Pir
“Qurban olum pir sana! Nə yatıbsan, dursana!”
Mirzə Cavad bərk yorulmuş, hıqqına-hıqqına qapıdan evinə daxil olub, əbasının altından bir yeşik çıxardıb qapının ağzına qoydu. Bir dəsmala da bağlı üç-dörd kitab pəncərənin taxtasının üstünə qoyub, özünü yıxdı ocağın qırağına. Arvad əlində toxuduğu corabı atıb, qalxdı ərinin başı altına bir mütəkkə qoydu. Mirzə başını mütəkkənin üstünə qoyub uzanmaqda olsun, biz də onun kim olduğunu nəql edək.
Mirzə Cavad küçə mirzəsi idi. Böyük şəhərlərdə, məsələn, Tiflisdə, Bakıda, Irəvanda, Gəncədə onları görmək mümkündür. Bunları ya məscid darvazasının altında, ya meydanlarda, ya məhz küçələrdə görərsiniz. Bir xırda palaz salıb, qabaqlarında bir yeşik və yeşiyin üstündə İki-üç kitab, bir qələmdan, neçə varaq kağız,əyləşib müştəriyə müntəzirdirlər.
Bu mirzələrin müştəriləri əksərən İran hambalları olar ki, gəlib vətənə kağız yazdırarlar. Şəhər əhalisindən də bunların yanlarına gəlib kağız yazdırarlar, istixarə etdirərlər, fala baxdırarlar, dua və cadu yazdırarlar... Irəvanda bir belə mirzənin hətta kəbin kəsdiyini görmüşəm.
Söz yoxdur ki, ticarətin mədaxilinin qədəri bağlıdır müştərinin azçoxluğuna. Həmçinin bu mirzənin də mədaxili gündə bir abbası ilə bir
manatın arasında dolanırdı.
Mirzə Cavad da bu mirzələrdən idi. Mirzə Cavadın bir oğlu var idi: iyirmi üç-iyirmi beş yaşında, adı Əhməd. Bu oğlan bilyard oyununu özünə peşə eləmişdi. Hər gün sübh gedib gecə yarısı gəlirdi. Oğlan oyuna bir mərtəbədə aludə olmuşdu ki, gecə vaqiədə də oyundan sayıqlardı. Elə görərdin deyir: “Rejotuza sredino”, “uqol desyatovo”, “rəhmətlik oğlu, sən ki oyunçu deyilsən, odunçusan! Utanmırsan, mən tək hərifin qabağına çıxırsan?”... Bu növ hədyanatdan sübhədək danışıb, sübh durub çay içməmiş gedərdi.
Əhmədin, doğrudan da, özünə hərif deməkdə haqqı var idi; doğrudan da, bilyard oynamaqda məharət yetirmişdi və şəhərdə də oyunçular arasında şöhrət qazanmışdı. Əhməd çox pul udardı. Amma hamısını xərc edib evə bir qəpik gətirməzdi. Evin dolanacağı ancaq Mirzə Cavadın qələminə bağlı idi.
Arvad bir stəkan çay töküb mirzənin qabağına qoymuşdu. Birdən Əhməd daxil oldu. Gözlərinin altı göyərmiş, burnu qanamış, çuxasının bir qolu yox, paltar başdan-ayağa tabaşirə bulaşıq, xülasə, xubunca döyülməyin hər bir nişanəsi zahirdə.
Anası oğlunu bu sifətdə görüb soruşdu:
– A bala, bu nə kökdü düşübsən?
Mirzə Cavad arvadın səsinə geri dönüb oğlunun halətini görüb başladı söylənməyə:
– A məlun, ay xəsərəddünya vəlaxirə, bu nə sifətdir? Məgər başına peşə qəhətdir? Məgər Allah buyuran peşələrin birisinin dalınca gedə bilməzsən? Heç utanmırsan ki, səni üçdə bir, beşdə bir bu günə salıb mənim üstümə göndərirlər? Bir boyuna bax, məndən utanmrsan, taytuşundan həya elə.
Xülasə, Mirzə Cavad o ki deməli idi, oğluna deyib, ürəyini boşaltdı. Sonra oğlu ağzını açıb atasının məzəmmətinin qabağında söylədi:
– Əlbəttə, adam ki kasıb oldu, onu döyərlər də, söyərlər də. Adına divanə də deyərlər. Mənim pulum olsa, bir beş qoçu da mən saxlaram. İnsafdır ki, Hacı Rəsulun oğlu kimi it məni döydürsün? Təqsir onda, amma döyülən mən! Sən Allah, bir qulaq as! Şarı naznaçit eləyib uqola, şar gedib sredinaya düşür. Şarı götürüb deyir: “Elə mən sredinaya naznaçit eləmişdim”. And içdim, şahid göstərdim, markyordan xəbər aldım. Heç birisinə qulaq asmayıb dedi: “Elə belədir ki, belədir”. Axırda bircə dəfə dedim ki, qardaş, bu ağ yalanı nə üçün deyirsən? Elə onu dediyimi gördüm. Birdən üstümə bomba kimi partladı: “Adə, Prişkeviçin oğlu! Sən mənə yaman deyirsən?”
Cinim vurdu başıma, yaxasına əl atan kimi üstümə İki qoçu düşdü. Onlar üç, mən tək. Məni bu kökə saldılar. İndi mən bir dövlətli kişinin oğlu olsa idim, Hacı Rəsul oğlunun ağzı nə idi mənim yavığıma gələ bilə idi. Əgər qoçular olmaya idi, ona elə qapaz ilişdirərdim ki, gözləri axund fanarı kimi yanardı.
Atası xəbər aldı:
– Ay oğul, Poroşdoviç dedin, nə dedin, o nə sözdü?
– Nə bilim nə sözdü. Yaxşı söz olsa öz atasına deyər. Soruşdum, dedilər ki, bu təzə rus söyüşüdür. Mənim bu kökə düşməyimin səbəbi bax mənim bu ocaq qırağında uzanıb yatan atamdır.
Mirzə Cavad yerdən bir halətdə sıçradı ki, ev onun başına uçsa idi, belə cəld sıçramazdı. Üzünü oğluna tutub dedi:
– A gədə, a zındıq oğlu zındıq!.. Gündə bir dəfə səni it kimi döyəcəklər, təqsir məndə olacaq?
– Hə, gündə bir dəfə məni it kimi döyəcəklər, təqsir səndə olacaq. Həştad yaşın var, hanı sənin dövlətin? Tay-tuşlarının hərəsi bir kişi olub meydana çıxıblar. Sən elə yüz ildir, gözünü bir qələmdan ilə bir kitaba dİkibsən. Heç ölürsənmi? Sənin üstündə Nağının oğlu Musa gəldi milyoner oldu. Arabaçı Şəmsinin evinə Buxara əmiri qonaq gəlir. Hacı Zeynalabdin gündə İki şahıya çiynində palçıq daşıyırdı. İndi çiyninə palçıq tabağı əvəzinə yaranal poqonu taxır. Axır bunların hamısı sənin yoldaşlarındır. Sən niyə özünə bir gün ağlamayıbsan? Hanı sənin də buruqların, zavodların, beşmərtəbə evlərin?
Kişi dedi:
– Ay balam! Məni basıb yeməyəcəksən ki? Onlara Allah verib, mənə verməyib, davan var, get Allah ilə elə. Dövlət ki, yerin deşiyindən çıxmaz.
Bu söz Əhmədi daha da hirsləndirdi:
– Bəs bu dediyim adamların dövlətləri göydənmi yağıb? Hamısının dövləti yerin deşiyindən çıxmayıb, hardan çıxıb? Şüurun ola idi, vaxtında xalq tutan yerlərdən bir beş desyatin də sən tuta idin, İndi də bir kişi ola idin.
Mirzə Cavad cavab verib dedi:
– Ay oğul, nə olar bu qoca atana elədiyin nəsihətdən bir az da özünə eləyəsən? Yer deşiyindən pul çıxartmaq asan isə, get sən də çıxart. Pul qazanmaq şüur, fərasət istər isə, səndə də olsun.
Bu söz Əhmədi tutdu; Əhməd bir dərin fikrə gedib, birdən guya yuxudan ayıldı.
– Yaxşı, ata, İndi mən yer deşiyindən pul çıxardım, sən də tamaşa elə!
Bu sözü deyib, evdən çıxdı.
Mirzə Cavadın kənddə atasından qalma bir xırda bağı və içində də bir somiəsi var idi. Istilər düşəndə arvadını götürüb gedib orada payızadək qalardı. Amma oğlu şəhərdən əl çəkməyib gecə-gündüz vaxtını bilyardxanalarda keçirərdi.
Ata ilə oğul arasında yuxarıda zikr olunan söhbətdən bir-İki ay keçəndən sonra, Mirzə Cavad köçdü kəndə. Bu dəfə Əhməd də atası ilə getdi. Atası soruşdu:
– A bala, səndən çıxmayan iş. Nə oldu ki, sən də bağa gedirsən?
– Gedirəm yer deşiyindən pul çıxartmağa.
Atası gülüb bir söz demədi. Xülasə, yığışdılar bağa.
Bir gün Mirzə Cavad gördü ki, oğlu ətəyinin altında bir külüng gətirib evin bucağına atdı. Soruşdu:
– Bala, bunu nə eləyirsən?
Dedi:
– Bəs, gərək yer qazam ki, oradan pul çıxsın. Bu külüng ilə bağda quyu qazıb, içindən pul çıxardacağam.
Mirzə soruşdu:
– Bala, sənin başın xarab olmuyubdur ki?
– Eliyəndə duyarsan.
Gecə camaat yatandan sonra Əhməd külüngü götürüb getdi bağa. Gün çıxana yaxın Mirzə Cavad dəstəmaz üçün həyətə çıxıb, gördü oğlu qapının qabağında beş arşın dərinliyində bir quyu qazıb. Yaxına gedib gördü içəridə işləyir, dedi:
– Ay balam, nahaq yerə bu əziyyət nə lazımdır, niyə özünü incidirsən?
Cavab verdi:
– Kişi, danışma. Az qalıb pul çıxsın. Gecədən nə keçib?
– Az qalıb gün çıxsın.
– Bəs onda bu gecəlik kifayətdir. Qalanı da qalsın sabaha.
Mirzə Cavad yəqin etdi ki, oğlunun başına hava gəlib. Halı xarab olub özözünə deyirdi:
– Pərvərdigara! Varım-yoxum bircə oğlum var, o da divanə! Məsləhət sənindir, yarəbbi!
Bu minval ilə neçə gecə bir-birinin dalınca Əhməd camaat yatandan sonra gedib bağda sübhədək işləyib, gün çıxanda gəlib yatardı.
Neçə vaxt keçdi, günorta zamanı Mirzə Cavad şəhərdən gəldi kəndə (neçə gün idi getmişdi). Əhməd yeriyib atasının qolundan tutub, gətirdi qazdığı quyunun yanına:
– Ata, görürsənmi?
– Görürəm, oğul!
– Bu nədir?
– Nə olacaq, quyu!
– İndi buraya gəl! Bu əncir ağacının dibindəki deşiyi də görürsənmi?
– Görürəm, oğlum, nə olsun?
– Nə olsun? Ay fəqir kişi! O quyudan burayadək lağım vurmuşam...
Yenə başa düşmürsən?
– Yox, oğul. Oxuduğum mənə qənim olsun əgər bir şey anlayıramsa. Nə olsun? Qapının ağzında bir quyu qazıb, yerin altı ilə bir lağım vurub gəlib çıxıbsan əncir ağacının dibinə. Burada bir deşik açıb aparıb o lağıma bitişdiribsən.
– Nə olsun? Elə haman pul deşiyi budur. Get anamı buraya çağır, o başa düşər.
Mirzə Cavad başını bulaya-bulaya arvadını gətirdi. Əhməd anasının qolundan çəkib deşiyi göstərdi.
– Ana, görürsən?
– Niyə görmürəm, bala!
Anası da oğlu qazan yollara bir-bir bələd oldu.
Əhməd dedi:
– Ana! Bu gecə mən quyudan girib lağım ilə əncir ağacının dibinə gəlib bir şam yandırıb deşikdən dışarı çıxardacağam. Sən get qonşu arvadlardan bir-İkisinə qorxa-qorxa nəql elə ki, bəs bizim əncir ağacının dibində çıraq yanır. Ondan sonra gəl, otur evində, işin yoxdur.
Mirzə Cavad sevinmiş dedi:
– Afərin, oğlum, yer deşiyindən pul çıxdı. Qoçaq oğlum, zirək oğlum!..
Əhmədin anası gedib keyfiyyəti bir neçə qonşuya dedi. Bu qonşudan o qonşuya, Gülpəridən Xanpəriyə, Xanpəridən Şahpəriyə... gecə vaxtı Mirzə Cavadın həyəti arvadlar ilə doldu.
Hər kəs baxıb həqiqətdə əncir ağacının dibində şamın yandığını görürdü... Amma heç kəs qorxudan yavuğa gedə bilmirdi. Fatmanisə xala çox ürəkli idi, dedi: “Mən gedib baxaram”. Şama yaxınlaşan kimi şam söndü. Dala qayıdıb, camaatın içinə gələndən sonra gördü şamyenə yanır. Daha əncir ağacının pir olmağına camaatda şəkk qalmad... Pirin tərifi cəmi ətraf kəndlərə, hətta şəhərə də düşdü. Zəvvarların ağzı açıldı: qoyun qurbanı gətirən kim, pul gətirən kim, yağlı çörək gətirən, qoğal gətirən, fəsəli gətirən, pirə halva nəzir deyən və başqa nəzir gətirən kim... Xülasə, Mirzə Cavadın qapısı oldu xan qapısı. Hər gün azından iyirmi manat mədaxil olurdu. Bəzi günlər mədaxil əlli, altmış manata çıxardı.
Əhməd dedi:
– Ata! İndi gördün yer deşiyindən necə pul çıxar? İndi sən əyləş burada, nə qədər kefİndir istirahət elə. Gələn mədaxildən ayda əlli manat sənin məvacibin. Qalan pulların hamısı mənə çatacaq. İndi görüm Hacı Rəsul oğlu kimi adamlar qabağımda necə duracaqlar.
O gündən Şeyx Cavad piri şöhrət tapdı.
Bir gün küçə ilə gedirdim. Bizə tərəf gələn bir faytonda bir damaqlı oğlan, yanında başına minarə boyda şlyapa qoymuş sarı saçlı qız, yanımdan yel kimi ötdü. Yoldaşımdan onun kim olduğunu soruşdum.
Cavab verdi.
– Buna Mirzə Cavad oğlu Əhməd deyərlər; yanındakı da matuşkasıdır.
Kitabxana.az · https://kitabxana.az/en/works/haqverdiyev-pir
Use ← → keys to move, R for a random poem
More by this author
Sərdarovların evində şivən qopmuşdu. Dörd bacının bircə qardaşının Türküstanda öldüyü xəbəri teleqrafla gəlmişdi.Neçə il idi ki, Sərdarov vətənini tərk edib, Türküstana getmişdi. Bu müddətdə Türküstanda onun böyük ticarəti, hər şəhərdə mülkü, karvansarası, ticarətxanasının şöbələri var idi. Krasnovodski o tərəfə addayandan sonra hər şəhərdə Sərdarovun adını eşidə bilərdin. Rusiyanın cəmi ticarət mərkəzlərində Sərdarovun etibarı var idi və banklar həvəslə onun üzünə öz qapılarını açırdılar. Sərdarovu nəinki Rusiya, hətta İran da tanıyırdı. Ildə neçə dəfə böyük karvanlar Hacı Səlim Sərdarovun xuşkabar yüklərini Xorasandan Türküstana gətirirdilər. Hacının sərvəti haqqında növbənöv hekayələr söylənərdi və onun banklarda olan pulunun qədərini milyon hesab edərdilər. Bir nəfər hacının əqrəbasından getdiyi Kərbəlaya and içərdi ki, bu sözü ona Hacı Səlim özü söyləmiş. Biz onun sərvətinin qədərini bilmirik, az idimi, çox idimi; dörd bacısı da bilmirdi; ancaq bircə şey məlum idi. Hacı Səlim çox böyük sərvət sahibi idi.
Ovçu QasımOvçuların yalan danışmaları hər bir yerdə məlumdur. “Ovçu yalanı” zərbülməsəldir. Bununla belə, vay o şəxsin halına ki, ovçunun hekayələrinə inanmayıb başını bulaya və yainki çiyinlərini qısa, yaxud dodağı altında təbəssüm edə; ovçu o saat inciyib daha hekayətlərin dalısını söyləməyəcək və deyəcək:– Doğrudur, ovçu çox yalan danışan olar və mənim yoldaşlarımın arasında da qurama-qarışıq söyləyən çoxdur. Amma mən ömrümdə yalan söyləməmişəm.
QisasMüsavatın dövrü idi. Şəhərin böyük meydanlarının birində neçə yüz nəfər iki nəfəri əhatə etmişdi. Bu iki nəfərin üstünə hər tərəfdən hədə və föhş tökülməkdə idi. Əhatə olanlardan birisi üzünü izdihama tutub söyləyirdi: “Ay camaat, biz iki qardaşı siz tutub buraya öldürməyə gətiribsiniz. Əgər sizdə namus varsa, bir nəfəriniz gəlin qabağa, hər ikimizi öldürün. İkimizin də silahsız olduğumuzu görürsünüz”.Camaat bunların sözlərinə etina etməyərək, hər tərəfdən föhş yağdırırdılar.
Pristav və oğru(Mükalimə)P r i s t a v – A gədə, sən qəribə bihəyasan. Neçə dəfə mənə söz veribsən ki, oğurluq eləmiyəsən. İndi bu nə işdi? Bu kasıb bədbəxtin öküzünü aparıbsan, binəvanı əli qoynunda qoyubsan.
Poems by other poets
Qanlı fələk, neyləmişdim sənə mən,Axırda məni yüz min bəlaya saldın,
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
CavabEy Mahmud, bigəm məxdumi-əkrəm,Eşitdim hər nə ki dövran olubdur,