Page 2 of 7 · 14%

– Salman Qurbanzadə istər-istəməz gəlib gözləri qabağında canlanırdı və elə düşünürdü ki, dünyadan vaxtsız, arzuları gözündə, neçə-neçə yazılmamış əsəri ürəyində gedən Orxanı Salman öldürüb, bəli, məhz Salman. Belə anlarda Salman qatilə çevrilirdi onun nəzərində — bıçaqsız, tapançasız qatilə. Bəli, Salman Qurbanzadə Orxanın ürəyini o zaman partlatmışdı ki, Gülmirənin haçansa Tarix muzeyində gördüyü o ovxarlı, tarixi qılınc kimi, öz bər-bəzəkli qınından sıyrılıb çıxmışdı. Bəli, məhz o zaman Salman Orxanı yaşıl ot kimi, hələ qolu-budağı bərkiməmiş körpə bir fidan kimi biçib doğrayaraq yerə tökmüşdü və sonra da, qəribə bir ustalıqla başının üstündə dayanıb əzizini itirmiş adam təki göz yaşı axıtmışdı.

...Səhər tezdən Gülmirə dəhlizdə Orxana rast gələndə qorxmuşdu: gözləri qan çəkmişdi, rəngi qaralıb boğulmuşdu, siqaretini aramsız sümürürdü.

– Sənə nə olub, Orxan?

– Necə məgər? — Kədərlə gülümsünmüşdü.

– Gözlərin qızarıb, rəngin birtəhərdi. Ürəyin ağrıyır?

– Gecə səhərəcən yatmamışam, Gülü.

– Niyə, nə olub ki? Yəqin sevindiyindən yatmamısan, eləmi? Həm televizorda Mirzə Yanar haqqında çıxışın, həm də... mənim yazımın müzakirə olunacağı yəqin səni həyəcanlandırıb, eləmi?

Orxan təzədən siqaret yandırmışdı və fikirli-fikirli demişdi:

– Onlar da var, Gülü. Ancaq məni yatmağa qoymayan başqa şey olub.

– Nədi ki? Yoxsa bir hadisə-zad üz verib, Orxan? — deyə Gülmirə təşviş içində soruşmuşdu. — Ürəyimi üzmə, sən allah, de görüm nə olub?

Orxan Gülmirənin qoluna toxunub onu pilləkənin başı tərəfə çəkmiş və axşamkı o gözlənilməz, inanılmaz əhvalatı olduğu kimi danışmışdı. Gülmirənin gözləri təəccübdən böyümüşdü:

– Elə şey olmaz, Orxan!

– Təəssüf ki, belədi, Gülü.

– Lap dəqiq yoxladın, hə?

– Hə. Eynilə öz adına çap elətdirib Mirzə Yanarın əsərini sənin Salman əmin.

– İlahi, necə vicdansız adam imiş bu?

– Hə. Ömrü boyu düzlükdən, təmizlikdən danışan bir

adam…

Gülmirə çaşqın-çaşqın Orxana baxıb soruşmuşdu:

– Bəs... bəs indi neyləmək fikrindəsən, Orxan?

– Neyləyəcəyəm? Gözləyirəm, qoy gəlsin, hər şeyi deyəcəyəm.

Gülmirə qorxu içində tələsik dillənmişdi:

– Yox, yox, Orxan. Heç nə demə, sən allah. O səni məhv eləyər, Orxan. Sən bilmirsən o necə məkrli bir adamdır, sən bilmirsən o necə pambıqla baş kəsən bir adamdır, Orxan.

– Yox, mən bu boyda haqsızlığa susa bilmərəm. Bu, vicdansız olmaqdan əlavə, Mirzə Yanar kimi bir alimin xatirəsinə ən azı hörmətsizlikdi, Gülü. Belə çirkinləri, əli, ürəyi əyriləri ifşa etmək bizim borcumuzdu, Gülü. Bu iş ki Salman tutub, elm aləmində ən böyük cinayətdi, inan.

– Mən qorxuram, Orxan. Sənin üçün qorxuram.

– Heç nədən qorxma, Gülü. Bir də mən səndən səkkiz bayram böyüyəm, mənim bu sözlərimi yaxşı yadında saxla. Elmdə təmizlik — məhəbbətdə, sədaqətdə təmizlik kimi böyük səadətdi. Başqasının paltarını geymək olar, başqasının pulunu xərcləmək bəlkə də mümkündür, ancaq başqasının əsərini götürüb öz adına çap etdirmək ağlı olan adam üçün ömrü boyu əzabdır, işkəncədir, səksəkə ilə yaşamaq deməkdir. Sən hələ cavansan, bəlkə də belə şeyləri bilmirsən. Ömrünü vicdan ağrısı çəkmədən yaşamaq istəyən alim bu yoldan uzaq olmalıdı, Gülü.

Orxan keçən yuxusuz gecə Salmanın «Nəsiminin sənətkarlığı» kitabını Mirzə Yanarın bacısı oğlu Möhsünün gətirdiyi qovluqdakı saralmış əl yazması ilə tutuşdurandan və elmdə bu yolun necə də iyrənc bir yol olduğunu dərindən dərk eləyəndən sonra öz Gülmirəsi barədə xeyli düşünmüş, onun əsərinin bəzi hissələrini təzədən yazdığını xatırlamış, vicdan əzabı çəkmişdi. Bunu da xatırlamışdı ki, Gülmirə o vaxt Orxanın belə elədiyinə ciddi etirazını bildirmişdi, «Bunu mənim ürəyim götürməz, Orxan.» — demişdi, ancaq Orxanın təkidindən sonra susub təslim olmuşdu. İndi Orxan Salmandan danışdıqca Gülmirəyə elə gəlirdi ki, bu sözləri hardasa ona da aid etmək mümkündü və buna görə o, özünü yaman pis hiss eləyirdi, nə isə demək istəyirdi Orxana, lakin fikrini heç cür cəmləşdirə bilmirdi.

Elə bu zaman professor Salman Qurbanzadə pilləkənləri qalxıb tövşüyə-tövşüyə onların yanından kefi kök halda keçib gedərkən:

– Hə, salam, uşaqlar... Necəsiniz? — deyə mehribanlıq göstərib soruşmuşdu. Orxan da, Gülmirə də dünyada birinci dəfə heyrət doğuran bir şey görən körpə kimi təəccüb içində duruxmuşdu. Professor təzədən xəbər almışdı:

– Deyirəm necəsiniz?

– Yaxşıyıq, professor... — deyə Orxan həyəcanından titrəyən sağ əlilə eynəyini düzəltmişdi, sol əlilə böyrünə sıxdığı qovluq elə bil canlı imiş kimi çırpınmışdı. — Siz necəsiniz... — Orxan həmişəki adəti üzrə «professor» sözünü də dilinə gətirmək istəmişdi, ancaq onu tanıdığı bu uzun illərdə ilk dəfə o kəlmə dişlərinin arasında ilişib qalmış, eşidilməmişdi.

– Mən əla. Bu gün lap əla. Qızımızın əsəri keçir. — Salman belə deyib Gülmirənin zərif, düz və yaraşıqlı burnuna bir çırtma vurmuşdu. — Qorxmursan ki?

...Gülmirə qayğılı-qayğılı çiyinlərini çəkib heç nə deməmişdi. Professor uzaqlaşarkən Orxan:

– Salman müəllim, beş-on dəqiqəliyinə məni qəbul edə bilərsinizmi? Vacib bir söhbətim var, — dedikdə Salman sol qolunu irəli uzadıb saatına baxaraq:

– O... Vacib söhbət? Yaxşı, on dəqiqədən sonra gələrsən,

– söyləmiş və şəstlə keçib getmişdi. Gülmirə Orxana sarı dönüb:

– Mən sənin üçün qorxuram, Orxan! — demişdi, — Getmə, demə ona.

– Bu mümkün deyil, Gülü. İndi onun kefinə elə soğan doğrayım ki, özü də afərin desin. Bax, bu qovluqdadı onun canı da, şöhrəti də. — Orxan sarı qovluğu yuxarı qaldırıb Gülmirəyə göstərmiş, onun qorxu, həyəcan həkk olunmuş gözlərinə baxıb qəmli-qəmli gülümsünmüş və titrək bir səslə: — Sənin kimi qəşəng, ağıllı arxası olan adam heç kəsdən, heç nədən qorxmaz, Gülüm, — söyləmişdi. Bu sözlər həssas Gülmirənin ürəyini titrətmişdi, ona hədsiz bir ləzzət vermişdi və öz-özünə astaca pıçıldamışdı: «Mən onu özümə dayaq sayıram, o da məni. Qəribə deyilmi?» — deyərək Orxanın arxasınca qürur hissilə baxmışdı.

...Həmin bədbəxt hadisə baş verən gün, Gülmirənin əsərinin hazır fəsillərinin müzakirəsinə başlamamışdan yarımca saat əvvəl Salmanın kabinetindən son dərəcə əsəbi və pörtmüş halda çıxaraq qapının ağzında narahat-narahat gəzinən Gülmirəyə mərhum alim Mirzə Yanarın zamanın əsl rəngini soldurub saraltdığı qovluğunu verəndə ağır döyüşdə qüvvətli düşmənə qalib gəlmiş bir qəhrəman ədasıyla demişdi: «Salmanı diz çökdürdüm qabağımda, Gülü. Bu qovluğu yaxşı saxla, apar evə qoy, gəl, heç kəsə göstərmə və vermə. Axşam gələrsən bizə, ətraflı danışarıq. Gəl ha, səninlə çox ciddi söhbətim var, Gülü».

Ancaq deyirlər, sən saydığını say, gör fələk nə sayır. Düz saat yarım sonra, Gülmirənin əsərinin müzakirəsinin şirin yerində, sevdiyinin yazısı barədə danışmağa iki-üç dəqiqə qalmış Orxan dəhlizdə, köhnə kreslonun üstündə, oturduğu yerdə qəfildən ölmüşdü. Gülmirənin həyatını da, ürəyini də, elmi işlərini də alt-üst eləmişdi. Orxanın ürəyi niyə partlamışdı? Salmanla mübahisədən əsəbiləşmişdimi? Bəli, əsəbiləşmişdi; bunu Gülmirə özü görmüşdü ki, o, Salmanın kabinetindən nə halda çıxmışdı. Ya bəlkə Orxan Gülmirənin əsəri barəsində danışmalı olacağı anın yaxınlaşmasından həyəcanlanmışdı — axı həmin əsəri alim vicdanının əleyhinə gedərək, amma sevən ürəyinin həkmünə qulaq asaraq o özü demək olar ki, təzədən yazmışdı. Bu suallar indi əlbəttə, cavabsız suallar idi və bunlara Orxanın özündən başqa kimsə cavab verməyə qadir deyildi. Orxan isə əbədilik susmuşdu. Amma yox, Orxan susmamışdı, Orxan yaşayırdı. Son zamanlar onun arxivindən, dostlarından tapılmış əsərləri qəzet-jurnal səhifələrində çap olunduqca Gülmirədə Orxanın ölməzliyi barədə böyük bir inam yaranırdı. Və məhz bu vaxt Orxan onun xəyalında, xatirəsində Əqdəmi daha da üstələyir, mənən qalib gəlirdi. Əqdəm də yaşamışdı, Orxan da yaşamışdı. Əqdəmin günəşin şüaları altında, ulduzların, ayın ağ ziyası altında, buludlar arasında sürdüyü təyyarə onun özü ilə birgə məhv olmuşdu: o dəmir qırıntılarından bəlkə yenidən təyyarə düzəltmək olardı, bəlkə də yox. Hər halda o dəmir-dümürdən başqa şəkildə olsa da, nə isə bir şey düzəldib təzədən dünyaya gətirmək olardı: ancaq nə Əqdəmin özünü, nə də onun fikirlərini, düşüncələrini geri qaytarmaq mümkün deyildi. İnsan ömrü boyu qazandığı pulu, qızılı, var-dövləti varisinə verə bilər, bağışlaya bilər — ancaq beynindəkiləri, ürəyindəkiləri, nə qədər dahiyanə və qiymətli fikirlər olsa belə, heç vaxt öz övladına, dostuna bağışlaya bilməz. Yazı yaşayır, yazıya pozu yoxdur, yazı ölməzdi— Əqdəm heç nə yazmamışdı deyə, nə bilirdisə, nə fikirləşirdisə, özü ilə aparmışdı. Nə apardığını kimsə bilmirdi, heç zaman da bilməyəcəkdi. Və bu, Gülmirənin fikrincə, bəşəriyyətin ən böyük itkisiydi. Bunu o, təkcə Əqdəmə görə demirdi — ümumiyyətlə dünyadan ən ağıllı və dahi insanlar vaxtsız-vədəsiz son mənzilə gedərkən özləri ilə nələr, necə qiymətli söz və fikir inciləri aparırlar, aman allah. Bax, buna görə Əqdəm uduzurdu Orxanın qabağında, bax, buna görə Orxan Əqdəmdən güclü idi — çünki Orxan beynindəkilərin, ürəyindəkilərin heç olmasa bir qismini bu dünyada insanlar üçün qoyub getmişdi — kimsə, haçansa onun yazılarını oxuyacaqdı, kiminsə gərəyi olacaqdı onlar haçansa. Aliminmi? Sevəninmi? Nə biləsən kimin? Bax, bu məqamda, bu nöqtədə Orxan Gülmirənin nəzərində əbədiləşirdi. Çünki onun beynində, ürəyində belə bir fikir aydınlaşıb durulmuşdu ki, Orxan cavankən, elm aləmində hələ tam sözünü deməmiş dünyadan köçsə də, böyük istedad idi. Bunu bütün elm adamları — akademiklər, professorlar, adi elmi işçilər

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, səkkizinci fəsil

Havanın şaxı sınmışdı, çünki külək kəsmişdi. Evlərin arasında, kəndin ortasından keçən küçədə, çaya gedən yolda cığırlar açılmışdı, gəliş-gediş bərqərar olmuşdu.Elməddin bu gün qəryədar Qulamın yanına gedirdi. O, fikirli-fikirli yeriyirdi: birdən kürəyinə dəyən qartopudan səksəndi və qanrılıb geri baxdı. Çiynində qoşalülə tüfəng, başında qalın, qulaqlı papaq, ayağında uzunboğaz, rezin çəkmə olan bir adam gülə-gülə ona sarı gəlirdi. Bu kim ola? Elməddin əvvəlcə tanıya bilmədi: bura adamına oxşamırdı. Diqqətlə ona sarı gələnə baxmaqda ikən tüfəngli adam dilləndi:

3 min
İkinci hissə, doqquzuncu fəsil

Yaranmış vəziyyət elə idi ki, işi təxirə salmaq olmazdı. Həzrətgül Əfsanəni öz evinə aparmaq istəyirdi, fikri də məlum idi: Nazənin kişinin məqsədini Səbihəyə demişdi. Yusifin ölümündən bir ildən çox keçirdi. İndi işə başlamaq olardı.Bir yay axşamı ana oğlunu başa saldı:

5 min
Üçüncü hissə, birinci fəsil

Əfsanənin yoxa çıxması xəbəri ildırım sürətilə nəinki bütün Ədnan kəndinə, hətta ətrafdakı kəndlərə və yaxında olan köçəri obalarına da yayıldı. İlk günlər heç kəs, hətta Elməddin özü də «Əfsanə yoxa çıxıb» — deyə düşünmürdü, düşünmək istəmirdi. Uşaqlıböyüklü hamının beynində bir fikir gəzib dolaşırdı: «Əfsanə çaya düşüb boğulub!» Yaxud «özünü suya atıb həlak eləyib!» — Belə fikirləşməyə hamının haqqı vardı; çünki Əfsanənin səhəngi götürüb çaya getdiyini neçə adam görmüşdü; bundan əlavə ən tutarlı dəlil bu idi ki, onun səhəngi çayın qırağında qalmışdı.Ədnan camaatı bu atasız-anasız qızın taleyinə acıyırdı: «Qızın qaraçuxası yatıb, balam. Bədbəxtinki heç gətirmir. Yusifə ərə getdi – üstündən üç-dörd ay keçməmiş dul qaldı. İkinci toyu da qara gəldi. İkinci toyundan həftə yarım keçməmiş özü balıqlara yem oldu».

6 min
Üçüncü hissə, ikinci fəsil

Neçə müddət idi ki, obaları, kəndləri, irili-xırdalı şəhərləri cavan — sifəti gün altında yanıb-qaralmış, saqqallı bir oğlan gəzib dolaşırdı. Heç kəsdən heç nə soruşmurdu; söhbətlərə, danışıqlara qulaq asır, gözləri ilə itkin düşmüş adamını axtarırdı. Onun hər kənddə, obada, şəhərdə müraciət elədiyi bir şəxs, bir məqam vardı: qəryədar kənddə, polis idarəsi şəhərdə. Əhvalatı müxtəsərcə başa salırdı: qardaşının itkin düşmüş arvadını («öz arvadımı» — deməyə utanırdı) axtarır. Boyu bu, sifəti bu, yaşı bu. Bəlkə sizin kəndə gəlib çıxıb; bəlkə sizin şəhərdə polis bu barədə bir şey bilir.Qəryədarlar sadəcə olaraq cavab verirdilər ki, bizim kəndə, obaya belə adam gəlib çıxmayıb; gətirən də olmayıb. Şəhərlərdə isə Elməddindən gəlinin şəklini istəyirdilər. Şəkli isə yox idi. Elməddinin bildiyinə görə, Əfsanənin anadan olandan bu günə qədər heç bir dənə də şəkli olmamışdı. Əgər biçarə tələf olubsa, heç vaxt olmayacaq da!! Beləcə, kənddən-kəndə, şəhərdən-şəhərə adlayan Elməddin Əfsanədən heç bir iz-soraq tapa bilməyib məyuslaşırdı. Onu bir daha görə biləcəyinə ürəyində qəti inam qalmırdı. Vaxt ötüşdükcə bütün varlığını yandırıb-yaxan intiqam almaq hissi getdikcə korşalır, Elməddin kəndləri, şəhərləri gəzən bir dərvişə çevrilirdi. Ancaq buna baxmayaraq gözü həmişə soraqda idi. Yanından qadın keçəndə diqqətlə baxmamış sovuşub getmirdi. Qadınların çoxu isə çadra altında olurdu. Bilmirdi ki, çadra örtmüş bu qadın cavandı, yaxud yaşlıdı. Təkcə boyu-buxunu, bir də paltarının rənginə görə axtarırdı.

9 min

Poems by other poets