Daş, ağac – insan
I
Əvvəl dünyaya daş gəlib,
Təbiət səxavətlə səpələyib,
Dağlara, çöllərə, çaylara daşları.
Haçaqsa ovulub tökülüb Yerə,
Kainatın göy qurşağı –
Ağ, mavi, yaşıl, sarı.
Cürbəcür boyda,
Cürbəcür biçimdə,
Cürbəcür yaşda.
Dünyanı tutub daşlar,
Kövrəyi də var içində,
sərti də.
Mərdi də, namərdi də.
Daş var – daşa qənim,
Daş var – daşa qəhmər.
İşıqlısı çaxmaq daşı,
Soyuğu mərmər.
Daş var – ulduzdan düşüb qalıb,
Daş da var buzdan düşüb qalıb –
Dünyanı gəzən piyada daş, atlı daş.
Dağdan qopan qanadlı daş,
Yumrudaş, sivri daş, çay daşı, çınqıl;
Lovğa daş, sadə daş, qıyımlı, paxıl;
Topa daş da var, yalqız daş da var,
Dünyanı başına götürüb daşlar.
Daş var – asılıb başı üstə,
Daş var – çıxıb daş üstə,
Qaya daş var,
Dağ da var daşlaşıb başdan-başa.
II
Sonra ağac gəldi dünyaya,
Daş ağacı görüb dondu, daşlaşdı.
Hər yerdə bitdi ağac,
Lap daşın üstündə də…
Körpü oldu daşla insan arasında.
Kim bilir ilk ağac cücərib
dünyanın harasında?
Ağacın vətəni olur, yurdu olur,
Ağac sərgərdan deyil.
Pöhrələnir, körpələnir, gövdə tutur,
Qol-budaq atır, yarpaq açır, bar yetirir.
Sonra da qocalır, ölür ağac…
Meyvəsini budaqlarına görə bölür ağac,
Nə üçün yaşadığını bilir ağac.
Həsrəti, kədəri sarı yarpaqlarında,
Sevinci, fərəhi yaşıl yarpaqlarında,
Sinə gərir tufanlara,
Meşə olur, əl-ələ verib dolanır,
Biri-birinə arxa…
III
Axırda insan gəldi…
Sərtliyi, kövrəkliyi daşdan aldı,
Çiçəklənməyi, solmağı ağacdan.
Dözümü, vüqarı daşdan öyrəndi,
Göyərməyi, qocalmağı ağacdan.
Yalqızlığı, susmağı daşdandır,
Birləşməyi, danışmağı ağacdan,
Xasiyyəti daşdandır.
Yaşamağı ağacdan,
Daşı unutmadı, sığındı qayalara,
Daşdan ev də ucaltdı sonralar,
Ağacı unutmadı meyvəsilə dolandı,
Oduncağından ocaq da çatdı sonralar.
İnsan daşı yaşatdı,
Ağacı yaşatdı,
Daş da, ağac da insanı…
VI
İndi bir ömründə
Üç ömür yaşayır insan.
Daş ömrü,
Ağac ömrü,
Bir də öz ömrünü.
Üç yerə bölünüb hər günü,
Kainat təqvimində
Bu ömürlərin üçü bir yerdə.
Üç ilə bərabərdir…
Bəlkə ilanboğan
çağıdır insanın?!
Bu daşlaşmış, ağaclaşmış,
insanlaşmış dünyanın.
Peredelkino, 1977
Kitabxana.az · https://kitabxana.az/en/works/fikret-sadiq-das-agac-insan
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Axşam-sabah, çeşmə, sənin başınaBilirsənmi, necə canlar dolanır!?
Dərsə diqqətEy uşaqlar, edək biz də qeyrət,Taki, təhsil edək adəmiyyət.
AxtıAxtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu