(Şeirimizin beşillik mənzərəsini çəkib, mənim adımı çəkməyənə)

Qumbaraya bərkitmişəm – mən adımı,Çəkmə yavaş! Partlayacaq, çəksən əgər.Ayağımın altında da zəlzələ var,Dəbərtmə ha! Yer tərpənər, şəhər çökər!

Ya əsəbi, fırtınalı, daşqın dəniz,Ya yanğındır, od-ocaqdır, mənim adım!Ya keçilməz bir ormandır, yaşıl dəhliz,Ya çıxılmaz uca dağdır, mənim adım!

Görə-görə görməmisən, eşit bala!Bir də dönüb geri baxma! Yoxsa birdənGöy yarılar, Günəş sönər, Ay qaralar,Ulduzlar da səpələnər Yerə dən-dən.

Şeir nədir, şair nədir sən bilməzsən!Fəhm nəsə, səndə yoxdur, xamsan hənuz!Təşbeh-sehr, cinas daş-qaş, təlmih-eyham,Sən girdiyin kol deyildir heca, əruz.

Beyt evdir, misra qapı, ağzı bağlı.Bir vaxt aqil aça bilən o kilidiİndi paslı bir mismarla nadan açır,Çünki, indi bütün işlər ikilidi.

Dönə-dönə danışırsan sən, ağacın –Ovum-ovum ovulacaq yarpağından.Heç olmasa bir kəlmə də danışaydın,Gövdəsindən, budağından, torpağından!

Sən rəngləri bilə-bilə qarışdırdın,Qəsdən dedin, ağa qara, qaraya ağ.Görə-görə görməyən də baxsa görər,Yalanların üstü ilə yeriyir haqq.

İti xəncər olsa belə yalan – kəsməz,Doğruya bax! Küt olsa da kəsər yenə.Əyri-üyrü yalan sözü – söz saymıram,Baş əyirəm doğru sözün düzlüyünə!

Doğru sözü eşidən yox – bu tünlükdə,Bilmirəm ki, millətdə bu nə adətdir.Həqiqəti gizlətsək də, gizlinləri –Bizim üçün açan yenə həqiqətdir.

Ta qədimdən belə olub, olacaq da,Başımızın bəlasıdı bu dərdi-sər.Qoy ədalət çarə qılsın dərdimizə,Biri yazar, biri susar, biri küsər.

Qəlbi yuxa qocalara acıq verənSütül nəslin süd qarşıq acı sözü,Ayaq tutub yerisə də Yer üzündə,Öz yolundan döndərəmməz şerimizi.

Bakı, 29.02.2004

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets