Birinci hissə, üçüncü fəsil
Page 1 of 3
Gülmirənin ürəyi çoxdan dolmuş, uzun müddət gözünün yaşını torpağa səpələyə bilməyən bulud kimi yağıb boşalmışdı. Amma elə süst və halsız idi ki, hətta danışmağa heyi-hərəkəti yox idi. Hamıya küt və laqeyd baxışlarla baxır, yoldaşlarının suallarına cavab vermirdi. Stolun arxasında donmuş halda oturmuşdu. Bu ara Nadirə xanım əlində bir stəkan su yaxın gəldi, xırıltılı bir səslə:
– İç, toxta, Gülmirə, — dedi. — Çox həyəcanlısan.
Gülmirə başını qaldırıb stəkandan əvvəl Nadirəyə baxdı, sanki sifətindən, gözlərindən çıxışının ona necə təsir etdiyini öyrənmək istəyirdi. Nadirə hamamdan çıxmış adam kimi pörtmüşdü. Gözlərində bir dalğınlıq vardı. Ancaq qəzəbli deyildi — qəzəblənəndə Nadirənin nazik, qəşəng dodaqları titrəyirdi həmişə. Gülmirə ani olaraq düşündü ki, Nadirənin necə böyük ürəyi var, necə ağıllıdı, təmkinlidi—ayrı qadın olsaydı, əri haqqında bu cür öldürücü, sarsıdıcı ittihamlar irəli sürən Gülmirənin indi tükünü didmişdi, əsib-coşmuş, ağzına gələn artıq-əskik sözü söyləyib əlavə bir qan-qaralıq da əmələ gətirmişdi. Hayana dönsəydi də əri idi, uzun illərdi ki, bir yastığa baş qoyurdular, bir damın altında yaşayırdılar. Gülmirə onların evində az olmamışdı!. Nadirənin onun elmi qabiliyyəti barədə o qədər də yaxşı fikirdə olmadığını yaxşı bilirdi — Nadirə xanım onun istedadına əvvəldən nə isə inanmamışdı və bunu açıq-saçıq Salmana da söyləmişdi. Gülmirə müdafiə eləyəndə də Nadirə xanım elmi şurada ona yarıkönül səs vermişdi. Əsəri əla olmasa da, pis, əsər də deyildi. Orxan dünyadan köçəndən sonra bütün xarici aləmdən əlaqəsini kəsib fikrini-zikrini elmə, kitaba, yazı-pozuya vermişdi Gülmirə. Elə bil, silkələnib ayılmışdı, elmin, alimin nə demək olduğunu dərk eləmişdi. Və bu, Nadirə xanımı sevindirirdi. Dünən onun qabiliyyətinə, istedadına inanmayan, şübhə ilə baxan Nadirə xanımda indi ona qarşı çox da böyük olmayan bir inam yaranmışdı. Bütün bunlardan Gülmirənin xəbəri vardı. Lakin buna baxmayaraq, Gülmirə Nadirə xanımı çox istəyirdi. Ona hərdən lap böyük bacısı kimi sığınar, ağır-çətin anlarında ona pənah aparar, dərdini-sərini danışardı. Bu məsələdə isə — yəni Salmanın Mirzə Yanarın əsərini öz adına çap etdirməsi məsələsini açıb ağartmaq fikrinə düşəndə isə ona sirr gəlməmişdi — səbəbini dəqiq özü də ifadə eləyə bilməzdi yəqin — nə isə dili var gəlməmişdi. Və indi, iclasdan sonra, Nadirə xanım ona su gətirəndə Gülmirə Salman haqqında danışmağından çox, Nadirəyə məsləhət eləyib gənəşməyindən utanırdı.
Nadirə xanım onu başa düşürdü — Gülmirənin içində hələ onun özünün də dərk eləyib tanımadığı, ipə-sapa yatmayan, haqsızlığa üsyan eləmək istəyən təzə bir varlıq, təzə bir Gülmirə doğulmuşdu və bu Gülmirə hələ yolun başlanğıcında idi, irəlidə nələr olduğunu yaxşı təsəvvür eləyə bilmirdi; o yıxıla bilərdi. Qabağında süst, halsız-hərəkətsiz əyləşmiş Gülmirənin içində doğulmuş yeni Gülmirənin indi də ən böyük gözəlliyi, məziyyəti
– cəsarəti idi. Bu cəsarət Nadirəyə hardasa çox ləzzət eləmişdi. Döyülənin, söyülənin əri olduğunu bilsə də çox ləzzət vermişdi. Ona görə idi ki, Nadirə xanım Gülmirəyə «niyə məsləhət eləmədin mənə, bu işi belə eləməzdilər»də demək istəmirdi. Nadirə son vaxtlar elə bil ayılıb birdən-birə hiss eləmişdi ki, şöbənin adamlarında, lap elə institutun bir çox əməkdaşlarında qəribə, anlaşılmaz bir mütilik əmələ gəlib və bu mütilik bəzən yaltaqlığa çevrilir, ikiüzlülüyə çevrilir; adamlar elə bil müstəqilliyini, fərdiliyini itirir, hardasa robota, qoyuna bənzəməyə başlayır. Direktor dedi — qanundur. Şöbə müdiri dedi — qanundur. Axı onlar da sənin kimi adamdı — onlar səhv eləyə bilməzlərmi!? Bilərlər. Lakin kimsədə o cəsarət qalmayıb elə bil ki, iclasda qalxıb desin ki, yoldaş Salman Qurbanzadə, ya yoldaş Aslanzadə, filan məsələ siz deyən kimi deyil, belədir. Heç kəs demir, deyə bilmir və beləliklə də, nəticədə əvvələn, Salmanlarda, Aslanzadələrdə özlərinin «dahiliyi», sözlərinin «qanuniliyi» haqqında zərərli güman doğur, ikincisi, bu səhvlər, yanlışlıqlar gilə-gilə, zərrə-zərrə üst-üstə yığılıb ümumi işə əngəl törədir. Ən ümdəsi isə, fikir ölgünlüyünə, düşüncə ətalətinə gətirib çıxarır. Bax, bu qorxuludur, çox qorxuludur.
Nadirə xanım düşünürdü ki, Gülmirəni indi söhbətə tutmağın, dediklərinin həqiqəq olub-olmadığını soruşmağın heç bir mənası yoxdur — o, hardasa, sorğu-sualsız, faktsız-dəlilsiz də inanırdı ki, Gülmirənin söylədiklərində həqiqət olmamış deyil — çünki o, öz ərini, Salmanı artıq hamıdan, bəlkə Salmanın özündən də yaxşı tanıyırdı, onun nəyə qadir olduğunu gözəlcə bilirdi. Ona görə, qət eləmişdi ki, bu məsələlər barədə sonra — Gülmirənin qəlbinin tufanı yatandan, hissləri, hirsi soyuyub səngiyəndən sonra, səhər, biri gün, ya başqa bir münasib vaxtda söhbət eləmək daha yaxşı olar.
Gülmirə, Nadirənin baxışlarında heç bir qəzəb və məzəmmət ifadəsi görməyib stəkanı əlindən aldı, ciyəri yanırmış kimi, axıracan başına çəkib:
– Çox sağ ol, Nadirə xanım, — deyərək stəkanı ona qaytardı.
– Sənə nə olub, Gülmirə? — deyərək Nadirə xanım, xala-xətrin qalmasın deyə ondan soruşanda, Gülmirə stolunun üstündəki kağızları səliqə-sahmana salaraq:
– Heç nə! — dedi. — Sən narahat olma, Nadirə xanım!
– Yox, sən dur get evə, dincəl, bir az özünə gəl! — deyə Nadirə xanım stəkanı mizin üstünə qoyaraq yorğun-yorğun əsnədi, elə bil ki, çox ağır bir iş görmüşdü, yorulmuşdu; Gülmirə birdən ayağa qalxdı, şöbədə ikibir-üçbir yığışıb söhbət eləyən yoldaşlarına baxaraq qəmli-qəmli gülümsündü, heç nə demədən otaqdan çıxanda Nadirə xanım onun qolundan ehmalca yapışdı, özünü, tox tutmağa çalışaraq yavaşcadan pıçıldadı:
– İstəyirsən səni ötürüm?
– Yox, sağ ol, Nadirə xanım, özüm gedəcəyəm...
...Qırmızı darvazalı həyətdə sakitlik idi. Maşa xalanın qapısı qıfıllı idi; yəqin bazara getmişdi. Təkcə Sahibə öz həmişəki yerində oturub əri üçün yun köynək toxumaqla məşğul idi. Payız günəşinin ilıq nəfəsi canını qızdırır, xəstə-solğun sifətinn allandırır, daim ağrılı, zəif olan bədəninə xoş bir gizilti yayırdı.
İki nəfərdən — ər və arvaddan ibarət olan bu kiçik ailə səkkiz-doqquz ay bundan qabaq buraya köçmüşdü və Maşa xalanın mətbəxinin sağındakı təkgözlü otaqda kirayənişin kimi yaşayırdı. Mir Sahib fəhlə idi. Paris Kommunası zavodunda işləyir, axşamlar isə universitetdə, qiyabi oxuyurdu. Gülmirə Mir Sahibin üzünü çox az görürdü — istirahət günlərində, bayramlarda. Amma Sahibə heç yerdə işləmədiyindən bütün günü evdə olur, bazara-dükana gedir, xörək bişirir, lazım olanda özünə, ərinə bir şey toxuyur, qalan vaxtlarını isə kitab oxumağa sərf edirdi. Deyəsən, şəkər xəstəliyi vardı və buna görə, yeddi il qabaq ərə getdiyinə baxmayaraq, uşağı da olmurdu. Çox mehriban, xoşsifət, xoşqılıq bir gəlin olan Sahibə Gülmirə ilə tez dostlaşmışdı. Gülmirənin başına gələn müsibəti — ərinin təyyarə qəzasına düşüb həlak olmasını Maşa xala ürək yanğısı ilə, demək olar, ağlaya-ağlaya danışandan sonra ona yazığı gəlməyə başlamışdı. Gülmirənin həmişə qara paltarda gəzməsi Sahibənin yaman xoşuna gəlirdi. Bunun mənasını yaxşı başa düşürdü — o, ərinə yas saxlayırdı. Ancaq axı Əqdəmin ölümündən gör nə qədər keçmişdi? hələ də onu qara paltarda görəndə Sahibə bir az təəccüblənmişdi, həmişə qəmli-kədərli gəzib dolanan Gülmirəyə ərklə demişdi:
– Allah rəhmət eləsin, bacı. Çox vaxt keçib. Çıxart bu qara paltarı. Cavan gəlinsən. Həmişə qara paltarmı geyəcəksən?
Gülmirə ah çəkib cavab vermişdi:
– Yox, Sahibə. Mən ömrümün axırınacan qara geyinəcəyəm.
– Niyə ki? Məgər bu müsibət tək sənin başına gəlib? Bu torpaq o qədər elə cavanlar udub ki... Deyir, ölənlə ölmək olmaz, qalanla yaşamaq gərəkdi, Gülü!..
– Yox, Sahibə. Mənimki getdi...—deyə o, əsl mətləbdən xəbəri olmayan mehriban qonşusuna qəmli-qəmli baxıb gülümsünmüş və: «Birini bilirsən, birini yox, bacım və heç vaxt da bilməyəcəksən, başa düşməyəcəksən!» — deyə ürəyindən keçirtmişdi.
Sahibə isə onun kefini açmaq üçün:
– Yəni heç ərə də getməyəcəksən? — deyəndə o:
– Yox, Sahibə. Heç vaxt!—söyləmişdi.
– İndi elə deyirsən, hələ yaran istidi, bacı. O qədər sənin kimi gəlinlər beləcə söz veriblər! Amma elə ki qabağına bir yaxşı kişi çıxdı, sevdi, hər şeyi unudub gedib! Tək yaşamaq dəhşətdi. Hələ cavansan, bilmirsən. Bir az yaşdanandan sonra başa düşəcəksən, onda da gec olacaq. Sizin o Akademiyada yəni elə bir yaxşı kişi yoxdu səni alsın? Gözləri görmür bəgəm? Sən elə gözəlsən, qadınlığımnan mən az qalmışam sənə vurulam. Bədən səndə, boy-buxun səndə, yaraşıqlı ayaq səndə, göz-qaş, hörük səndə. Özün də ki alim!
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-vefalim-menim-birinci-hisse-ucuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Həmin gün Elməddinin yeməyini vermədilər, havaya da çıxartmadılar. Evdən gələn xörəkdən soyuyub qaxaca dönmüş tikə kababdan, qurumuş təndir çörəyindən bir az yedi — candərdi yedi. İştahası yox idi. Qarın nayihəsini dolaşan sancı çəkilib getmirdi. Elə bil, içərisinə zəhər tökmüşdülər — yandırırdı, doğrayırdı. Ağrıdan bir yerdə qərar tutub dayana bilmirdi. Gah uzanırdı, gah gəzinirdi. Fikirləşməkdən başı şişmişdi. Yaranmış vəziyyəti götür-qoy edir, ancaq axırını bir yana çıxartmağa müvəffəq olmurdu. Həbs olunmağının səbəbi elə orda — məhkəmədə məlum olmuşdu — «Xurma çərdəyi»nin qurbanı idi, həbsxanada təkadamlıqda da elə buna görə yatırdırdılar. Bəs bu şer, ruznamə nə məsələ idi? — bununla neyləmək istəyirdilər? Bəlkə bu yolla onun həbs müddətini uzatmaq, onu illər uzunu dörd divar arasında saxlayıb çürütmək istəyirdilər? Bəlkə tək dustaqlardan deyil, şəhərdən, cəmiyyətdən, dostlarından, ailəsindən ayırmaq, uzaqlaşdırmaq istəyirdilər?!Bu qayğılar, cavabsız suallar saatlar keçdikcə onu yorub əldən salır, namüəyyən hisslər məngənəsində çırpınan ürəyi az qala partlamaq dərəcəsinə gəlirdi. Qəzəbdən dodağını çeynəyirdi. Ancaq çarəsizlik, gücsüzlük önündə aciz olduğunu dərk etdikdə süstəlir, dözmək, səbir etmək, bu oyunun axırının nə ilə bitəcəyini gözləməkdən başqa çıxış yolu olmadığını anlayıb taleyi ilə barışırdı.
Üçüncü hissə, altıncı fəsilAxşam saat on birdə Əbdül, görünür, təklikdən sıxıldığından, ya bəlkə çoxdan baş çəkmədiyini xatırladığından gözlənilmədən gəlmiş və ilk dəqiqələrdə onu da, Heyranı da həyacanlandırmış Zərrintac xanımı, oturub xeyli ordan-burdan söhbət eləyəndən, kiçik qardaşını doyunca oynadıb, öpüb-oxşayandan, Heyranla ətraflı tanış olandan, evləndiklərini biləndən, yeyib-içəndən sonra yola salırdı. Zərrintac xanım atası öləndən sonra birinci dəfə idi ki, burada bu qədər oturmuş, Əbdüllə içmişdi. Eyvandan həyətə düşəndə səndələyirdi. Əbdül yıxılacağından qorxub ehtiyatla onun qolundan tutmuş həyətdə dayanan maşının yanına gətirmişdi, qapısını açıb sükanının arxasında oturtmuşdu.– Arvad, yaxşı arvaddı, Əbdül. Dünyaya çox oxşayır. İçəri girəndə elə bildim odur, qayıdıb gəlib. O paltarı, o qızılları sən veribsən ona?
Üçüncü hissə, səkkizinci fəsilHava çoxdan qaralmışdı. Ay qaranlıqda tutqun şəkildə görünən dağın zirvəsindən iki adam boyu yuxarı qalxmışdı. Göydə irili-xırdalı ulduzlar sayrışır, yerdə zəif külək əsir, burula-burula dağların arasına doğru uzanan asfalt yolla irəliləyən qara maşının açıq pəncərəsindən içəri dolur, boğuq bir uğultu əmələ gəlirdi. Ziyaülhəqq sükan arxasında, Şəfi ilə Bəbir arxada oturmuşdular. Maşın Kabil-Bəhram yolu ilə şütüdükcə, hava daha da sərinləşirdi. Bu gəzinti Bəbirin istəyi ilə təşkil olunmuşdu. Ertədən Ziyaülhəqqə tapşırmışdı ki, saat doqquz üçün ustadı evdən çıxartsın, dörd divar arasında qalıb darıxır, həm görüşərik, söhbət edərik, həm də «dustağın» eyni bir az açılar. Demişdi ki, mən «Pamir» kinoteatrının aşağısında sizi gözləyəcəyəm.Ustad «gəzinti» xəbərini böyük sevinclə qarşılamışdı. Ayda bir dəfə, iki dəfə Bəbir belə atüstü görüşməyi lazım və faydalı hesab edirdi. Məleykə xanım da buna artıq adət eləmişdi. Ziyaülhəqqdən başqa kimsənin üzünə qapı açmırdı, kimsəyə inanmırdı. Şəfi onunla gedəndə arvad arxayın olurdu.
Üçüncü hissə, doqquzuncu fəsilGün günortadan keçəndə iyirmi bir nömrəli kameranın dəmir qapısı cinkilti ilə açıldı. Ortalıqda var-gəl eləyən; hövlündən ürəyi bir tikə olmuş Elməddin ayaq saxlayıb alaqaranlıqda gələnin kim olduğunu ayırd etmək istədi — bu qapı dünən beləcə açılmalı idi, onu çağırmalı, vaxtının qurtardığını deməli idilər. Ancaq onun gözü yolda qalmışdı, gələn olmamışdı, ötən gecə öz əzabları, acı xəyalları və tutqun, nagüman sevincləri ilə həbsxanada keçirdiyi bu bir ilin əzablarından, ağrılarından dəhşətli və uzun olmuşdu. Əvvəllər «bir gecə bir ildən uzun ola bilər» desəydilər, şübhəsiz, inanmazdı. Ancaq, indi inanmışdı buna.Gələn, əlitüfəngli nəzarətçi idi. Onun yoğun gövdəsini qapı ağzında görən kimi tanıdı. Burada növbə ilə keşik çəkən bütün nəzarətçilərin arasında, az-çox insaflısı, vicdanlısı bu ortayaşlı, qabaq dişlərinin ikisi çürüyüb tökülmüş, enlisifətli kişi idi — Elməddin adını da bilmirdi, amma on il sonra da görsəydi, tanıyardı. Bu həmin kişi idi ki, ay yarım bundan qabaq, onu hava gəzintisinə çıxaranda, həyətin ortasında arxadan yavaşca, demək olar ki, pıçıltı ilə demişdi:
Poems by other poets
Nadan məclisində, naşı yanında,Ləl xırdala, gövhəri seç, nə bilər?
Zahid ki, məscid içrə öziçün məkan tutubZahid ki, məscid içrə öziçün məkan tutub,Bayquşdu kim, xərabə ara aşiyan tutub.
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Aran köçüGəldi yayın ortası,Kəsdi dağın laylası.