Page 3 of 3 · 67%

Amma indi budur, Regina deyilən bu qəşəng qız Süleymanın yanına gəlib-gedirmiş yəqin... Ceyhunu fikir aparmışdı. «Demək, Regina Süleymanın olub haçansa, indi onun olan kimi, ilahi, bu həyat deyilən şey necə də maraqlıdır, necə də anlaşılmazdı «Dublyonkanın bir qolunun pulunu bax o divardan bizə baxan Süleymançik verib». Necə də deyir, necə də boynuna alır! Başqası olsa gizləyər, amma bu açıq deyir! Onun fikrincə, bütün bunlar dəhşətli deyil, ən dəhşətlisi bu cür tikə-tikə qazanılan pulu üst-üstə yığıb saxlamaqdı, Malış!»

Bu elə nöqtə idi ki, Ceyhuna da aydın idi. Son cümləsi. Pul saxlamaq məsələsi. O da pul saxlaya bilmirdi. Su kimi axıb gedirdi pul. Salmandan, Nadirədən aldığı icazəsiz götürdüyü pulları bir yerə yığmış olsaydı, indi bir «Jiquli» ala bilərdi.

– Düz deyirsən... Bəs harda işləyirsən? Ya heç işləmirsən?

– Niyə işləmirəm? Uşaq bağçasında tərbiyəçi işləyirəm...

Qapının ağzındakı telefon səsləndi. Onlar səksəndilər — başları elə qarışmışdı ki, Samir tamam yaddan çıxmışdı. Ceyhun şalvarını tələsik keydi, köynəyinin düymələrini bağlaya-bağlaya telefona sarı qaçdı. Dəstəyi götürüb:

– Hə, gəl, — dedi. Sonra Reginaya tərəf döndü.

– Samikdir. Gəlir...

Regina qalxdı. Saçlarını, üst-başını səliqəyə sala-sala:

– Ancaq aramızda olanı o bilməsin ha, yaxşımı — dedi.

– Yaxşı...

Sonra o, sol qolundakı balaca qızıl saata baxdı.

– İki saatdı səninləyəm. Düz iki saat üç dəqiqədi, Malış. Ceyhun bura gələrkən Reginanın söylədiyi sözləri xatırladı və cibindən üç dənə qırmızı onluq çıxarıb verdi. Regina pulları qoynunda gizlətdi və əyilib Ceyhunun alnından öpdü.

– Telefonumu yaz. İstədiyin vaxt zəng elə. Gələrəm.— Nömrəsini söylədi, Ceyhun yazmadı.

– Yadımda qalar...

Samir əlində tava içəri girdi. Tavanın üstəki qəzet bükülüsündə çörək, duz, şokalad və turşu vardı. Onları stolun üstə qoyub Ceyhuna, Reginaya yoxlayıcı bir nəzər salaraq gülümsündü. Yavaşca Ceyhundan soruşdu:

– Bir şey çıxdı?

Ceyhun pörtmüşdü. Gözlərindən xoşbəxtlik yağırdı. Üzünə baxmamağa çalışırdı.

– Yox... — dedi və yalanından özü də utandı.

– Eh, bu olmadı ki, səhərdən mən də deyirəm... — Süfrəni səliqəyə saldı. Regina gəlib stolun kənarında əyləşərək piyalələrə konyak süzdü.

– Biz adama iki dənə içmişik, Samik, — dedi və üzünü Ceyhuna tutdu: — Malış, götür içək. Sənin dostunun sağlığına. Gör nə qədər əziyyət çəkib. Xörək bişirib. Sağ ol, Samik. — Sonra ona sarı döndü. — Sənin dostun xoşuma gəldi. Sən gedəndən oturub söhbət eləyirik. Çox ağıllı oğlandı. Samir piyaləni götürdü:

– Əlbəttə, profeosor Salman Qurbanzadənin oğlu gərək ağıllı olsun. Başqa cür ola bilməz.

Samirin bu sözlərindən Regina öyrəndi ki, Malış professor oğludur və özünü ürəyində məzəmmət elədi ki, niyə bayaqdan onun kimin oğlu olduğunu soruşmayıb? Bu, ümumiyyətlə, Reginanın təbiətinə zidd idi. Kişidi, pulu da var, vəssalam. Kimliyinin o qədər də əhəmiyyəti yoxdur.

– Mən sizin sağlığınıza içirəm, Regina xanım. Siz bura təzədən xoş gəlmisiniz.

– Sağ ol, Samir.

İçdilər, Ceyhun hərəsinin qabağına bir şokalad qoydu. Yedilər. Sonra xörəyə girişdilər. Samir şüşənin dibindəki konyakı süzdü. Sözsüz-sovsuz toqquşdurub içdilər.

Ceyhun nə üçünsə yan otağa keçdi. Fürsətdən istifadə eləyən Regina yavaşcadan Samirə söylədi:

– Sabah altıda... gələcəyəm sənin yanına. Yaxşı? Samir bayaqdan, üzə vurmasa da pərt idi... Heç ağlına gəlməyən bir yerdə, gözlənilmədən, adi bir təsadüf üzündən o, atasının vaxtilə «adamı» olmuş bir qadınla rastlaşmışdı və bu ona çox qəribə gəlirdi ki, həmin qadın sabah saat altıda onun yanına gələcəyini vəd eləyirdi. Doğrudur, Regina bilmirdi ki, Samir onun böyük ərklə «Süleymançik» adlandırdığı o «xəsis» kişinin oğludur. Bilsəydi, bəlkə də bu təklifi eləməzdi. Kim bilir, bəlkə də onun üçün bunun heç bir fərqi yox idi. Amma axı indi, bu qısa tanışlıqdan sonra aydın olmuşdu ki, atası Süleyman bu qadınla çox güman ki, lap yaxın olub!.. Necə eləsin, «hə» desinmi, «yox» desinmi?

Samir odla su arasında qalmışdı. Ürəyi Reginanı istəyirdi, onunla oturub danışmaq, yeyib-içmək maraqlı olardı. Bu yandan da Ceyhun onu çaşdırmışdı. Samirə aydın idi ki, o — Ceyhun nə isə yalan danışır.

Samir anlaşılmazlıq içində çırpınarkən Regina saçlarını çiynində əsdirib yavaşcadan:

– Niyə susursan? İstəmirsən? — dedi. — Gəlimmi saat altıda?

Samir ağızucu:

– Yaxşı... — deyə mızıldandı.

– İndi mümkün deyil...

Bu zaman qapı döyüldü. Ceyhun Samirdən tez özünü qapıya sarı atdı, ayağa qalxmış Samirə sual dolu nəzərlərlə baxıb «Bu kim, ola?» deyə soruşduqda o:

– Yəqin Salehdir, — dedi. — Ondan başqa bura gələn olmaz. Aç, qoy gəlsin.

Ceyhun qapının cəftəsini geri çəkdi. Doğrudan da Saleh idi. İçəri girən kimi, əllərini hovxura-hovxura stol arxasında oturanlara nəzər saldı. Dönüb yanındakı Ceyhuna baxdı:

– Məclis arəstə imiş ki?... Bəs mənə niyə xəbər eləməmisiniz?

– Samir zəng elədi, yox idin... — Ceyhun Salehin belə məsələlərdə tez küsüb inciyən olduğunu bildiyindən əlüstü bir yalan uydurdu.

– Hə, yox idin. Biz də elə təzə gəlmişik.

Saleh onların sözünə əhəmiyyət verməyərək stola yaxınlaşdı. Ceyhunun, Samirin başı Salehə qarışıq olduğundan Reginaya baxa bilməmişdilər. Baxsaydılar, Reginanın boğazının quruduğunu, rənginin qaçdığını görərdilər. Saleh, pıjik papağını çıxarıb Reginanın qənşərində köhnə rıtsarlar kimi qıçlarını büküb təzim elədi və rişxəndli bir tərzdə:

– Səni burda, dostlarımın məclisində görməyimə çox şadam, Regina Abramovna, — söylədi. Regina boğazında ilişib qalmış tikəni udub başını tərpətməklə cavab verəndə Samir:

– Siz tanışsınız? — deyə soruşdu.

Ceyhun böyümüş gözlərilə gah yerində quruyub qalmış Reginaya, gah da qara, çapıq sifətində bir qəzəb gəzib dolaşan və sol yanağı tez-tez səyriyən Salehə baxır, bu gözlənilməz gəlişdən bircə anda hər şeyin necə dəyişdiyinə təəssüf eləyirdi. O, fikirlərini əməlli-başlı cəmləşdirməmiş Salehin amiranə səsi eşidildi:

– Dur ayağa, tez, tez. Qalx sənə deyirəm!..

Regina müti bir qul kimi cəld ayağa qalxdı. Asılqana tərəf addımladıqda Saleh onun qolundan tutub saxladı nə başı ilə Ceyhunu, Samiri göstərib:

– Bunlar sənə toxunmayıblar ki? — soruşdu. Regina qorxu içində əsə-əsə:

– Yox—dedi. Saleh onu itələdi. Regina düz asılqanın yanında bənd aldıqa Saleh yolaşlarından qəzəblə xəbər aldı:

– Ona toxunmamısınız ki?..

Samir:

– Yox, — dedi.

Ceyhun başını buladı:

– Yoox...

– Ona əl vuranın anasını ağlar qoyaram, — dedi. — Bağırsaqlarını çölə tökərəm. Bildiniz?

Uşaqlardan səs çıxmadı. Saleh kürkünü geymiş Reginaya qışqırdı:

– Rədd ol burdan! Düz birbaş evə! Səninlə evdə danışacağam, svoloç, haydı!.

Regina qapıdan özünü güllə kimi bayıra atdı.

Yaranmış vəziyyət gərgin idi. Samir dilxor olmuşdu.— «Bu hayandan gəlib çıxdı? Heç əməlli-başlı tanış ola bilmədim. Yaxşı idi, yox, çox qəşəng idi zalımın qızı. Görünür, pis qadındır. Bir vaxt atamın yanına gəlib-gedirmiş. İndi də məlum oldu ki, Salehin adamıdır. Nə isə. Salehdən çox qorxurdu o qız; Fikir verdinmi — heç bir kəlmə də dillənmədi. Yəqin onu saxlayır Saleh. Öz arvadı kimi rəftar edirdi onunla. Buna bax, gör necə də qəzəblidir. Hələ də hirsi soyumayıb. Gedəndə, evdə onu yaxşıca kötəkləyəcək. Qoy kötəkləsin, ona o da azdı — deyə düşünən Samir, ac olduğundan, elə ayaq üstə çörək yeyirdi. Ceyhun isə... Salehə daxili bir qəzəb hissilə baxır, heç nə demirdi. «Salehin adamıymış. Mən hardan biləydim. Burda mənim heç bir günahım yoxdur. Amma bilsəydim, eləməzdim. Demək belə, Regina, o gözəl qadın Salehindi. Daha mənim yanıma gəlməz. Hayıf... Ceyhun irəli yeridi:

– Sən onu hardan tanıyırsan?

– Mən çoxdan tanıyıram, Ceyhun, onu. Bir ildən çoxdur ayda yüz manat, elə vaxt olur yüz əlli, iki yüz manat pul verirəm. Amma qancığın gözü yenə onun, bunun əlindədi.

Samir söhbətə qarışdı:

– Bəs heç bizə deməmisən, Saleh?

– Nə deyəcəyəm sizə? Belə şeyləri kişi danışmaz. Siz, hələ uşaqsınız, çox şeyi bilmirsiniz. Mən... Nə isə... İçməyə nəyiniz var?

– Konyak içmişik bir dənə. Bilmirəm orda var ya yox. Qoy baxım — deyə Samir bufetin ağzını açdı. Bir şüşə konyak tapıb gətirdi. Piyaləyə tökmək istəyəndə Saleh əliylə piyalənin ağzını örtdü.

– Bu nədi, alə? Dəvəni xəlbir ilə suvarırsan. Bir stəkan gətir.

Samir iri bir piyalə götürüb ortalığa qoydu. Doldurdu. Saleh heç kəsin piyaləsinə toqquşdurmadan və heç nə demədən konyakı başına çəkdi, şokoladdan bir tikə ağzına atıb çeynəyə-çeynəyə:

– Yaxşı, siz Reginanı hardan tapdınız? — deyə soruşdu.

Ceyhun istəmirdi o tanışlıq əhvalatını bütün təfərrüatı ilə Saleh bilsin. Anlayırdı ki, bu, onu qıcıqlandıracaq və evə dönəndə Reginanı döyəcək, ona görə Samirdən qabağa düşüb qısaca dedi:

– Mən tanış oldum. Qar topu atdım. O da mənə atdı. Tanış olduq. Gətirdik bura...

Bu vaxt qapı döyüldü. Söhbət yarımçıq qaldı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İkinci hissə, birinci fəsil

Hava qaralmışdı, dörd bir yanına ağ daşdan hasar çəkilmiş, sırayla, səliqə ilə şam ağacları, çinarlar, akasiyalar, gül kolları əkilmiş yamyaşıl parkın o qədər də enli olmayan yeganə xiyabanının sağ-solunda basdırılmış beton dirəklərin kəlləsindəki çıraqlar işıq saçırdı. Yüngül meh əsirdi, sentyabr günəşinin ağacların kölgəliyində sığınıb qalmış istisini-hərarətini qovub bağdan çıxarır, harasa uzaqlara aparırdı. İns-cins yox idi parkda. Sağ əlini irəli uzadaraq sanki ardı-arası kəsilmədən «El bilir ki, sən mənimsən» söyləyən və elə bil bundan əsla yorulub usanmayan, üz-gözündən, qırımından, duruşundan gələcək nəsillərə, qərinələrə o sadə, məhəbbətdən yoğrulmuş sözləri deyəcəyindən yorulmayacağı oxunan şairin əzəmətli heykəlinin yaxınlığındakı oturacaqda əyləşmiş Nəzər müəllimdən başqa kimsə gözə dəymirdi. Nəzərin çox yaxşı tanıdığı və illər uzunu bu parka dədəsinin bağı kimi baxan, yay-qış, səhərin gözü açılandan şər qarışana qədər, bəzən də çatdıra bilməyəndə lap axşamlar, lampa işığı altında, əlində gah bel, gah qayçı buralarda hərlənən Şirəli kişi də, onun ürəyinin atlanmış bu vaxtında tərs kimi yox idi. O, şairin heykəlinə baxa-baxa nədənsə bir az əvvəl Əmiraslanovla elədiyi söhbəti yox, bu parkı saldıqları vaxtı xatırlayırdı. Bu, uzun illər bundan qabaq olmuşdu, rayona Ənvər adlı (heyf familini unutmuşdu) bir katib gəlmişdi və o Ənvər bu parkı salmaq təşəbbüsünü qaldırmışdı. Rayonun cavanlarını, müəllimlərini, hətta kənd yeniyetmələrini və ziyalılarını bir payız günü yığıb bura tökmüşdü, işlətmişdi. İnsafən özü də əlini belinə vurub ağa kimi kənarda dayanaraq göstəriş verməmişdi, bel götürüb camaatla deyə-gülə, zarafat eləyə-eləyə işləmişdi, ağac əkmişdi, yer şumlamışdı və ən azı bir aya görüləcək işi bir günün içində başa vurdurmuşdu. Nəzər müəllim də onda məktəbin komsomolçularından bir dəstəsi ilə burda çalışmışdı. Onda müharibə təzə qurtarmışdı. Ənvər müəllimin təklifi ilə o parka «Qələbə» adı vermişdilər. Ancaq bu ad rəsmi kağız-kuğuz üstə, qəzet səhifələrində belə qalmışdı; hamı nədənsə onu «Ənvər bağı» adlandırırdı. Ənvər çoxdan çıxıb getmişdi, bəlkə hardasa uzaq bir yerdə, ya Bakıda işləyirdi, bəlkə də, kim bilir, dünyadan köçmüşdü. Çox güman ki, belə idi, çünki elə o zaman Ənvərin əllidən yuxarıydı yaşı. O, indi burda, bəlkə dünyada da yox idi, amma «Ənvər bağı» yaşayırdı. Nəzərin yaxşı yadındaydı, o vaxt əkdikləri çinarların, şam ağaclarının çoxu indi qol-budaq atıb göylərə baş çəkirdi, ancaq bir çoxu da qocalmışdı, qurumuşdu, parkın qocaman bağbanı Şirəli kişinin iti mişarı, tiyəsi par-par parıldayan baltası onları kəsib yerə yıxmışdı. Qəribədi, ağaclar da adamlar kimi yaşayır, qocalır, ölürlər, fərq yalnız bundadı ki, onlar ölən kimi yaddan çıxır, ancaq insan unudulmur. Yaşayır, yaşayır və ölməzliyə qovuşur. Bax, o Ənvər kimi, bax, bu şair kimi. Nəzər müştüyünə siqaret keçirə-keçirə fikirləşirdi ki, gör o vaxtdan ⎯ Ənvər gedəndən sonra bu uzun müddətdə rayona neçə katib gəlib, saymaq istədi, hesabı itirdi; hə, ən azı on katib gəlib-gedib. Hərəsi, həmişə qalan bir iş görsəydi, nə yaxşı olardı?! Onda yəqin bu rayon cənnətə dönərdi, torpağımızın ən gözəl guşələrindən birinə çevrilərdi! Əlbəttə, çevrilərdi və baş ucalığı olardı, onların da, o adamların da adını yaşadardı!.. İlahi bu adi hikməti görəsən adamların bir çoxu niyə başa düşmür. Niyə başa düşmür, ilahi?! Hansına gedib anladasan, hansının qulağına pıçıldayasan, hansına hikmət dərsi keçəsən bu zavallıların?Sualı cavabsız idi, əlbəttə. Fikirli-fikirli siqaretini yandırdı, sümürdü. Bədəninin hərarəti soyumuşdu; özündə qəribə, haçandı hiss eləmədiyi bir yüngüllük duyub sinə dolusu rahat nəfəs aldı. Bu, havadandımı, mehdəndimi? Əvvəlcə ayırd eləyə bilmədi. Birdən hər şeyi başa düşdü ⎯ bu, bir saat, saat yarım qabaqkı söhbətin ⎯ katiblə söhbətin yaratdığı xoş ovqat imiş, sən demə. Və buna təəccüb elədi ki, necə olub o, bu boyda məsələni unudub, Ənvər, Şirəli kişi, ağaclar, şair haqqında düşünüb? Bəlkə bu ona görə belə olmuşdu ki, gözləmirdi, yatsaydı, heç yuxusuna da girməzdi ki, Şakir Şakirzadənin rəhmsizcəsinə, ürəyini, çəkəcəyi əzabları bir insan kimi duymadan, çox asanlıqla adının üstündən qələm çəkdiyi, «min ilin ölüsünə qatdığı» bir vaxtda onu, Nəzər müəllimi yad edəcəklər, təzədən həyata (bəli, məhz həyata) qaytaracaqlar? Bu yuxuydumu, xəyalıydımı, ya həqiqət idi?.. Key kimi olmuşdu. İnanmaq istəməmişdi. Ancaq indi bədəni soyuyub ürəyi rahatlanandan, beyni neçə vaxtdan bəri getdikcə qalınlaşıb tutqunlaşan dumanlar içindən sıyrılıb çıxandan sonra bunun yuxu, xəyal yox, həqiqət olduğuna əmin olmuşdu. Və bu həqiqəti dərk edən andan yenə qəlbi həyəcanla çırpınmağa başladı. Sinəsi genişləndi elə bil, parkın təmiz havası sehrli bir yüngüllüklə ciyərlərinə doldu. Sanki o, indi çəkisizlik şəraitində, bu böyük, yaşıl və sakit parkın içində havada üzürdü. Heç bir sıxıntısı yox idi qəlbində, saçları da sanki ağarmamışdı, qıçını da çəkdiyi bilinmirdi, dizinin altında illərlə yatıb qalmış qəlpə qırığı da yox idi elə bil, əriyib qana, iliyə qarışmışdı. Yox, bu boyda zarafat olmazdı, bu söhbət olan o binada belə zarafatlar ola bilməz, ola bilməz! Çünki ağlı kəsəndən, gözünü açandan bəri o binada deyilən sözlərin həqiqət olduğuna, həqiqət olacağına qəlbən, sidqi-dildən inanmağa adət eləmişdi. Ordan çıxan, qanun libası geyən və idarələrə, kəndlərə, ayrı-ayrı evlərə, adamların beyninə, ürəyinə yol alan o qəbil sözlərin bəzən düz çıxmadığını belə görəndə də, hiss eləyəndə də Nəzər o binaya inamını itirməmişdi, günahı o binada yox, o sözü deyəndə görmüşdü, heyifsilənmişdi. Fikri bu məqama, bu nöqtəyə çatanda qeyri-ixtiyari dönüb yaşıl xiyabanın o başında, parkın çox vaxt açıq olan dəmir darvazasının üstündə ⎯ neçə addım aralıda, ikimərtəbəli binanın ikinci mərtəbəsində yanan o gur işıqlara baxdı və özünün bir az qabaq o kabinetdə, o çilçıraq altında oturduğu dəqəqələri saniyələrinəcən xəyalında canlandırdı, düşündü ki, yəqin yoldaş Əmiraslanov indi də Nəzər kimi qəlbi sındırılmış, əqidəsinə, məsləkinə rəhmsizcəsinə zərbə vurulmuş kimisə qarşısında əyləşdirib, yarızarafat, yarıciddi könlünü alır, kiminsə, hansı nadanınsa buraxdığı səhvi düzəldir, ürəyinə işıq səpir, məsləkinə dayaq olur… Görəsən kim idi o adam, hansı qəlbiqırıq idi? Bir anlığa Nəzərin ürəyində ayağa qalxıb, gedib o adamın ⎯ xəyalında uydurduğu o adamın gözlərinə baxmaq arzusu oyandı, qayibanə hissin təsirilə durmaq istəyəndə birdən yadına düşdü ki, Əmiraslanov harasa tələsirdi, kimsə onu gözləyirdi, yəqin indi getmiş olar! Əgər gedibsə, gərək işığı söndürəydi Əmiraslanov. Boş-boşuna niyə yansın axı o işıq? Bu sual qəlbindən qopdu Nəzərin, ancaq elə o an da o sualın qayibanə gələn cavabını eşitdi: «Yox, qoy yansın o işıq. Harda sönsə də, orda sönməməlidi. Yolunu azan, ümidini itirən, oğurluğa, əyriliyə, cinayətə əl atmağa məcbur olmamış, o işığa gələ bilər, o işıqdan nicat, kömək istəyə bilər. Yox, harda qənaət eləyirsiz eləyin, burda o qənaəti eləməyin, siz allah. Qoyun işıq yansın!..»

16 min
İkinci hissə, ikinci fəsil

Nəzər beşmərtəbəli binanın birinci mərtəbəsinin üçüncü girəcəyinin sağ qapısı qənşərində ayaq saxladı. Sarı taxtadan düzəldilmiş qapının üstünə yarım səhifəlik kağız yapışdırılmışdı və üzərinə «Qərib Nəzərli» sözləri yazılmışdı. Kişi bığaltı gülümsündü və şəhadət barmağının ucu ilə düyməni basdı. İçəridən addım səsi eşidildi və cəftə şaqqıldadı. Ucaboylu, qara bığlı Qərib astanada atasını görəndə döyükdü, ağzındakı tikəni alatələsik uddu:⎯ Sənsən? ⎯ dedi.

8 min
İkinci hissə, üçüncü fəsil

Gün çoxdan əyilmişdi hava sərnimişdi. Süleyman raykomun qonaq otağının qabağındakı bağçada çox yaraşıqlı, səliqə ilə düzəldilmiş səkkiz guşəli köşkdə tək-tənha oturmuşdu. Yoğun, girdə palıd gövdəsindən kəsilmiş kötük «stolun» üstündə bir çaynik, üç-dörd armudu stəkan vardı. Stəkanların birinə çay tökülmüşdü, o birilər boş idi. Köşkün qıraqlarında şaquli istiqamətdə bağlanmış nazik iplərə dolanan sarmaşıqlar qəribə idi ki, ilin bu vədəsində ağ xallı kəpənəklərə bənzər güllər açmışdı. Sarmaşıqlar seyrək idi, elə bil mahir bir dərzi-rəssamın əli ilə ölçülüb-biçilmiş, kəsilmişdi; bir-birindən eyni məsafədə aralıydılar və kənardan baxana elə gələrdi ki, bu səkkiz bucaqlı köşk qəfəsdi və Süleyman da bu gözəl qəfəsin içində, palıd «stol»un arxasında, «palıd stulu»nun üstündə əyləşib qəzet oxuyurdu. Başı mütaliəyə elə qarışmışdı ki, köşkə doğru uzanan daş döşənmiş cığırla ürəksiz-ürəksiz, «gedim-getməyim» arasında çırpına-çırpına gəlib üç addımlığında dayanmış Nəzəri görməmişdi. Kişi sakitcə katibə tamaşa eləyirdi. O, orta boylu, başının ortasının tükləri seyrəlmiş, bədəncə arıq, iri alnına qırışlar şırımlanmış, sifətindən təmkin oxunan bir adam idi. Nəzər ha fikir verirdi, o vaxtkı ⎯ şagird çağlarındakı Süleymanla indi qarşısında oturub qəzet oxuyan katib Süleyman arasında bir oxşarlıq tapa bilmirdi. Bəlkə səsi o səsdi, amma səsini düz-əməlli xatırlamırdı. Bəlkə gözləri dəyişməyib? Hə, bax, gözləri yadındaydı. Ancaq indi o baxışlarını aşağı dikmişdi, qaldırıb ona ⎯ müəllimə bircə kərə baxsaydı, Nəzər onda bəlkə o Süleymanla bu Süleymanı birləşdirən bir nöqtə tapmış olardı. Nəzər niyə sehrlənmişdi, niyə danışa bilmirdi? Zəhmimi basırdı katibin onu? Ya arada uzun fasiləmi olmuşdu? Baş açammırdı. Birdən sinəsi acışdı, öskürmək istədi, ancaq nədənsə özünü qısıb boğazını yüngülcə təmizlədi. Səsə Süleyman başını qaldırdı, gözucu o tərəfə baxıb kiminsə mil dayandığını görərək üzünü qırışdırdı və çox quru, Nəzərin tanıya bilmədiyi bir səslə:⎯ Burda qəbul eləmirəm! ⎯ dedi və yenə qəzeti oxumaqda davam etdi. Nəzəri ürəyi çırpındı, bir anlığa gözləri qaranlıq gətirdi; köşk, Süleyman da içində fırlanğıc kimi sürətlə fırlandı, baş-ayaq oldu, ancaq qəribə idi ki, nə Süleyman yıxıldı, nə də stəkandakı çay dağıldı. Yuxuya bənzər o an keçəndən sonra Nəzər Süleymanın ona baxışını gözünün önünə gətirdi, «Yox, baxmadı o mənə. Elə-belə, kölgəmi gördü, üzümə-gözümə fikir vermədi. Yoxsa tanıyardı!» Ancaq bu təsəlli onun yerindən oynamış qəlbini toxtada bilmədi, bütün varlığına hakim kəsilmiş məyusluğunu silib apara bilmədi. Və yenə qoca müəllim bu laqeydliyə bəraət qazandıracaq bir ilişəcək axtardı iki daşın arasında. «Bəs səsi?..» Yox, səs heç nə demirdi müəllimə. «Bəs gözləri?» «Gözlərini də görə bilmədim!.. Adə, ey dili-qafil, bəlkə heç bu o Süleyman deyil, tamam ayrı adamdı!» «Yox, ay Nəzər, sən də ağ eləmə. Bu boyda zarafat olmaz. Bu Süleyman o Süleymandı: sənin şagirdin, İmran kişinin oğlu!..» Cəmi bir neçə saniyə içində ildırım sürətilə beynində dolaşan bu çalpaşıq, biri digərini inkar edən daxili, səssiz-səmirsiz həsbi-hal qurtaran kimi, Nəzər köhnə əsgər sayağı dabanı üstə fırlandı, gəldiyi daş cığırla geri qayıtdı. Ayaqlarını güclə çəkirdi. Dörd-beş addım atmışdı ki, arxadan həyəcanlı səs eşitdi:

15 min
İkinci hissə, dördüncü fəsil

İclasda çox adam vardı: büro üzvləri, kolxoz sədrləri, idarə, müəssisə rəhbərləri, təsərrüfat qabaqcılları iştirak edirdi. Öz kabinetinin balaca olacağını irəlicədən fikirləşən Süleyman, iclası birinci mərtəbədəki akt salonunda keçirməyi qərara almışdı və bu barədə üçüncü katibə ⎯ Hilal Hüseynova tapşırıq vermişdi. Ona görə gələnlərin hamısı işıqlı, səliqəli, mebel dəstgahı təzə olan zala yığışmışdı.Nəzər lap qapının ağzında, sol tərəfdəki oturacaqda tək əyləşmişdi. Necə olsa da özünü qərib hiss eləyirdi, halbuki, büroya gələnlərin, yalan olmasın, hamısını tanıyırdı; eləsi var idi ki, lap yaxın idi. Bax, o qıraqda, pəncərə qabağında oturan Baba şagirdi olmuşdu, indi istehsalat idarəsinin rəisi idi, kolxoz sədri Qurban da burdaydı. İkisi də doğmaydı ona. Səfər də burdaydı. O kök, dazbaş kişi milis idarəsinin rəisidi ⎯ Ağayev. Onun yanındakı şüyərək, eynəkli kişi rayon prokuroru İsrafil Quliyevdir. Rayponun sədri Mustafa Səlimzadə, pambıq qəbulu məntəqəsinin müdiri Müseyib, çörək zavodunun direktoru Şamil… Daha bir neçə adam… Onları üzdən-sifətdən lap yaxşı tanıyırdı Nəzər.

28 min

Poems by other poets