Contents
  1. Dördüncü şəkil
  2. Beşinci şəkil
  3. Altıncı şəkil
  4. Yeddinci şəkil
  5. Səkkizinci şəkil

Page 3 of 5 · 40%

Altıncı şəkil

Hacı Kamyabın evində böyük salon. Neçə nəfər tüccarından əyləşib, söhbətdədirlər və
Xudayar xanın vüruduna müntəzirdilər. Kamran tez-tez girib çıxır.

Hacı Xudadad. Hacı Kamyab, qəribə xəbərlər qulağıma gəlir. Deyirlər mövqufat mülklərində iğtişaş nişanələri var. Rəiyyət Hacı Mirzə Əhməd ağaya mədaxil verməkdən boyun qaçırır.

Hacı Rza. Mövqufat əmlakının mədaxilinin Hacı Mirzə Əhməd ağaya nə dəxli var? Bu mədaxil Allahındır. Allah yolunda da təqsim olunur. Hacı

Mirzə Əhməd ağa fəqət Allahın vəkilidir.

Hacı Kamyab. Bəli, düz buyurursunuz...

Neçənəfərqonaqlardan. Bəli, belədir ki, var.

Hacı Kamyab. Bilirsiniz nə var, həzərat? Bizim yerin avara cavanları burada guya iş olmadığını bəhanə edərək gedib Rusiyada, xüsusən Bakıda özlərinə iş arayırlar, orda da işləyirlər, ya işləmirlər, onu Allah bilir. Ancaq onu bilirəm ki, orada onların başlarını xarab eləyib göndərirlər geri və oradan gətirdikləri xəstəlik də buranın camaatına sirayət edir. Deyirlər, məsələn: sərvətdarların alın təri ilə qazandıqları dövlət oğurluqdur, imarətləri zəhmətkeşlərin sümüklərinin üstündə tikilibdir. (Kamrana) Kamran, oğul, sən bir bayıra çıx, gör gələn varmı? (Qonaqlar) Cavandır, eşitməsin, onların danışıqlarını deməyə adamın dili gəlmir.

Hacı Xudadad. Bunlar yola gedər. Deyirlər gərək kəndlilər yığışıb zor ilə padşahı yıxıb, hökuməti öz əllərinə alsınlar. Qəribə işdir. Ayaqyalın Pirqulunun biri hökumət başında əyləşəcək, biz də itaət edəcəyik.

Hacı Rza. Bu hələ boş danışıqdır. Hökuməti yıxmaq arıq-cırıqlar işi deyil, bundan yamanı var. Deyirlər, nəəzubillah, Allah yoxdur. Axundlar, müctəhidlər hamısı adam aldadan, xalqın başını qırxan fırıldaqçılardır.

Hacı Şükür. Belə şəxslərinki vacibülqətldir.

Hacı Rza. Əlbəttə, Hacı Mirzə Əhməd ağa əmr edibdir ki, belə adamlar xalq arasına çıxdıqda fövrən öldürsünlər. Bunları öldürənlərə behişt vacibdir. Ağa cəmi məsuliyyəti öz öhdəsinə götürür.

Hacı Şükür. Mövqufat əmlakında iğtişaş edənlər cəzalarına çatdılarmı?

Hacı Kamyab. Ağa hakimi-vilayətə məktub göndərmişdi. O da lazımi tədbir edib. Neçə adam həbsə alınıb, bir nəfər döyülüb, Rusiyadan gəlmiş bir nəfər bidin bu gün dara çəkilib. İndi rəiyyət sakitləşib, borcunu lazımınca əda edir.

Hacı Şükür. Xudavəndi-aləm öz cəlalı hörmətinə Hacı Mirzə Əhməd ağanı bu başıaçıq camaata çox görməsin və onun vücudunu bibəla eləsin.

Hamı. Amin.

Bayırda at tappıltısı eşidilir.

Kamran (cəld daxil olur). Xan təşrif gətirir.

Hacı Kamyab. Cəld çıx, özün xanın atını tut. Deyilən xanın qulluğunda gələnlərin hamısına yer verib rahat eləsinlər. Kamran çıxır və

Hacı Kamyab da onun dalınca.

Hacı Kamyab (bayırda). Buyurun, xan zəhmət çəkibsiniz, qədəm əziz edibsiniz. Mənim bu kasıb komam sizin mübarək xakipayınıza qurban.

Xan daxil olur, dalınca oğlu, sonra Hacı Kamyab və xanın xidmətçilərindən
bir nəfər əlində bir mürəssə mücrü, xalq ayağa durur.

Xudayarxan. Salaməleyküm.

Hamı. Əleykəssalam.

Xudayarxan (əyləşir). Bu gün hava çox istidir. Yolda çox əziyyət çəkdik.

Hacı Kamyab. Xan, əgər meyl etsəniz, duzlu abduğ var.

Xudayarxan. Afərin, Hacı Kamyab. Mən həmişə deyirəm ki, Hacı Kamyabda hər dərdin dərmanı tapılar. İstinin dərmanı abduğdur. Mərhum Nəsrəddin şah Avropa səfərinə gedəndə həmişə yanınca abduğ götürərdi.

Firidunxan (atasına). Ağa, abduğla bizim kəndin arvadları başlarını yuyurlar.

Xudayarxan. Danışma, sakit otur.

Firidunxan. Atamın canı üçün doğru deyirəm, gözümlə görmüşəm.

Xudayarxan. Sənə dedim səsini kəs.

Kamran daxil olub qapıda dayanır.

Hacı Kamyab. Kamran, get xan üçün abduğ gətir. Kamran çıxır.

Xudayarxan. Hacı, bu oğlan kİmdir?

Hacı Kamyab. Xan sağ olsun, bu mənim qardaşım İbrahimin oğludur.

Xudayarxan. Afərin, afərin, çox yaxşı oğlana oxşayır.

Hacı Kamyab. Nökərinizdir.

Kamran gümüş podnos üzərində bir kasada abduğ gətirir. Xan kasanı
alıb sağ və soluna təklif edir və sonra içir.

Xudayarxan (ayranı içəndən sonra). Səlamüllahü ələl Hüseyn və lənətüllahi əla qatilül Hüseyn.

Hamı. Afiyət olsun, xan!

Xudayarxan. Səlamət olasınız, inşallah.

Hacı Kamyab. K a m r a n, çay gətir.

Firidunxan (K a m r a na). Ay gədə, sənin adın Kamrandır?

Kamran. Bəli, xanzadə.

Firidunxan (atasına). Ağa, mənim dayımın da adı Kamrandır.

Xudayarxan. Çox danışma.

Firidunxan (Kamrana). Sənin də anan başını abduğ ilə yuyur?

Xudayarxan. Sakit ol, kəs səsini.

Kamran çıxır.

Hacı Xudadad. Xan, sizin rəiyyətin də arasında az-maz iğtişaş varmı?

Xudayarxan. Mənim rəiyyətimin içində iğtişaş ola bilməz. Bir nəfər Bakıya gedənlərdən gəlib artıq-əskik danışırdı. Verdim oğlumun əlinə, dedim bunun tənbehini özün elə, ta görüm mənim yerimdə qatillik eləməyi bacaracaqsanmı?

Firidunxan. Bir dəfədə qılıncımla vurub başını quş başı kimi atdırdım.

Qonaqlar. Afərin, xanzadə.

Kamran çay gətirib qonaqların qabağına qoyur və sonra
gedib mürəbbə gətirir.

Xudayarxan (çay içir). İğtişaşın qabağını başqa növlə almaq olmaz. Məsələn, axundlar minbərə çıxıb camaata nəsihət edirlər. Nəsihət ilə kar aşmaz. Məsəldir, bağışlayın, deyərlər səlavət ilə donuz darıdan çıxmaz.

Hacı Rza. Əlbəttə, xan sağ olsun, kötək lazımdır.

Firidunxan. Keçən həftə mən güllə ilə meşədə iki donuz vurdum.

Xudayarxan. Danışma, xamuş ol.

Hacı Şükür. Deyirlər Rusiyanın imperatorutək qəvi padşahı camaat təxtdən yerə saldı, biz də şahı yerə salıb ixtiyarı əlimizə alacağıq.

Xudayarxan. Rusiya müharibədə məğlub olmuşdu, qoşunu dağılmışdı. Padşah da baxdı gördü hökumətlik edə bilməyəcək, təxtdən əl çəkdi. Bizim hökumətimiz qəvi, şəriətimiz möhkəm və qoşunumuz müntəzəm. Burada Allahın dövlətindən heç bir inqilab ola bilməz.

Hacı Xudadad. Əlbəttə belədir.

Firidunxan. Çox danışanın qılınc ilə başını “şırt” üzdürrəm.

Xudayarxan. Sənə deyirəm az danış.

İki nəfər hacının nökərindən əllərində aftaba və ləyən gəlib qapının iki
tərəfində dururlar.

Hacı Kamyab. Xan, buyurun bir qədər şam meyl edin.

Qabaqca xan, sonra qonaqlar birbəbir əllərini yuyub, nökərlərin çiyinlərindəki
məhrəba ilə silib, içəri adlayırlar. Kamran stəkanları yığıb, qonaqların dalınca
bir qədər baxıb dərin bir ah çəkir və cəld çıxır.

Pərdə

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets