İranlı qardaşlarıma
İran! O bizim Şərqimizin məhdi-kəmalı,
Ərbabi-ədəb bəsləyən ağuşi-cəlalı.
Təl'ətgahi-ürfan idi afaqı sərasər,
Parlardı zəmininə, səmasında səhərlər.
Denilsə səza ərzinə səhni-ədəbiyyat,
Bu səhndə rəqs eylər idi huri-kəmalat.
Bazəndeyi-nazəndələri tərbiyətamuz,
Vicdanə ziyabəxş idi bu səhni-diləfruz.
Sə'diləri, Hafizləri, Beyzavi, Bəhası –
Bunlardı o pakizə yerin əhli-dühası!
Firdovsi, cahanın o böyük şairi, hala –
Mir'ati-cahanda ediyor namı təcəlla.
Tabişgahi-ənzar idi bu səhneyi-beyza,
Təsviri-qülub eylər idi əhli-tamaşa!
Hər pərdə açıldıqca ədiban görünürdü,
Fikri açacaq şö'leyi-ürfan görünürdü.
Qərb əhli belə bunları təqdir ediyorlar,
Asarların şövq ilə təşhir ediyorlar.
Ölmüşdü o mə'mureyi-ürfan olan İran,
Əshabi-sitəm könlü kimi laneyi-viran.
Başdan-başa bir məqbərə təşkil ediyordu,
Ruh əhli olan “fatihə” tərtil ediyordu.
Cövlangəhi-bidad idi, səhrayi-fələkət,
Övladı bütün olmuş idi əhli-səfalət.
Əfvahi-məzalimlə qararmışdı ziyası,
Bir dudə bürünmüşdü onun ərzü səması.
Sönmüşdü, əvət, şə'şə'əsi, nuri-həyatı,
Zülmət idi başdan-başa parlaq səfəhatı.
Bir vadiyi-zifər' ikən ol xaki-səməndar,
Zülmün nəfəsi etmiş idi bağını bibar.
Həp məzrəəsi, məşcərəsi bisəmər idi,
Möhtac əhalisi dəxi dərbədər idi.
Məzlumların göllərə çıxmaqda fəğanı,
Lərzan ediyordu o fəğanlar da cahanı.
Məhv eyləmiş idi gözəl İranı cəhalət,
Nə elmü ədəb vardı, nə asari-sənaət.
Məxrubeyi-zülm idi o mə'mureyi-ürfan,
Məzlumların gözləri giryan idi hər an.
Səyyad oxu qırmışdı pəri bali-həzarı,
Pamal ediyormuşdu da amali-həzarı.
Bayquşlara olmuşdu vətən nazlı çəmənlər,
Sərbəst uçuşurdu o çəmənlərdə zəğənlər.
Cövlangəhi-div idi yazıq cilvəgahi-hur,
Rüxsareyi-şəmsi bürümüşdü şəbi-dicur.
Qat-qat yığılıb durmuş idi kütleyi-zülmət,
Rubənd içərisində idi ruyi-ədalət.
Rubənd dururkən rüxi-dildar görünməz,
Məsturi-səhaib olan ənvar görünməz.
Kəşf olmaz isə pərdə təşə'şö' edəməz nur,
Rubənd açılırsa, görünür çöhreyi-məstur.
Madam ki, var çöhreyi-mə'nadə hicabat.
Parlarmı o sən istədiyin sevgili? Heyhat!
Nagah əsərək badi-əməl sübhi-səfadən,
Həp qıldı pərişan gecəyi vechi-fəzadən.
Afaq həqiqət kimi ərz etdi ziyasın,
Göstərdi baxan gözlərə nazəndə liqasın.
Azadeyi-zülmət olaraq vechi-səmavat –
Eylər o qaranlıq yeri bir ərzi-füyuzat.
Hürriyyət edir cənnəti-İranda təcəssüm,
Bir-bir əməlin gülləri etməkdə təbəssüm.
Mürğani-xoşəlhan ediyor nəğmələr inşad,
Matəmzadəgani qılıyor xürrəmü dilşad.
Təbdili-məsərrət oluyor matəmi-İran,
Məxrubə könüllər kəsilir lövheyi-imran.
Zülmati-cəhalət olacaq yerdə girizan –
Misbahi-maarif olar, əlbəttə, füruzan.
Xurşid, hilal – ol iki fəvvareyi-ənvar –
Yek-digərinə eyləyəcək nurunu isar.
Xurşidə ziyalar verəcək qövmi-hilali,
Gündən-günə xurşid olacaq nurlu, ziyali.
Gərduni-fünunda gəzəcək bu iki ayə.
İştə Günəşə nur veriyor baxsana Ayə.
Vardır bu səmanın iki fəyyazi-həyatı,
Dilsiri-füyuz etmədə ərzi ləmə'atı.
Millət göyünə iştə gərəkdir iki əxtər,
Bir dənə Qəmər, bir dəxi Xurşidi-münəvvər.
İstər bu iki ayəni gərduni-məali,
Qəlbən sevirəm bunları: xurşidü hilali!
Ərz etmədədir kəndini hürriyyət, o canan,
Naz eylə, sən ey səhneyi-ürfan olan İran.
Mərkuz edilir səhninə mizani-ədalət,
Bir-bir çıxıyor ortaya yarani-həqiqət.
Qəsb etməyəcək əhli-sitəm həqqi-ibadi,
Qüttai-təriqin kəsəməz rahi-vidadi.
Hər kəs olacaq sahibi-heysiyyətü hörmət,
Kimsə edəməz kimsəyə bir zərrə əziyyət.
Əlbir olaraq xitteyi-İranda əhali,
Ehraz edəcək cümləsi övrəngi-kəmalı.
Ey sinəsi gəncineyi-sərvət olan İran!
Ey ərzi-dəfain olan, ey kənzi-firavan!
Minbə'd o sinəndəki məhsuli-təbiət,
Ol layətənahi bulunan dövlətü sərvət –
Zənn eyləmə sinəndə o sərvət yatacaqdır,
Bu milləti-bidar o künuzu tapacaqdır.
Parlandıracaq simü zərin mülkü sərasər,
İran o zamanda olacaq kişvəri-ənvər.
Şayistə deyildir qucağında yata altun,
Biməğzlərin cisminə layiqdir o altun.
Al bunları, ver saxladığın kənzi ibadə,
Xidmət edəcək sərvətin e'mari-biladə.
Ağuşi-zülamında yatan kənzi-münəvvər –
Bir məmləkəti-nur edər İranı sərasər.
Parlaq qızılın, haizi-qiymət gühərin var,
Firuzə və almasların var, dürərin var.
Bir məqbərəsən, məqbəreyi-cismi dəfain,
Ə'maqi-dilində duruyor iştə xəzain.
Ərbabi-xəsasət kimisən, vermə dilərsən,
Sərpənceyi-kuşiş alacaq, onda görərsən.
Altunların ilə tikilir məktəbi-ürfan,
Darülləcəzə, darüşəfa, darüyetiman.
Çöhrən kimi parlar vətənin ruyi-zülamı,
Gündüz kəsilər məmləkətin mənzəri-şamı,
Məs'ud cahanlar kimi xəndan olur İran,
Əmniyyət içində yaşar irannişinan.
Minbə'd olamaz, ey vətən, övladların xar,
Gəhvareyi-izzətdə edər ömrünü imrar.
Onlar da bilər mə'niyi-ayati-həyatı,
İstəbraqi-elm ilə bəzər zatü sifatı.
Nanparə qazanmaqlıq üçün dərbədər olmaz,
Minbə'd behiştin, çəmənin bisəmər olmaz.
Vəqta ki, olur bəhrəvər əşcarü nihalın,
Bağında təcəmmö' edər övladü əyalın.
Danən bol olur, lanələrin cümləsi abad,
Üzlər gülərək qəmzədə dillər olacaq şad.
İqlimin olur ədlü müsavat ilə imran,
Övladi-biladın da olur haizi-rüchan.
Sailər olur cümləsi əshabi-sənayə,
Sən'ət edəcəkdir səni bir lövhi-bədayə.
Bir məşhəri-sən'ət olacaqsan da, həqiqət,
Sən'ət qılacaqdır səni firdovsi-səadət.
Ey məhdi-maarif, bu gün ərvahi-ədiban –
Səhrayi-əbəddən çeviribdir sənə çeşman,
Çünki əzəli şə'nini ibraz ediyorsan,
Kürsiyi-fünunu bu gün ehraz ediyorsan.
Dörd gözlə sənin şə'ninə millət nigəhəndaz,
Ehraz elə hürriyyəti, ehraz elə, ehraz!
Minlər yaşa, minlər yaşa, ey məhdi-məali,
Ey Şərqimizin cənnəti, ey baği-kəmali!
Kitabxana.az · https://kitabxana.az/en/works/hadi-iranli-qardaslarima
Use ← → keys to move, R for a random poem
More by this author
Düha! Ey baği-lahutun həzari-nəğmə pirası,Sənə gülşənmi olmuşdur Əlinin ruyi-rənası?
İnsan nə ilə mükərrəm olur| vikipediya_keçidi =| vikisitat_keçidi =
İstiqbalımız parlaqdırAçar firdovsi-hürriyyət, füyuzabad olar aləm,Gülər sübhi-həqiqət, mə'dələtmö'tad olar aləm,
İranın hürriyyət qəhrəmanlarınaFəcri-zəfərdə gülüyor intibah,Tiği-fütuhat ilədir inşirah.
Poems by other poets
Məndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
Cəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdəCəkər xəclət, gülüm, ol gül üzündən gül cəmənlərdə,Üzündən qeyri yad etməz gülü bülbül cəmənlərdə.
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat