Birinci hissə, on altıncı fəsil
Page 3 of 3 · 67%
– Yaxşı, apararam, Salman. Ancaq sən çıxdın, xəbərin olmadı, mən ona — Nurəddinə yaxşı sözlər dedim. Nə isə, professor düz deyir, Nurəddin təmiz adam deyil. Subyektivlik onun axırına çıxacaq. Xoşu gəlməyən, gözünə xoş görünməyən düşmənidir. Yadınızdadırmı, Xəzəri siz götürmüsünüz instituta.
– Hə, hə, yadımdadı. Yaxşı savadlı oğlandı. Gələcəyinə böyük ümid bəsləyirəm onun. Gərək ki, iki dəfə də xaricdə mütərcim kimi işləyib. — Bəli, elə biz hamımız onun haqqında müsbət fikirdəyik. Əsərini yazıb, şöbədə müzakirə eləmişik. Rəhbəri də Moskvadan müsbət rəy yazıb göndərib. Keçən həftə elmi şuradan keçməli, müdafiə şurasına göndərilməli idi. Gündəlikdən çıxartdı Nurəddin. Çağırdı oğlanı və bizim yanımızda uşağa açıqca dedi ki, mən nə qədər burdayam, sənin əsərini buraxmayacağam. Gedə bilərsən. Zatən, tərbiyəli, başıaşağı bir oğlan olan Xəzər heç nə demədən elmi şuradan çıxdı.
– Siz də susdunuz, hə?.. — Təsəvvür edin ki, susduq, professor.
– Hə, bu, çox pisdir, Nadirə xanım, olduqca pisdir. Yaxşı, sizlə münasibəti o qədər də yaxşı deyil, sizi başa düşürəm. Bəs elmi şurada bir kişi yox idi ki, soruşsun, niyə, yoldaş Nurəddin Osmanzadə?
– Təsəvvür edin ki, heç kəs dillənmədi... Deyəsən, hamının gözünün odunu alıb. Heç kəs ağrımaz başına buz bağlamaq istəmir.
– Belə şey olmaz, yox, olmaz. Bəs kadrlardan hər iclasda ağızdolusu danışan adamın nə haqqı var belə eləsin?! Onda hamısı boş söz-söhbətdir, gözdən pərdə asmaqdır.
Salman dedi:
– Hələ Sakit Aranlının da xətrinə dəyib!...
– Yox əşi? O ha...
– Hə, siz onunçun yaxşı şərait yaratmışdınız. Nə vaxt istəyirdi, gəlirdi, nə vaxt istəyirdi gedirdi... O, alimdən çox yazıçıdır. Özü də oxunan yazıçıdır.
– Bəli, mənim tələbəm olub. Qabiliyyətli adamdır.
– Hə, ona deyib ki, səhər saat doqquzdan axşam beşəcən burda oturmalısan. Mən yazıçı-mazıçı tanımıram. Sən burdan ayda üç yüz manat pul alırsan, əvəzində də işləməlisən, vəssalam...
– Guya o işləmir? Mən bilən, o hər il öz planlarını artıqlaması ilə və yüksək keyfiyyətlə yerinə yetirir.
– Bəli, yetirir. — Nadirə xanım bir şöbə müdiri kimi cavab verdi.
– Baho... Şairdi, yazıçıdı, gərək bunlara həmişə hörmət eləyəsən. Nədən ki, onlar bizim bugünkü ədəbiyyatımızın canlı, fəal yaradıcılarıdır. Məgər bizim sənətkarlarımızın hamısı Yazıçılar İttifaqında işləyir? Yox. Çoxu orda-burda, maaş xatirinə işləməyə məcburdur və o idarələrdə onlar üçün xüsusi şərait yaradırlar hörmət naminə. Nurəddin nahaq Sakitin xətrinə dəyir. O unudur yəqin ki, yazıçıya, şairə edilən pislik də yaddan çıxmır, yaxşılıq da. Siz ədəbiyyat tarixini yaxşı bilirsiniz, Sultan Mahmud Qəznəvi Firdövsiyə pislik elədi — böyük şairi aldadıb təhqir etdi. O, Mahmuda elə bir həcv yazıb ki, indi də oxuyub o nalayiq sultanı nifrətlə yad edirsən. Sultan Mahmud bu hərəkətiylə adını bədnam elədi tarixdə. Bu, onun nadanlığı idi.
– Nurəddin Sultan Mahmuddan bir az ağıllı hərəkət eləyir
– o, yazıçıya pislik edirsə, şairə də yaxşılıq eləyir. — Salman İltifatın iclasda dediyi sözləri xatırlayıb odlandı və onun kölgəsini qamçılamaq istədi.
– Şair kimdir?
– O dombagöz oğlan yoxdur? Akademik Hüseyn Abışovun oğlu. Mən gəlib sizdən xahiş eləmədim ki, onu götürək? Atası ölüb, yazıqdı, cavandı, arada-bərədə itib batmasın?
– Hə, hə, xatırlayıram. İltifat Abışovu deyirsən...
– Bəli.
– Fu, Salman, sən yaxşı bilirsən, mən az-çox adam tanıyanam. Elə ilk gündən o gədə mənə pis təsir bağışladı — o, yaltaqdı məncə. Elə deyil, düz demirəm?
– Tamamilə düz deyirsiniz, professor. Təkcə yaltaq olsa yaxşıdı. Simasızdı, şəxsiyyət deyilən şey yoxdur onda. Nurəddin haqqında şer yazıb. İndi də poema yazır. Nurəddin də onun sözü ilə oturub durur, irəli çəkir. Bu yaxınlarda onun tapşırığı ilə İltifatı partiya bürosunda divar qəzetinə redaktor seçiblər.
– Əşi, bu elə bir şey deyil.
– Elə mən də elə düşünürəm. Amma bu yaltaq bundan da istifadə edir — rəsmi mətbuatda elədiyi yaltaqlıqdan ürəyi soyumur, divar qəzetində də ona mədhiyyələr yazır...
– Vay, vay, hayıf...
Nadirə xanım başqa bir yeniliyi də professorun nəzərinə çatdırmağı lazım bildi:
– İntiqamı da çıxartdı Nurəddin!
– Çıxartdı? — Professor divandan durub belini düzəltdi. — Elə şey olmaz, canım?
– Bəli... çağırıb deyib mən səninlə işləyə bilməyəcəyəm. O da ərizəsini verib.
– Bəs...
– Yerinə deyirsiniz? Yerinə dostu Sultan Sultanovu gətirdi.
– Dayan, dayan, O hansı Sultandı? Yoxsa o dördüncü mərtəbədəki Sultandı?
– Bəli, bəli. Özüdür ki var!....
– Hm.. — Aslan təsbehini çevirə-çevirə ortalıqda gəzindi.
– Belə!.. Demək İntiqamı çıxartdı..
– Hə, birinci gün iclasda elədiyi çıxış xoşuna gəlməmişdi...
– İntiqam işləyən adamdı. Amma bu Sultanı yaxşı tanımıram. Bir onu bilirəm ki, o, bizim sahənin adamı deyil.
Nə bizim kadrlarımıza, nə də əsərlərimizə qiymət verə biləcək o!
...Gecə saat on birə qədər söz-söhbət uzandı. Qalxıb getmək istəyəndə ər-arvad bərk-bərk yapışdı ki, qalsınlar. Yer var, yorğan-döşək var. Ancaq Nadirə razılıq vermədi. Salmanlıq olsaydı, qalardı.
– Yox, gedək, Kiçikxanım bacı. Ceyhun evdə təkdi...
– Gərək gələndə uşağı da gətirəydiniz, sabah da istirahət günüdü, qalardız.
– Sağ ol, bacı. Gələn dəfə hamımız gələrik. Gecə də qalarıq. Ancaq indi gedək. Nə isə uşaqdan nigaranam...
Sağollaşdılar. Salman maşını işə saldı, işıqları yandırdı. Aslan da, Kiçikxanım da darvazanın qabağında yanaşı dayanmışdı.
Kiçikxanım ərinin qolundan tutmuşdu. Gur işıq gözlərini qamaşırırdı...
Nadirə Salmanın yanında oturdu bu dəfə. Yola düşdülər... İki qoca uzaqlaşan maşının zəifləyən işığında əl eləyirdi. Maşın asfalt yola çıxan kimi Salman kefi kök halda sağ əlini arvadının buxağında, sinəsində gəzdirib:
– Gəlsənəm heç bu gün getməyək evə. Düz sürək bağımıza. Gecəni yataq qalaq. Könlümə yaman çaxır düşüb, arvad. Özü də gör nə vaxtdı səninlə ikilikdə bağa gəlmirik, gecələmirik, cavanlıq vaxtlarımızı yada salmırıq. Hə, Nadirə, necə fikirləşirsən?!
– Yox, Salman, sən allah, gedək evimizə. Evdə çaxırın yoxdu məgər? Evdə içərsən, nə isə narahatam!
– Ceyhundan sarı?
– Hə,
– Eh, Ceyhuna nə olacaq. Guya birinci dəfədi tək qaldığı?.. Qapını bağlayıb yatacaq da... Maşallah, yekə kişidi. Yox ey, gedək. Bu gün kefim kökdü, arvad. Düşmənlərimin əlini quru yerdə qoymuşam, İstəyirəm bu gün möhkəmcə içəm. Həm də... Sən yaman başıma düşübsən, arvad. Darıxmışam sənin üçün.
Nadirə xanım qımışıb yumşaldı. Salman yolun ortasında maşını hərləyib ağzını bağa — Bilgəhə sarı döndərdi... Heç nə demədi... Əslində, bu, onun da ürəyincə idi. Haçandı bir-birinə yad adamlar kimi yaşamışdılar. Salman elə öz kabinetində yatmışdı, Nadirə xanımın yataq otağına gəlməmişdi. Həftələr, aylar keçdikcə bir-birindən soyumuş, uzaqlaşmışdılar. Bax, bunu görürmüş Ceyhun. Bax, buna görə deyirmiş ki, «hanı sizin ailəniz? Belə də ailə olar? Hərəniz özü üçün yaşayır!» — həm də Nadirə özü də üç-dörd saat əvvəl, Buzovnaya gələrkən Salmana məgər bunları demirdimi? «Salman, qurban olum...»
Gecə idi, xoş, gözəl aprel gecəsiydi və Bilgəhə gedən şüşə kimi asfalt yolda bir dənə də maşın yox idi. «Volqa» uçurdu...
...Gecə, saat üçə işləmiş, Nadirə xanım böyründə xorna çəkib şirin-şirin yatmış Salmanın yanında qalxıb oturdu. Elə bil, kimsə əlini sinəsinin içinə salıb, ürəyini sıxcalayırdı. Nəfəsi çatışmırdı. Nədənsə gündüz, işin axırından indiyə qədər qəlbinə axıb dolmuş o qəribə və anlaşılmaz nigarançılıq, sıxıntı, bax, bu an fikrində konkretləşib dəqiqləşdi — elə bil, gözüynən gördü — Ceyhun ölüb! Bu nə hiss idisə həqiqət idi, yaxud həqiqətəbənzər bir şey idi. Ceyhun ölüb! Hələ bir az əvvəl bəs deyincə bağ çaxırından içib sərxoş olmuş Salmanın qolları arasında çırpınarkən da o, bütün varlığı, qəlbi ilə burda — Salmanın yanında deyildi, evdə, Ceyhunun yanındaydı. Ayrı vaxt olsaydı ayıq olsaydı, bu qədər ayrılıqdan sonra arvadının belə buz kimi soyuq olması bəlkə də Salmanı əsəbiləşdirərdi, «o məni daha sevmir! Bütün bunlar əbəs şeylərdi» — deyə düşünərdi. Ancaq Salman indi belə nöqtələr barəsində fikirləşəsi halda deyildi.
Nadirə xanım qeyri-adi bir cəldliklə ayağa qalxdı, çarpayıdan düşüb işığı yandıraraq gecə köynəyini soyundu, paltarını tələsik geyinib Salmanı silkələdi. — Salman, Salman...
Salman ağır yatmışdı, eşitmədi. Nadirə bir də çiynindən yapışıb tərpədəndə o, çevrildi, nə isə anlaşılmaz bir söz dedi və yenidən xoruldamağa başladı. Onun oyanmayacağını, oyansa da sərxoş halda heç yana tərpənə bilməyəcəyini anlayanda, Nadirə bəxtinə nifrətlər yağdırıb hirsindən ağladı. Otağın içində ora-bura vurnuxub iri yazı masasına sarı cumdu, qələmi götürüb yarımçıq səhifənin aşağısına iri hərflərlə: «Mən getdim evə. Səhər özün gələrsən. Ceyhuna nə isə olub!» — sözlərini yazdı. Salmanın stolunun dirsəyinə keçirilmiş pencəyinin cibindən açarı götürərək işığı da söndürməyi unudub başılovlu pilləkənləri demək olar ki, qaça-qaça düşdü, maşına sarı cumdu. Arxasıycan həyət darvazasını da bağlamadı. Maşın hasarlar arası ilə uzanan qum yoldan çıxıb asfalta çıxdıqdan sonra quşa döndü.
Necə gəldiyi, hansı yolla gəldiyi yadında deyildi. Həyətdə maşından düşüb qaçaraq pillələri çıxdı: tövşüyürdü, «ay allah, sağ-salamat olaydı balam!» —deyə-deyə açarla qapını açıb içəri girdi. Tez işığı yandırdı və... parket döşəmənin üstə donub qurumuş qan örtüyünün içində üzüqoylu, hərəkətsiz uzanmış Ceyhunu görəndə... elə qışqırdı ki, az qala pəncərə şüşələri cingildədi:
– Ceyhun, Ceyhun...
Elə bil hardasa çox uzaqlarda olan oğlunu səslənirdi. Halbuki o burda idi, gözünün qabağında idi, qan içində «yatmışdı» və anasının ağlar səsini eşitmirdi... Divarlar sanki fırlandı və o, tappıltı ilə... yerə dəydi.
Kitabxana.az · https://kitabxana.az/en/works/elibala-hacizade-vefalim-menim-birinci-hisse-on-altinci-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Uzun,üstünə bəzəkli müşənbə salınmış stolun arxasında qabaq-qənşər iki adam oturmuşdu. Ev yiyəsi Müseyib idi ⎯ başının sarı saçları seyrəlib tökülmüşdü, kipgirdə ətli sifəti, qonur, qaynar gözləri qəribə bir parıltı ilə yanırdı. Qonağı ⎯ Nəzər müəllimdi. Gözlənilməz qonaq idi. Müseyib küçə qapısında təsadüfən rast gəlmiş, belə fürsəti çoxdan gözləyən adam kimi, hədsiz sevinc içində onun qoluna girmiş, demək olar ki, kişini zorla çəkib həyətə salmışdı. Nəzərin ilk anlardakı çaşqınlığı az sonra keçib getmiş, qırışığı açılıb sərbəstləşmişdi. Yanıyca yan basa-basa yeriyən ev sahibi darvaza arxalarınca öz-özünə çırpılan təki gövdəsinə qətiyyən yaraşmayan cır səslə üzünü eyvan tərəf tutub hay-küylə demişdi:⎯ Ay uşaq, ay Simuzər, gör bizə kim gəlib! Elimizin ağsaqqalı, bizim Qəribin atası.
Üçüncü hissə, üçüncü fəsilDünyası alt-üst olmuşdu: Müseyibgildən çıxandan sonra hələ də özünə gəlməmişdi ⎯ sərxoş adamkimiydi. Hara getdiyini, nə elədiyini bilmirdi. İçində söyüb-söylənirdi: «Gərək getməyəydim, görməyəydim, tikəsini kəsməyəydim o namərdin, o qeyrətsizin!»Gördükləri heç ⎯ bunlar aydın idi. Yedikləri də heç ⎯ bunlar da olan şeylər idi. Eşitdiklərindən isə təkcə o ailənin Qəribi tanıması onun əlini-ayağını yerdən üzmüşdü. Gərək öyrənəydi, soruşaydı. Elə bil dilinə qıfıl vurmuşdular, tilsimə salmışdılar Nəzəri orda! «Deyəsən, torbada pişik var! Deyəsən, uşağa qırmaq atıblar. Bizim oğlan da tamahkardı, köpək oğlu. Mənə yox, babasına oxşayıb! Tamahkarın da başına ip salıb istədiyin yerə sürümək çox asan işdi. Yox! Nə qədər gec deyil, məsələ yoğunlamayıb, bunun qabağını almaq lazımdı».
Üçüncü hissə, dördüncü fəsilPayız günəşi gözəl idi; adama ləzzət eləyirdi. Güllərin çoxu solmuşdu, ağacların yarpaqlarına sarı xallar düşmüşdü, arxlar xəzəllərlə dolurdu yavaş-yavaş. «Ənvər bağı»nın hüznlü çağları başlayırdı.Şairin heykəlinin böyründəki oturacaqda ikisi ⎯ Nəzər müəllimlə Süleyman yanbayan əyləşmişdi. Nəzərin qanı qaraydı ⎯ oğlunun eləcə, ədəb-ərkan gözləmədən, gözlərinin içinə: «İki dünya bir olsa da, qızı alacağam!» ⎯ deyib getməsi əl-ayağını yerdən üzmüşdü, ancaq bununla belə evdə-ailədə olan söz-həkəti dilinə gətirib katibə danışmağı şəninə sığışdırmamışdı. Süleyman isə görürdü ki, müəlliminin ürəyi nəsə doludu, sözlü adama oxşayır, özü qəsdən qoluna girib yönünü «Ənvər bağı»na çevirmişdi. Elə onun da Nəzərə deyiləsi sözü vardı: «Bağ yaxşıdı, girib-çıxan, zəng eləyən-filan yoxdu!..»
Üçüncü hissə, beşinci fəsilSüleymanla o günkü söhbətindən sonra Nəzər yaman pərt olmuşdu. Ümidsizləşmişdi. «Yox, düzələnə oxşamır!» ⎯ deyirdi öz-özünə.⎯ Nəzər müəllim, olar? ⎯ Qapının ağzında başına uzun dimdikli kepka qoymuş, arıq, üzü çil-çil, sarı bığlı bir oğlan göründükdə Nəzər qələmi yerə qoyub armudu stəkanı qaldırdı:
Poems by other poets
از جان و دلم انده دیرینه برآید
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
Salıbdı möhnəti-hicrin bir özgə halə məniSalıbdı möhnəti-hicrin bir özgə halə məni,Edibdi dərdü-qəmü-qüssəyə həvalə məni.
Uca dağların başındaUca dağların başında,Duman olu, çiskin olu.