Page 1 of 3

Yara hələ isti imiş, sən demə: ona görə ağrısı-acısı bilinmirmiş! Nadirə Gülmirəni yola salandan, Salmanın kabinetinin qapısını açıqca açıb baxmadan, qəfil zərbə yeyib karıxmış adam sayağı, key kimi evə gələndən sonra bu gün, üç-dörd saat bundan qabaq, institut divarları arasında baş vermiş o müdhiş hadisənin nə demək olduğunu bütün çılpaqlığı ilə anlayıb sarsılmışdı. Bəlkə də ömründə ilk dəfə idi ki, özü-özünə heyrət eləmişdi. Hər şeyi ayıq-sayıq ölçüb-biçməyə, yerli-yerində qiymət verməyə adət eləmiş Nadirə xanım necə olmuşdu ki, bu boyda söz-söhbət zamanı işin nə yerdə olduğunu layiqincə anlaya bilməmiş, kənar, tamam yad bir insan mühakimə edilirmiş kimi, susub durmuş, hətta iclasdan sonra da Gülmirədən, yaxud Salmanın özünün yaxasından yapışıb «bütün bunlar nə deməkdir?» — deyə silkələməmişdi. Bu, səbir idimi? Bu, Salmana qarşı biganəlikdənmi irəli gəlirdi? Ya bir çox başqaları kimi, həyatında heç vaxt belə «divan-məhkəmə» görmədiyindən çaşıb qalmışdı? Və yaxud Gülmirənin oturanların hamısının ürəyini lərzəyə salan cəsarətli çıxışı ona ilk baxışda hədsiz ləzzət elədiyindən Salmanı unutmuşdu — bu söhbətlərin özgəsi haqqında yox, məhz Salman — onun əri barəsində getdiyindən fərqinə varmamışdı?! Qəribə idi ki, ilk təəssüratı — son dərəcə maraqlı, dramatik bir tamaşadan alına biləcək gözəl təəssüratı evə gələndən sonrakı ilk dəqiqələrdə də sönüb getməmişdi, onun ürəyini, bütün varlığını doldurmuşdu. Əlli iki il yaşamışdı, ancaq heç bir filmdən, heç bir əsərdən bu qədər sözlə ifadə oluna bilməz zövq aldığı yadına gəlmirdi. Ceyhun evdə yox idi, Salman yəqin ki, hələ idarədə olardı — güman ki, o hamının işdən çıxıb getməsini gözləyirdi — heç kəslə üz-üzə gəlməmək üçün! Bu gün belə elədi. Bəs sabah? Birisi gün? O, adamların gözünə necə baxa bilərdi belə ağır və öldürücü ittihamdan sonra? Yox, baxa bilməzdi. Bilməyəcəkdi!

Yandırıcı bir hiss içini göynətdi — Salman özgə adam deyildi, Salman onun ömür-gün yoldaşı idi, uşağının atası idi! Bu biabırçılığın — namərdliyin, nakişiliyin, oğurluğun, əclaflığın — nə desən yaraşır — bir ucu da onu — başını aşağı salıb elmin namuslu fəhləsi kimi kecə-gündüz bilmədən, kirpiyi ilə od götürə-götürə çalışan, imkanı, qüvvəsi dairəsində var gücünü, həvəsini, eşqini sənətinə verən Nadirə xanımı da tutmurdumu, onun təmiz adının üstünə kölgə salmırdımı?

Bu suallar onu hövlləndirdi—bayaqdan taqətsiz halda oturduğu divandan qalxıb otaqları bir-bir açıb baxdı, Salmanın kabinetiiə girdi. Yox idi. Kaş o indi burada — yanında olaydı — soruşardı—hiddətlə, qəzəblə, qışqıra-qışqıra, sonra da lap bəlkə də ağlaya-ağlaya soruşardı: «Bu, sənsən, Salman? Bu deyilənlər doğrudurmu? Niyə belə eləmisən, Salman? Niyə, niyə?» Təəssüf ki, o burada deyildi və bu qışqırıqlı-hıçqırıqlı suallar onun ürəyindən qopub dilinin ucunda bənd alırdı və Nadirənin hirsini-hikkəsini soyutmurdu. Havalanmış adam təki otaqları vurnuxdu, eyvana çıxdı, geri qayıtdı. İşıqları yandırmamışdı, içəri qaranlıq idi. Yemək otağının çilçırağını yandırdı — pianonun üstündəki elektron saat altı tamamı göstərirdi. Salman həmişə bu vaxt evdə olardı. Qeyri-iradi dəhlizə keçdi — divar güzgüsünün qabağındakı kiçik kətilin üstünə qoyulmuş telefonun dəstəyini götürərək Salmana zəng çaldı. Telefon susdu. Demək, otağında deyil, çıxıb. İndi harda olsa gələr. Dözməyib direktorun kabinetinə də zəng çaldı — orada da heç kəs yoxdu. Hə Aslanzadə prezidiumun iclasına getməli idi. Şərqiyyə də qalmaz indiyə. Gülmirə görəsən hardadı? Evdə olar. Onunla söhbət etmək indi çox maraqlıdı. Yəqin hirsi-hikkəsi soyuyub. Nömrəsini yığdı. Maşa xala götürüb dedi ki, evdə yoxdur, bilmir də hara gedib. Bundan da ümidsiz olan Nadirənin birdən gözü güzgüdə özünə sataşdı. Və qorxdu — bayaq, iclasda od tutub yanan sifəti indi də yanırdı. Yanırdısa, demək, qırmızı olmalıydı. Ancaq onun üzü kağız kimiydi indi. Yaraşıqlı, nazik, alınmış qaşları altından həmişə parıltıyla baxan gözlərində sonsuz bir bədbəxtliyə düçar olmuş adamın baxışlarındakı kədərə bənzər dərin bir hüzn vardı. Birdən ona elə gəldi ki, saçlarının ağı da çoxalıb — xına qoyardı başına — sanki ağ tüklər xınanın qızartısını da udub bir az da bozarıb. Qəşəng sifətində qırışlar çoxalıb deyəsən. Səhər işə gedəndə də o, bu güzgüdə özünə baxmışdı — onda belə deyildi axı! Bir neçə saatın içində insan da belə qocala bilərmi? Yanıqlı ah çəkdi — nəfəsindən güzgünün bir parçası dumanlandı. Elə bu zaman kimsə qapının zəngini basdı. Qeyri-iradi düşündü ki, — Salmandı gələn. Və bədənində qəribə sızıltı gəzib dolaşdı. Ancaq gələn Salman deyildi, Ceyhun idi. Ceyhun pillələri qaça-qaça çıxmışdı deyə tövşüyürdü. Qabaq-qənşər, gələn kimi Nadirəni araq iyi vurdu və Salman da, ona demək üçün hazırladığı sözlər də büsbütün yadından çıxdı. Ceyhunun qıvrım tüklü başı açıq idi — yay-qış başına papaq qoymazdı. Əynindəki dəri plaşın da, ağ köynəyinin də yaxası açıq idi. Nadirə araq iyini alan kimi geri çəkildi, heyrətdən böyümüş gözlərini oğluna zilləyib nəsə demək istəyirdi ki, Ceyhun köhnə adəti üzrə sağ əlini saçına çəkib:

– Ma, — dedi və anasının təəccüblü baxışlarını görüb sözünün dalını uddu. Nadirə fikirləşdi ki, qapı ağzında danışmaq yaxşı olmayacaq, söz-söhbəti qonum-qonşu eşidə bilər, qoy soyunsun, içəridə danışaram. Amma Ceyhun deyəsən soyunmaq fikrində deyildi. Nadirə acışan boğazına əl gəzdirdi. Gər, xırıltılı səslə:

– Soyun, keç içəri, Ceyhun! — deyə zərbə üstündən zərbə almış adam təki astaca dillənəndə Ceyhun yenə başını qaşıyıb:

– Yox, ma, mən gedirəm. — söylədi.

– Hara? — Öskürək tutdu. O qədər öskürdü ki, gözləri yaşardı. Fürsətdən istifadə eləyən Ceyhun onun sualını cavabsız buraxıb soruşdu:

– Paxan hanı?

Bu sözdən Nadirənin zəhləsi gedirdi, neçə dəfə oğlunu belə dediyinə görə məzəmmət eləmişdi. Yenə «paxan» kəlməsini eşidəndə onsuz da hövsələsi təngimiş Nadirə çımxırdı:

– Sənə nə qədər deyərlər ki, o sözdən mənim xoşum gəlmir? Sən yenə «paxan» deyirsən?

– Eh, ayma. Hamı «paxan» deyir də. Sən də...

– Hamı kimdi?

– Mənim yoldaşlarım. Hamısı anasına «maxan», atasına «paxan» deyir. İndi tək mən durum «ana» deyim, «ata» deyim?

– Qələt eləyirsən sən də, sənin yoldaşların da! Axırıncı dəfə deyirəm sənə, bir də o sözü eşitməyəcəyəm səndən. Bildin?

– Hə, yaxşı, bildim, bildim. İndi de görüm pax... e... ata hanı?

Ceyhun içmişdi deyə anasının halındakı, sifətindəki dəyişikliyi görə bilmirdi, görəsi, duyası halda deyildi. Qabaqlar, uşaq olanda o, içəri girən təki anasını öpərdi, nasaz, kefsiz görəndə səbəbini soruşardı. İllər keçib böyüdükcə, Salmanla Nadirənin arasında əmələ gəlmiş anlaşılmaz soyuqluğu, mübahisələri hiss elədikcə Ceyhun yavaş-yavaş dəyişməyə, evə, dərsə biganələşməyə başlamışdı. Və bu biganəlik getdikcə çoxalırdı. Nadirə bir ana kimi bunun səbəbi üzərində çox düşünmüş və belə fikrə gəlmişdi ki, onu Salman korlayır — qətiyyən sıxmır, nəzarət yetirmir, istədiyi vaxt pul verir, geyimdən-kecimdən korluq çəkməyə qoymur. Ən başlıcası isə, onunla kişi kimi rəftar eləyir, oğlu kimi, uşağı kimi yox! Bu barədə söz düşəndə də əlini yelləyib:

– Qoy uşaq kişi kimi böyüsün, —deyirdi, — nə deyirsən yəni, istəyirsən Salman Qurbanzadənin oğlunun bacının yetimçəsi Rəhim kimi gözü onun-bunun əlində, əynində-başında olsun? Sən onunla elə rəftar eləyirsən ki, elə bil doğma balan deyil, ögey uşağındı elə bil. Bu, tərbiyə deyil, Nadirə xanım, yox! Mən kimdən əskiyəm ki, mənim uşağım kiminsə uşağından əskik olsun? Lakin Nadirə Salmanla qətiyyən razılaşmırdı, vaxtı, imkanı olanda Ceyhunla qaynayıb-qarışmağa, aradakı soyuqluğu yox eləməyə can atırdı, sevirdi, oxşayırdı boyunu. Çox vaxt sıxırdı, danlayırdı — bu da istədiyindən idi. Amma Ceyhun bunu başa düşmürdü — elə bilirdi anası onu istəmir. Atası qədər istəmir. İndi yox, bir il, iki-üç il bundan qabaq Ceyhunun beyni, ürəyi, əxlaqı elə bir dünya idi ki, iki adam—bir evin içində yaşayan iki müxtəlif təbiətli adam—ata-ana hərəsi onu öz tərəfinə çəkmək üçün dəridən-qabıqdan çıxırdı. İkisi də doğma idi — ancaq biri — ata onu sevirdi, müstəqillik verirdi, pul verirdi, korluq çəkməyə qoymurdu, yanına salıb məclislərə də aparırdı, o biri isə — ana — elə hey «dərsini oxu!», «haradaydın?», elə oturma, belə oturma»

deyirdi — bir sözlə, Ceyhunun indi hərdən dediyi kimi — onu «yaşamağa» qoymurdu. Ceyhun üçün, əlbəttə, birinci yaxşı idi və son vaxtlar arzulayırdı ki, kaş bir az da tez böyüyəydi, «bu arvadın» qanadının altından çıxaydı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, on dördüncü fəsil

İki gün sonra ər-arvad arasında belə bir söhbət oldu:– Bu gün işdən bir az tez gəl ha, Şəfi can. Birdən yadından çıxar, axı Elməddin bizi axşama qonaq çağırıb!

8 min
İkinci hissə, on beşinci fəsil

Kiçik çillə çıxhaçıxda idi. Son günlərini yaşadığından quduzlaşmışdı sanki, necə deyərlər, gəlinlərin əlini un çuvalında, yetimyesiri, acı-çılpağı küçələrdə dondurmaq istəyirdi. Qar üstünə qar yağır, axşamlar gölməçələrin, çayın, yolun suyunu palçığını dondurub bərkidən şaxta indi gündüzlər də öz hökmünü göstərir, iliklərə işləyirdi.Belə şaxtalı sazaqlı bir gündə, ləbi-dəryadakı cında bazarında cındır, köhnə-külə paltar, ayaqqabı alandan çox satan vardı. Kətili, taxta yeşiyi olan oturmuşdu, mallarını qabağına yığıb əsə-əsə müştəri haraylayırdı. Çoxu isə satılan köhnə-küləsini qolu üstə atıb gəzinir, alıcı gözləyirdi. Ayağında uzunboğaz ayaqqabı, əynində dəri yaxalıqlı isti palto, başında yun şal olan bir qadın bayaqdan bazar əhlinin diqqətini cəlb etməkdə idi. O, əlində ağ yundan toxunmuş təzə bir jaket tutmuşdu, heç nə demədən o tərəf — bu tərəfə gedir, hərdən jaketi silkələyirdi. Geyimindən, rəftarından bazar adamına oxşamadığından adamlar gah ona, gah da əlindəki jaketə baxır, dinibdanışmadığını görüb lal-dinməzcə yanından sovuşub keçirdilər. Qadın isə ayaq üstə güclə dururdu. Acından başı hərlənirdi. Jaketi almaq istəyən olsaydı, dəyər-dəyməzinə verməyə razı idi. Təki pulu olsun əlində, bir loğma çörək alıb yesin, çuğundur, yaxud qaynamış noxud alıb yesin. Sonra allah kərimdi.

13 min
İkinci hissə, on altıncı fəsil

Siminbər tezdən oyandı. Bu, onun uşaqlıqdan elədiyi adət idi. Atası evində olarkən, demək olar ki, anası ilə birgə qalxardı yatağından, sil-süpür, yır-yığış işlərində anasına kömək elərdi. Fatimə bazara gedərdi, o isə uşaqların yanında qalardı, oynadardı, başlarını qatardı. Simin anasının sağ əli idi. Ona görə arvad, demək olar ki, hər gün bir neçə dəfə qızına alqış-sana eləyər:– Səni görüm xoşbəxt olasan, bala! — deyərdi. Ana bu sözləri o qədər demişdi ki, onun haçansa, haradasa xoşbəxt olacağına ürəyində möhkəm bir inam yaranmışdı. Beyninə batmışdı ki, o, mütləq xoşbəxt olacaq — intəhası geci-tezi var. İndi Simin yuxulu gözlərini açıb özünü qar kimi ağappaq, yumşaq və isti yorğan-döşəkdə, Elməddinin böyründə görəndə sinədolusu nəfəs aldı, şirin-şirin gərnəşdi, həqiqətən xoşbəxt olduğunu anlayıb hədsiz dərəcədə sevindi: anasının dəfələrlə dediyi o sözləri xatırladı və ürəyindəcə, səssiz-səmirsiz: «Sənin arzun çin oldu, ana. Mən bəxtəvərəm, ana!»

11 min
İkinci hissə, on yeddinci fəsil

Ətiqulla deyəsən son günlərini yaşayırdı. Daha evdən çıxmağa, şəhərdə görünməyə təhər-töhürü qalmamışdı. Yemək-içməkdən düşmüşdü deyə arıqlayıb çöpə dönmüşdü. Ölüm qorxusu bir an da onu tərk etmir, qorxulu, dəhşətli bir kabus kimi bütün varlığını, ürəyini gəmirir, taqətini əlindən alır, yuxusunu ərşə çəkirdi. Çarəsizlikdən, gücsüzlükdən böyük dərd olmadığını o indi başa düşürdü və həyatında, pulun gücünə — qoca milyoner Mümtaz xanın pulunun gücünə ürəyindən keçən ən namümkün şeylərə belə nail olan, özünü qadir — qüdrətli hesab eləyən o, bu lənətə gəlmiş mərəzin qarşısında aciz qaldığını görəndə uşaq kimi hönkürtü vurub ağlayır, əsəbləri daha dözməyib pozulduğundan bəzən başını dər-divara çırpırdı. Atasını, anasını, Ədnan qəryəsindən gəlmiş əmisi qəryədər Qulamı, bacılarını yaxına buraxmır, onların evinə gəlməsinə icazə vermir, ancaq telefonla danışırdı. Çox vaxt telefon dəstəyini də götürmürdü, beş zəngdən birinə cavab verirdi, ya vermirdi.Vaxtilə dörd arvad, on üç uşaq yaşayan, səs-küydən qulaq tutulan hündür hasarlı, bağ-bağatın ucu görünməyən həyət boşalmışdı, qu desəydin qulaq tutulardı. Ətiqullanın sağalmaz mərəzə tutulduğunu başa düşən kimi arvadların üçü uşaqlarını da götürüb getmişdi. Təkcə birinci arvad — Zəhra xanım qalmışdı. Ancaq o da, usta tərpənib oğlunu, qızını babasının — ağayi Mümtazın yanına göndərmişdi. İndi ikimərtəbəli, dördotaqlı aynəbəndli evdə ikisi yaşayırdı

8 min

Poems by other poets