Min bir buta
İçərişəhərdə xalça muzeyimiz var
I
XALÇA naxış-naxışdı,
Bu bulud, bu yağışdı.
Yeri canlı bahardı,
Köbəsi qarlı qışdı.
XALÇANIN gülünə bax,
İlmənin dilinə bax.
O yanda ocağına,
Bu yanda külünə bax!
XALÇAYA bax, xalçaya,
Bənzəyir axar çaya,
Sahilləri bələnib
Çiçək açmış alçaya.
XALÇANI buta bəzər,
Buta buluda bənzər.
Bu yandan qırqovula,
O yandan oda bənzər.
XALÇADA tağ gürmüşəm,
Tağda çıraq görmüşəm.
Aydımı, ya qaşdımı,
Yoxsa oraq görmüşəm?!
XALÇADAN dünəni sor,
Torpağa dönəni sor!
Gün təki alışanı,
Ay təki sönəni sor!
II
Xalça – qədim xəritə, hikmətlə dolu şeir,
Burda zərrəcə nöqtə bir kitablıq söz deyir.
Xalça – uzaq dünənin bu günə gül xonçası,
Min bir əfsanə söylər hər gülü, hər qönçəsi.
Əlifbanı bilməyən nənəmin əlyazması,
Bir gülünə həkk olub həm özü, həm dünyası.
Bu xətt onun ümidi, bu sədd onun imkanı,
Sevinci – dağ laləsi, kədəri – çöl tikanı.
Hər ilməsi – bir hərf, hər düyünü – kəlmədi,
Gözümü bir anlığa yana çəkə bilmədim.
Bu gül oxdur, bu kaman, bu şəhər, bu da qala,
Bu gül çəndir, bu duman, bu da gərək dağ ola.
Bu yumru gül çarx imiş, «çərxi-fələk»miş demə,
Bu «su» qoşa arx imiş, «gölə» gərəkmiş demə.
Bu gül Babadağdır, bu gül Şirvan düzüdür,
Bu gül gözdür, bu gül qaş, bu gül yarın üzüdür.
Bu qılcıq sünbüldür ha, bu top da topraq imiş,
Bu şaxələr xan çinar, bu ləçək yarpaq imiş.
Savalanın qaşına təzə yağmış qara bax,
Zəncir boyunbağıda dənələnmiş nara bax!
Burda üstəgəl – günəş, burda üçbucaq çadır,
Bu qanad Qırat imiş, bu uzun zolaq – cıdır.
Bu xətt «pişikayağı», bu rəng «narçiçəyidir»,
Bu günəşin saçağı bu ulduz ləçəyidir.
«Siçandişi» naxışlar mirvari düzümüdür,
Salxım-salxım ləçəklər Abşeron üzümüdür.
Bu lalə – odlu halə, bu nərgiz – ulduz yolu,
Bu qızılgül – sevgili, bu sarmaşıq – yar qolu.
Bu buta – «yalqız buta», bu da – «balalı buta»,
Bu da küsülü buta, başı bəlalı buta.
Bu aynəbəndli evdən, bu alaçıqdan gəlib.
Bu Lahıcda toxunub, bu Qalacıqdan gəlib.
Bu xalça pul-pul yanır, üzündə «balıq» üzər,
Yeləni xan Arazdır, sinəsi mavi Xəzər.
Yağdır «bulud» xalçanı, yağsın xeyir-bərəkət,
Yandır «lampa» xəlçanı, alışıb-yansın heyrət.
Güllü dağ ətəyidir bu xalçanın çeşnisi,
Xonçasında qaynayır ab-həyat çeşməsi.
Bu «göl» – Göygölə bənzər, bu xonça şəlalədi,
«Xəyal görünməz» deyən, gəl gör ki, xəyal nədir!
Bu Babəkdən nişanə, bu Xətaidən qalıb,
Bu rəngdə, bu nəqşədə o vaxtkı Vətən qalıb.
Kürlə haşiyələnmiş Günəş parçasıdır bu,
Dədə Qorqud qopuzlu Qazax xalçasıdır bu!
Naxçıvan naxışları Əcəmidən yadigar,
Bu xəzəlli xətt – payız, bu yarpaqlı xətt – bahar.
Nüşabədən söz açır, Bərdədən gələn xalça,
Tovuzquşudur sanki, az qalır qanad aça.
Bu xalçanı bir zaman görüb Sultan Məhəmməd,
Gör nə danışır naxış, gör nə deyir sınıq xətt.
Bu qürbətdən qayıdıb, qovuşub doğma yurda,
Bunun adı yazılıb, özü görünmür burda.
«Qoca» didərgin düşüb, «Şeyx Səfi» pərişan,
Dönən yoxdur Vətənə Topqapıdan, Luvrdan.
III
Bu xalça «Muğan»dımı?
Ulduz olub yandımı?
Çəmən çəmənə baxıb
Özündən utandımı?
Bu xalça «Qımıl»dımı?,
Qönçədi, yumuldumu?
Qışın oğlan çağında,
Ondan gül umuldumu?
Bu xalça «Təbriz»dimi?
Əsrləri gəzdimi?
Uçuq, naxış körpülər,
Ayrılıqdan izdimi?
Bu xalça «Quba»dımı?
Gülü el-obadımı?
Bir butası dünyaya
Tanıtdımı adımı?
Bu xalça «Şirvan» olar!
Naxışı rəvan olar!
Bu xalçaya baxanın
Günü firavan olar!
Bu xalça «Gəncə» olar,
Naxışı incə olar!
Yeri gül, xonçası gül,
Köbəsi qönçə olar.
«Qaraqaşlı»dımı bu?
Buruqsaçaqlıdımı bu?!
Hər ilməsi ayrılıq,
Gözü yaşlıdımı bu?!
«Qolu-Çiçi»dimi bu?
Yaylaq köçüdümü bu?
Ürəyin qanadımı,
Əlin gücüdümü bu?
«Qarabağ» – bu xalçadır,
Boyu tavana çatır.
Hər düyünün ucunda
Ümman bayatı yatır.
Bu xalça «Qobustan»dı,
Hər gülü bir dastandı.
Ağ sapı toydan qalıb,
Qara sapı yasdandı.
Bu xalça «Pirəbədil»,
Nağıldı, xalça deyil,
Şoğu üzümü qarsır –
Çıraq deyil, bu nədir?
Bu xalça «Xilə-buta»,
Qarışıb gülə buta.
Yüz mənası açılıb,
Sirrdir hələ buta.
Bakı, 1980
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-sadiq-min-bir-buta
Use ← → keys to move, R for a random poem
More by this author
İki çiynimizdə iki mələk var,Bir mələk suç yazır, bir mələk savab.
«Qarşı» sözünə qarşı(Replika)*Onun qəlbində Vətənə qarşı məhəbbət vardı. Bu cür deyilməz. Bu cümlə sadəcə «qarşı»sız deyilməliydi.
Bir daha «qarşı» sözünə qarşıSöz də adam kimidir. Ağıllısı var, dəlisi var. Yerlisi var, gəlməsi var. Yerlisi var, yersizi var. Sözün də halal-haramı, çölü-içi var.Sözə ehtiyatla yanaşmaq, sözü yerində işlətmək, düzgün tələffüz etmək gərək, yoxsa söz səndən inciyər. Kim düz danışa bilmirsə öz savadsızlığını, nadanlığını büruzə vermək istəmirsə qoy danışmasın, ağzına su alıb, otursun evdə.
Üçüncü kərə «qarşı» sözünə qarşı» və başqa dərdlərHələ XX əsrin əvvəllərində böyük Cəfər Cabbarlı demişdi:«…Söyləmişəm bu sözü məxluqa mən,
Poems by other poets · Nature and spring
Yar eyləsə üşşaqi-diləfkarə ədavət,Mümkün degil aşiq eləsin yarə ədavət.
SəndədirGetmənəm obağdan, çıxmasın adın sənin,Söylənməsin heç bir yerdə yeməli zadın sənin,
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.
A.S.Puşkinin ölümünə Şərq poemasıGecə etdim uyqumu kənar,Sordum: