«Şeirimdən çox
əlim danışır» – deyirsən.
İnsafın, mürvətin olsun, balam!
Gözün görə-görə göz yumursan,
doğru sözümə.


Əlimi görürsən
doğru sözümü, düz danışan
dilimi görmürsən?


Əlimi görürsən,
amma, iş axtara-axtara
əlləri yanına düşən
elimi görmürsən?


Əlimi görürsən,
divardan asılmış
xalçanı görürsən, elə bil,
ayaqlar altına atılmış,
tapdanan kilimi görmürsən?


Əlimi görürsən,
əlim dərddən danışır,
dərddən danışan əllərin
çəkdiyi zülümü görmürsən?


Əlimi görürsən,
keşkə dilimizdən çox
əlimiz danışaydı.
Onda vətən bütöv olardı,
yoxsa bu qədər tökülən qanı,
ölümü görmürsən?!


Əlimi görürsən,
qəmin kəm, bilirəm
onsuz da öz istədiyini
görür indi hər kəs.
Kim harda durubsa
o tərəfi görür ancaq,
bütöv həqiqəti
hər adam görə bilməz.

Mart, 2000

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets