Yenə səni gördüm
I
1
Üç qitə – hərəsi səkkiz sətirdən,
Cəmisi 24 misra məhəbbət.
Az bilib küsmə ha, orda görərsən,
Bir ömürlük ümid, bir dünya həsrət.
Orda şəfəq var ki, üfüqə deyil,
Yayılır hər səhər yanaqlarına.
Orda təbəssüm var – nurdur elə bil,
Günəşdən düşübdür dodaqlarına.
2
Orda sarı geymiş ayrılıq da var,
Yaşıl eşqimizi qoruyaq ondan.
Günlərə bənzəyir orda misralar,
Bir üzü vüsaldır, bir üzü hicran.
Orda arzu var ki, göylərə sığmaz,
Sığıb gözlərinin bir giləsinə.
Orda duyğu var ki, boş yerə axmaz,
Hopub işıq kimi sənin səsinə.
3
Ən gözəl təşbehlər taparsan orda,
Adi söz deməz ki, sevən-sevənə!
Özüm ay nuruna möhtac olsam da,
Günəşi hədiyyə verərəm sənə.
Cəmisi 24 misra məhəbbət…
Onun da yarısı hicran qorxusu.
Bütün bu şeirlər sənindir, fəqət,
Bütün sevənlərə göstər oxusun.
II
1
Yenə səni gördüm, dondum yerimdə,
Keçdin saymazyana qız ədasıyla.
Bu tale, bu yolla qayıtsa bir də
Uyumuş eşqimi oyadasıyam.
Laləsi gecikən dağ çəmənisən,
Gəzirsən ilk bahar iddiasıyla.
Fikrini dəyişib geriyə dönsən,
Sönmüş bir arzuma qayıdasıyam.
2
Sənin gözlərində soyuq bir sükut,
Mənim gözlərimdə səssiz bir fəryad.
Sənin ürəyində «gecikdin, unut!»
Mənim ürəyimdə «diriltdin, yaşat!»
Fəqət, yaşatmadın məhəbbətimi,
Soldu ömrümüzün yaşıl illəri.
Sən yenə gözəlsən ondakı kimi,
Uzalı qalıbdır sənə əllərim.
3
Könlümün xatirə küçələrində
Bir zəlzələ qopdu səni görəndə.
Sönmüş eşqimizin ocaq yerində,
Ümidimi tapdım səni görəndə.
Dedim «ayaq saxla» heç baxmadın da,
Döndün xəzəl olmuş bir xatirəmə.
Hissimin tufanı söndü bir anda,
Tapılmış ümidim qırıldı yenə.
III
1
Onda iradəm də məhəbbətim tək
Qırılmazdı, gülüm, əyilməmişdim.
İndi qəlbim sınıq, ümidim kövrək,
Yenə səni gördüm, sevdaya düşdüm.
Onda məğrur idim, bir acı kəlmən
Soyutmuşdu məni bir qərib axşam.
İndi ondakından daha əzizsən,
Səni itirmişəm, sonra tapmışam.
2
«Əbədi sevgi»dən qorxmuşdum onda,
Bu haqlı suala indi nə deyim.
Bir yorğun ürəkdə sevgi oyadan
Əbədiyyətimdir, səni görməyim.
Dünənim xatirə, sabahım ümid,
Gəl bunları yetir biri-birinə.
Ya qaytar xatirə dünənimi, get,
Ya getmə, sabahkı ümid ol mənə.
3
Sakit dənizimə niyə daş atdın,
Səni qərq etməzmi tufanım, indi?!
Bu yatmış bəxtimi niyə oyatdın,
Təkcə sənə qalıb gümanım indi.
Yelkənsiz tərəddüd qayığınla sən,
Sahilimə yanaş, əlindən tutum.
Ya da birdəfəlik çıx ürəyimdən,
Bir zərrə də qalma, səni unudum.
Bakı, 1967
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-sadiq-yene-seni-gordum
Use ← → keys to move, R for a random poem
More by this author
Tələbəlik illərindən bacı bildiyimMəryəm xanıma
Xırdaca gəlinYol yoldaşım məndən əvvəl kupeyə gəlmişdi. Şoğu azalmış, kömürü qaragözlü, ağ üzü soluxmuş xırdaca bir gəlindi. Gözünün ucu ilə də olsun pəncərəyə baxmırdı.Sonra bildim ki, əhd eləyibmiş, qatarda ilk gördüyü adamı bağrına basıb, qucaqlasın. Amma iki həftənin intizarı, on dörd günün iztirabı qollarının taqətini alıbmış. Üstəlik qatar gecikdiyindən bir az da ürəyi sancıb, gözləmə zalından tibb məntəqəsinə, ordan da şəfqət bacısının qolunda kupeyə gəlibmiş.
Daş balkonBu hekayəni Aysel quraşdırdı, mən yazdım. Bu hekayəni Aysel danışdı öz uşaq diliylə, mən dilmanc oldum. Deyərlər ki, lalın dilini ata-anası bilər.Bir dəfə uzağa getmişdim. Aysel bərk darıxıbmış məndən ötrü. Anasından, qardaşlarından, gelib-gedəndən hey məni soruşarmış…
Kinomexanikin bacısı(İlk məhəbbət haqqında daha bir hekayə)*Bu hekayəni itirmişdim. Əlyazması belə tapılmadı. Bu günlərdə köhnə kağızlarımın arasından çıxdı. Mənə dünyanı bağışladılar, elə bil. İstəyirəm bir də işıq üzü görsün bu hekayəm.
Poems by other poets
Ala gözlü nazlı dilbər,Vaxtın keçər demədimmi,
Heç igid yolsuz olmasınVətən oğulsuz olmasın silsiləsindən*Fəhlə oğul!
Gətir, saqi, meyi-gülgun, bu bəzmi bir bahar eyləGətir, saqi, meyi-gülgun, bu bəzmi bir bahar eylə!O cami-ləlfam ilə bu xamı bir xumar eylə!
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.