Page 4 of 7 · 43%

...Orxan öləndən sonra Salman yumurtası tərs gəlmiş toyuq kimi çox vurnuxmuşdu, onun evində, arxivində işləmiş, yoldaşlara üstüörtülü müraciət eləmiş, «kimdə Orxanın — bizim mərhum yoldaşımızın papkası, yazısı varsa, versin, əsərlərini buraxacağam» — demişdi, ancaq o sarı qovluqdan soraq verən, «gördüm» deyən olmamışdı. Sarı qovluq necə ola bilərdi? Axı o, Orxan ölən gün burdaydı, institutdaydı. Baş verən bədbəxt hadisədən camaat çaxnaşmaya düşəndə, ora-bura qaçanda Salman fürsəti fövtə verməyib o sarı qovluğu axtarmışdı, Orxanın — bir az bundan qabaq əzrayıl kimi sinəsinə çökmüş Orxanın gözlənilməz vəfatına, insanlıqdan uzaq olsa belə, nə qədər sevinmişdisə, sarı qovluğun iynə olub itməsinə bir o qədər pərt olmuşdu. Sonralar da bu narahatçılıq onu tərk etməmiş, elə hey qovluq sorağında olmuşdu. Yeganə şübhələndiyi adam Gülmirə idi, çünki professor onların nə üçünsə bir-birinə yaxın olduğunu duymuşdu. Buna görə də neçə dəfə Gülmirəni dilə tutub dolayısı ilə bir şey öyrənmək istəmişdi, ancaq Gülmirə özünü o yerə qoymamışdı. Salman bu ötən aylar ərzində özünü nə qədər sakitləşdirməyə çalışmışdısa da, bacarmamışdı, tikan üstə yaşamışdı. «Olsa, Gülmirədə olacaq, o da məni satmaz. — deyə düşünmüşdüsə də — Ancaq uşaqdı, birdən ağzından qaçırdar, bir kəsə deyər» — qorxusu onu tərk etməmişdi. Bu nigarançılıq içində o, Gülmirəyə daha çox qayğıkeşlik göstərməyə çalışmış, müdafiəsinin təşkilini sürətləndirmiş, daha artıq mehriban olmuşdu: bu isə Gülmirədə ona qarşı nifrəti bir az da artırmışdı.

...Son günlər Orxan Gülmirənin yuxusuna tez-tez girir, ona sağlığındakından daha yaxın olur, röyalarda öpüb oxşayır, əzizləyirdi və gedəndə güclə eşidilə biləcək bir səslə deyirdi: «Sabah yenə gələcəyəm, Gülü. Məni gözlə, Gülü», «Yaxşı, əzizim» — cavab verirdi Gülmirə. «Yatma ha», «Yatmasam gələ bilməzsən axı, Orxanım». «Hə, doğrudan a. Sən yatmasan mən sənin yanına gələ bilmərəm. Demək, biz həmişə ancaq yuxularda görüşəcəyik». «Hə, əzizim, təəssüf ki, ancaq yuxularda...» «Onda yat, Gülü. Mən gələcəyəm, hökmən gələcəyəm». Belə deyirdi, ancaq sabah gəlmirdi, birisi gün də gəlmirdi, elə bil, gözləyirdi, Gülmirənin səbri lap tükənəndə süd kimi ağappaq yuxuların birində özünü yetirirdi. Gülmirə sağlığında Orxanın olmamışdı, amma indi, öləndən sonra, süd kimi ağappaq yuxuların qu tükündən olan ipək yorğan-döşəyində, bəzən çöldə-çəməndə, bəzən Xəzərin köpüklü dalğaları qoynunda bir-birinin vüsalına qovuşur, kama yetirdilər. Bəli, Orxan öləndən sonra Gülmirənin olmuşdu və onu daha heç kəs Gülmirənin əlindən ala bilməzdi. Və ona Orxandan başqa dünyada kimsə lazım deyildi.

Adətən belə şirin, dadlı, doyulmaz, bəzən də yarımçıq filmi xatırladan yuxulardan sonra Orxanı işdə, küçədə, evdə öz yanında görə bilməyəndə Gülmirə çox pərişan olurdu, bütün günü itiyi itmiş kimi gözləri ilə adamların arasında onu axtara-axtara fikirli gəzib dolanırdı. Xəyalında onu axtarırdı, gözlərinin qabağında nəsə Salman gəlib dururdu; bu zaman qəlbində mələk donu geymiş bir iblisi xatırladan professora nifrəti coşub tüğyan eləməyə başlayırdı və günlərin birində bu nifrət hissi o qədər gücləndi ki, dama-dama yığılıb gölə çevrildi; Gülmirə Salmanı — atasının qayğıkeş dostunu, özünə hardasa çox yaxşılıqlar eləmiş Salmanı təkcə Orxanın yox, elmin, həqiqətin, ədalətin düşməni saydı, ürəyində qarşısıalınmaz bir hiss onu ifşa etmək, maskasını — illərlə arxasında gizləndiyi, adi gözlə görünməyən maskasını yırtmaq, elm və vicdan oğrusunu ictimaiyyətə tanıtdırmaq duyğusu baş qaldırdı. Bu zaman Orxan yenə onun dadına çatdı, əlindən tutdu: Gülmirənin yadına Orxanın həyatının sonuncu günü verdiyi o sarı qovluq düşdü. Axşam həmin qovluğu kitab şkafının alt gözündən axtarıb tapdı, səbir və diqqətlə mütaliə elədi, professorun çap olunmuş kitabı ilə tutuşdurdu, aralarındakı eyniyyəti görəndən, Orxanın bu barədə o zaman dediklərinin həqiqət olduğuna bir daha inanandan sonra xatirini böyük bacı kimi istədiyi Nadirəyə də heç nə demədən qorxulu bir addım atmağı qərara aldı. İki həftə ölçüb biçdi, götür-qoy elədi, nə qazanacağını, nə itirəcəyini göz qabağına gətirdi: bu təhlükəli addımı atsaydı, Gülmirəni dost-tanış qınaya bilərdi, onu qədirbilməz adlandıra bilərdi—eybi yoxdur, qoy kim nə deyir desin—Mirzə Yanarın ağır zəhmətinin məhsulunu özünə qaytarmaq, Orxanın intiqamını almaq, Salmanın iç üzünü açıb hamıya tanıtdırmaq, heç olmasa gələcək qurbanları onun qılıncından xilas etmək müqabilində bu, çox kiçik göründü Gülmirəyə. «Nə olur, olsun» — dedi nəhayət öz-özünə. Və hiss elədi ki, onu bu yoldan artıq heç kəs, heç nə döndərə bilməz.

Təsadüf elə gətirmişdi ki, Orxanın öldüyü gün (Gör illər nə tez gəlib gedir! İki il keçib?) şöbənin iclası çağrılmışdı. İnstitutun direktoru akademik Aslanzadə də burada idi. Nadirə soyuqlamışdı deyə, boğazı ağrıyırdı və buna görə də Aslanzadəyə Salmanın yanında xırıltılı səslə:

– Mən, danışa bilmirəm, professor, qoyun iclası Salman aparsın. — demişdi. Aslan müəllim gülümsünüb:

– Qorxmursan? Birdən Salman öz köhnə vəzifəsindən bərk yapışdı, səni sonra yaxın qoymadı, onda neylərsən?—deyə zarafat eləyəndə Nadirə yenə xırıldaya-xırıldaya:

– Mən vəzifəpərəst deyiləm, professor! — söyləmişdi.

– Bilirəm sən vəzifəpərəst deyilsən, ancaq Salman ki vəzifəpərəstdi?

Hər üçü gülmüşdü.

Cəfər, Gülalı, Dombagöz, Sarışın, Fazilə, Sakit Aranlı — hərəsi öz stolunun arxasında əyləşmişdi. Gülmirə arxada, qapının ağzında oturmuşdu. Aslanzadə ilə Salman yuxarı başdakı iri mizin dalında yanaşı əyləşmişdilər. Nadirə pəncərə önündəydi. Gülmirə Orxanın divardakı şəklinə oğrun bir baxış fırladıb kədərlə köksünü ötürdü və fikirləşdi ki, görəsən Salman onun ölüm gününü yad edəcəkmi? Və bunu da düşündü ki, işdən sonra bazara gedəcək, iki dəstə gül alıb qəbir üstünə yollanacaq, əzizlərinin — Əqdəmin və Orxanın qəbrini ziyarət edəcək. O, mizinin üstündəki sarı qovluğa baxanda bədənini soyuq bir gizilti gəzib dolaşdı, elə bil çölün soyuq payız havası axıb içəri doldu və onu üşütdü: qeyri-iradi başını qaldırıb pəncərələrə nəzər saldı: yox, pəncərələr bağlı idi.

Salman Qurbanzadə ayağa qalxıb köhnə adəti üzrə oturanlara ötəri bir nəzər salaraq boğazını arıtdı, neçə ildən bəri vərdiş elədiyi sürtülmüş sözlərlə iclası açıq elan elədi və müzakirə olunacaq məsələni söylədi. Yox, Orxan yada düşmədi. Gülmirənin içəridə ürəyi yel vurmuş yarpaq kimi əsdi: ya indi başlamalı idi hücuma Gülmirə, ya da... ya da heç vaxt... Onun əli astaca yuxarı qalxdı — kənardan baxan olsaydı, əlinin titrədiyini dərhal görə bilərdi. Salman qara sağanaqlı, iri şüşəli eynəyini düzəldib bir də zala göz gəzdirəndə Gülmirənin əlini havada gördü və üzünü ona tutub:

– Deyəsən nə isə təklifin var, Gülmirə xanım? — deyə soruşdu.

– Bəli, professor. — Onun səsi titrəyirdi.

– Buyur, qızım.

Gülmirə asta-asta. qalxdı. Aslanzadəyə, Salmana və başqa oturanlara göz gəzdirdi, sonra başını aşağı salıb sarı qovluğa bir də baxdı və nəhayət, üzünü Salmana yox, Aslanzadəyə tutub titrək, həyəcanlı səslə dedi:

– Yoldaş Aslanzadə, mən çox xahiş edirəm, bir neçə dəqiqəliyə mənə qulaq asın. Yoldaşlar, sizdən də xahiş edirəm, mənə qulaq asıi. Sonra məsələni müzakirə edərsiniz.

Gülalı yanında əyləşib tez-tez burnunu çəkən İltifata astaca söylədi:

– Gülmirə müdafiə eləyəndən sonra yaman fəallaşıb ha. Hər iclasda bir nitq irad eləyir.

– Hə, —dedi İltifat . — Bülbülə dönüb zalımın qızı.

Akademik, bu başıaşağı, iclaslarda çox nadir hallarda danışan Gülmirənin səsindəki qeyri-adi titrəyişi dərhal duyub qamətini düzəltdi və maraqla:

– Buyur, qızım, — dedi, — biz səni eşidirik. Gülmirə boğazı qəhərdən tutula-tutula söylədi:

– Mənim çıxışım bir az qeyri-adi olacaq, yoldaş Aslanzadə, ona görə mən əvvəlcədən sizdən üzr istəyirəm. — O, yenə susdu, Salmana ötəri bir nəzər saldı: Salmanın dalağı o dəqiqə sancdı, nigaran-nigaran Gülmirəyə baxdı, onun baxışından bir şey ala bilməyərək dönüb Nadirədən işarə ilə: «Ona nə olub?» — deyə soruşduqda Nadirə çiyinlərini çəkdi. Otağa ölü bir sükut çökmüşdü.

Aslanzadənin gər səsi Gülmirəni tərəddüddən qurtardı:

– Buyur, qızım.

Gülmirə boğazını arıdıb sözə başladı:

– Mən hələ tələbəlik illərindən bu böyük elm ocağına müqəddəs bir məbəd kimi baxmışam. Mənə elə gəlir ki, elə siz də belə baxmısınız. Mən düşünərdim ki, sənət adamları, elm adamları dünyanın ən təmiz, ən müqəddəs adamlarıdı; harda, kimdə ədalətsizlik olsa da, sənət, elm ocaqlarında, yaradan adamlar arasında hiylə, məkr, ədalətsizlik qətiyyən ola bilməz. Əgər burada, bu adamların arasında da dünyada ən böyük haqsızlıq olan ədalətsizlik, paxıllıq, xudpəsəndlik, oğurluq olarsa, onda dünya dağıla bilər. Mən çox yaxşı bilirəm ki, bizim qabaqcıl, ağıllı, səsi-sorağı dünyanın hər yerindən, hətta uzaq qalaktikadan gələn alimlərimiz, elm fədailərimiz var və onlarla biz fəxr edirik. Amma təəssüf ki, mən adi bir kiçik elmi işçi — bu müqəddəs elm ocağında işlədiyim bir neçə ildə bəzən elə şeylər görmüşəm ki, heyrətimdən ayağım, yerə yapışıb, yoldaşlar. — Salman bu ara qımıldanıb Gülmirənin sözünü kəsmək istədisə də, Aslanzadə susmasını işarə elədi: Salman artıq başa düşmüşdü ki, daş onun bostanına atılır və bu xına o xınadan deyil — ancaq dinləməkdən başqa çarəsi yox idi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, səkkizinci fəsil

Havanın şaxı sınmışdı, çünki külək kəsmişdi. Evlərin arasında, kəndin ortasından keçən küçədə, çaya gedən yolda cığırlar açılmışdı, gəliş-gediş bərqərar olmuşdu.Elməddin bu gün qəryədar Qulamın yanına gedirdi. O, fikirli-fikirli yeriyirdi: birdən kürəyinə dəyən qartopudan səksəndi və qanrılıb geri baxdı. Çiynində qoşalülə tüfəng, başında qalın, qulaqlı papaq, ayağında uzunboğaz, rezin çəkmə olan bir adam gülə-gülə ona sarı gəlirdi. Bu kim ola? Elməddin əvvəlcə tanıya bilmədi: bura adamına oxşamırdı. Diqqətlə ona sarı gələnə baxmaqda ikən tüfəngli adam dilləndi:

3 min
İkinci hissə, doqquzuncu fəsil

Yaranmış vəziyyət elə idi ki, işi təxirə salmaq olmazdı. Həzrətgül Əfsanəni öz evinə aparmaq istəyirdi, fikri də məlum idi: Nazənin kişinin məqsədini Səbihəyə demişdi. Yusifin ölümündən bir ildən çox keçirdi. İndi işə başlamaq olardı.Bir yay axşamı ana oğlunu başa saldı:

5 min
Üçüncü hissə, birinci fəsil

Əfsanənin yoxa çıxması xəbəri ildırım sürətilə nəinki bütün Ədnan kəndinə, hətta ətrafdakı kəndlərə və yaxında olan köçəri obalarına da yayıldı. İlk günlər heç kəs, hətta Elməddin özü də «Əfsanə yoxa çıxıb» — deyə düşünmürdü, düşünmək istəmirdi. Uşaqlıböyüklü hamının beynində bir fikir gəzib dolaşırdı: «Əfsanə çaya düşüb boğulub!» Yaxud «özünü suya atıb həlak eləyib!» — Belə fikirləşməyə hamının haqqı vardı; çünki Əfsanənin səhəngi götürüb çaya getdiyini neçə adam görmüşdü; bundan əlavə ən tutarlı dəlil bu idi ki, onun səhəngi çayın qırağında qalmışdı.Ədnan camaatı bu atasız-anasız qızın taleyinə acıyırdı: «Qızın qaraçuxası yatıb, balam. Bədbəxtinki heç gətirmir. Yusifə ərə getdi – üstündən üç-dörd ay keçməmiş dul qaldı. İkinci toyu da qara gəldi. İkinci toyundan həftə yarım keçməmiş özü balıqlara yem oldu».

6 min
Üçüncü hissə, ikinci fəsil

Neçə müddət idi ki, obaları, kəndləri, irili-xırdalı şəhərləri cavan — sifəti gün altında yanıb-qaralmış, saqqallı bir oğlan gəzib dolaşırdı. Heç kəsdən heç nə soruşmurdu; söhbətlərə, danışıqlara qulaq asır, gözləri ilə itkin düşmüş adamını axtarırdı. Onun hər kənddə, obada, şəhərdə müraciət elədiyi bir şəxs, bir məqam vardı: qəryədar kənddə, polis idarəsi şəhərdə. Əhvalatı müxtəsərcə başa salırdı: qardaşının itkin düşmüş arvadını («öz arvadımı» — deməyə utanırdı) axtarır. Boyu bu, sifəti bu, yaşı bu. Bəlkə sizin kəndə gəlib çıxıb; bəlkə sizin şəhərdə polis bu barədə bir şey bilir.Qəryədarlar sadəcə olaraq cavab verirdilər ki, bizim kəndə, obaya belə adam gəlib çıxmayıb; gətirən də olmayıb. Şəhərlərdə isə Elməddindən gəlinin şəklini istəyirdilər. Şəkli isə yox idi. Elməddinin bildiyinə görə, Əfsanənin anadan olandan bu günə qədər heç bir dənə də şəkli olmamışdı. Əgər biçarə tələf olubsa, heç vaxt olmayacaq da!! Beləcə, kənddən-kəndə, şəhərdən-şəhərə adlayan Elməddin Əfsanədən heç bir iz-soraq tapa bilməyib məyuslaşırdı. Onu bir daha görə biləcəyinə ürəyində qəti inam qalmırdı. Vaxt ötüşdükcə bütün varlığını yandırıb-yaxan intiqam almaq hissi getdikcə korşalır, Elməddin kəndləri, şəhərləri gəzən bir dərvişə çevrilirdi. Ancaq buna baxmayaraq gözü həmişə soraqda idi. Yanından qadın keçəndə diqqətlə baxmamış sovuşub getmirdi. Qadınların çoxu isə çadra altında olurdu. Bilmirdi ki, çadra örtmüş bu qadın cavandı, yaxud yaşlıdı. Təkcə boyu-buxunu, bir də paltarının rənginə görə axtarırdı.

9 min

Poems by other poets