Birinci hissə, on altıncı fəsil
Page 2 of 3 · 33%
– Salman, əzizim.. — demişdi. Gözlərinə inanmayan Salman məmnun-məmnun əlini onun çiyninə qoyub özünə sarı çəkmişdi və:
– Hə, deyəsən, ağıllanmısan, hə? — demişdi. — Bax, mən bunu istəmişəm həmişə səndən, Nadirə. Qadın ailənin allahıdır, o, qabil, mehriban, qayğıkeş olsa, ər də, uşaq da yaxşı olar, xoşbəxt olar. Yoxsa... sən deyirsən, sən də alim, mən da alim... Sən məni qınayırsan, mən səni... Sən özünü haqlı bilirsən, mən də. Yaxşı, yaxşı, bu nədir, sən niyə ağlayırsan? Yox, yox, bu olmadı. İndi bunlar da deyəcək — o, başı ilə hasarın içində işıqları yanan evə işarə eləmişdi — görəsən nə olub, Nadirə ağlayıb...
– Yox, ağlamıram. Bu gün mənə nə isə olub, heç baş açmıram niyə belə olmuşam... — O, redikülündən dəsmalını çıxarıb gözlərini silmiş və Salman onun qoluna girib darvazanın zəngini basmışdı.
...Aslan da, Kiçikxanım da qonaqların gəlişinə çox sevindi. Şəhərə nisbətən, bağ yerində, xususilə ilin aprel ayında gəlib-gedənin sayı az olduğundan, qapını açıb içəri girən hər qonaq bu kiçik ailənin böyük şadlığına səbəb olurdu. Aslanın öz iş yerindən gələn qonaqlar isə ikiqat əziz idi. Aslanı idarədə sevən çox idi, onun direktorluqdan çıxmasına təəssüflənənlər isə daha çox idi, xüsusən Nurəddin Osmanzadə vəzifə başına gələndən sonra adamlar Aslan Aslanzadəni layiqincə qiymətləndirmədiyinə heyfsilənirdilər. Aslan Salmanla, Nadirə xanımla uzun illər bir yerdə işləmiş, onları başa düşmüş, arada hörmət-izzət pərdəsi saxlamışdı. Ailəvi yaxınlıqları var idi. Kiçikxanım Nadirənin xatirini çox istəyirdi.
İndi Aslan Salmanı görəndə nə qədər sevinmişdisə, Kiçik-xanım da Nadirəni görəndə eləcə fərəhlənmişdi. Cəld qalxıb çay-çörək hazırlamış, süfrə açıb deyə-gülə yeyib-içmişdilər.
Söhbətləri uzun çəkmişdi. Aslan, Salmana elə gəlirdi ki, işdən çıxandan sonra xeyli qocalmışdı. Bu, Salmanın ürəyini ağrıtdı. Zarafatla dedi:
– Ay Aslan, mən səni dağ kimi bir adam bilirdim. Elə sanırdım ki, səni heç nə sarsıda bilməz. Amma deyəsən səhv eləmişəm. Vəzifə nədir ki, sən onun üstündə bu qədər fikir çəkirsən.. Vəzifə, at kimi bir şeydir — bu gün sən minirsən, sabah mən, birisi gün başqası. Bax, görürsən, arvadımla əl-ələ verib məni şöbə müdirliyindən çıxartdınız. Ancaq gördünmü ki, heç halıma da təfavüt eləmədi.
Nadirə xanım söhbətə qarışdı. Gülə-gülə dedi:
– Ey, ey, sən qarışdırma haqq-hesabı — o, səni yıxıb yerinə arvadını qoydu. Amma burda...
Aslan çaydan bir qurtum içərək:
– Hə, hə, düz deyir, biz səni yıxdıq, yerinə arvadını qoyduq, ancaq məni yıxıb yerimə Nurəddin Osmanzadəni qoydular — dedikdə, Nadirə əlavə elədi:
– Hə də, Aslan müəllimin də yerinə Kiçikxanımı qoysaydılar, kişi belə fikir eləməzdi.
– Mənciyəz vəzifə-zad istəmirəm. Mənim bir dənə ən böyük vəzifəm olub əzəldən və indiyəcən heç kəs məni yıxıb yerimə keçə bilməyib.
– Nədir o elə, ay Kiçikxanım bacı? — Salman soruşdu.
– Arvadlıqdı o vəzifənin adı, Salman qardaş, — dedi Kiçikxanım. Salman bu sözü tutdu və bir az əvvəl Nadirənin darvaza ağzında dediyi sözləri xatırlayıb ona gülümsünə-gülümsünə göz vurdu və dedi:
– Bizim arvad o gözəl vəzifəyə bu gündən başlamaq istəyir. Amma qorxuram ki, yetmişində öyrənən gorunda çalar məsəlindəki kimi olsun.
– Başa düşmədim, Salman qardaş. Necə yəni o gözəl vəzifəyə bu gündən başlamaq istəyir? Məgər indiyəcən arvad deyildi?
– Yox, ay Kiçikxanım bacı. Mən bunu alandan hər şeydən əvvəl gah aspirant olub, gah elmi işçi olub, gah namizəd olub, indi də doktordu — bir sözlə arvaddan başqa hər şey olub. Amma bu gündən söz verib ki, arvad da olacaq.
– Ey, ey, mənim bacıma sataşma ha!... — deyə Kiçikxanım qalxıb Salmanın boşalmış stəkanına çay süzdü və Nadirəyə sarı döndü: — Bu nə deyir, ağəz?
Nadirə heç kəsin hiss eləyə bilməyəcəyi bir ah çəkib:
– Düz deyir, Kiçikxanım bacı, düz deyir, haqlıdır, — söylədi.
Aslan qara təsbehi əlində asta-asta şaqqıldadır və söhbətə qulaq asırdı. Salmanın sözlərinə cavab verməmişdi. Ürəyi dolu idi. Düşünürdü ki, Salman doğrudanmı elə belə də fikirləşir və onun xəstələnməyini direktorluqdan çıxması ilə əlaqələndirir? Əgər belədirsə, onda dəhşətdi. Yəqin Salman kimi düşünənlər də var və bəlkə də çoxdur.
– Yox, Salman. Düz demirsən, əzizim. Mən vəzifəpərəst adam deyiləm — gərək bunu yaxşı bilmiş olaydın indiyəcən. Mən belə xırda şeylərin fikrini çəkən adam deyiləm. Əsla. Xəstələnməyimin də səbəbi bu deyil.
Salman tutulan kimi oldu.
– Mən zarafat elədim, professor. Mən...
– Başa düşürəm, Salman. Zahirən səndə də olmasa, məni yaxşı tanımayan adamlarda bu təəssürat ola bilər. Mən tamam ayrı şeyin fikrini çəkirəm.
– Nədir o elə, professor? — Nadirə xanım soruşdu. Aslan dərindən ah çəkib söylədi:
– Mən... bilirsinizmi, bunun dərdini çəkirəm ki, institutumuz... qədirbilməz adamın əlinə düşüb... Nurəddin, hayıf ki, dərin düşünməyən, adamların qabiliyyətini, ləyaqət və mənliyini qiymətləndirmək istedadından məhrum adamdır, Salman. Mən bunu təkcə sizə deyirəm, siz məni başa düşərsiniz. Başqalarının yanında dilimə də gətirmərəm. Çünki ayrı cür anlaya bilərlər məni. Mən o institutun kadrlarının hərəsinin üstündə yarpaq kimi əsmişəm. Hamını öz dilində dindirmişəm, hər kəsə çəkə biləcəyi yükü vermişəm və bir kəsin də xətrinə dəyməmişəm. Məhz buna görə də hamı başını salıb aşağı, işləyib, yazıb yaradıb. İnstitutumuz akademiyanın institutları arasında ən çox məhsul verən bir institut olub. Sən təsəvvür elə ki, bax, bu bağı görürsən — əlimin zəhmətiylə, qayğımla əmələ gətirib gülüstana döndərmişəm. İndi bir maşını burax bura — əzib töksün, sındırsın, dağıtsın, desin burada heç nə yoxdur. Mənim ürəyim partlar onda. Nurəddin Osmanzadə mənim illər uzunu qayğıyla, həvəslə, sevə-sevə yaratdığım o gülüstanı deyəsən öz kobud əlləriylə dağıtmaq istəyir. İnkar edir, heç nəyi və heç kəsi bəyənmir. Ona elə gəlir ki, orada yeganə alim o özüdür, qalanlar hamısı dövlətdən havayı pul alan müftəxorlardır. Bu məni çox pərişan eləyir, Salman! Belə gedərsə... o institutda alim qalmayacaq. Hərə başını götürüb bir tərəfə qaçacaq. Bir də onda ayılacaq ki, görəcək bir özüdü, bir də özüdü. Belə getsə... mən də gedəcəyəm oradan, Salman!..
– Nə danışırsınız, professor? — deyə Nadirə təşviş içində soruşdu. — Siz o institutun yaraşığısınız, hamı sizi sevir, hörmət eləyir. Siz getsəniz...
Salman da arvadının sözünə qüvvət verdi:
– Yox, professor, kimdi sizi buraxan?...
– Bilirsiniz, biz qələm adamıyıq, fikir adamıyıq. Bizim könlümüzə toxunanda, bizim inamımızı öldürəndə.. biz ölürük, işləyə bilmirik. Bizim qədrimizi bilməyəndə, bizə qayğı göstərməyəndə, ilhamımız sönür, qələmimiz korşalır və hətta bəzən xaric də vurur. Nurəddin kimi adamlar öz kobud rəftarı, dar düşüncəsi, soyuq qəlbi ilə bizim fikir-məfkurə dünyamıza ağır zərbələr endirirsə, demək, onlar özgə dəyirmanına su tökür. Bunun qabağı vaxtında alınmasa, fəna nəticələr verə bilər...
– Doğrudur, professor — Nadirə professorun susduğunu görüb dilləndi. — Nurəddin bu vəzifəyə qətiyyən layiq adam deyil. Direktor hər şeydən əvvəl gözəl insan olmalıdı, rəhbərlik elədiyi kollektivin hər birinin üstündə sizin kimi əsməlidi. Amma o.. gəldiyi heç bir il deyil, çox adamın ürəyinə toxunub, lap sındırıb. Bu adam elə bil pislik eləmək üçün yaranıb — pislik eləməkdən sanki ləzzət alır. Mən bizim Salmanın məsələsi ilə əlaqədar olaraq, neçə vaxtdı ona göz qoyuram. Kişini məhv eləməyə hazır idi.
– Doğrudan, o işin axırı nə oldu?..
– Elə onu deyirəm də... Bu gün komissiya öz rəyini söylədi. Təsdiq elədi ki, həqiqətən Salman Mirzə Yanarın əsərini oğurlayıb öz adına çap elətdirib. Komissiya bu hökmü, söyləyəndə mən Nurəddinin gözlərində təəssüf, hayıfsılanmaqdan çox, sevinc görürdüm — qələm yoldaşı yıxılıb, onun taleyi həll olunur
– o isə vicdansızcasına sevinir. Bu, insanlıqdan uzaqdır, bu, vicdansızlıqdır, məncə.
– Demək, təsdiq olundu ki... — Aslan rəngi avazımış halda Salmana baxdı. — Təsdiq olundu ki.. — sanki sözünün mabədini söyləməyə ürəyi gəlmirdi, qorxurdu.
– Yox, professor. Salman elə çiy iş tutan adamdımı məgər? Sən demə...
Salman arvadının sözünü kəsdi:
– Qoy arxasını mən danışım, Nadirə, sən canın. Hə, onlar ki çıxış eləyib öz hökmlərini bildirdi, birdən elə bil yatmışdım, yuxudan ayıldım. Dedim hələ o qovluğu verin mənə, bir baxım ona... Alıb baxıram, görürəm adə, öz əlyazmam. Həmin kitabımın əlyazması... İnanırsan, sevindiyimdən az qaldım ağlayam. Amma özümü saxladım. Dedim Salman, sənə yaraşmaz... Otuz il bundan qabaq yazdığım saralmış vərəqlər... Mənim taleyimi uşaq-muşağa tapşır, özün də ləzzət al. Axı onlar hardan bilərlər, hə? Sabah mən yox, Nadirə, sən özün mənim o köhnə əlyazmalarımdan bir neçəsini apararsan, o qor-qoduğa göstərərsən. Qoy inansınlar ki, xətt mənim xəttimdir. İnanmasalar, aparıb versinlər ekspertə.»
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-vefalim-menim-birinci-hisse-on-altinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Uzun,üstünə bəzəkli müşənbə salınmış stolun arxasında qabaq-qənşər iki adam oturmuşdu. Ev yiyəsi Müseyib idi ⎯ başının sarı saçları seyrəlib tökülmüşdü, kipgirdə ətli sifəti, qonur, qaynar gözləri qəribə bir parıltı ilə yanırdı. Qonağı ⎯ Nəzər müəllimdi. Gözlənilməz qonaq idi. Müseyib küçə qapısında təsadüfən rast gəlmiş, belə fürsəti çoxdan gözləyən adam kimi, hədsiz sevinc içində onun qoluna girmiş, demək olar ki, kişini zorla çəkib həyətə salmışdı. Nəzərin ilk anlardakı çaşqınlığı az sonra keçib getmiş, qırışığı açılıb sərbəstləşmişdi. Yanıyca yan basa-basa yeriyən ev sahibi darvaza arxalarınca öz-özünə çırpılan təki gövdəsinə qətiyyən yaraşmayan cır səslə üzünü eyvan tərəf tutub hay-küylə demişdi:⎯ Ay uşaq, ay Simuzər, gör bizə kim gəlib! Elimizin ağsaqqalı, bizim Qəribin atası.
Üçüncü hissə, üçüncü fəsilDünyası alt-üst olmuşdu: Müseyibgildən çıxandan sonra hələ də özünə gəlməmişdi ⎯ sərxoş adamkimiydi. Hara getdiyini, nə elədiyini bilmirdi. İçində söyüb-söylənirdi: «Gərək getməyəydim, görməyəydim, tikəsini kəsməyəydim o namərdin, o qeyrətsizin!»Gördükləri heç ⎯ bunlar aydın idi. Yedikləri də heç ⎯ bunlar da olan şeylər idi. Eşitdiklərindən isə təkcə o ailənin Qəribi tanıması onun əlini-ayağını yerdən üzmüşdü. Gərək öyrənəydi, soruşaydı. Elə bil dilinə qıfıl vurmuşdular, tilsimə salmışdılar Nəzəri orda! «Deyəsən, torbada pişik var! Deyəsən, uşağa qırmaq atıblar. Bizim oğlan da tamahkardı, köpək oğlu. Mənə yox, babasına oxşayıb! Tamahkarın da başına ip salıb istədiyin yerə sürümək çox asan işdi. Yox! Nə qədər gec deyil, məsələ yoğunlamayıb, bunun qabağını almaq lazımdı».
Üçüncü hissə, dördüncü fəsilPayız günəşi gözəl idi; adama ləzzət eləyirdi. Güllərin çoxu solmuşdu, ağacların yarpaqlarına sarı xallar düşmüşdü, arxlar xəzəllərlə dolurdu yavaş-yavaş. «Ənvər bağı»nın hüznlü çağları başlayırdı.Şairin heykəlinin böyründəki oturacaqda ikisi ⎯ Nəzər müəllimlə Süleyman yanbayan əyləşmişdi. Nəzərin qanı qaraydı ⎯ oğlunun eləcə, ədəb-ərkan gözləmədən, gözlərinin içinə: «İki dünya bir olsa da, qızı alacağam!» ⎯ deyib getməsi əl-ayağını yerdən üzmüşdü, ancaq bununla belə evdə-ailədə olan söz-həkəti dilinə gətirib katibə danışmağı şəninə sığışdırmamışdı. Süleyman isə görürdü ki, müəlliminin ürəyi nəsə doludu, sözlü adama oxşayır, özü qəsdən qoluna girib yönünü «Ənvər bağı»na çevirmişdi. Elə onun da Nəzərə deyiləsi sözü vardı: «Bağ yaxşıdı, girib-çıxan, zəng eləyən-filan yoxdu!..»
Üçüncü hissə, beşinci fəsilSüleymanla o günkü söhbətindən sonra Nəzər yaman pərt olmuşdu. Ümidsizləşmişdi. «Yox, düzələnə oxşamır!» ⎯ deyirdi öz-özünə.⎯ Nəzər müəllim, olar? ⎯ Qapının ağzında başına uzun dimdikli kepka qoymuş, arıq, üzü çil-çil, sarı bığlı bir oğlan göründükdə Nəzər qələmi yerə qoyub armudu stəkanı qaldırdı:
Poems by other poets
از جان و دلم انده دیرینه برآید
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Salıbdı möhnəti-hicrin bir özgə halə məniSalıbdı möhnəti-hicrin bir özgə halə məni,Edibdi dərdü-qəmü-qüssəyə həvalə məni.
Uca dağların başındaUca dağların başında,Duman olu, çiskin olu.