Birinci hissə, dördüncü fəsil
Page 2 of 3 · 33%
Salman o dünyanı — Ceyhunun ürək, beyin, əxlaq dünyasını «işğal» eləmişdi və Nadirə xanım, gözü baxa-baxa yeganə uşağının «əlindən çıxdığını» görüb ha əlləşir, vuruşurdusa, istəyinə nail ola bilmirdi, yanıb-yaxılırdı. Salmanın «tərbiyə üsulunun» birinci «xeyrini» Ceyhun artıq görmüşdü — atasının adına-sanına arxayın olub «xala xətrin» qalsın deyə Nadirənin «gözündən pərdə asmaq» üçün «oxuyan» uşaq instituta girə bilməmişdi. Bu, Salmanı çox pərt eləmişdi. Dost-tanışdan küsüb incimişdi. Nadirə isə, içəridən yanıb-yaxılsa da, ərinə də, oğluna da: «Gördünüz? Baş olmasa, iş aşmaz!» — demiş, ürəyini boşaltmışdı. Onda Ceyhun heç nə olmamış kimi:
– Eh, ayma. Guya girənlərin hamısı başıyla girir? — deyə arxasını yerə verməmişdi. — Odey mənimlə bir sinifdə oxuyan Natiq hüquqa girdi — mən onun yanında professoram. Atası kooperativ texnikumunda adicə müəllimdi. Heç kandidat da deyil. Ya... eh, hansını deyim. Adınızı qoymusunuz professor, alim. Bir uşağı da qəbul elətdirə bilmədiniz! Rəhimi qəbul elətdirdiniz — nə var, nə var, yetimdi.
– Rəhim özü girib, bala. Çünki Rəhimin başı var — özündən başqa heç kimə arxayın olmadığına görə oxudu uşaq — deyə Nadirə oğlunun Rəhim barədə belə haqsız danışdığından odlanıb alışmışdı — İşlədi də, oxudu da. Amma sən!..
– Yaxşı, yaxşı, Rəhim professordu, akademikdi, əl çək məndən.
– Bu nə danışıqdır, Ceyhun? Sən ananla necə danışırsan?
– Nadirə hikkəsindən az qala çatlamışdı və daha oğlu ilə danışmağı mənasız sayıb o biri otağa keçmişdi. Belə hallarda o Ceyhundan qəlbən inciyib küsürdü. Danışdırmaq istəmirdi. Yanıb-yaxılırdı ki, niyə onun oğlu adi şeyləri başa düşmür, yaxud başa düşmək istəmir. Sonra başı daşdan-daşa dəyəndə anlayacaq, onda gec olacaq. Aman allah, necə gec olacaq!!
İndi budur, içib gəlib. Kimlə içib, harda içib? Nadirənin dərdi az idi — bu da üstəlik belə!
– İçmisən?
Ceyhun başını qaşıdı:
– Hə. Məni indi sorğu-suala tutma, ma. Yoldaşlarım gözləyirlər məni. Mənə əlli manat pul ver!.. Bilirsən bu gün maaş almışdım—uşaqları qonaq elədim — ancaq görürəm çatmayacaq pulum. Onları qoymuşam kababxanada, məni gözləyirlər. Mənə əlli manat ver. Gələn maaş verərəm — Ceyhun bu sözləri birnəfəsə söylədi. Çünki vaxtı az idi, aşağıda taksi gözləyirdi. Nadirə isə qulaqlarına inanmırdı elə bil. Qabağındakı onun əziz oğlu deyildi sanki. Haradansa gəlmişdi — tanımırdı onu.
– Mənim pulum yoxdur!
– Məni yoldaşlarımın yanında pərt eləmə, ma!
– Yoxdur! Yoxdur! — Nadirə özünə yad bir səslə qışqırdı, elə qışqırdı ki, Ceyhun səksəndi, mat-mat anasının üzünə baxıb bir anlığa susdu. Sonra birdən əlini atıb anasının asılqandan sallanan qara çantasını götürdü, cəld açıb bir dəstə onluq çıxartdı və əsəbi halda:
– Bəs bu nədir? Bu, pul deyil? Yığıb goruna aparacaqsan?
– söyləyərək pulları Nadirənin gözü qabağında əsdirdi. — Goruna aparacaqsan?
Daşdan səs çıxdı, Nadirədən yox. Yaşlı gözlərini Ceyhunun ağarmış sifətində gəzdirib dərindən köks ötürdü və çevrilib mətbəxə keçdi. Qapı zərblə çırpıldı.
Üçüncü mərtəbədə, daş pillələrdə Ceyhunun ayaq səsi eşidilməz olanda nədənsə birdən ona elə gəldi ki, oğlunu həmişəlik itirdi, o, daha geri qayıtmayacaq. Qayıtsa da, həmin Ceyhun olmayacaq, ola bilməyəcək. Qırıldı onların arasındakı tellər. Dalıycan qaçmaq, onu geri qaytarmaq istədi — ancaq artıq gec idi — həyətdə uğultu ilə yerindən götürülən taksinin uzaqlaşan səsini eşidib süstəldi, stula çökdü və taqətsiz halda başını üstü boz müşəmbəli stolun qırağına söykədi. «İlahi, bu gün nə ağır gündü?
Mən dəli olmasam yaxşıdı — neçə də bədbəxt qadınam mən. Ər elə, oğul belə. Çölüm özgəni yandırır, içim özümü. Mənim günahım nədi görəsən, ilahi?» Və Ceyhunla indi, içmiş vəziyyətində sərt davrandığına peşman oldu. «Gərək verəydim o pulu. Onsuz da pulu yəqin ki, apardı. Pul cəhənnəm. Mən pul üçün danışmıram». Bu anda fikri qırıldı, Ceyhunun bayaq dediyi sözlər təzədən qulağında səsləndi: «Goruna aparacaqsan? Goruna aparacaqsan?» «Yox, oğul, goruma aparmayacağam. Nəyim var, sənindi... Ancaq oxu, təmiz, ləyaqətli insan ol, sonra. Ye də, iç də. Kimdi sənə mane olan? Amma hələ tezdi. Tezdi, bala. Sənin sümüklərin, ciyərlərin bərkiməyib hələ. Bu yol ki, indi sən tutubsan —axırı yoxdu. İnan ki, yoxdu. Mən pul üstündə əsmirəm, sənin üstündə əsirəm, Ceyhun. Sən indi başa düşmürsən, məndən acığın gəlir. Neynək, elə. Vaxt gələr, başa düşərsən, anlarsan, görərsən ki, anan düz deyirmiş,»
Dikəldi, mətbəxin pəncərəsindən həyətə boylandı, əlinin içiylə gözlərinin yaşını sildi. Evin qənşərində uşaq bağçasının qabağındakı üstü şiferli çardağın altında məhəllə uşaqları toplaşmışdı, deyir-gülürdülər, kimdisə neçə il bundan əvvəlki kimi yenə gitara çalırdı. Yəqin bu, ayrı oğlan idi — o gitara çalan əskər getmişdi deyəsən. Çardaq həmin çardaq idi, ancaq o uşaqlar — Ceyhungilin dəstəsi dəyişmişdi, əvəzində həddi-büluğa çatan başqaları gəlmişdi indi.
Qabaqlar Ceyhunun getdiyi yeganə yer ora idi — o çardağın altı. Nə vaxt axtarsaydın, ordaydı. Eyvana çıx, səslə. Üç dəqiqədən sonra evdəydi. Amma indi kababxanalardan, restoranlardan sorağı gəlir Ceyhunun. Böyüyüb, pərvazlanıb. Görünür, həyatın qanunu belədi. Nadirə nə qədər istəsəydi də Ceyhun elə o çardağın altında oturub söhbət eləyən, oynayan, çalan-çağıran olmayacaqdı həmişə. Yəqin bir vaxt bax indi orada toplaşmış cavan uşaqlar da harasa pərvazlanıb gedəcəklər, əvəzində başqaları gələcək.
Nadirənin fikri dolanıb yenə oğlunun üstünə qayıtdı: «Nahaq ondan küsürəm. Gərək dilə tutaydım, yalvaraydım, qaytaraydım.
Onun indi elə vaxtıdı ki, sərt danışmaqla işi bir az da qəlizləşdirmək olar. Onu pişim-pişimlə bu yoldan çəkindirmək mümkündür, zorla yox! «Məni yoldaşlarımın yanında pərt eləmə, ma!» — Bu, bayaq Ceyhunun az qala yalvara-yalvara dediyi sözlərdi — «Kimdi onun yoldaşları? Yoldaş! Deyirlər, yaxşı yoldaş adamı bay eləyər, pis yoldaş zay... Nadirə elə həyətə baxa-baxa, Ceyhunun ara-sıra haqlarında danışdığı, bir-iki dəfə evə gətirdiyi yoldaşlarını xatırlamağa çalışdı: — Hə, biri akademik Əlişirin oğludu — o, qara arıq oğlan. Gözü-başı qaynayır. Özü də yaşda Ceyhundan xeyli böyükdü. Anasız-baxımsız böyüyüb deyəsən. Yox, Ceyhunu o Salikdən ayırmaq, uzaqlaşdırmaq lazımdı. Nəyin bahasına olursa-olsun... O biri dostu... Hə, rəssam Süleymanın oğludu — özü də rəssamlıq məktəbində oxuyur. Əli qızıldı—yaxşı şəkillər çəkir. Ceyhunun da portretini çəkib».
Telefon səsləndi, Nadirə hövlnak dəhlizə cumdu. Yenə Salman deyildi. Bu dəfə zəng eləyən Gülmirə idi.
...İkisi də həyəcanlı idi. Gülmirə günahkar kimi danışırdı, Nadirə dərdli, bədbəxt adam kimi. Telefon söhbəti deyildi. Nadirənin, təkidlə dəvət etməyinə baxmayaraq, Gülmirə onların evinə gəlməkdən qəti surətdə imtina eləyirdi, bir də heç vaxt onlara ayaq basmayaçağını ağlamsına-ağlamsına söyləyirdi. Salmanın hələ də işdən qayıtmadığını eşidəndə və Nadirənin bundan yana nə isə həyəcanlı-təşvişli olduğunu biləndə Gülmirənin peşmançılıq hissi daha da artdı. «Kişi özünə bir şey eləyər!» fikri soyuq üşütmə kimi vücudunu titrətdisə də, Nadirədən gizlədi və onu görmək istədiyini bildirdi. Nadirə dəstəyi asıb duruxdu — boş, suyu sovulmuş dəyirmana bənzəyən otaqlara göz gəzdirdi — divarlar elə bil üstünə gəlirdi, məngənə kimi sıxmaq istəyirdi onu sanki. Qulaqbatırıcı sükut-sükunət Nadirəni dəhşətə gətirirdi. İndiki halında Gülmirənin onu söhbətə çağırması bu ürək sıxan aləmdən müvəqqəti də olsa uzaqlaşması üçün ən münasib çıxış yolu idi. Tələsik geyindi, işığı söndürüb qapını çırparaq çıxdı.
Gülmirə Nadirəni Akademiyanın qənşərindəki qoşa hovuzlu bağda gözləyirdi. Dirəklərin üstəki yumru fənərlər bağı ağ süd işığına bələmişdi. Oturaçaqlarda ikibir-üçbir əyləşən, qoşa-qoşa gəzişən adamların arasına göz gəzdirəndə Gülmirənin hovuzun qırağında dayanıb sulara baxdığını görüb sevindi Nadirə. Ancaq bu sevincdə bir tutqunluq, çaşqınlıq da vardı. Nadirə Gülmirəni çoxdan tanısa da, xasiyyətinə, ürəyinə bələd olsa da, bugünkü hadisədən sonra ona yaxınlaşmağa çətinlik çəkirdi. Ona elə gəlirdi ki, yox o, Gülmirəni tanımırmış. O, ya əsl ürəyini, içini indiyəcən gizləyib, ya da gözlənilmədən, hansı qəfil sarsıntıdan sonra tamam dəyişib başqalaşıb. Nadirənin tanıdığı Gülmirə artıq yox idi, qarşısında yeni, yaxşı tanımadığı Gülmirə durmuşdu. Və onunla necə, hansı istiqamətdə söhbət aparacağı, danlayaçağı, ya təqdir edəcəyi hələ özünə də məlum deyildi.
– Böyründə hənirti hiss edib çevrildi və Nadirəni görən kimi ona sarı gəlib ani olaraq alaqaranlıqda güclə seçilən sifətinə, gözlərinə baxıb uşaq anasına sığınan təki başını sinəsinə söykədi və ağladı:
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-vefalim-menim-birinci-hisse-dorduncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
İki gün sonra ər-arvad arasında belə bir söhbət oldu:– Bu gün işdən bir az tez gəl ha, Şəfi can. Birdən yadından çıxar, axı Elməddin bizi axşama qonaq çağırıb!
İkinci hissə, on beşinci fəsilKiçik çillə çıxhaçıxda idi. Son günlərini yaşadığından quduzlaşmışdı sanki, necə deyərlər, gəlinlərin əlini un çuvalında, yetimyesiri, acı-çılpağı küçələrdə dondurmaq istəyirdi. Qar üstünə qar yağır, axşamlar gölməçələrin, çayın, yolun suyunu palçığını dondurub bərkidən şaxta indi gündüzlər də öz hökmünü göstərir, iliklərə işləyirdi.Belə şaxtalı sazaqlı bir gündə, ləbi-dəryadakı cında bazarında cındır, köhnə-külə paltar, ayaqqabı alandan çox satan vardı. Kətili, taxta yeşiyi olan oturmuşdu, mallarını qabağına yığıb əsə-əsə müştəri haraylayırdı. Çoxu isə satılan köhnə-küləsini qolu üstə atıb gəzinir, alıcı gözləyirdi. Ayağında uzunboğaz ayaqqabı, əynində dəri yaxalıqlı isti palto, başında yun şal olan bir qadın bayaqdan bazar əhlinin diqqətini cəlb etməkdə idi. O, əlində ağ yundan toxunmuş təzə bir jaket tutmuşdu, heç nə demədən o tərəf — bu tərəfə gedir, hərdən jaketi silkələyirdi. Geyimindən, rəftarından bazar adamına oxşamadığından adamlar gah ona, gah da əlindəki jaketə baxır, dinibdanışmadığını görüb lal-dinməzcə yanından sovuşub keçirdilər. Qadın isə ayaq üstə güclə dururdu. Acından başı hərlənirdi. Jaketi almaq istəyən olsaydı, dəyər-dəyməzinə verməyə razı idi. Təki pulu olsun əlində, bir loğma çörək alıb yesin, çuğundur, yaxud qaynamış noxud alıb yesin. Sonra allah kərimdi.
İkinci hissə, on altıncı fəsilSiminbər tezdən oyandı. Bu, onun uşaqlıqdan elədiyi adət idi. Atası evində olarkən, demək olar ki, anası ilə birgə qalxardı yatağından, sil-süpür, yır-yığış işlərində anasına kömək elərdi. Fatimə bazara gedərdi, o isə uşaqların yanında qalardı, oynadardı, başlarını qatardı. Simin anasının sağ əli idi. Ona görə arvad, demək olar ki, hər gün bir neçə dəfə qızına alqış-sana eləyər:– Səni görüm xoşbəxt olasan, bala! — deyərdi. Ana bu sözləri o qədər demişdi ki, onun haçansa, haradasa xoşbəxt olacağına ürəyində möhkəm bir inam yaranmışdı. Beyninə batmışdı ki, o, mütləq xoşbəxt olacaq — intəhası geci-tezi var. İndi Simin yuxulu gözlərini açıb özünü qar kimi ağappaq, yumşaq və isti yorğan-döşəkdə, Elməddinin böyründə görəndə sinədolusu nəfəs aldı, şirin-şirin gərnəşdi, həqiqətən xoşbəxt olduğunu anlayıb hədsiz dərəcədə sevindi: anasının dəfələrlə dediyi o sözləri xatırladı və ürəyindəcə, səssiz-səmirsiz: «Sənin arzun çin oldu, ana. Mən bəxtəvərəm, ana!»
İkinci hissə, on yeddinci fəsilƏtiqulla deyəsən son günlərini yaşayırdı. Daha evdən çıxmağa, şəhərdə görünməyə təhər-töhürü qalmamışdı. Yemək-içməkdən düşmüşdü deyə arıqlayıb çöpə dönmüşdü. Ölüm qorxusu bir an da onu tərk etmir, qorxulu, dəhşətli bir kabus kimi bütün varlığını, ürəyini gəmirir, taqətini əlindən alır, yuxusunu ərşə çəkirdi. Çarəsizlikdən, gücsüzlükdən böyük dərd olmadığını o indi başa düşürdü və həyatında, pulun gücünə — qoca milyoner Mümtaz xanın pulunun gücünə ürəyindən keçən ən namümkün şeylərə belə nail olan, özünü qadir — qüdrətli hesab eləyən o, bu lənətə gəlmiş mərəzin qarşısında aciz qaldığını görəndə uşaq kimi hönkürtü vurub ağlayır, əsəbləri daha dözməyib pozulduğundan bəzən başını dər-divara çırpırdı. Atasını, anasını, Ədnan qəryəsindən gəlmiş əmisi qəryədər Qulamı, bacılarını yaxına buraxmır, onların evinə gəlməsinə icazə vermir, ancaq telefonla danışırdı. Çox vaxt telefon dəstəyini də götürmürdü, beş zəngdən birinə cavab verirdi, ya vermirdi.Vaxtilə dörd arvad, on üç uşaq yaşayan, səs-küydən qulaq tutulan hündür hasarlı, bağ-bağatın ucu görünməyən həyət boşalmışdı, qu desəydin qulaq tutulardı. Ətiqullanın sağalmaz mərəzə tutulduğunu başa düşən kimi arvadların üçü uşaqlarını da götürüb getmişdi. Təkcə birinci arvad — Zəhra xanım qalmışdı. Ancaq o da, usta tərpənib oğlunu, qızını babasının — ağayi Mümtazın yanına göndərmişdi. İndi ikimərtəbəli, dördotaqlı aynəbəndli evdə ikisi yaşayırdı