Beşinci məclis
Vaqe olur Dustaqxananın mərizxanasında. İki taxt qoyulub, birinin üstündə
Fərhad, o birinin üstündə bir ayrı Dustaq.
Fərhad (başını qalxızır). Bəli, müqəssirəm. Adam öldürmüşəm. Bu da mənim axır günüm. Necə yerləri arzu eləyirdim, haraya gəldim düşdüm? Qazamat küncünə. Allah bilən məsləhət imiş. Görəsən nə gündə, nə saatda mən bədbəxt dünyaya gəlmişəm? Kaş mənim atam mən dünyaya gələndən bir il qabaq öləydi. Bəlkə mən dünyaya gəlməyəydim. Dustaq. Bəy, çox ah-zar eləyirsən, yaxşı deyil, naxoş adamsan, ürəyini qısma, sənə ziyandır. (Kürsünü götürüb gəlib oturur Fərhadın yanında.)
Fərhad. Niyə ziyandır? Yəni azar məni öldürər? Mən çox yaxşı bilirəm ki, mənim işim qurtarıb gedib. Öləndə də ölərəm. Mən ölməyi gecə-gündüz arzu edirəm.
Dusta q. Yox, bəy, sənin yaran artıq yara deyil. İnşallah, sağalarsan.Ancaq ah-zar azarı
uzadar.
Fərhad. Nə deyim. Mənim sair yaralarımdan xəbərin yoxdur. Bir mənə de görüm sən ölü kimə deyirsən? Məgər ölü o şəxsdir ki, uzanıb ruhu bədənindən çıxır, aparırlar dəfn edirlər? Məgər sən o adamları görmürsən ki, bazarda, küçədə gəzirlər? Onlar çoxdan dəfn olunublar. Ölü o adamdır ki, mənim kimi camaat arasında müttəhim ola. Görəndə üzlərini divara çevirələr. Dünyada sərgərdan qalan ölü o adamdır ki, həmişə düz-düz gəzib, nə millətə nəfi var, nə camaata! Heç kəs ondan zərrəcə xeyir görmür. Diri o şəxslərdir ki, həmişə camaata nəsihət eləyirlər, düz yollar göstərirlər və bu barədə gözəl-gözəl kitablar yazırlar. Belə şəxslərə ölü demək olmaz!
Dustaq. Bəy, doğru deyirsən, sözlərin də ağlıma batır. Amma sən nahaq yerə özünü bizim kimi adamlara bərabər qoyursan. Aləm bilir ki, sən adam öldürən deyilsən və bu iş də qəfildən olub. Bu işdən sənə heç bir zad olmayacaq. Yaranız da sağalar, özün də Dustaqxanadan çıxarsan. Allaha şükür, elmin də var. Bizim kimi qaranlıqda qalanlara yol göstərərsən. Xanım, buyur!
Mehrixanım daxil olur.
Fərhad. Kİmdir gələn?
Dustaq. Anandır, gəlib.
Fərhad. Gəlsin irəli. Ey mənim dərdlərimin bünövrəsi, gəl yanımda otur. Habelə əlini ver əlimə... Ana, səndə heç taqsır yoxdur. Allah səni yoldan çıxardanlara lənət eləsin! Ana, gərək sən də mənim kimi oğlu görə-görə xalq sözünə qulaq asmaya idin.
Mehrixanım. Qurbanın olum, mənim ürəyimdəki mənə bəsdir. Bircə de görüm ürəyinin ağrısı necədir? Kəsilibdirmi?..
Fərhad. Çox yaxşıdır, ana. İndi bir saatdan sonra cəmi ağrılarım kəsiləcək. (Başını qoyur yerə.)
Mehrixanım. İmdicə Dərgahqulu bəyin yanından gəlirəm. Deyir ki, silistçi ilə də, prokurorla da görüşmüşəm. İşin də, inşallah, yaxşı olacaq. Ancaq deyir, gərək beş yüz manat verəsən, lazım olan yerinə verəm. İndi mən də istəyirəm sabah aparım verim. Deyəsən yuxun gəlir, yatacaqsan, yat.
Fərhad. Heç halım özümdə deyil, istəyirəm bir az dincəlim.
Mehrixanım durur, kürsünün üstə əyləşir.
Dustaq. Xanım, başına dönüm, sən belə işlərə düşməyibsən, amma mənim üçün bu Dustaqxana evim kimi olub. Dərgahqulu bəyi də çox yaxşı tanıyıram. Sən pulunu ona vermə. Vallah, pulunu da yeyəcək, iş də görməyəcək.
Mehrixanım. Niyə? O deyir ki, silistçi ilə, prokurorla, hamısı ilə dostam. Hər cürə təvəqqe eləsəm, elə də olacaq.
Dustaq. İninma, başına dönüm, heç inanma. Vallah, nə silistçi, nə prokuror rüşvət almaz. Heç kəsin təvəqqenə görə haqqı nahaq, nahaqqı haqq eləməzlər. Amma Dərgahqulu bəy bunu özünə çörək pulu qayırıb. Belə adamlarla dostluq eləyir, gedir evlərinə, öz evlərinə qonaq çağırır. Xalqın da ağlı gözündədir. Elə bilirlər ki, bu hər nə istəsə elər, gedib özlərini salırlar onun çənginə. Evi yıxılmış Dərgahqulu bəy divan qulluqçularının adına belə pulları alıb yeyir, iş də öz qərarı ilə gedir. Adına aldanıb ona pul vermə. Pulun gedər. Mənim özümün də bir yüz manatımı alıb içəri saldı, dedi, səni zaminə verdirəcəyəm. Verdirə bilmədi. Özüm də budur ki görürsən, Dustaqxanadayam. Sonra qardaşım getdi pulları geri istədi, onu da nökərlərinə döydürüb qovdu. Aman günüdür, ondan uzaq qaç, uzaq, uzaq.
Mehrixanım. Bəs mən necə eləyim?
Dustaq. Xatircəm ol, otur evinin içində. Allah qoysa oğluna heç zad olmaz. Mən hərçənd bir avam adamam, amma yaxşı bilirəm, oğluna əgər bircə gün də tənbeh kəsilsə, mən əlimi kəsərəm.
Mehrixanım. Nə deyim, Allah ağzından eşitsin.
Gün düşür, Fərhad bəy başını qovzayır.
Fərhad. Qardaş.
Dustaq. Bəli?
Fərhad. Deyəsən otağa gün düşüb?
Dustaq. Bəli, düşüb.
Fərhad. İmdi cəmi dünyanı gün rövşən eləyibdirmi?
Dustaq. Əlbəttə.
Fərhad. Bəs niyə bu gün insanın qara qəlbinə düşüb işıqlandırmır? Niyə gərək əba-qəba altında gizlənən, məkr və hiylə ilə dolu qəlblərə düşmür ki, camaat görüb onların zahirlərinə adlanmayalar. Niyə qoyun başlı qurdların ürəyinə işıq salmır ki, zahirdə qızıl güldür, amma batinində onun tikanlarıdırlar. Bu yerlərə gərək gün düşə ki, qoyun qurdla otlaya, insan rahat baş saxlaya. Bir de görüm niyə düşmür? Sən Allah de, ürəyim dağıldı. Cavab ver, ox, çatladım!..
Mehrixanım. Qurbanım olum, nə qayırırsan?
Fərhad. Bircə özünü mənə yetir, ölürəm... Ürəyim dağılır... Ox... ox... ox (Taxtdan düşür yerə.) Ay, ürəyim dağıldı. Bircə başımı tut!..
Dustaq durub qolundan yapışır, Mehrixanım Fərhadın başını alır dizinin üstə.
Fərhad. Ölürəm, ana sinəm sızıldayır, ürəyim sancır... Ay öldüm... Bircə əlini ürəyimə qoy. Allah! Şahid ol!.. Pərvərdigara, sən özün məzlumları zalımların əlindən xilas elə!.. (Ölür.)
Mehrixanım (qışqırır). Oy!.. Oy!.. Oy!.. Ay Allahı sevən, balam öldü!..
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-bextsiz-cavan-besinci-meclis
Use ← → keys to move, R for a random poem
More by this author
On doqquzuncu ilin fevral ayının soyuq bir sübhü idi. Saat səkkizdə məni ev sahibinin telefonuna çağırdılar. Telefonu qulağıma tutub qabaqca ağlar bir səs eşitdim. Qolum boşaldı, ürəyim döyünməyə başladı.Ağlamaq arasından bu sözləri eşitdim:
“Pəri cadu” haqqında qeydlərDoxsanıncı illərin ortasında simvolizm deyilən bir ədəbiyyat üsulu teatro səhnəsinə atıldı. Alman ədibi Hauptmanın “Qərq olmuş çan” sərlövhəli faciəsi mədəniyyət aləminə bir şəşəə saldı. Bu üsulun Şərq ruhuna xeyli uyğun olması məni artıq həvəsə gətirdi. Və mən Şərq həyatından götürülmüş simvolik bir əsər teatromuz üçün yazmaq fikrinə düşdüm. Nəhayət 1901-ci sənədə “Pəri cadu” nam əsərimi yazdım. Bu neçə ilin müddətində “Pəri cadu”nun səhnədə müvəffəqiyyət qazanmasına səbəb, haman mən dediyim simvolizmin bizim ruhumuza uyğun olmasıdır. “Pəri cadu”ya mövhumat adı qoyurlar... “Pəri cadu”nun ideyası: hər kəsin öz əlinin əməli onun müqəddəratını təmin edər. İnsan, taleyini kənarda axtarmayıb öz-özündə axtarmalıdır. Nəfs-əmmarə dalına düşüb gedərsə bəlalərə uğrayıb fot olar. Nəvsilə mübarizə edib əlinin əməyinə bağlanarsa, axtardığı məqsədə nail ola bilər. İnsanın təbiətində iki əsas qüvvə həmişə bir-biri ilə vuruşmadadır. Bu iki əsas – nəfsi-əmmarə ilə əql və fikirdir. Ən qədimdə bu iki əsası insan özündən xaricdə bilib, onlara təbiət məqam verib, allahlıq libasına geyindirirdilər: Hürmüzd, Əhrimən; Çində xeyir, şər allahları. Axırda şeytan və Allah. Pərinin ürəyində həmçinin iki əsas vuruşur. Nəvsi iblis şəklində mübarizə tərəfə çəkir, əqli səlim şeyx sifətində səbr etməyi məsləhət görür. Bu iki şəxs onun ürəyində vuruşan iki əsasın mücəssəmələridir. Xırda şəyatin onun dəğdəğələridir.İnsanı həmişə nəhs yollara iğva edən nəfsi-əmmarə Şamama cadu sifətində ortalığa çıxıb. Bu qarı həm Qurbanın, həm Hafizə xanımın, həm Pərinin təbiətində olub, onları asan vəchlə səadətə nail olmaq yoluna çəkib, hamısını məhv edir və Qurban öləndən qabaq öz səhvini anlayıb, Səliməsi tərəfə qaçmaq istəyirsə də daha iş işdən keçdiyindən, nəfsinin çəngəlində fot olur.
Artistlik sənəti haqqında1.Artist Ruhulla bəradərimə. Bəradərim, dünyada insaniyyətə, millətə və mədəniyyətə ən böyük xidmətlərdən biri artistlikdir. Artist üzünü unluyub acı həqiqətləri sənətin şəkəri ilə şirinlədib camaata yedirdir. Bu cəhətdən artistliyin yolları nə qədər ağır, tikanlı olsa da, qiymətlidir. Çünki nəticəsi parlaqdır. Bu sözləri həmişə xəyalında saxla.
Abbas Mirzə Şərifzadə haqqında1Dursunəli – Hamlet! Nə böyük məsafə! Nə ağır yollar! Nə parlaq nailiyyət!