Birinci hissə, ikinci fəsil
Page 1 of 2
İistitutun təzə katibəsi — az bir zamanda kollektivin hörmətini qazanmış, ağıllı, mehriban, qaraşın Şərqiyyə akademik Aslanzadəni belə halda heç görməmişdi. Kişinin sifəti saçları kimi dümağ idi. Stolunun arxasında taqətsiz halda oturub başını divara söykəmiş, altı tuluqlanmış gözlərini yummuşdu. Şərqiyyə direktoru bu vəziyyətdə görüb qorxuya düşdü və titrək bir səslə:
– Sizə nə olmuşdur, professor? —deyərək irəli yeridi. — Halınız xarabdır? Həkim çağırım?
Aslanzadə başını divardan ayırmadan gözlərini açdı, qəmli-qəmli gülümsünüb:
– Heç nə, qızım. Narahat olma, — dedi. — Mənə bir stəkan su ver.
Şərqiyyə dabanı üstə elə fırlandı ki, təzə dəb düşmüş cuna donunun ətəyi azca qalxdı, çiyinlərinə saldığı uzun qara hörükləri yel vurmuş kimi sağa yelləndi.
Aralıq otaqdakı soyuducunun qapısı açıldı, örtüldü və o, armudu stəkanda gətirdiyi «barjom»u direktora tərəf uzatdı. Aslanzadə dikəldi, uzun barmaqlı, dərisi artıq qırışıb qocalmış, göy damarları görünən titrək əlini qaldırıb suyu içdi. Stəkanı katibəyə qaytarıb:
– Çox sağ ol, qızım! — dedi.
– Yenə gətirim? — Şərqiyyə qayğıkeşliklə soruşduqda, o:
– Yox, bəsdi. Get Salmanı çağır bura!—söylədi.
Şərqiyyə kabinetdən çıxandan sonra… direktorun gözü sarı qovluğa sataşdı. Qəribə idi — elə bil o qovluğun içində nə isə partlaya biləcək bir şey vardı və Aslanzadə - ona qorxa-qorxa baxırdı. Azla bundan qabaq Gülmirənin dilindən eşitdikləri ona yuxu kimi gəlirdi. İnanmaq istəmirdi Aslanzadə, inanmaq istəmirdi. Qovluğa baxa-baxa uzaq illərin arxasından o vaxtlar tez-tez görüşdüyü, ümumi iclaslarda, yubileylərdə çox zaman yanaşı oturduğu, dindirsən danışan, dindirməsən öz daxili aləminə qapılıb düşünən, həlim, uşaqla uşaq, böyüklə böyük kimi davranan və günlərin bir günü, heç kəsin gözləmədiyi halda, «gedər-gəlməzə» gedib daha geri qayıtmayan, ancaq o çağlar nüfuzlu alim kimi izzət-hörmət sahibi olan, böyüklüyü ilə indi daha inkaredilməz həqiqətə çevrilmiş Mirzə Yanarı düşünürdü. Ona elə gəlirdi ki, qovluğun içində heç bir bomba-filan yoxdur — onu sadəcə qara basır — qovluqdan səs gəlirdi sanki indi. Bu səs Mirzə Yanarın səsinə necə də oxşayırdı. Yadında idimi o səs? Yox, yaxşı xatırlaya bilmirdi. Lakin inanırdı, daxilindəki tüğyan eləyən bpr hiss pıçıldayırdı ki, onun səsidi; onun səsi elə belə idi — yumşaq idi, ürəyəyatımlı idi, şirin idi. Ancaq o vaxtdakından fərqli olaraq, bu səsdə deyəsən, bir küsgünlük, inciklik vardı. Nə isə deyirdi, amma o, başa düşə bilmirdi.
Aslanzadənin bu da yaxşı yadında idi ki, Mirzə Yanarı bu illər ərzində tez-tez xatırlamışdı. Yanarın vaxtsız-vədəsiz sıradan çıxması, bir çox başqaları kimi, onun da qəlbini gizli-gizli ağrıtmışdı. Özü yox, təmiz adı qayıdıb gələndə Aslanzadə lap uşaq təki kövrəlmişdi də.
İndi üzdə olan bir çox professorun, elmlər doktorunun, akademikin ustadı olmuşdu Mirzə Yanar. Elə Salman Qurbanzadənin də. Onun yetişməsində, namizədlik dissertasiyasının yazılıb ortaya çıxmasında həm bir məsləhətçi rəhbər, həm də bir dost kimi Salman da, əvvəllər pünhanda, sonralar, kişinin təmiz adı qayıdıb gələndə isə aşkarda onun tələbəsi olması, onun «şinelindən» çıxması ilə az fəxr eləməmişdi. İnişil alimin anadan olmasının yetmiş illiyi bayram tutulanda o, kövrələ-kövrələ öz müəllimi haqqında xatirə söyləmişdi, minnətdarlıqla dolu sözlər demişdi — həmin kecədə Aslanzadə də orada idi və Salmanın danışdıqlarını eşitdikcə düşünmüşdü ki, haqq-say, yaxşılıq, zəhmət heç vaxt itmir, geç də olsa, əzəli-əbədi borc kimi qaytarılır. Salman gör nə qədirbiləndir. «Kaş mənim də tələbələrim belə olaydı». Amma indi məlum olur ki, o, düşündüyü kimi deyilmiş Salman. Mirzə Yanarın qaraçuxası yatandan, Mirzə Yanar yoxa çıxandan sonra, Salman, öz ustadının yadigarlarını əsən sərt yellərdən qorumaq, saxlamaq, vaxtı gələndə nəşr etdirmək, beləliklə də müəlliminin «borcundan» çıxmaq əvəzinə, onun əsərlərini götürüb öz adına çap etdirmiş və nə boyda vicdansızlıq, ədalətsizlik eləmişdi. Əgər Gülmirə deyənlər həqiqətsə... «Aman allah, gör dünyada nələr olur. Bu da mənim alimim!» — deyə düşündü akademik.
Elə bu zaman Salman Qurbanzadə qapı ağzında göründü. Aslanzadə nə qədər elədi, onun qan çanağına dönmüş gözlərinin içinə baxa bilmədi — elə bil Salman yox, o özü nə isə böyük bir qəbahət iş tutmuşdu. Salmanın qara, tutqun sifəti bir az da qaralıb boğulmuşdu. İri cüssəsi sanki kiçilmişdi; ilk baxışda ona elə gəldi ki, Salman bayaq, iclas başlamamışdan əvvəl gördüyü adam deyil və ümumiyyətlə onu heç tanımır — uzaq, yad, ilk dəfə gördüyü bir adamdı. Aslanzadə əlinin işarəsi ilə oturmasını xahiş etdi və qarşısındakı kreslonu göstərdi. Salman dərindən ah çəkib əyləşdi və direktorun üzünə baxıb zorla gülümsünməyə çalışdı. Ancaq Aslanzadə siqaret çıxarıb yandırmaqla məşğul kimi göstərdi özünü. Ayağa qalxdı. Pəncərənin qarşısına gəldi və oradan akademiyanın bağlı-bağatlı, yaşıl bir cənnəti xatırladan həyətinin ortasında düzəldilmiş fəvvarəli hovuzun göyə ucalan su sütunlarına tamaşa eləməyə başladı. Orada, hovuzun yanındakı ağacların arasında işləyən iki-üç cavan fəhlənin başı üstə dayanıb nəsə danışan Nəsirin qarabuğdayı sifəti, qara, nüfuzlu gözləri xəyalında canlandı. Nəsir akademiyanın baş aqronomu idi, ancaq heç kəs onun əsl vəzifəsini dilinə gətirmirdi, elə sadəcə, «Akademiyanın bağbanı» kimi tanıyırdı onu. Nəsir təbiət vurğunu idi, evindən-eşiyindən, balalarından çox, bu böyük elm ocağının yaşıllığı, ağacları, çiçəkləri üstündə əsirdi. Buranı yaşıl bir cənnətə, botanika bağına döndərmişdi Nəsir. Buna görə hamı onu çox istəyirdi. Aslanzadə isə ona xüsusi rəğbət bəsləyirdi. Səhərlər işə gedəndə, axşamlar evə dönəndə Nəsirlə tez-tez görüşər, hövsələsi, vaxtı olanda ayaq saxlayıb onunla söhbət eləməyi xoşlardı. Nəsir ixtisası etibarı ilə təbiətşünas olsa da, ədəbiyyatımızı, tariximizi əkib becərdiyi hər bir ağacın tərcümeyi-halı kimi süd əzbər bilirdi və bu, Aslan müəllimə xüsusi zövq verirdi. Bu adam təbiətlə—otla, güllə, çiçəklə yaşayırdı, nəfəs alırdı və Aslanzadəyə elə gəlirdi ki, Nəsir artıq təbiətə qovuşub, qaynayıb-qarışıb onunla: didişmələrdən, çəkişmələrdən uzaqdı, gecələr yatanda da ancaq ağaclarının dərdini çəkir: buna görə onun yuxuları da yaşıldı yəqin. «Ağaclar yaxşıdı, ağaclar giley-güzar eləmir. Ağaclar toxgözdü, paxıl deyil, şöhrətpərəst deyil, oğru deyil. Hərəsi öz qismətinə düşən bir qarış torpağı əmə-əmə yaşayır, səssiz-səmirsiz qocalır, səssiz-səmirsiz də ölüb gedirlər. Ağacların bağbanı olmaq yaxşıdı,
Nəsir, asandı. Kaş sənin yerinə olaydım, Nəsir».
Salmanın ürəyi elə şiddətlə çırpınırdı ki, ona elə gəlirdi bu döyüntüləri, guppultuları Aslanzadə də eşidir və bundan o, daha çox sıxıntı hiss elədi. Birdən gözü miz üstəki sarı qovluğa sataşdı. Tükləri ürpəşdi. «Budur o qovluq. Sənin adın da, taleyin də, şöhrətin də onun içindədi, Salman» — deyə kədərlə fikirləşdi və Aslanzadənin kürəyinə baxdı. O hələ susurdu, fikri bayırda idi. «Ya indi, ya da heç zaman!» — dedi öz-özünə Salman və bir göz qırpımında qalxıb əlindəki sarı qovluğu stolun üstə qoydu, oradakı qovluğu götürdü. Və gözlərini Aslanzadənin kürəyindən çəkmədi, səssiz-səmirsiz, kölgə kimi çəkilib kresloda əvvəlki sayaq əyləşdi. Alnına soyuq tər gəldi, ciblərini eşib dəsmalını çıxartdı, üz-gözünü sildi. Ağır yükaltından çıxmış adam kimi rahat nəfəs alıb öskürdü. Aslanzadə səsə səksənib geri döndü və Salmanı kresloda oturan görəndə sanki təəccübləndi də. Deyəsən onu özünün çağırtdırdığını, Salmanın otağa daxil olduğunu da unutmuşdu.
– Hə, gəlmisən? — xırıltılı səslə soruşdu və bu sual Salmanı hədsiz dərəcədə sevindirdi. Belə məlum oldu ki, Aslanzadə çox fikirlidi və onun gəldiyini də unudub. Demək görməyib. Aman allah, doğrudanmı Aslanzadə Salmanın qovluğu dəyişdiyini görməyib? Bu dəqiqə onun üçün bundan böyük səadət yox idi, ola da bilməzdi. Salman ömründə birinci dəfə özünün ağlına, uzaqgörənliyinə əhsən söylədi. Hələ o zaman — Mirzə Yanarın əsərini kağız-kuğuzlarının içindən tapanda, onu öz adına ortalığa çıxarmaq istəyəndə əlyazmasını bağa aparmış, düz bir ay gecəni-gündüzə qatıb üzünü köçürmüş, eynən o cür bir qovluğun içinə qoymuş və yalnız bundan sonra Mirzə Yanarın əlyazmasını bir payız axşamı kəsilmiş meynə çubuqlarından qaladığı tonqalın içinə atıb yandırmışdı. Həmin qovluq illər boyu Salmanın arxivində qalıb bir az da saralmış, köhnəlmişdi. Keçən il gözlənilmədən Orxan o əsərin əlyazmasını ortalığa çıxarıb Salmanın gözünə soxmaq istəyəndən sonra, Orxanın yeddisi çıxan günün səhəri Salman öz arxivini eşələmiş, öz xəttilə yazılmış həmin sarı qovluğu instituta gətirib yeşiyinin alt gözündə gizləmişdi. Salmanın ürəyinə dammışdı ki, Mirzə Yanarın əlyazması institut əməkdaşlarının birinin əlinə keçib, bu gün olmasa sabah, sabah da olmasa birisi gün hardansa pırtlayıb meydana çıxa bilər. Elə də olmuşdu. Gülmirə namərdcəsinə o qovluğu o qədər adamın içində üzə çıxarmışdı. Salman Gülmirənin ittihamnaməsini eşidəndən sonra otağı tərk eləyəndə öz kabinetinə girib bax məhz bu gün üçün saxladığı qovluğu siyirməsindən çıxarmış, qabağına qoyub çaşqın-çaşqın ona baxmışdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-vefalim-menim-birinci-hisse-ikinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Kitabların da taleyi insanların taleyi kimi müxtəlif olur. Xoşbəxt doğulanı var — ürəklərin, ağılların mənəvi qidası olur, əl-əl gəzir, öləndə də əldə ölür, oxucu əlində. Fərli övlad kimi müəllifinin adını uca eləyir.Bədbəxt doğulanı var — şikəst olur, uzağa gedə bilmir, kitabxanaların, mağazaların rəflərində toz qalağı altında itib-batır, fərsiz övlad təki müəllifinin başını aşağı, gözünü kölgəli eləyir.
Üçüncü hissə, on üçüncü fəsilCeyhun da, Rəhim də on gün bundan qabaq son imtahanı verib orta məktəbi bitirmişdilər. Rəhim Qızıl medalla, Ceyhun elə-belə. Salman həmin gün evdə yaxşı bir süfrə açmış, Ceyhunun sinif yoldaşlarını evə dəvət etmişdi.Onlar sənədlərini Universitetə vermişdilər.— Rəhim şərq, Ceyhun filologiya fakültəsinə, Rəhim cəmisi bir imtahan verəcəkdi — yoxlama imtahanı, Ceyhun isə hamısını.
Üçüncü hissə, on dördüncü fəsilGülmirənin əli işdən soyumuş, fikri dağınıq olmuşdu. Dindirsən dinir, dindirməsən nitqi tutulmuş adam təki lal-dinməz baxır, şəhərdə, institutda kölgə kimi gəzib dolanırdı. Ən gülməli söhbətləri belə təbəssümlə qarşılayırdı.O, qəbiristanlığa çox getmişdi.— Orxanın məzarı üstünə. İndi də həmin çığırla gedirdi. O cığır Gülmirəni düz Əqdəmin qəbrinin yanına aparıb çıxarırdı, çünki o iki cavan bir-birinin yanında dəfn olunmuşdu. Qəbirləri də eyni cür idi, hasarları da, başdaşları da. Sən demə, yaşıd imişlər. Sevdikləri adam da bir olub — Gülmirə!
Üçüncü hissə, on beşinci fəsilSalman Qurbanzadə ictimai elmlər bölməsinin iclasından çıxanda halı özündə deyildi; ayaq üstə güclə dururdu. Elə pörtmüşdü, elə qızarmışdı ki, sanki indicə hamamdan çıxmışdı, çırtma vursaydın, qanı damardı. Azca əvvəl, akademiyanın geniş, bu başından baxanda o başı görünməyən salonunda onunla bir yerdə, yanaşı oturmuş və necə çırpılıb döyüldüyünün şahidi olan adamların gözündə özünü nikbin, heç bir şey olmamış kimi göstərməyə çalışırdısa da, buna heç cür müvəffəq ola bilmirdi. Belini şax tutmaq istəyirdisə də bacarmırdı: elə bil, içəridən kimsə gözəgörünməz əlilə Salmanı çəkib əyir, uca boyunu balacalaşdırırdı. Baxışı, gülüşü, təbəssümü saxta və süni təsir bağışlayırdı. Bayaq, bölmənin bəzi üzvləri tərəfindən yaxşı-yaxşı «döyüləndə» ağzına su alıb susanların indi zalın qapısı ağzında yaxınlaşıb: «Əşşi, belə şeylərə fikir vermə, qanını qaraltma,» «Darıxma, Salman.», «Sənin də mənim kimi qədrini bilmədilər, ay Salman.» — deyənlərə, artıq əzik-üzük olmuş, ütüsü bu iki saatın içində pozulmuş dəsmalıyla alnının, üzünün tərini silə-silə cavab verəndə qeyri-iradi olaraq səsi tutulur, ilişikli çıxırdı. Bir çoxlarına heç cavab vermirdi, eləcə, mənalı-mənalı baxıb başını asta-asta tərpətməklə kifayətlənirdi.Yox, burada daha dayana bilmirdi: sanki bu boyda foyedə hava yox idi, nəfəsi təngiyirdi. Nəsə danışan, gülən alimlərin səsi onun beynini cırmaqlayır, ürəyinin içini ovurdu və ona elə gəlirdi ki, hamı ondan danışır. Od kimi yanan əlini ikinci mərtəbədən burulub birinci mərtəbəyə uzanan, üstünə uzun xalı salınmış mərmər pillənin soyuq sürahisinin üzərində sürüşdürə-sürüşdürə aşağı enərkən ürəyində, beynində bayaq iclasda «qılıncını siyirib üstünə düşənlərə» indi, daldan atılan daş kimi gecikmiş və mənasız olsa da, nifrətlə, acıqla cavab verir, orada camaatın qabağında ehtiyatdanmı, qorxudanmı deyə bilmədiyi sözləri dilinə gətirir, vaxtında ürəyini boşaltmadığına heyifsilənirdi. Ucaboy, enlikürək, çatma qaşları da qar kimi ağappaq ağarmış həyatında belə yığıncaqlarda başının tükü sanı iştirak etmiş Aslanzadənin özünə məxsus təmkin və yumorla, asta-asta Salmana «yedirtdiyi» sözlər beynində təzədən təkrar olunur, rəhmsizcəsinə vurulmuş zərbə kimi canını, ürəyini ağrıdırdı. Ay allah, bu pillələr niyə qurtarmaq bilmir? Nə uzun imiş bu pillələr? Aha. Şükür, qurtardı, qurtardı. Bu, böyük qapı. Bax, bu da geniş, işıqlı, gəl-gedi çox olan küçə. Ox, hava nə sərinmiş, aman allah. Əl atıb qalstukunu boşaltdı, köynəyinin düyməsini açdı. Və üzü aşağı, Nizami muzeyinə tərəf addımladı. Heç kəsi görmürdü, heç kəsi tanımırdı Salman. Beyni uğuldayırdı, uğuldayırdı: «Demək, belə». Demək Salman Qurbanzadə
Poems by other poets
Təalallah zəhi sani', zəhi təqdiri-yəzdani,Huvəllahulləzi la-misləhu, la-xaliqü-ş-şani
GörünməzGecə-gündüz həsrətində qalmışam,Ol sehmli tərlan hanı görünməz.
EylərsənDil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən
EdəsənBaşına döndüyüm ədalətli şahGəlmişəm dərdimə dərman edəsən