən. Məni çıxartdılar. Sevin, sevin... — deyə taqətsiz və hövsələsiz halda divanda oturdu və sınayıcı nəzərlərini Nadirənin üzündə gəzdirdi. Amma gözlədiyinin əksinə olaraq, onun sifətində sevinc əsər-əlaməti yox, bir çaşqınlıq və təəssüf görüb bunu da bir hiylə, məkr, artistlik hesab edərək əsəbiliklə qışqırdı: — Niyə sevinmirsən? Sevin də. Məni çıxartdılar, yerimə səni qoydular. Ürəyin gəlsin yerinə. Dedin, dedin, dilə-ağıza saldın. Sən bir tərəfdən, o gorbagor Orxan bir tərəfdən, Cəfər də o biri yandan. Dediniz, dediniz, axırda başımı yediniz. İndi dincələ bilərsiniz...
—…
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-teyyare-kolgesi-ucuncu-hisse-on-besinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Şəfi son iki günü çox həyəcanlı idi. İşdə də, evdə arvad-uşağının yanında da özünü nə qədər tox tutmağa çalışsa da, daxili bir1 gərginlik, gizli bir təlatüm vardı ürəyində. Srağagün vəzire-dərbar Əli xan şəxsən lütf eləyib zəng çalaraq əlahəzrəti-humayunun onu qəbul etmək arzusunda olduğunu bildirdikdə, Şəfi heç nə düşünməyə imkan tapmadan, tələsik razılıq vermiş, əlahəzrətlə görüşmək səadətinin özü üçün şərəf saydığını söyləmişdi. Vaxtı-vədəsi cümə gününə düşürdü. Bu qəbul nə üçün idi, tək onumu qəbul edəcəkdi əlahəzrət? — Belə şeyləri soruşmaq ədəb dairəsindən kənar olduğu üçün şair heç nə xəbər almamış, qulaqları guruldaya-guruldaya dəstəyi yerinə qoymuşdu. Əsl təlatümlü anlar, saatlar sonra başlamışdı. Qarşısında oturan Elməddin Şəfinin telefon danışığından məsələnin nə yerdə olduğunu anlayıb mat-mat ustadının üzünə baxırdı. Onun yanında birinci dəfə belə iş baş verdiyindən bilmirdi ki, buna sevinsin, ya kədərlənsin! Hər halda onun fikrincə, bu, balaca məsələ deyildi—əlahəzrət bu məmləkətdə hər şer yazıb adını şair qoyanı hüzuruna çağırmırdı; bildiyinə görə, o, ancaq ən nüfuzlu, görkəmli adamları (onların da hamısını yox!) nadir hallarda, bu və ya digər münasib bir gündə, lazım bildiyi məsələ ilə əlaqədar qəbul edirdi. Ona görə də Elməddin belə hesab etdi ki, bu, ustad üçün də, heç şübhəsiz, bir şərəf olmalıdı, buna ancaq sevinmək olar. Odur ki, Şəfi dəstəyi asan kimi, Elməddin, ani təxirdən sonra, Şəfini təbrik etməyi lazım bilmişdi:
İkinci hissə, on üçüncü fəsilBu, Məhəmməd Şəfinin çoxdankı arzusu idi; ömür yarı olmuşdu, ad-sanı məmləkəti tutmuşdu, onunla oturub-durmaq, kəlmə kəsmək həvəsində olanların sayı-hesabı yox idi—ancaq o, hələ bircə dəfə də, «xalqın atası», «məmləkətin sahibi» sayılan əlahəzrətlə bir məclisə düşmək, onunla üzbəüz əyləşib söhbət eləmək, yaxından gözlərinin içinə baxmaq, bir şair kimi özünü narahat eləyən məsələlər barəsində bu «şəxsi-əvvəlin» nə düşündüyünü anlamaq, nəhayət, camaatın nəzərində sirli-sehrli bir dünyaya oxşayan «Ərkeşahi»nin içərisindəki cah-calallı saraya tamaşa eləmək «səadətinə» nail olmamışdı. Əlahəzrət bu sarayda tez-tez qəbullar düzəldərdi, yüksək məqamlı adamları, generalları, gələn xarici qonaqları qəbul edərdi, lakin heç vaxt Şəfi onların arasında görünməzdi. Sadəcə olaraq onu dərbardakılar «görmürdülər». Bu, bir tərəfdən yaxşı idi— dərbardan uzaq olanlar nadir hallarda qəzəbə düçar olurdular. Yaxın olanlar isə nə zaman harada «günaha batacaqlarını» bilmədiklərindən həmişə nigarançılıq içində yaşayırdılar və Şəfi də bunu çox yaxşı bilirdi. O biri tərəfdən isə pis idi «görünməməzlik» dərdi—çünki bu, sayılmamaq demək idi, adilik demək idi, yüksək məqamlara çatmamaq kimi də qiymətləndirilə bilərdi. Şəfi şöhrətpərəst deyildi, heç vaxt da olmamışdı. Bəzən elə düşünürdü ki, əlahəzrətin ətəyinə əli çatanlar qorxaq və yaltaq olduğundan nə xalqın, nə məmləkətin dərdləri barədə ona heç nə demirlər, deyə bilmirlər. Amma o, bu «şərəfə» nail olsa, mütləq hər şey barədə açıq danışar, başa salar, qorxmadan, çəkinmədən əsl həqiqətləri, əsl dərdləri deyər. Şəfi məhz bu arzu ilə yaşamışdı illər boyu və ona elə gəlmişdi ki, bunları əlahəzrət hümayuna söylərsə, bu, mütləq təsirsiz qalmaz.Şəfi dünən Bəbirlə gecəyarıdan keçənə qədər dərdi-dil eləmişdi, malı bir yerə, gümanı min yerə gedən adam kimi əlahəzrətin bu iltifatından çaşbaş qalan şairi Bəbir xeyli sakitləşdirmiş, dəvətin mümkün səbəbini izah eləmişdi:
İkinci hissə, on dördüncü fəsilİki gün sonra ər-arvad arasında belə bir söhbət oldu:– Bu gün işdən bir az tez gəl ha, Şəfi can. Birdən yadından çıxar, axı Elməddin bizi axşama qonaq çağırıb!
İkinci hissə, on beşinci fəsilKiçik çillə çıxhaçıxda idi. Son günlərini yaşadığından quduzlaşmışdı sanki, necə deyərlər, gəlinlərin əlini un çuvalında, yetimyesiri, acı-çılpağı küçələrdə dondurmaq istəyirdi. Qar üstünə qar yağır, axşamlar gölməçələrin, çayın, yolun suyunu palçığını dondurub bərkidən şaxta indi gündüzlər də öz hökmünü göstərir, iliklərə işləyirdi.Belə şaxtalı sazaqlı bir gündə, ləbi-dəryadakı cında bazarında cındır, köhnə-külə paltar, ayaqqabı alandan çox satan vardı. Kətili, taxta yeşiyi olan oturmuşdu, mallarını qabağına yığıb əsə-əsə müştəri haraylayırdı. Çoxu isə satılan köhnə-küləsini qolu üstə atıb gəzinir, alıcı gözləyirdi. Ayağında uzunboğaz ayaqqabı, əynində dəri yaxalıqlı isti palto, başında yun şal olan bir qadın bayaqdan bazar əhlinin diqqətini cəlb etməkdə idi. O, əlində ağ yundan toxunmuş təzə bir jaket tutmuşdu, heç nə demədən o tərəf — bu tərəfə gedir, hərdən jaketi silkələyirdi. Geyimindən, rəftarından bazar adamına oxşamadığından adamlar gah ona, gah da əlindəki jaketə baxır, dinibdanışmadığını görüb lal-dinməzcə yanından sovuşub keçirdilər. Qadın isə ayaq üstə güclə dururdu. Acından başı hərlənirdi. Jaketi almaq istəyən olsaydı, dəyər-dəyməzinə verməyə razı idi. Təki pulu olsun əlində, bir loğma çörək alıb yesin, çuğundur, yaxud qaynamış noxud alıb yesin. Sonra allah kərimdi.
Poems by other poets
Qanlı fələk, səndən şikayətim varYar üzünə həsrət qalan mən oldum
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
DurnaEy havada uçan durna,Bizi qoyub qaçan durna,
Qəzəl: Ötən ay gəlmişidim şəhrə, ey Raci, hilal-asaÖtən ay gəlmişidim şəhrə, ey Raci, hilal-asa,Məni üryan ü ləğər görcəkin el baxmadı əsla