Birinci hissə, üçüncü fəsil
Page 2 of 3 · 33%
Ancaq sonralar Sahibə başa düşmüşdü ki, Gülmirə ayrı təbiətli qadındı. Həyatın mənasını nə isə hələ anlamadığı, dərk eləyə bilmədiyi şeylərdə görürdü və bu, Sahibəni ona daha çox bağlayırdı. Söhbətləri yamanca tuturdu: ən çox kitablardı onları bir-birinə yaxınlaşdıran. Sahibənin demək olar ki, oxumadığı kitab yox idi. Mir Sahib işdən gələndə mütləq kitab mağazasına girərdi, təzə çap olunmuş əsər olanda hökmən alar, arvadını sevindirərdi. Sahibə özü də bazara-dükana çıxanda «Bənövşə»yə baş çəkərdi, mağazaçı qızlar ona yeni kitablardan birini-ikisini satardılar: onlar Sahibəni — «kitab xəstəsi» sayırdılar və o, «Bənövşə»nin daimi müştərisi idi. Hərdən Gülmirə öz-özünə etiraf eləyirdi ki, Sahibə qədər kitab oxuya bilmir. Mir Sahib Sahibəni çox sevirdi — onun gözündə sanki dünya gözəliydi Sahibə. Tez-tez xəstələnsə də, ilin az qala iki-üç ayını xəstəxanalarda yatsa da, uşağı olmasa da — o, arvadının nazı ilə körpə kimi oynayır, qayğısını çəkir, qulluğunda dururdu və qadın ərindən yerdən göyəcən razı idi, xoşbəxt idi. Sahibə həyatını Gülmirəyə danışmamışdı — Mir Sahibə necə rast gəldiyini, evlənmələrini, bu kəndçi oğlanın hardan ürcahına çıxdığını söyləməmişdi. Gülmirə də soruşmamışdı. Ancaq hiss eləyirdi ki, bu yetim qızla yetim oğlanın qəribə bir həyat tarixçəsi olmalıdı, bu tarixçəni Sahibə hərdən-bu və ya digər kitabı, filmi Gülmirə ilə «müzakirə» eləyəndə ordan-burdan vərəqləyir, bəzi əhvalatları dilinə gətirirdi. Gülmirə bilirdi ki, haçansa bu kitabı oxuyacaq.
İndi, günortaçağı, Gülmirə həyətə girəndə təklikdən darıxmış Sahibə sevindi — çünki Gülmirə nadir hallarda günorta naharına evə gələrdi. Lakin onun sevinci üzündə donub qaldı — çünki Gülmirə hədsiz dərəcədə yorğun və kədərli idi; əlində bir dəstə qəşəng qərənfil vardı; güllər payız günəşinin altında adamın gözünü oxşayırdı. Sahibə o dəqiqə hiss elədi ki, Gülmirəyə nəsə olub. Üstünə döşəkcə qoyub oturduğu kətildən tələsik qalxdı, yarıyacan toxuduğu köynəyi, milçəni yerə atıb onun qabağına gəldi:
– Nə olub, bacı?..
Gülmirə bu qəfil sualdan səksənən kimi oldu və başını bulaya-bulaya:
– Heç nə! — dedi. — Necə məgər?
– Rəngin-ruyun ağarıb, bacı. Lap kətan kimi. Qorxdum.
– Yorğunam. Gecə pis yatmışam. İdarədə heç otura bilmədim. Dedim gedib bir-iki saat yatım, bəlkə özümə gəldim. Sonra da qəbir üstünə gedəcəyəm, — dedi və qara redikülündən otağının açarını çıxarıb qapını açmaq istəyəndə Sahibə qayğılı bir tərzdə:
– Nahar vaxtıdı, yaxşı dolma bişirmişəm, gedək bizə yeyək. Mən də təkəm, tək iştaham çəkmir, — söylədi.
Gülmirə gülümsündü:
– Çox sağ ol, bacı. İştahım yoxdu. Yuxudan ötrü ölürəm. Sən get ye, mən yatacağam. Amma sən ye ha, sən yeməyinin vaxtını keçirtmə. Meylin çəkdi-çəkmədi, gərək yeyəsən.
Sahibə incik halda geri döndü, gedib kətilin üstə əyləşdi və yenə toxumağa başladı.
Gülmirə qapını açıb içəri girdi. Gülmirə idarədə olan sözsöhbətlərin heç birini evdə nə Maşa xalaya, nə Sahibəyə danışmazdı. Xoşlamırdı. Əqdəmə də nadir hallarda bəzi qeyri-adi şeylər olanda söylərdi, qalan şeyləri adi hesab eləyib dilinə gətirməzdi.
Otaq alaqaranlıq idi, soyuq idi. İşığı yandırmadı — Gülü girəcəkdə bədənnüma güzgünün qabağına qoyub ayaqqabılarını çıxartdı və içəri keçib elə pallı-paltarlı çarpayının üstünə uzandı. Üzüqoylu. Bir anlığa iki-üç saat bundan qabaq şöbədə olmuş bütun əhvalat kino lenti kimi gözlərinin qabağından gəlib keçdi. Kənardan, kənar adam nəzəriylə baxdı o filmə və əti ürpəşdi. Danladı özünü. Salmanın düşdüyü ağır vəziyyətin mənasını orada, iclasda dərk edə bilməmişdi, amma indi anladı və ürəyi sancdı. «Nahaq elədim, nahaq elədim. Aman allah niyə belə elədim» — deyə qınadı özünü — «Nə olacaq, neyləyəcəklər Salmana? Heç nə! Heç nə!» Düşünürdü, isti göz yaşları ixtiyarsız axıb ağ balışı isladırdı. «Mən onun üzünə necə baxacağam, aman allah. Necə də yazıq olmuşdu o boyda Salman. Yumağa dönmüşdü. Ürəyi partlamasa böyük işdi. Yox, bu biabırçılıqdan sonra mən institutda qala bilmərəm. Gərək başıma çarə qılam. Ya tamam çıxıb gedəm, ya da başqa şöbəyə keçəm».
Başı çatlayırdı, ürəyi hövl eləyib sinəsindən çıxmaq istəyirdi. Unutmağa çalışırdı olub-keçənləri, ancaq unuda bilmirdi. «Haqlıyammı, haqsızammı?» — sualı bütün içini gəmirirdi. «Görəsən Orxan sağ olsaydı, beləcə camaatın gözü qabağında Salmanı ifşa edərdimi? Hə, edərdi. Bəlkə bir az ayrı cür edərdi bu işi, ancaq mütləq edərdi. Orxan bu boyda haqsızlığı heç vaxt ört-basdır etməzdi. — buna onun vicdanı razı olmazdı». Hardansa, beyninə, ürəyinə axıb dolan bu fikir Gülmirəni azca toxtatdı — onun sinirləri boşalıb yumşaldı, rahatlandı. Elə bil kimsə gözünün önündən çəkilib getməyən o iclasın söz-söhbətinin üstünə qalın, qara bir pərdə çəkdi və o, daha heç nə görmədi, heç nə eşitmədi
– o müdhiş aləmdən ayrıldı... Sonra elə bil sehrli bir əl, qu tükü kimi yüngül olan Gülmirəni ehmalca yuxarı qaldırdı, harasa, indiyə qədər görmədiyi, qırmızı lalələrdən od tutub yanan yaşıl bir çəmənliyə gətirdi. Hava yaz havası idi, bildirçinlər səs-səsə verib oxuyurdu, qanadları zərli-xallı kəpənəklər çiçəkdən-çiçəyə uçub qonurdu. Gülmirənin əynində lalə rəngli qırmızı don vardı, ayaqları şehdən islanmışdı. Dərdsiz-qayğısız bir qız olan Gülmirə zər qanadlı kəpənəyi qovurdu — kəpənək onun yaxınlaşdığını hiss edən kimi zərif qanadlarını çırpıb uçur, azca irəli gedib başqa külün üstünə qonurdu... Birdən od tutub yanan çəmənliyin içində, uzaqdan dümağ paltar keymiş, qollarını geniş açaraq, demək olar ki, ayağı yerə dəymədən lalələrin üstü ilə uça-uça ona sarı gələn Orxanı gördü — Orxan nəsə qışqırırdı, nəsə söyləyirdi, ancaq Gülmirə ayırd eləyə bilmirdi. Kəpənək yadından çıxdı — o da qanad açıb Orxana tərəf süzməyə başladı. Çatdılar bir-birinə. Orxan qollarını Gülmirənin boynuna doladı, açılıb çiyinlərinə tökülmüş tellərini oxşadı. Həsrətmiş kimi o ipək, o ətirli tellərini ovuclayıb burnuna yaxınlaşdırdı, iylədi. Sonra Orxanın iri, qara gözlərindən ixtiyarsız yaşlar axmağa başladıqda Gülmirə ağ, yumşaq əlini onun üzündə gəzdirdi. «Sən ağlayırsan, Orxan? Bu nədir, sən ağlayırsan?» «Hə, sevindiyimdən ağlayıram, Gülü. Gör neçə vaxtdı səni görə bilmirəm». «Bəs o dəfə demişdin gələcəyəm. Amma gəlmədin. Gözüm yolda qaldı, gəlmədin.» «Hə, Gülüm, gələ bilmədim. Yolum bağlı idi — daş qapını qaldırıb gələ bilmədim, Gülü! Necəsən, Gülüm?» «Belə də... gördüyün kimi. Yaxşı oldu gəldin, bu gün səni elə görmək istəyirdim ki! Bu gün sənin sözünə, məsləhətinə çox böyük ehtiyacım vardı, Orxan. Bu gün Salman Qurbanzadəni şöbə iclasında rüsvay elədim. Oğrusan, dedim, qatilsən, dedim. Mirzə Yanarın əlyazmasını — sən verdiyin o əlyazmanı hamının qarşısında verdim Aslanzadəyə. Öldü, yerə girdi». «Yaxşı eləmisən, Gülü». «Yaxşı eləmişəm, doğrudan deyirsən yaxşı eləmişəm, Orxan?» «Belə eləmək lazımdı, Gülü. Qoy heç olmasa başqalarına dərs olsun. Mənə qismət olmadı, sən elədin bu işi, sağ ol. Mirzə Yanarın da, mənim də ruhumu şad elədin, Gülü».
Nagəhan bir külək qopdu, lalələrin qırmızı ləçəklərini yolub apardı, kəpənəklər yox oldu... Orxan da yox oldu.. Gülmirə dəhşət içində qışqırdı: «Orxaan, Orxaan!»… Ancaq səsinə səs verən olmadı.
Gülmirə gözlərini açanda özünü çarpayıda, tək-tənha görüb vahimələndi. «Yuxuymuş, yuxuymuş...» — deyə astaca pıçıldadı. Çevrildi, tavana baxdı. Divar saatı yeknəsəq mahnısını oxuyurdu
– çıq, çıq, çıq... Bayaq, evə gələndə bu səsi eşitməmişdi. Alaqaranlıqda baxışlarını dolandırıb əqrəblərə nəzər saldı — dördə qalmışdı. Qəbir üstünə getmək vaxtıydı.
...Əvvəl Əqdəmin qəbrini ziyarət elədi. Qəbir sadə idi, üstü və yanları ağ daşdan götürülmüşdü. Baş daşından hərbi geyimli, sinəsində bir neçə nişanı olan, poqonları par-par parıldayan Əqdəmin şəkli ona tamaşa eləyirdi — Əqdəm nə üçünsə burada, bu əksində kədərli çıxmışdı. Elə bil kimdənsə küsmüşdü, elə bil ürəyində kiminləsə mübahisə eləyir, kimisə qınayırdı. Gülmirə, səssiz-səmirsiz, yanaqlarından yaş axa-axa Əqdəmin qəmli üzünə xeyli baxdı, keçən ay qoyduğu, indi quruyub qaralmış kül çöplərini götürərək kənara atdı, əlindəki qərənfil dəstəsini yarı bölüb sinə daşının üstəki yarım kiloluq bankanın içinə qoydu. Qəbrin ətrafındakı qurumuş ot-ələfi yolub-təmizlədi.
Yenə sükut içində dayanıb Əqdəmin şəklini süzdü. Qəribə idi — qulağına yenə təyyarə səsi gəldi. Qeyri-iradi başını qaldırıb göylərə göz gəzdirdi — təyyarə-filan uçmurdu. Təyyarə səsi beynində öləziyib eşidilməz olanda sanki Əqdəmin tanış-doğma sədası içərisini titrətdi:
«O gülləri kimin üçün gətirmisən, Gülmirə? Yenə Orxan üçün?»
Az qala hər dəfə verilən bu sualdan Gülmirə yenə üşüdü, sıxıldı. «Bilirsən ki, onun üçün gətirirəm, niyə soruşursan, Əqdəm? Həmişə soruşursan. Nə olar, Əqdəm, dünyadan sənin kimi vaxtsız köçüb getmiş bir insandı, dostumdu, nə olar bir dəstə güllə onu yad eləyəndə? Nə olar, axı, Əqdəm?» «Mən istəmirəm, Gülü. İstəmirəm sən onun qəbrinin üstə gül gətirəsən? Ürəyim sıxılır». «Eh, Əqdəm, Əqdəm. Sən yaman qısqanc imişsən. Öləndan sonra da qısqanırsan. Bir də belə desən, sən bu gülü görüb dərd çəkməyəsən deyə, əvvəl onu ziyarət eləyərəm. Belə demə, Əqdəm, yaxşı?!»
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-vefalim-menim-birinci-hisse-ucuncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Həmin gün Elməddinin yeməyini vermədilər, havaya da çıxartmadılar. Evdən gələn xörəkdən soyuyub qaxaca dönmüş tikə kababdan, qurumuş təndir çörəyindən bir az yedi — candərdi yedi. İştahası yox idi. Qarın nayihəsini dolaşan sancı çəkilib getmirdi. Elə bil, içərisinə zəhər tökmüşdülər — yandırırdı, doğrayırdı. Ağrıdan bir yerdə qərar tutub dayana bilmirdi. Gah uzanırdı, gah gəzinirdi. Fikirləşməkdən başı şişmişdi. Yaranmış vəziyyəti götür-qoy edir, ancaq axırını bir yana çıxartmağa müvəffəq olmurdu. Həbs olunmağının səbəbi elə orda — məhkəmədə məlum olmuşdu — «Xurma çərdəyi»nin qurbanı idi, həbsxanada təkadamlıqda da elə buna görə yatırdırdılar. Bəs bu şer, ruznamə nə məsələ idi? — bununla neyləmək istəyirdilər? Bəlkə bu yolla onun həbs müddətini uzatmaq, onu illər uzunu dörd divar arasında saxlayıb çürütmək istəyirdilər? Bəlkə tək dustaqlardan deyil, şəhərdən, cəmiyyətdən, dostlarından, ailəsindən ayırmaq, uzaqlaşdırmaq istəyirdilər?!Bu qayğılar, cavabsız suallar saatlar keçdikcə onu yorub əldən salır, namüəyyən hisslər məngənəsində çırpınan ürəyi az qala partlamaq dərəcəsinə gəlirdi. Qəzəbdən dodağını çeynəyirdi. Ancaq çarəsizlik, gücsüzlük önündə aciz olduğunu dərk etdikdə süstəlir, dözmək, səbir etmək, bu oyunun axırının nə ilə bitəcəyini gözləməkdən başqa çıxış yolu olmadığını anlayıb taleyi ilə barışırdı.
Üçüncü hissə, altıncı fəsilAxşam saat on birdə Əbdül, görünür, təklikdən sıxıldığından, ya bəlkə çoxdan baş çəkmədiyini xatırladığından gözlənilmədən gəlmiş və ilk dəqiqələrdə onu da, Heyranı da həyacanlandırmış Zərrintac xanımı, oturub xeyli ordan-burdan söhbət eləyəndən, kiçik qardaşını doyunca oynadıb, öpüb-oxşayandan, Heyranla ətraflı tanış olandan, evləndiklərini biləndən, yeyib-içəndən sonra yola salırdı. Zərrintac xanım atası öləndən sonra birinci dəfə idi ki, burada bu qədər oturmuş, Əbdüllə içmişdi. Eyvandan həyətə düşəndə səndələyirdi. Əbdül yıxılacağından qorxub ehtiyatla onun qolundan tutmuş həyətdə dayanan maşının yanına gətirmişdi, qapısını açıb sükanının arxasında oturtmuşdu.– Arvad, yaxşı arvaddı, Əbdül. Dünyaya çox oxşayır. İçəri girəndə elə bildim odur, qayıdıb gəlib. O paltarı, o qızılları sən veribsən ona?
Üçüncü hissə, səkkizinci fəsilHava çoxdan qaralmışdı. Ay qaranlıqda tutqun şəkildə görünən dağın zirvəsindən iki adam boyu yuxarı qalxmışdı. Göydə irili-xırdalı ulduzlar sayrışır, yerdə zəif külək əsir, burula-burula dağların arasına doğru uzanan asfalt yolla irəliləyən qara maşının açıq pəncərəsindən içəri dolur, boğuq bir uğultu əmələ gəlirdi. Ziyaülhəqq sükan arxasında, Şəfi ilə Bəbir arxada oturmuşdular. Maşın Kabil-Bəhram yolu ilə şütüdükcə, hava daha da sərinləşirdi. Bu gəzinti Bəbirin istəyi ilə təşkil olunmuşdu. Ertədən Ziyaülhəqqə tapşırmışdı ki, saat doqquz üçün ustadı evdən çıxartsın, dörd divar arasında qalıb darıxır, həm görüşərik, söhbət edərik, həm də «dustağın» eyni bir az açılar. Demişdi ki, mən «Pamir» kinoteatrının aşağısında sizi gözləyəcəyəm.Ustad «gəzinti» xəbərini böyük sevinclə qarşılamışdı. Ayda bir dəfə, iki dəfə Bəbir belə atüstü görüşməyi lazım və faydalı hesab edirdi. Məleykə xanım da buna artıq adət eləmişdi. Ziyaülhəqqdən başqa kimsənin üzünə qapı açmırdı, kimsəyə inanmırdı. Şəfi onunla gedəndə arvad arxayın olurdu.
Üçüncü hissə, doqquzuncu fəsilGün günortadan keçəndə iyirmi bir nömrəli kameranın dəmir qapısı cinkilti ilə açıldı. Ortalıqda var-gəl eləyən; hövlündən ürəyi bir tikə olmuş Elməddin ayaq saxlayıb alaqaranlıqda gələnin kim olduğunu ayırd etmək istədi — bu qapı dünən beləcə açılmalı idi, onu çağırmalı, vaxtının qurtardığını deməli idilər. Ancaq onun gözü yolda qalmışdı, gələn olmamışdı, ötən gecə öz əzabları, acı xəyalları və tutqun, nagüman sevincləri ilə həbsxanada keçirdiyi bu bir ilin əzablarından, ağrılarından dəhşətli və uzun olmuşdu. Əvvəllər «bir gecə bir ildən uzun ola bilər» desəydilər, şübhəsiz, inanmazdı. Ancaq, indi inanmışdı buna.Gələn, əlitüfəngli nəzarətçi idi. Onun yoğun gövdəsini qapı ağzında görən kimi tanıdı. Burada növbə ilə keşik çəkən bütün nəzarətçilərin arasında, az-çox insaflısı, vicdanlısı bu ortayaşlı, qabaq dişlərinin ikisi çürüyüb tökülmüş, enlisifətli kişi idi — Elməddin adını da bilmirdi, amma on il sonra da görsəydi, tanıyardı. Bu həmin kişi idi ki, ay yarım bundan qabaq, onu hava gəzintisinə çıxaranda, həyətin ortasında arxadan yavaşca, demək olar ki, pıçıltı ilə demişdi:
Poems by other poets
Nadan məclisində, naşı yanında,Ləl xırdala, gövhəri seç, nə bilər?
Zahid ki, məscid içrə öziçün məkan tutubZahid ki, məscid içrə öziçün məkan tutub,Bayquşdu kim, xərabə ara aşiyan tutub.
GörünməzNazənin gözəllər seyrə gedirlər,Ol mahi-tabanım hani görünməz,
Aran köçüGəldi yayın ortası,Kəsdi dağın laylası.