Tə'siri əyan olmadadır fəsli-baharın,
Şad eyləyəcək dilləri əlhani həzarın.
Cəh-cəh edəcək şairi-mürğani-xoşəlhan,
Bu nəğməyə qarşı rüxi-gül olmada xəndan.
Çünki gəliyor ərzimizə eydi-təbii,
Dünya geyəcək kisveyi-səbzini-rəbii.
Canlandıracaq torpağı ərvahi-bahari,
Ciddən nigəhəfruzdur əlvahi-bahari.
Aləmdə zühur etmədədir nəş'əti-üxra,
Bir nəş'əti-üxra ki, səzavari-təmaşa.
Bir nəş'əti-üxra ki, təbiətdə əyandır,
Gülzardə, əzhardə, fitrətdə əyandır.
Simayi-dirəxşəndeyi-xurşidi-səmadən –
Nur əmdiyi üçün doğacaq dilbəri-gülşən.
Əş'ar oxuyur pişgəhi-qönçədə bülbül,
Guya ki, deyir qönçəyə: ey qönçə, açıl, gül!
Gül, gül, mənə ilham qıl əş'areyi-rəngin,
Dərpərdə nəçin qalmalı rüxsareyi-rəngin?!
Güllər açılır səhneyi-səbzin çəmənində,
Parlar o çiçəklərdə birər xəndeyi-zində,
Rüxsari-güli bus ediyor xəndeyi-əhmər,
Ey güldəhənim, sən nə üçün böylə mükəddər?!
Hala da tülu' etmədimi fəsli-baharın?!
Ey canlı çiçək, örtülü qalsınmı üzarın?!
Aç çöhrəni, ey çöhreyi-məsturi-füsunkar,
Ey qönçədəhən, açmağa layiqdir o rüxsar.
Hər şeydə əyan nəş'əti-üxrayi-təbii,
Bürhanı bunun: fəsli-dilarayi-təbii.
Ya səndə nəçin yox belə bir nəş'əti-üxra?
Ey “Gülruxum”, ey “Cənnət”im, ey ruyi-“Gülara”!

Şair də sənin bülbülün, amma ki, sükundar,
Göstər üzünü, xəm edəyim mən dəxi əş'ar.
“Güllər” açacaq olmaz isə bülbül önündə,
Bülbül yaradar zənn edəməm nəğmeyi-zində.
Ey şe'r pərisi, yetər artıq o niqabın,
İştə o niqabın, bu hicabın, şu səhabın!

Bakı, 6 aprel


Ey pərdeyi-mənhusdə qalmış güli-zində!
Ey dəfn edilən canlı ikən örtü içində!
Söylənsə səzadır sənə “mədfuneyi-ziruh”,
Daim sənə mail, sənə mail dili-məcruh.
Bir ateş olaydım da, yaxaydım o niqabi,
İştə şu niqabi, şu hicabi, şu səhabi!
Parlardı o gün gülşəni-rüxsareyi-alın,
Qərq eylər idi yurdumuzu nurə cəmalın!
Sənsiz olamaz nəş'əti-üxra bu vətəndə,
Sənsiz olamaz tairi-xanəndə çəməndə!
Ey canlı çiçək, örtüyü at, ruyunu göstər!
Bir cənnəti-hürriyyətə dönsün də bu yerlər!
Biz də olalım əhli-behişt, ey üzü cənnət,
Artıq yetər, artıq yetər artıq bu əziyyət!
Şərq aləmi sənsiz əbədiyyən görəməz nur,
Ey çöhreyi-fəyyaz olan, ey dilbəri-məstur!
Ey canlı işıq, canlı günəş, tərki-səhab et!
Artıq yetər, ey “Nuri-cəhan”, tərki-niqab et!
Sən çöhrəni aç, mən olayım bülbülün, ey gül!
Sənsiz açamaz millətimin, bil ki, bahari,
Gizlətmə, “Səmənrüx”, o behiştanə üzari!
Güllər açılır – işte bu qanuni-təbiət,
Ya sən nə üçün pərdədə, ey qönçeyi-cənnət?!
Ey qönçeyi-cənnət, açıl, ey huriyi-səhhar,
Olsun vətənim çöhrən ilə qərqeyi-ənvar.
Sənsiz bu vətən görməyəcək nəş'əti-üxra,
Ey pərdeyi-müzlimdə qalan “Zəhreyi-Zəhra”!

Bakı

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring